Zərifə xanım Əliyevanın zəngin elmi irsi dünya oftalmologiyasına mühüm töhfələr verib

 

Görkəmli alimimizin doğum günü təkcə Onu yad etmək deyil, həm də insanları elmə, biliyə yiyələnməyə, humanist addımlar atmağa, nümunəvi vətəndaş olmağa çağırış mahiyyətini daşıyır

Aprelin 28-də görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 90-cı ildönümü tamam olur. Yubiley ərəfəsində respublikada Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə, zəngin elmi yaradıcılığına həsr olunan tədbirlər, humanitar aksiyalar keçirilir. Aksiyalar çərçivəsində respublikanın müxtəlif bölgələrində sakinlərə pulsuz müayinə və müalicə imkanları yaradılır. Hər zaman olduğu kimi, bu il də Zərifə xanım Əliyevanın doğum günü təkcə görkəmli alimimizi yad etmək deyil, həm də insanları elmə, biliyə yiyələnməyə, humanist addımlar atmağa, nümunəvi vətəndaş olmağa çağırış mahiyyətini daşıyır. Azərbaycan xalqı özünün istedadlı şəxsiyyətləri, elm və mədəniyyət adamları, siyasi xadimləri ilə qürur duyur, onların xatirəsini əziz saxlayır. Bu baxımdan, görkəmli elm adamı Zərifə xanım Əliyevanın zəngin həyat yolu hər bir azərbaycanlıya örnəkdir.

Qeyd edək ki, Zərifə Əziz qızı Əliyeva 1923-cü ilin 28 aprel tarixində dövrünün görkəmli ictimai-siyasielm xadimi Əziz Əliyevin ailəsində, Şərur rayonunun Şahtaxtı kəndində dünyaya gəlib. Onun valideynləri Əziz Əliyev və Leyla Abbasova qədim Azərbaycan diyarı olan İrəvan mahalında anadan olublar. Ermənilərin azərbaycanlılara qarşı məqsədli surətdə həyata keçirdiyi soyqırımı siyasəti və təqiblər onları Naxçıvan Muxtar Respublikası ərazisinə köçməyə məcbur edib.

Həyatını tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. Qısa müddətdən sonra Zərifə Əliyeva həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan geniş yayılmış traxoma infeksion xəstəliyinə qarşı mübarizə aparır. Bu xəstəliyə qarşı təsirli müalicə üsullarının olmadığı bir dövrdə Zərifə xanım Əliyeva Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında maarifləndirmə aparırdı.

Həyatı boyunca elmdə daim yeni zirvələr fəth edən Zərifə xanım Moskvada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda iki illik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələndi. Vətənə qayıdan Zərifə Əliyeva 1949-cu ildə Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başladı, 1950-ci ildə isə aspiranturaya qəbul oldu. O, bu müddətdə həm praktik əməli həkim fəaliyyəti ilə məşğul olur, həm də elmi axtarışlarını davam etdirirdi. Traxoma xəstəliyinin aradan qaldırılmasını qarşıya məqsəd qoyan Zərifə xanım tədqiqat işini traxomanın müalicəsi ilə bağlı məsələlərə, o dövr üçün yeni olan antibiotikdən - sintomisindən istifadə olunmasına həsr edirdi. Zərifə xanım Əliyevanın bu sahədə tədqiqatlarının nəticələri 1960-cı ildə “Sintomisin terapiya metodlarının başqa birləşmələri traxomanın müalicəsi” mövzusunda uğurla müdafiə etdiyi namizədlik dissertasiyasında öz əksini tapıb.

İnsanlara olan mehribanlığı, dərin humanizmi Zərifə xanımın peşəsinə münasibətində də özünü aydın göstərirdi. O, haqlı olaraq hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir”.

Zərifə Əliyeva 1960-1967-ci illərdə Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. Bu sahədə apardığı dəyərli tədqiqatlara, gördüyü işlərə görə 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası onaOftalmologiya” ixtisası üzrə böyük elmi işçi adını verib.

1967-ci ildə Zərifə Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunub. Bu dövrdə həkimlik fəaliyyətini davam etdirən Zərifə xanım göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarında iştirak edən həkimlərlə də pedaqoji aparıb.

Oftalmologiya sahəsində tədqiqatları davam etdirən Zərifə xanım respublikada bununla bağlı az öyrənilən sahələrə daha çox diqqət yetirirdi. 1968-ci ildən başlayaraq Zərifə Əliyeva az tədqiq olunan, lakin kifayət qədər aktual bir problem olan görmə orqanının patologiyasının araşdırılması ilə məşğul olmağa başladı. O, həmçinin, insanlarda peşə fəaliyyəti ilə əlaqədar əmələ gələn göz xəstəliklərinin aradan qaldırılmasına xüsusi diqqət göstərirdi. Müxtəlif sənaye müəssisələrində, kimyəvi maddələrin saxlandığı zavodlarda göz xəstəlikləri yaradan amilləri araşdırarkən Zərifə xanım çox zaman həmin müəssisələrə gedərək zərərli peşə sahələrində çalışan şəxsləri oftalmoloji müayinədən keçirirdi. O, eyni zamanda, Bakının və Sumqayıtın bir sıra sənaye müəssisələrində laboratoriya şəraitində elmi təcrübələr aparıb. Apardığı dərin tədqiqatlar sayəsində alim kimyəvi maddələrin gözə təsirinin əsas qanunauyğunluğunu müəyyən edə bilib.

Sahəsini dərindən bilən və yenilikçi bir alim kimi yetişən Zərifə xanım Əliyeva “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusundakı doktorluq dissertasiyasını dünyanın nüfuzlu oftalmologiya mərkəzlərindən biri olan H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə edib. Onun bu işi təcrübəli oftalmoloqlar tərəfindən yüksək qiymətləndirilib, 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilib.

Bundan sonra da Zərifə Əliyeva elmi fəaliyyətini uğurla davam etdirib. Tezliklə, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru seçilən Zərifə xanım 1983-cü ildə həmin kafedranın müdiri olur. O, kafedranın bazasının yaxşılaşdırılması üçün bir sıra işlər görərək 1977-ci ildə Bakı şəhərində Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumunun keçirilməsinə nail olub.

Zərifə xanım Əliyevanın təklifi əsasında 1979-cu ildə Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda yaradılan Azərbaycanda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ilk ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasında bu sahədə dəyərli tədqiqatlar aparılıb.

Oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə xanım Əliyeva 1981-ci ildə oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb. Xüsusilə sevindirici haldır ki, Zərifə xanım həmin mükafata layiq görülən ilk qadındır.

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasına 1983-cü ildə müdir seçildikdən sonra Zərifə xanımın fəaliyyəti daha da genişləndi. O, görmə orqanının virusla zədələnməsinə həsr olunmuş çoxsaylı araşdırmaları ilə də oftalmologiya elminə töhfələr verib. Həmin dövrdə Zərifə xanım qlaukomanın etimologiyası, diaqnostikası və müalicəsi məsələlərinə həsr olunan maraqlı tədqiqatlar aparıb. Bu tədqiqatların nəticəsi olaraq Zərifə xanım Əliyevanın “Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası” və “Yaşla bağlı gözün əsəb yollarının dəyişməsi” monoqrafiyaları çap olunub.

Zərifə xanım elmi fəaliyyətində görmə orqanında bədxasiyyətli şişlərin diaqnostikası və müalicəsinə də diqqət yetirib. Onun daktriologiyaya həsr olunanGöz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi” monoqrafiyaları qiymətli tədqiqat əsərləridir.

Zərifə Əliyeva gözün əlvan təbəqəsində dəyişikliyi, iridodiaqnostikanı ilk dəfə tədqiq edən alimlərdəndir. O, “İridodiaqnostikanın əsasları” kimi bu günbu sahədə həkimlər üçün əvəzolunmaz nadir elmi əsərin müəlliflərindən biridir. Onun professor N.B.ŞulpinaL.F.Moşetova ilə birlikdə yazdığı “Oftalmologiyanın aktual məsələləri” monoqrafiyası zəngin bilik mənbəyidir.

Zərifə Əliyeva müxtəlif xəstəliklərin diaqnostikası və müalicəsi problemləri ilə yanaşı həkim etikası və tibbi deontologiya məsələləri ilə də maraqlanıb. O, gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həlli məsələlərinə böyük diqqət göstərib. Onun “Yüksək etimad” kitabı cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfədir. Zərifə Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf edib. Onun birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli formalaşıb. Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilib.

Tibb sahəsində çoxşaxəli fəaliyyəti ilə bərabər, akademik Z.Ə.Əliyeva ictimai işlərdə də fəallıq göstərib, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olub. Zərifə xanım həm də “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü idi.

Azərbaycan elminə verdiyi töhfələrə görə Zərifə Əliyeva bir sıra ordenmedallara layiq görülüb, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını alıb.

Dövlətimiz bu dəyərli alimin xatirəsini əbədiləşdirib. Hazırda Bakıda Göz Xəstəlikləri İnstitutu, Naxçıvanda isə şəhər poliklinikası onun adını daşıyır. Bakının Binəqədi rayonu ərazisində Zərifə xanımın adına istirahət parkı salınıb. Paytaxtda, eləcə də, Naxçıvan şəhərində Zərifə Əliyevanın adını daşıyan küçə var.

Azərbaycan xalqı, o cümlədən, respublikanın elmi ictimaiyyəti bu görkəmli alimin tibb elminə verdiyi töhfələri unutmur, hər il onun həyat və yaradıcılığının tədqiqinə həsr olunan yeni-yeni əsərlər yaradılır. Oftalmologiya elminə verdiyi töhfələri bu gün də aktuallığını saxlayan, biliyi ilə yanaşı, insanpərvərliyi ilə də seçilən Zərifə xanımın həyatı və yaradıcılığı hər zaman dərin hörmətlə yad edilir.

 

 

Hülya MƏMMƏDLİ

 

Yeni Azərbaycan.- 2013.- 26 aprel.- S.13.