Bir ziyalı ömrünün
manifesti...
Aprelin 26-da böyük
pedaqoq, alim,
istedadlı yazıçı, xeyirxah insan, əsl vətəndaş Mir
Cəlal Paşayevin anadan
olmasından 105 il ötür
O
insan bu dünyada olduğu kimi, əbədiyyətdə də
xoşbəxtdir ki, həyatın kəşməkəşli,
yaradıcılığın ucsuz-bucaqsız yollarında
qoyduğu izlər özündən sonra gələn nəsillər
üçün örnək olub. O insan bu dünyada olduğu
kimi, əbədiyyətdə də xoşbəxtdir ki, kamilliyə
aparan yolun bütün sınaqlarından üzü ağ
çıxaraq müdriklik zirvəsini fəth edib və
özündən sonra işıqlı xatirələr qoyub. Və
o xalq, o millət əbədi xoşbəxtdir ki, belə
keyfiyyətlərə malik şəxsiyyətlər
yetişdirib. Belə ali keyfiyyətlərə malik Azərbaycan
xalqının Nizami Gəncəvi, Məhəmməd
Füzuli, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər
Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid... kimi
bütün nəsillərin müasiri olan mütəfəkkir
sənətkarları ilə fəxr etməyə haqqı var.
XX əsr
Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin
inkişafında misilsiz xidmətlər göstərmiş
görkəmli yazıçı, böyük alim, xeyirxah
insan Mir Cəlal Paşayev də məhz belə nurlu şəxsiyyətlərdən
biri kimi xalqımızın yaddaşında əbədiyaşarlıq
haqqı qazanıb.
Mir Cəlal
Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın
Ərdəbil vilayətində yoxsul kəndli ailəsində
dünyaya göz açıb. Kiçik yaşlarında
atası Gəncəyə köçdüyündən
uşaqlığını burada keçirib. 1918-ci ildə -
Mir Cəlal 10 yaşında ikən atası vəfat edib, o,
böyük qardaşının himayəsində
yaşayıb.
Əzablı
ömür qisməti dünyaya gəldiyi ilk illərdən
onu izləməyə başlasa da, Ulu Tanrının mərhəməti
sayəsində Mir Cəlal Paşayev çox çətinliklərə
sinə gərərək, öz yolu ilə inadla, inamla irəliləyə
bilib. O, 1918-1919-cu illərdə Xeyriyyə Cəmiyyətinin
köməyi ilə ibtidai təhsil alıb və Azərbaycanda
sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəllimliyinə
daxil olub. Tələbə təşkilatının, sonra isə
şəhər tələbə həmkarlar təşkilatının
sədri seçilib.
Mir Cəlal
Paşayev Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat
şöbəsində, Azərbaycan SSR Elmlər
Akademiyasının aspiranturasında təhsilini davam etdirməklə
yanaşı, müəllimlik edib və millətinin
övladlarına xalqının ədəbiyyatını, mədəniyyətini,
zəngin keçmişini mənimsədib. Bu mənada Mir Cəlal
Paşayevin XX əsr Azərbaycan elminin, ədəbiyyatının,
təhsilinin inkişafındakı xidmətləri misilsizdir.
Yazıçı
kimi 1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal, elə
həmin ildə də ilk tədqiqat əsərini yazıb.
Sözün gücünə güvənib, onun
böyüklüyünə baş əyən sənətkarın
könüllərə yanğı salmış “Bir gəncin
manifesti” əsəri, zəmanənin güzgüsü olan
hekayələri klassik bədii nümunələr kimi ədəbiyyat
tariximizin səhifələrində müəllifinə əbədiyaşarlıq
qazandırıb. Onun böyük zəhmətinin bəhrəsi
olan “Füzuli sənətkarlığı”, “XX əsr Azərbaycan
ədəbiyyatı”, “Azərbaycanda ədəbi məktəblər
(1905-1917)”, “Ədəbiyyatşünaslığın əsasları”
adlı fundamental əsərləri ədəbiyyatşünaslıq
elminin qiymətli mənbələrindəndir.
Azərbaycan
Dövlət Universitetinin (indiki Bakı Dövlət
Universiteti) sevimli müəllimi, nüfuzlu professoru kimi xatirələrdə
daim yaşayan Mir Cəlal Paşayev həqiqət,
düzlük, səmimiyyət aşiqi, ailəsini, övladlarını
sevən, qoruyan şəxsiyyət olub. Onun bu kəlamı
indi də dillər əzbəridir: “Həyatımda
yaratdığım ən böyük əsər ailəmdir”.
XX əsrin
20-30-cu illərində ədəbi aləmdə əvvəlcə
şeir, sonra isə oçerk və hekayələri ilə
görünən Mir Cəlal, az sonra istedadlı və orijinal
yaradıcılıq üslubu olan yazıçı kimi
tanınıb. Səməd Vurğun, Süleyman Rəhimov,
Süleyman Rüstəm, Mehdi Hüseyn kimi tanınmış
söz ustadları ilə bir dövrdə yaşayan Mir Cəlal
öz yazı üslubu ilə həmkarlarından fərqlənərək
Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirib.
XX əsr Azərbaycan ədəbiyyatının bir sıra
nailiyyətləri bilavasitə Mir Cəlal Paşayevin adı
ilə bağlıdır. O, ədəbi-bədii, ictimai-fəlsəfi
yaradıcılığı ilə ədəbiyyatımızda
əsaslı dönüş yaradan mütəfəkkir
yazıçılardan biri olub. Əlli illik
yaradıcılıq fəaliyyəti dövründə o,
görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı
tarixində öz layiqli və şərəfli yerini tutub. Qəti
əminliklə deyə bilərik ki, təkcə “Bir gəncin
manifesti” əsərinə görə Mir Cəlal klassik sənətkarlar
sırasında dayanmaq haqqını qazanıb. Bu əsər
çapdan çıxanda onun heç 30 yaşı yox idi.
1928-ci ildə mətbuatda ilk şeirləri (“Dənizin cinayəti”,
“Ananın vəsiyyəti”, “Müxbir”) çap olunub. Lakin o,
bundan sonra, daha doğrusu, 1930-cu ildən etibarən hekayələr
yazıb. O dövrün “Şərq qadını”, “Gənc
işçi”, “İnqilab və mədəniyyət”, “Ədəbiyyat
qəzeti” kimi nüfuzlu nəşrlərində “Doktor Cinayətov”,
“İfşa”, “Mərkəz adamı”, “Naxələf”, “Bostan
oğrusu”, “Qüdrət nümayişi”, “İstifadə”, “Dəzgah
qızı”, “Heyrət” və digər hekayələrini
çap etdirib. 1932-ci ildə “Sağlam yollarda”, 1935-ci ildə
“Boy” adlı ilk oçerklər və novellalar kitabları
işıq üzü görüb.
Mir Cəlalın
bütövlükdə yaradıcılıq dünyası ilə
tanışlıqdan sonra belə qənaətə gəlmək
olur ki, onu düşündürən həyati məsələləri,
milli folklorun, xalq təfəkkürünün
işığını, milli-mənəvi dəyərlərin
klassik ənənələrə uyğun inkişafını
və bu istiqamətdə yaranan problemləri, xalq həyatının
real görüntüsünü nəsr dilində aydın,
qabarıq şəkildə vermək mümkündür. Necə
ki, Sabiri oxuyanda şeirin, Mirzə Cəlili oxuyanda satira və
yumorun gücünü duyursan, Mir Cəlal hekayələrini
oxuyanda da eyni hissləri keçirirsən.
Mir Cəlalın
ilk irihəcmli əsəri - “Dirilən adam” romanı 1935-ci
ildə ayrıca kitab kimi nəşr olunub. Hələ
yarım əsr bundan əvvəl akademik Məmməd Arif
yazıb: “Mir Cəlal “Dirilən adam”la diqqətli bir realist
yazıçı olduğunu göstərmişdir”.
İlk
dəfə 1937-39-cu illərdə hissə-hissə “Revolyusiya
və kultura” jurnalında nəşr olunan “Bir gəncin
manifesti” əsəri isə yazıçının həyatında
böyük bir dönüş yaradıb, ədəbi zirvəyə
aparan yoluna cığır açıb və müəllifə
böyük oxucu auditoriyası qazandırıb. 1940-cı ildə
“Uşaqgəncnəşr”də kitab halında kütləvi
tirajla buraxılan bu əsər oxucu tələbatına
görə sonrakı illərdə də dəfələrlə
təkrar çap edilib. “Bir gəncin manifesti” bu gün də
qəlbləri riqqətə gətirir. Doqquz dəfə
müxtəlif illərdə ayrıca kitab halında nəşr
olunmuş “Bir gəncin manifesti” Azərbaycanın
hüdudlarından çox-çox uzaqlarda da sevilir.
Mir Cəlalın
“Dirilən adam”, “Bir gəncin manifesti”, “Yolumuz hayanadır”
romanlarında keçmiş, “Açıq kitab”,
“Yaşıdlarım”, “Təzə şəhər”
romanlarında isə müasir həyat lövhələrinin bədii
təsviri ustalıqla qələmə alınıb.
Yazıçının “İnsanlıq fəlsəfəsi”
(1961) kitabında toplanmış hekayələri də
böyük tərbiyəvi-əxlaqi əhəmiyyətə
malikdir. “İnsanlıq fəlsəfəsi”, “Subaylıq fəlsəfəsi”,
“Təzə toyun nəzakət qaydaları”, “Vicdan mühakiməsi”,
“Vicdan əzabı”, “Hesab dostları”, “Təsadüf, ya zərurət”,
“Qocaların uşaq söhbəti” və digər hekayələrində
isə real həyat lövhələri, fəlsəfi
düşüncələr əks olunub.
Mir Cəlalın
bədii yaradıcılıq nümunələri dəfələrlə
nəşr olunub. “Seçilmiş əsərləri” (2 cilddə,
1956-57), “Seçilmiş əsərləri” (4 cilddə,
1967-68), “Seçilmiş əsərləri” (2 cilddə,
1986-87), hekayə və povestlərdən ibarət “Şəfəqdən
qalxanlar” (1972), “Dağlar dilə gəldi” (1978), “Ləyaqət”,
hekayələrdən ibarət “Bostan oğrusu” (1937),
“Gözün aydın” (1939), “Vətən” (1944), “Həyat
hekayələri” (1945), “Sadə hekayələr” (1955), “Xatirə
hekayələri” (1962), “Gülbəsləyən qız”
(1965), “Silah qardaşları” (1974) və s. kitabları bu qəbildəndir.
Ümumiyyətlə, indiyədək yazıçının
70-dən çox kitabı nəşr olunub.
XX əsrin
ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal
Paşayev çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi
alim kimi də müstəsna və özünəməxsus
yer tutub. Filologiya təhsili alan tələbələrin birinci
kursda istifadə etdikləri “Ədəbiyyatşünaslığın
əsasları” dərsliyi sonralar da mütəxəssislərin
masaüstü kitabı olub. Mir Cəlal Paşayev 1936-cı
ildən ömrünün sonunadək dərs dediyi universitetin
auditoriyalarında bu fəndən mühazirələr oxuyub.
Mir Cəlal
Paşayev 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri”
əsərinə görə filologiya elmləri namizədi,
1947-ci ildə isə “Azərbaycanda ədəbi məktəblər”
əsərinə görə filologiya elmləri doktoru alimlik dərəcələrini
alıb. Füzuli poeziyasının qüdrətinə heyran
olan, ümumiyyətlə, klassik ədəbiyyata qəlbən
bağlı Mir Cəlal Paşayev 1958-ci ildə bu mövzuya
yenidən müraciət edərək “Füzuli sənətkarlığı”
adlı monoqrafiyasını nəşr etdirib. Professor Qara
Namazov deyir ki, Mir Cəlalın “Füzuli sənətkarlığı”
monoqrafiyası Füzuli ədəbi irsini öyrənmək,
mənimsəmək və dərk etmək üçün
elmi açardır. Əsər 1994-cü ildə təkrar nəşr
olunub.
“Azərbaycanda
ədəbi məktəblər (1905-1917)” əsərində
isə Mir Cəlal Paşayev XX əsrin əvvəllərində
inqilabi-demokratik meyllərlə əlaqədar baş verən
ictimai-siyasi hadisələr kontekstində Azərbaycanda realizm,
romantizm ədəbi məktəbləri, maarifçi-didaktik
yazıçılar və xırda məişət
dramları haqqında müfəssəl tədqiqatlar
aparıb, əhatəli elmi nəticələr əldə
edib.
Mir Cəlal
Paşayevin tanınmış tədqiqatçı Firudin
Hüseynovla birgə yazdığı “XX əsr Azərbaycan ədəbiyyatı”
əsəri 40 ilə yaxındır ki, ali məktəblərin
dərs vəsaitidir. Bu dərslikdə XX əsrin böyük
ədəbi şəxsiyyətləri, onların
yaradıcılığı, ədəbi mühitə gətirdikləri
yeniliklər haqqında əhatəli elmi fikirlər əks
olunub. Mir Cəlal Paşayev böyük şəxsiyyətlərin
həyat və yaradıcılıqlarını, dövrün
ictimai-siyasi, ədəbi-mədəni mühitini öyrənməklə,
tədqiq etməklə özü də uca zirvələrə
qalxıb, şəxsiyyət kimi müdrikləşib.
Əməkdar
elm xadimi Mir Cəlal Paşayev XX əsr ədəbiyyat, ədəbiyyatşünaslıq
tarixində elə bir iz açıb ki, bu, çağdaş
təfəkkürümüzün də əsas sütunu
olaraq qalacaq.
1978-ci
il sentyabrın 28-də əbədiyyətə
qovuşmuş, böyük şəxsiyyət kimi tarixləşmiş,
gözəl müəllim, görkəmli yazıçı,
istedadlı ədəbiyyatşünas Mir Cəlal Paşayevin
xatirəsi daim qəlblərdə yaşayacaq, ədəbiyyatımızın,
ədəbiyyatşünaslığımızın əbədi
mövzusu olaraq qalacaq.
Kamil
insan, alim, yazıçı dünyanı təkcə izah
etmir, eyni zamanda, onu dəyişdirir, insanların
şüuruna, baxışlarına təsir edə bilir. Bu mənada
Mir Cəlal Paşayevin çoxşaxəli
yaradıcılığı nəinki müasirlərinə,
özündən sonra gələn nəsillərə də əsl
örnək olub. Təsadüfi deyildir ki, bu gün təkcə
Azərbaycanda deyil, onun sərhədlərindən kənarda
da görkəmli ədibin həyat və
yaradıcılığı geniş şəkildə
öyrənilir və əsərləri çap olunaraq maraqla
oxunur.
“UNESCO-nun
2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin
və əlamətdar hadisələrin qeyd edilməsi
proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin
keçirilməsi haqqında” Azərbaycan Prezidentinin 2008-ci il
31 yanvar tarixli Sərəncamına əsasən,
yazıçı Mir Cəlal Paşayevin yubiley mərasimi təntənə
ilə qeyd edilib. Parisdə, UNESCO-nun iqamətgahında XX əsr
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi,
alim, pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr
olunmuş mərasim keçirilib.
XX əsr
Azərbaycan ədəbiyyatında, elmində müstəsna
xidmətlər göstərən Mir Cəlal Paşayevin 100
illiyinin UNESCO səviyyəsində qeyd olunması, ilk növbədə,
Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına
dünya miqyasında verilən dəyərin təzahürüdür.
2008-2009-cu illərdə UNESCO-nun dünya miqyaslı hadisələrin
və şəxsiyyətlərin yubileylərinin qeyd
olunması ilə bağlı qərarına Mir Cəlal
Paşayevin də adının daxil edilməsi, həm də
Azərbaycan-UNESCO əməkdaşlığının
inkişafının bariz nümunəsidir.
İllər
ötdükcə Mir Cəlal Paşayevin təkcə elmi irsi
tədqiq edilmir, onun həm də xeyirxahlığı,
böyük və əlçatmaz müəllimliyi, bəşəriliyi
heyranlıqla qarşılanır və sevilə-sevilə qəlblərdə
özünə ucalıq abidəsi qurur. Ədibin bu zirvədəki
yeri daim qalacaq və onun mərhəmət sevgisi dünya
durduqca yaşayacaq.
Yeni Azərbaycan.- 2013.- 26 aprel.- S.13.