MÜDRİKLİYİ, UZAQGÖRƏNLİYİ, TİTANİK FƏALİYYƏTİ İLƏ SEÇİLƏN ƏN BÖYÜK AZƏRBAYCANLI - HEYDƏR ƏLİYEV

 

Bu gün yenə HEYDƏR ƏLİYEV şəxsiyyətindən danışırıq, HEYDƏR ƏLİYEV bənzərsizliyindən söhbət açırıq. Bu siyasət korifeyinin heç vaxt heç bir təbliğ təntənələrinə ehtiyacı olmasa da, biz dönə-dönə ona qayıdacağıq, o səbəbdən ki, özümüzün Ona ehtiyacımız var...

 

HEYDƏR ƏLİYEV...

 

Müdrikliyi, uzaqgörənliyi, titanik fəaliyyəti ilə dünyanın ən nəhəng, say-seçmə siyasətçiləri ilə bir sırada özünə əbədi yer alan ən böyük AZƏRBAYCANLI. Adı Azərbaycanın, bütövlükdə Türk dünyasının tarixinə qızıl hərflərlə yazılmış DAHİ. Belə dahilər, bu cür hərtərəfli düşüncə və dərrakəyə, təfəkkürə malik insanlar isə hər əsrin və hər xalqın bəxtinə düşmür!

Heydər Əliyev böyük uzaqgörənliklə: “Mən həmişə xalqa arxalanmışam, xalqa bel bağlamışam... Mənim həyatım həmişə xalqla bir yerdə olub, bu gün də bir yerdədir, sabah da bir yerdə olacaqdır” dedi və xalqımız qarşısında göstərdiyi möhtəşəm xidmətlərinə görə tarixdə əbədi yaşamaq haqqı qazandı. O, sözün əsl mənasında, Vətənin böyük oğlu, liderlər lideri, bənzərsiz dövlət xadimi idi. O, sağlığında Azərbaycan atası olmağı bacardı, bu zirvəyə ucaldı, xalqın sevgisini qazandı. O, müstəqil Azərbaycanın yaradıcısı, qurucusu, dövlətçiliyimizin qarantı oldu. O, respublikamızı hərtərəfli inkişafa, tərəqqiyə çatdırdı, onun siyasətini, iqtisadiyyatını, elmini, təhsilini, mədəniyyətini dünya standartları səviyyəsinə qaldırdı, 34 illik rəhbərliyi dövründə Vətənimizin ən ağır vaxtlarında, ən çətin məqamlarında belə onu təklənməyə, dağılmağa, parçalanmağa qoymadı. İndi bütün dünyadan səsi eşidilən, sözü eşidilən, ən super dövlətlərin belə hesablaşdığı Azərbaycan bu fenomenal şəxsiyyətin ən parlaq əsəridir.

 

Heydər Əliyev və Azərbaycan dili

 

Xalqımızın böyük lideri, əvəzolunmaz şəxsiyyət, nəhəng siyasətçi Heydər Əlirza oğlu Əliyevin müasiri olmaq səadəti mənə də nəsib olub. Ağlım kəsəndən Onun nümunəsi məni ahənrüba kimi özünə çəkib. Bu qüdrətli insanın ömür yolundan çox təsirlənmişəm. Onun ağlı, müdrikliyi, uzaqgörənliyi, fəaliyyəti, bütövlükdə həyatı hər kəs üçün nümunədir. Bu nümunədən görüb-götürməliyik, hər birimiz Onun ibrətamiz həyat yolundan öyrənməliyik. Əlbəttə, Onun müasiri olub, Ondan öyrənməmək qeyri-mümkündür. Ondan öyrənməyin özü böyük xoşbəxtlikdir! Təbii ki, o zirvəyə çatmaq, o zirvəni fəth etmək olduqca çətindir, amma Ondan öyrənmək, ondan bəhrələnmək olar...

Mən bu gün fəxrlə deyirəm ki, Heydər Əliyev dövrünün yetirməsiyəm, Onun zəmanəsinin övladıyam, Onun liderlik məktəbindən dərs almışam. Əslində, O, hər kəlməsi, hər sözü, hər çıxışı, hər hərəkəti ilə insanlara dərs keçirdi. O, bitib-tükənməyən bir xəzinə, bir örnək, Allah tərəfindən Yer üzünə göndərilmiş müqəddəs bir varlıq, xarizmatik bir qüvvə idi. Onun çox zəngin həyatını, ömür yolunu, titanik fəaliyyətini, Azərbaycan və azərbaycanlılar üçün, bütövlükdə Türk dünyası üçün gördüyü misilsiz işləri ifadə etməkdə az qala söz də acizdir. Əslində, bunun üçün qalaq-qalaq, cild-cild kitablar yazılmalıdır və mütləq yazılacaqdır.

Mən bir də ona görə xoşbəxtəm ki, hələ sağlığında ikən xalqımızın Ümummilli lideri Heydər Əliyev haqqında kitab yazmışam: “Heydər Əliyev və Azərbaycan dili”. “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir” deyən Heydər Əliyevə mənəvi borcum məni o kitabı yazmağa vadar etdi, milli mədəniyyətimizin, o sıradan dilimizin inkişafı üçün külüng çalan, onun ictimai statusunun qorunması, dövlət dili kimi işlədilməsi, geniş auditoriyalara yayılması üçün fövqəladə güc, enerji və zəhmət sərf edən Ulu öndərimizin natiqlik təcrübəsini ümumiləşdirib yaymaq əsas məqsədim oldu. Kitab kütləvi tirajla Türkiyədə də, İranda da nəşr edildi. Onun ana dilimizə bu qədər yüksək dəyər verməsi, Azərbaycan dövlətçiliyinin qurucusu və memarı olması məni biganə qoymadı. Bu gün ana dilimizin dövlət statuslu dillər arasında olmasına görə biz hamımız məhz Heydər Əliyevə borcluyuq. Amma düşünürəm ki, hələ çox az iş görmüşəm. Biz alimlər bu mahir siyasətçinin, görkəmli dövlət başçısının həyat və fəaliyyətini hələ geniş tədqiq etməliyik, Onun haqqında hələ çox ədəbiyyat yazmalıyıq. Bundan əlavə, məncə, həm də bütün müəssisələrdə, təhsil ocaqlarında xalqımızın bu böyük övladının nitqinə, natiqlik məharətinə aid xüsusi məşğələlər keçirilməli, yeniyetmələrə, gənclərə, gələcək nəsillərə bu görkəmli şəxsiyyətin həyat yolu hərtərəfli öyrədilməlidir.

Heç şübhəsiz, millətin simasını səciyyələndirən amillərdən birincisi dildir. Əgər bu gün planetimizdə yaşayan minlərlə millət və etnik qrupun cəmi iki yüzə qədər dövlətin bayrağı altında cəmləşdiyini və rəsmi dövlət dillərinin sayının yetmişi keçmədiyini nəzərə alsaq, onda hər hansı bir millətin dilinin öz dövlətində dövlət dili olmasının əhəmiyyətini dərk etmək o qədər də çətin olmaz. Bu mənada, dilin dövlət statusu qazanması, həqiqətən tarixi hadisə, millətin millət olaraq təsdiq, bəşəri təkamüldə təkanverici qüvvə kimi çıxış etmək şansıdır. Çünki dilin dövlət dili statusuna yüksəlişi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin sübutudur. Ana dilimizin qürur zirvəsinə yüksəlişi yolunda HEYDƏR ƏLİYEVİN gərgin əməyi və gördüyü iş isə həyatını bu yöndə araşdırmalara sərf edən onlarla alimin fədakarlığına bərabərdir.

Yüksək kübarlıq, ziyalılıq etalonu olan HEYDƏR ƏLİYEV, həm də bənzərsiz natiq idi. O, müdrik, ağıllı qərarları ilə yanaşı, danışığı, nitqilə də bu dilin keşiyində duran bənzərsiz bir insan, böyük mütəfəkkir və alim idi. Öz təfəkkürü və nitqi ilə ağılları fəth edən bu insanın natiqlik məktəbindən öyrənəcəyimiz çox nüanslar var. Mən 1969-cu ildən bu yana Onun bütün çıxışlarını ardıcıllıqla, diqqətlə izləmişəm. Bu böyük insanın siyasi məsləkdaşı olduğumdan Onunla yaxından təmas, ünsiyyət də mənə qismət olub, bir sıra xarici səfərlərdə Onu müşayiət edənlər arasında olmuşam. Və onun nitqinin gözəlliyinə, zənginliyinə, axıcılığına, səlisliyinə, sistemliliyinə, ardıcıllığına, məntiqliliyinə heyran olmuşam, hər dəfə də bu nitqdə yeni-yeni çalarlar tapmışam. HEYDƏR ƏLİYEV hər zaman sırf ədəbi dildə danışır, “sənətlər içərisində ən gözəl sənət” olan natiqlik məharəti ilə də hər kəsi valeh edirdi. “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini - Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir... Xalqın, millətin, insanın öz ana dilindən əziz heç bir şeyi ola bilməz” deyən HEYDƏR ƏLİYEV uzun illər Moskvada yaşamasına baxmayaraq, heç vaxt ana dilini unutmadı. O, gözəl nitq mədəniyyəti, danışıq tərzi, habelə səsinin tembri, aydın diksiyası, intonasiyası, hətta üz cizgiləri, mimikası ilə də auditoriyanı ələ alır, onu zənginləşdirir, tərbiyə edirdi. Sanki, sənin qarşında dilin bütün incəliklərinə dərindən bələd olan, uzun illər natiqlik, nitq mədəniyyətindən dərs verən mahir bir dilçi alim çıxış edirdi. Onun nitqi mükəmməl, kamil bir nitq idi. Bu nitqdə yeknəsəklik yox idi. Heydər Əliyev saatlarla heç bir qeyd-filana baxmadan, yanılmadan nitq söyləyir və hamını heyrətləndirirdi!

Zəngin biliyə, analitik təfəkkürə malik bu insan tarixçi ilə tarixçi, kimyaçı ilə kimyaçı, musiqiçi ilə musiqiçi, yazıçı ilə yazıçı dilində danışırdı. İti yaddaş və güclü hafizəyə malik HEYDƏR ƏLİYEV nitqlərində bəzən elə yeni məlumatlar söyləyirdi ki, hətta həmin sənətin biliciləri də məəttəl qalırdılar. Onun saatlarla çıxışı heç vaxt auditoriyanı yormurdu, çünki O, nitq söyləməyin bütün sirlərini ən yüksək səviyyədə bilirdi.

Ulu öndər Heydər Əliyevin əzəmətli görkəmi, mənalı sifəti, gur, məzmunlu səsi də danışığındakı məntiqi, emosiyanı gücləndirir və dinləyicilərdə, onların yaddaşında dərin iz qoyurdu.

Bəli, hər bir millətin ana dili onun milli varlığının göstəricisidir və ana dilinə dəyən zərbə də, ilk növbədə, milli varlığa dəyən zərbədir. HEYDƏR ƏLİYEV isə müqəddəs ana dilimizi hər şeydən qorudu.

 

Heydər Əliyev: müstəqilliyimiz və dövlətçiliyimiz

HEYDƏR ƏLİYEV xalqımızın danılmaz tarixidir.

 

... 1982-ci il 23 noyabrda O, Siyasi Büroya üzv seçildi, Moskvaya getdi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini oldu, ölkənin ən mühüm sahələrinə rəhbərlik etdi və Öz güclü təsir qabiliyyəti ilə inkişafa təkan verdi. Ətrafında belə güclü siyasətçini görüb xoflanan, Ona qısqanclıqla yanaşan Qorbaçov hər vəchlə HEYDƏR ƏLİYEVİ hakimiyyətdən uzaqlaşdırmağa çalışdı və buna nail oldu. Bu, Ona qarşı ən böyük haqsızlıq idi. Lakin HEYDƏR ƏLİYEV Siyasi Büro tarixində ilk şəxsiyyət idi ki, Sovet siyasi maşını Onu sındıra, əyə, məhv edə bilmədi. O, Siyasi Bürodan uzaqlaşdırılan yeganə şəxs idi ki, yenidən siyasi olimpə qalxmağı bacardı! Çünki O, artıq çoxdan milyonların sevgisini qazanmışdı.

Qorbaçov 1990-cı il 20 yanvarda təpədən dırnağadək silahlanmış Sovet ordusu ilə Bakıda qanlı faciə törətdi. Dəhşətli gecənin səhəri günü xalqımızın böyük övladı HEYDƏR ƏLİYEV Özünün və ailəsinin həyatını təhlükə altına qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, mətbuat konfransı keçirərək kütləvi informasiya vasitələri işçilərinə törədilmiş qətliam barədə ətraflı məlumat verdi, Kommunist Partiyası və Sovet hökumətinin rəhbərlərini ittiham etdi, partiya biletini atdı. Bu, 20 Yanvar faciəsinə verilən ilk qiymət idi.

Bir məqama diqqət yetirək. Əvvəla, o tarixə qədər HEYDƏR ƏLİYEV bir şəxsin çata biləcəyi bütün mümkün zirvələri fəth etmişdi, bir fərdin öz milləti, öz dövləti üçün edə biləcəyi xidmətlərin ən alilərini göstərmişdi, bununla da Azərbaycan tarixində Öz əbədiyaşarlıq hüququnu artıq təsdiqləmişdi. Digər tərəfdən O, yaxşı bilirdi ki, bu addımdan sonra Moskvada qalmağı təhlükəlidir. Başqası olsaydı, bəlkə də, belə təhlükəli məqamda bu yüksək mövqeyi ilə kifayətlənər, öz həyatını riskə getməzdi. Bəli, başqası olsaydı! Amma bu, HEYDƏR ƏLİYEV idi! Və O, canından çox sevdiyi xalqı, Vətəni, Azərbaycanın milli dövlətçiliyi naminə bu addımı atdı. Azərbaycanın müstəqilliyi Ona hər şeydən əziz idi - hətta həyatından da. Bu, Onun milli mənliyi idi. Sonralar deyəcəkdi: “...Mənim üçün hər şeydən üstün mənim milli mənliyimdir. Milli mənliyim məni həmişə bütün çətin vəziyyətlərdən çıxarıb. Milli mənliyimə görə mən istədiyim yolla gedə bilmişəm, istədiyimə nail ola bilmişəm və xalqıma xidmət edə bilmişəm. Ona görə milli mənliyimizi gərək itirməyək...” Bəlkə də, elə yüksək mənəviyyat sahibi olduğuna görə də Tanrı bu fövqəlbəşər insanı hər zaman hər bir təhlükədən qorudu. Həm də Azərbaycan üçün, xalqı üçün qorudu!

...İstər mərkəz, istərsə də respublika rəhbərləri tərəfindən təqiblərə məruz qalan Heydər Əliyev ata yurduna - Naxçıvana üz tutdu. Və həmin andan etibarən Azərbaycanın qədirbilən insanlarının diqqəti Naxçıvana yönəldi.

Naxçıvan Ali Məclisinin sədri olarkən Azərbaycanın üçrəngli bayrağını ilk dəfə iclas salonuna məhz HEYDƏR ƏLİYEV gətirdib!

Xalqın böyük sevgisi, tələb və təkidi 1993-cü ildə HEYDƏR ƏLİYEVİ yenidən hakimiyyətə gətirdi.

Bu, BÖYÜK QAYIDIŞ idi. Bu, xalqın ümidlərinin bərpası idi, onun öz XİLASKARINA qovuşması idi! Bu, Azərbaycanın tarix səhnəsindən həmişəlik silinmək təhlükəsindən QURTULUŞU idi! Bu, “ölüm-qalım” dilemmasının xalqın, millətin, dövlətin xeyrinə həll olunması idi! Bu, azadlıq və dövlətçilik rəmzinə çevrilən real və əfsanəvi liderin: “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır” fikrinin təsdiqi idi!

 

Heç vaxt silinməyən yaddaş

 

Bu gün Azərbaycanda haraya baxsan, HEYDƏR ƏLİYEVİN izini görərsən. O, sağlığındaykən Azərbaycan üçün nə küləyin, nə yağışın, nə tufanın soldura bilmədiyi elə möhtəşəm abidələr yadigar qoyub ki, onlar HEYDƏR ƏLİYEV haqqında heç vaxt silinməyən yaddaşdır...

Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda dövlət quruculuğu, ictimai-siyasi sabitlik təmin edildi, iqtisadi inkişaf, beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində davamlı proses başlandı, ölkədə bütün sahələr üzrə köklü islahatlar aparıldı. Bunlardan ən birincisi hüquqi islahatlar idi. SSRİ dağıldıqdan sonra ölkə daxilində yaranmış hərc-mərclikdən əsər-əlamət qalmadı. Müdrik bir rəhbərin aydın təfəkkürü, qəti iradəsi, möhkəm əzmi ilə 1994-cü il oktyabr, 1995-ci il mart dövlət çevrilişlərinin qarşısı məharətlə alındı.

Müstəqillik yolunda inamla addımlayan Azərbaycan qısa zaman kəsiyindən sonra dünyada baş verən demokratikləşmə prosesinin iştirakçısına çevrildi.

HEYDƏR ƏLİYEV 1994-cü ilin may ayında atəşkəs haqqında müqavilə imzalamaqla Azərbaycanı siyasi, iqtisadi və hərbi böhrandan qurtardı, dünyanın Azərbaycana qarşı siyasətini dəyişdi, onun diqqətini Vətənimizə yönəltdi...

O, 1994-cü il sentyabrın 20-də əsasını qoyduğu “Əsrin müqaviləsi” ilə dünyanın neft siyasətini birmənalı şəkildə Xəzər regionuna istiqamətləndirdi. Bu neft strategiyası Xəzərin Azərbaycan sektorunda 15 ölkənin, 33 iri neft şirkətinin iştirakı ilə 22 neft-qaz müqaviləsinin imzalanmasına səbəb oldu. HEYDƏR ƏLİYEVİN siyasi uzaqgörənliyinin nəticəsidir ki, indi Azərbaycan dünyanın aparıcı dövlətlərinin iqtisadi maraq meydanına çevrilmişdir.

Bakı-Tbilisi-Ceyhan Azərbaycanın yeni neft strategiyasının təməl daşı, iqtisadiyyatımızın ana xəttidir. Mütəxəssislər haqlı olaraq bu layihəni Azərbaycanın taleyində dövlət müstəqilliyi qədər əhəmiyyətli tarixi hadisə hesab edirlər. Azərbaycanın sosial-iqtisadi tərəqqisinə, onun beynəlxalq iqtisadi inteqrasiyasına zəmin yaradan bu misilsiz layihəyə görə nəinki Azərbaycan, hətta bir çox xalqlar HEYDƏR ƏLİYEVƏ minnətdar olacaqlar. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi haqqında müqaviləni bağlamaqla HEYDƏR ƏLİYEV təkcə Azərbaycanın yox, Gürcüstan və Türkiyənin də iqtisadi inkişafına zəmin yaratdı, üstəlik, hərbi təhlükəsizliyi təmin etdi.

Bu kəmərin böyük iqtisadi əhəmiyyətini dərk etdiyindəndir ki, xalqımız ona dahi öndərimizin adını verdi. İndi Bakı-Tbilisi-Ceyhan neft kəməri HEYDƏR ƏLİYEVİN adını daşıyır.

HEYDƏR ƏLİYEV təxəyyülünün qlobal siyasətə bu uzaqgörən təsiri bütün Qafqaza aid dünya siyasətinin dəyişməsinə səbəb oldu.

Qədim İpək Yolunun bərpası ideyasını qaldırmaq və onun həyata keçirilməsi işini təşkil etmək isə HEYDƏR ƏLİYEV şəxsiyyətinin regional yox, dünyəvi xarakter daşıdığını sübut etdi. Böyük İpək Yolu ilə bağlı 30-dan çox dövlətin müasir inkişafında bu yolun müstəsna rolu HEYDƏR ƏLİYEVİN adı ilə bağlıdır.

 

Siyasi nüfuz və qüdrətin təzahürü

 

Mən 1992-ci ildən HEYDƏR ƏLİYEVİN yaradıcısı və qurucusu olduğu Yeni Azərbaycan Partiyasının, YAP İdarə Heyətinin üzvüyəm. Bu partiyanı məhz onun rəhbərinə inandığıma görə seçmişəm. Çox yaxşı dərk etmişəm ki, belə bir dahinin yaratdığı partiya 5-10 ilin partiyası deyil. Həqiqətən də, tarix sübut etdi ki, siyasət və idarəetmənin böyük ustası, dünya siyasətinin nadir simalarından olan Heydər Əliyevin Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır.

2007-ci ildə partiyanın yaradılmasının 15 illiyi münasibəti ilə “YAP dünənin, bu günün, sabahın partiyasıdır” adlı kitab yazdım.

YAP mövcud olduğu 20 il ərzində məhz qüdrətli liderinə görə özünü cəmiyyətə hakimiyyət hərisi olan qruplaşma kimi yox, dövlətçiliyə xidmət edən mükəmməl bir ordu kimi təqdim edə bilib. Bu gün YAP sıralarında 600 mindən çox insanın birləşməsi onun liderinin siyasi nüfuz və qüdrətinin təzahürüdür.

Heydər Əliyev elə bir nəhəng siyasətçi idi ki, bircə çağırışına milyonlarla adam səs verirdi. Bu, Onun iradəsinin xalqın iradəsinə söykənməsi faktıdır.

 

Xeyirxahlığın ali nümunəsi

 

Heydər Əliyev Azərbaycan rəhbərliyinə gələn kimi qədim milli dəyərlərimizi, ədəbiyyatımızı, mədəniyyətimizi, incəsənətimizi, tariximizi özümüzə qaytarmaq sahəsində də çox ciddi işlər gördü. Dədə Qorqudu, Nizamini, Nəsimini, Xətaini layiq olduğu müdriklik zirvəsinə qaldırdı. Alimlərin, bəstəkarların, sənətkarların yetişməsi üçün lazımi şərait yaratdı.

HEYDƏR ƏLİYEVİN çox böyük xidmətlərindən tək birini yada salmaq istəyirəm. 37-ci il repressiyasının qurbanlarından biri, görkəmli ədibimiz Hüseyn Cavidin Vətənə “dönüşü”, yəqin ki, orta yaşlı hər bir azərbaycanlının yaxşı xatirindədir. 45 illik Vətənsizlikdən sonra Hüseyn Cavid məhz HEYDƏR ƏLİYEV böyüklüyü sayəsində Azərbaycana, Vətən torpağına qovuşdu. Bu, xeyirxahlığın ali nümunəsi idi!

1993-cü ildə prezident seçkilərindən sonra HEYDƏR ƏLİYEV Cavid məsələsinə yenidən qayıtdı. O, 1995-ci il iyun ayında keçirdiyi müşavirədə Cavidin məqbərəsi, ev muzeyi ilə bağlı problemləri həll etdi. 1996-cı il oktyabrın 29-da Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin açılışı oldu. Mən də həmin tədbirdə iştirak edirdim. Və orada bir daha HEYDƏR ƏLİYEV ucalığının, qədirbilənliyinin şahidi oldum. Həmin gün O, hər kəsdən artıq sevinirdi. Bu misilsiz xidmətinə görə Ona minnətdarlıq edənlərə isə sözü bu oldu: “Mən çox məmnunam. Sevinirəm ki, 15 il bundan əvvəl qəbul etdiyim qərar həyata keçir. Mənim arzularım həyata keçir. Mən sizi də, özümü də bu münasibətlə təbrik edirəm”.

Bəli, HEYDƏR ƏLİYEV elə hər sahədə misilsiz lider və böyük rəhbər olduğunu bütün bəşəriyyətə Öz əməlləri ilə sübut etdi...

 

Böyüklük... sadəlik

 

Heydər Əliyevin elmimizə, təhsilimizə, müəllimlərə və ziyalılara qayğısı da hədsiz idi və bu qayğıdan mənə də pay düşüb. İndi Onun: “Mən Yer üzündə müəllimdən başqa yüksək ad tanımıram”, “Cəmiyyətimizdə, Azərbaycan ziyalılarının içərisində müəllimlər xüsusi yer tuturlar, onlar hörmətə layiqdirlər və xüsusi qayğı ilə əhatə olunmalıdırlar” kimi çox uca kürsüdən deyilmiş fikirlərini böyük minnətdarlıqla yada salıram. Heydər Əliyevin bu yüksək qiyməti bizi həmin diqqətə layiq olmağa səfərbər edirdi.

Xoşbəxtəm ki, 1994-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə rektor, 1996-cı ildə HEYDƏR ƏLİYEVİN Fərmanı ilə məsul dövlət vəzifəsinə Dövlət Teleradio Verilişləri Şirkətinin sədri vəzifəsinə təyin olunmuşam, o dahi insanın xeyir-duasını almışam. Həmin günü ömrümün ən unudulmaz günü hesab edirəm.

Şübhəsiz, televiziya siyasətinin əsas qayəsini Azərbaycan Prezidentinin daxili və xarici siyasət kursunun həyata keçirilməsinə layiqli xidmət təşkil edir.

“Radio və televiziya insanları təsirləndirir, onların təkmilləşməsinə, mənəviyyatca inkişafına kömək edir, dünyaya gözünü açır, onları bütün dünya ilə birləşdirir” deyən Heydər Əliyev mətbuata, radio-televiziyaya yüksək dəyər verirdi, mətbuat işçilərinə böyük hörmətlə yanaşırdı. Jurnalistlərlə çox səmimi münasibət yaratması, sözün həqiqi mənasında, onların dostuna çevrilməsi fakt idi və indi hər kəs bu barədə ürəkdolusu danışır.

Mətbuatdan senzuranın götürülməsi, ona qayğı isə Heydər Əliyevin nə qədər böyük demokrat olduğunu göstərirdi.

Heydər Əliyev efirdə, ekranda elmin, mədəniyyətin nailiyyətlərinin təbliğinə, ictimai rəyə, TV-nin təsiri məsələlərinə, radio, televiziya ilə təbliğata çox böyük əhəmiyyət verirdi. O, radio, televiziya işçilərinin böyük dostu, məsləhətçisi, himayədarı idi. Ötən illər pambıq tarlalarında, əmək müəssisələrində, qızmar günəş altında kənd əməkçiləri, fəhlələrlə görüşləri zamanı hansı mövzuları daha çox işıqlandırmaq, nələrdən daha çox bəhs etmək gərək olduğunu, bir çox hallarda isə hansı janrlarda proqramlar hazırlamağı TV işçilərinə Heydər Əliyev məsləhət görürdü. Dövlət işlərinin hədsiz çox olmasına baxmayaraq, ölkə başçısı təbliğatın bu növünü daim diqqətdə saxlayır, reportyorların ən adi suallarına belə ətraflı cavablar verirdi. O, TV ilə, radio ilə xalqa çatdırılan informasiyanın miqyasını və təsirliliyini yüksək qiymətləndirərək deyirdi: “Televiziya bütün informasiya orqanlarından ən kütləvisidir. İndi heç kəs öz həyatını televiziyasız təsəvvür edə bilməz. Yəqin ki, televiziyasız yaşamaq da olmaz. Televiziya Azərbaycan xalqının milli sərvətidir”.

Təbliğatda ardıcıllığa, təhlilə, aydın və dəqiq faktlara əsaslanmağa üstünlük verən, cəmiyyətin inkişafında teleradionun rolunu yüksək qiymətləndirən Heydər Əliyev burada çalışanların yüksək mənəvi əxlaqını, təhsil, peşə savadını, işə, sənətə fanatik sevgi keyfiyyətləri ilə seçilmələrini, ətrafdakılara nümunə olmağı arzulayırdı. Cənab Prezident şirkətimizdə olarkən buradakı iş şəraiti ilə maraqlanır, müasir televiziyanın texniki bazasının möhkəm olmasının vacibliyini, işçilər üçün yaradılan şəraitin, xidmətlərin böyük rol oynadığını bildirirdi. Ən qaynar nöqtələrdən reportajlar hazırlayan jurnalistlərin fədakar əməyindən dönə-dönə söz açan dövlət başçısı şəhid jurnalistlərimizin ailələrinə daha çox qayğı göstərməyi tövsiyə edirdi.

Günün xronikasını yaradan teleradio əməkdaşlarının ən sevimli müsahibi kimi, tanınan Heydər Əliyev bir çox xarici, eləcə də, ölkə mətbuatı və TV qurumlarının mükafatları ilə təltif olunmuşdur. Ölkədə yaratdığı sabitlik və demokratiyaya görə, mətbuatda söz azadlığına, ölkə iqtisadiyyatında və siyasi kursunda xalqa maksimum səmərəli variantları seçib müəyyənləşdirdiyinə görə, Heydər Əliyev bir neçə il dalbadal “İlin adamı” fəxri adına layiq görülmüşdür.

Görkəmli lider özəl teleradio şirkətlərinin inkişafına çox diqqət yetirir, “ana” televiziyamıza yeni yaranan efir vasitələrinə hər cür yardım göstərməyi tövsiyə edirdi. Sağlam efir mübadiləsini, xüsusən, informasiya mübadiləsi zamanı birgə işi təqdir edir, bu sahədə intensiv yaradıcılıq əməkdaşlığını vacib sayırdı.

Ulu öndərimizlə bağlı bir incə məqamı da qeyd etmək yerinə düşər. Təbii ki, Onun da adi tamaşaçı kimi xoşladığı incəsənət xadimləri, televiziya tamaşaları və s. vardı. Müşahidə etmişdim ki, TV ilə bağlı O, öz şəxsi arzularını heç vaxt dilə gətirməz, bu barədə xüsusi göstərişlər verməzdi. Amma rəğbətləndirmə vaxtlarında bu incə məqamı hiss etmək o qədər də çətin deyildi. Həssas televiziya işçiləri bu incə məqamları vaxtında hiss edib, həyata keçirməyə çalışırdılar. Ümumilikdə isə, Ümummilli liderin demokratik mövqeyindən, sərbəst fəaliyyətə yaratdığı ideal şəraitdən maksimum istifadə edən əməkdaşlarımız radio və televiziyada bütün maraqları əhatə etməyə çalışırdılar. Azərbaycan efir dünyasındakı rəng bolluğu da məhz Ulu öndərin demokratik idarəçilik mövqeyi sayəsində formalaşırdı.

O, rəsmi səfərlər, tədbirlər zamanı da TV işçilərinə daha sərbəst və həyəcansız işləmək imkanı yaradan ən təcrübəli siyasi xadimlərdən idi. “Televizyonçuları” çox zaman partnyoru hesab edən Heydər Əliyev onların marağına görə də işini qurmağa etiraz etmirdi. Nəticənin daha uğurlu alınması üçün ən xırda nüansların tənzimlənməsinə imkan yaradır, operatorların əlverişli çəkiliş nöqtəsi seçməsinə, hazırlıq aparmasına çox incəliklə şərait yaradırdı.

Kameranı Heydər Əliyev kimi hiss edən ikinci dövlət başçısı tapmaq çətindir. Əslində O, kamera nümunəsində qarşısında dayanan milyonlarla xalqı görür, bu cansız TV qurğuya milyonların məsuliyyətini daşıyaraq yanaşırdı. Onun televiziya ilə çıxışlarında bir neçə incə keyfiyyət həmişə özünü büruzə verirdi: inandırıcılıq, səfərbərlik, səmimiyyətlik... Çıxışın yüksək faktlılığı, arqumentliyi baş verən hadisəyə tamaşaçıda inam hissi təbliğ edirdi. Mövzunun hər kəsdən ötrü vacibliyini, cəmiyyət üçün gərəkliliyini ən xırda məsələlərə kimi izah edən Ulu öndər TV çıxışlarında çox səmimi təsir bağışlayır... Yaşlı adamlar bu çıxışlarda yetkin siyasətçinin dəmir məntiqinin ifadəsini hiss edirdilərsə, cavanlar, gənclər ata, valideyn dərsləri kimi dinləyir, nümunə götürürdülər. O, hər bir televiziya çıxışçısından bu məsuliyyəti tələb etməyi TV əməkdaşlarının borcu sayırdı.

Heydər Əliyev Özünün mötəbər informasiya mənbələrindən biri hesab etdiyi teleradionun yayım dairəsini həmişə geniş, əhatəli görmək istəyirdi. Təkcə müsbət məqamları qabardıb cəmiyyətdə arxayınçılıq yaratmağın sonrakı pis nəticələri barədə bizi sayıq salır, haqlı tənqidə geniş yer ayırmağı ümumi işimizin xeyrinə hesab edirdi. Lakin bununla belə, qərəzli tənqidin doğuracağı acı nəticələrdən ehtiyatlanmağı, hadisənin o biri başında öz taleyini görməyi, sonra qələm çalmağı tövsiyə edirdi. Humanitar yardımları yerlərə çatdırarkən, əziz günlərdə ehtiyacı olanlara yardımlar edərkən çox incə hərəkət etməyi “sağ əlin verdiyini sol əldən gizlətməyi”, kimsənin könlünü qırmamağı məsləhət görürdü. Azərbaycanda hər cür milli-mənəvi dəyərlərin və inancların yayıldığı şəraitdə mənəviyyatla, əxlaq, milli mentalitetlə bağlı proqramlara üstünlük verməyi çox vacib hesab edirdi. Heç nəyi heç kəsə qadağan etməyin mümkün olmadığı demokratik cəmiyyətdə öz mənəvi dəyərlərimizin üstünlüyünü qoruyub saxlamağı əsas şərt sayırdı.

Azərbaycançılıq-türkçülük ideyalarının sistemli təbliği ilə tanınan “Turan”, “Azərbaycan dili”, “Vətəndaş”, “Türk elləri” kimi proqramların Türk dünyasında doğurduğu əks-səda ilə bağlı Onun razılıq dolu sözlərini dönə-dönə eşidib sevinmişəm. Xüsusən, xalq yaradıcılıq redaksiyasının xətti ilə hazırlanan “Yallı”, “Qala”, “Karvan”, “Buta”, “Qobustan” kimi verilişlərin Türkiyə Cümhuriyyətində populyar proqramlar kimi sevildiyi haqda Ulu öndərdən xoş sözlər eşitmək bu sahədəki işlərimizi daha da inkişaf etdirməyə stimul yaradırdı. Təkcə “Dəmir qapı Dərbənd” proqramının yaxın xaricdəki soydaşlarımızın taleyini əks etdirməsi istiqamətində müsbət nəticələri barədə dünya şöhrətli siyasətçidən dəfələrlə razılıq eşitmişəm. Əslində, Ulu öndərin ən populyar proqramlar haqqında orijinal fikirləri, tövsiyələri vardır. Müşahidə etmişdim ki, Ümummilli liderin maraq göstərdiyi proqramlar sırasında “Səhər”in xüsusi yeri var. Proqramın əlvan palitrasını peşəkarcasına təhlil edən Ulu öndər, xüsusən, xəbərin təqdimat ritmini, blokdakı düzümünü hər dəfə təqdir edirdi. Hər fəsildə yeniləşən tərtibatı ilə təzə görünən “Səhər” xoş ovqat proqramı kimi Onun da diqqətini cəlb edirdi. Yaradıcı kollektiv bu faktı yeni axtarışlar üçün bir borc hesab etdilər. İstər musiqi seçimində, istərsə də qonaqların planlaşdırılmasında ən ali tamaşaçı zövqü diqqət mərkəzində saxlanılırdı.

Azərbaycan televiziyasının hər bir uğuru Ümummilli liderin nəzərindən yayınmırdı. Azərbaycan dili haqqında Sərəncamında teleradionun bütövlükdə milli yayıma keçməsi məsələsi də bir vəzifə kimi qarşıya qoyulurdu. Azərbaycan televiziyasında hələ bir neçə il əvvəl yaradılmış “Dublyaj” redaksiyası Sərəncamdan irəli gələn tələblərə əməl etmək üçün yaradıcılıq potensialını qat-qat artırdı. Efirdə yer alan hər növ filmlərin, bədii lentlərin dublyajı - milli dildə təqdimatı Onu çox razı salmışdı. Tez bir zamanda zəngin film fondu yaradan kollektivi bu işi davam etdirməyə çağırırdı. Çoxsəsli çevirmə prinsipi ilə hazırlanan dublyaj filmləri həm də orijinala yaxınlığı, səslərin obrazlara uyğun seçilməsi ilə ölkə Prezidentinin diqqətini cəlb edirdi. Eşidəndə ki, kiçik bir kollektiv ayda 50-60 film dublyaj edir, ilk dəfə təəccüblənmiş, işin həcmini burada çalışanların fədakarlığı kimi qiymətləndirmişdi. O zaman AzTV-də mindən artıq dublyaj filmi var idi, bunların sayı gündən-günə artır, efirin milli dildə lent ehtiyacını tamamilə ödəyir.

Yadımdadır, bir dəfə Böyük Vətən müharibəsi illərində əsir düşüb İsveçrədə yaşayan azərbaycanlının həsrətini yetirən veriliş təqdim olundu. Ömrünün son günlərini yaşayan əlil soydaşımızın göz yaşları içərisində dediyi vətən bayatıları, sən demə, ölkə başçısının diqqətindən yayınmayıb. Sonralar O, mənə belə verilişlərin sayını artırmağı, ümumiyyətlə, xaricdəki azərbaycanlıların taleyi, dövlətin diaspor siyasəti ilə bağlı olan proqramları artırmağı tövsiyə etdi. Azərbaycan televiziyasında “Beynəlxalq proqramlar” redaksiyası yaratmaq ideyası da bu təqdirdən sonra baş verdi. Mən bu barədə cənab Prezidentə məruzə edəndə, cəmi iki-üç cümlə ilə redaksiyanın ən ümumi maraqları haqda uzunmüddətli proqramı gözlərim önündə canlandırdı. 1998-ci ildən bəri əsasən diaspor siyasəti ilə məşğul olan redaksiya dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlıların ünvanını müəyyənləşdirib təsirli verilişlər hazırlamışdır. Bu proqramlar həm də bir-birini itirmiş doğmaların görüş ünvanına çevrilməsi, ölkələr, talelər arasında körpü salması ilə diqqəti cəlb edirdi. “Körpü”, “Qürbət mənim içimdə”, “Sorağınız gəlsin”, “Azərbaycan bu gün”, “Qonağımız var” və s. verilişlər öz orijinal axtarışları ilə yadda qalır.

Gənclərin cəmiyyətdəki fəallığı ölkə başçısını həmişə sevindirir, onların təhsildə, idman yarışlarında, istehsalatdakı uğurlarını daim diqqətdə saxlamağı məsləhət görürdü.

 

Azərbaycanın işıqlı gələcəyinin təminatı

 

Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin xalqın yekdil rəyi ilə Prezident seçilməsi qanunauyğunluq idi. Onun seçkilər ərəfəsində xalqla görüşlərində, bəlkə də, yaşına uyğun olmayan müdrikliyi, xalqla səmimiliyi, hədsiz təvazökarlığı, alicənablığı, insanlara təmənnasız münasibəti, xalqına, millətinə, Vətəninə, sələfinə, üstəlik, Öz şəxsiyyətinə hörmət və ehtiramı yüksək, ali tərbiyəsindən, zəngin mənəviyyatından, siyasi yetkinliyindən xəbər verirdi. O həm də bu səbəblərdən qalib gəldi.

Bu gün, doğrudan da, Azərbaycan adlı nəhəng bir gəminin sükanı etibarlı əllərdədir. Gəlin, çox uzağa getməyək, elə son vaxtlar Onun xarici ölkələrə səfərləri, Avropa Şurası Parlament Assambleyasındakı olduqca uğurlu çıxışı, bu səfərlərdə Prezidentimizə göstərilən yüksək ehtiram, Onun ən nüfuzlu beynəlxalq mükafatlara layiq görülməsi dünya siyasət arenasında İlham Əliyevin reytinqinin çox yüksək olduğunu təsdiq edir. Bu isə Azərbaycanın işıqlı gələcəyinin təminatı deməkdir.

İndi ölkəmiz nüfuzlu beynəlxalq təşkilatların, demək olar ki, hamısında təmsil olunur. Müstəqillik yolu ilə inamla addımlayan respublikamız dünyada baş verən demokratikləşmə və əməkdaşlıq prosesində yaxından iştirak edən dövlət kimi dünya birliyinin tərkib hissəsinə çevrilmişdir. Demokratiya və müstəqillik ideyalarına sadiq olan İlham Əliyev indi milli mənafelərimizi yüksək səviyyədə qoruyur. Bu gün HEYDƏR ƏLİYEV siyasətinin uğurlu davamını görmək nə qədər xoş və ürəkaçandır!

Ona görə də, 2002-ci ildə “Sabaha inamla”, 2007-ci ildə “Uğurlu yolun layiqli davamçısı” adlı (4 dildə) kitablar nəşr etdirdim.

Bəli, İlham Əliyev Prezident kimi elə ilk addımlarında sübut etdi ki, Ona inanmaq, Ona arxalanmaq, Ona güvənmək olar! İnanırıq ki, O, “Bizim yolumuz Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı dövlət qurmaqdan, demokratik prinsipləri gündən-günə inkişaf etdirməkdən, dünyanın əldə etdiyi bütün demokratik nailiyyətləri Azərbaycanda yaymaqdan, onlardan bəhrələnməkdən ibarətdir”, deyən Heydər Əliyevin amallarını uca tutur və uca tutacadır.. O, buna qadirdir!

 

Həmişə zirvədə...

 

Ümummilli liderimizin fiziki yoxluğunu hamı kimi mən də böyük ürək ağrısı və yanğı ilə yaşayıram. Çünki O, Azərbaycanın itkisidir, bütün Türk dünyasının itkisidir. Amma bu cismani yoxluqdur, O, ölməzdir, bizimlədir, nə qədər ki, Azərbaycan adlı məmləkət var, yenə də var olacaq və hər zaman insanlara doğru yol göstərəcək!

Allah təala Heydər Əliyevi adi insanlardan fərqləndirən bir çox fenomenal xüsusiyyət və bacarıqla mükafatlandırmışdı. Hansı idi bu xüsusiyyətlər? Hər şeydən əvvəl dərin bilik, yüksək idarəçilik qabiliyyəti, intuisiya, yaddaş, işgüzarlıq. Heydər Əliyev həftələr, aylar, bəlkə də illərlə gündə 15-18, bəzən isə 20 saat işləməyi bacarır, yoruldum demirdi. Onun ətrafındakılar deyə bilməzlər ki, nə vaxtsa biz Ümummilli liderimizi səhər işə gələndə yorğun, əzgin görmüşük. O, həmişə işə gümrah gələr, gəncliyində, ahıl və yaşlı vaxtlarında da öz geyimi, səliqəsi ilə hamıya nümunə olardı.

Heydər Əliyev elə bil onlarca ixtisas üzrə ali təhsil almış, universitet bitirmişdi. Elmin elə sahəsi yox idi ki, həmin sahənin ən yüksək ixtisaslı mütəxəssisləri ilə danışanda həmsöhbətlərini heyrətdə qoymasın. Onun Azərbaycan ədəbiyyatını, tarixini, mədəniyyətini, incəsənətini necə dərindən bildiyini televiziya ilə nümayiş etdirilən yığıncaqlarda hamı görüb. Ədəbiyyatımızın, musiqimizin, rəssamlıq, memarlıq sənətinin korifeyləri etiraf edirlər ki, Heydər Əliyevlə sənət haqqında söhbət etməkdən sözün əsl mənasında ehtiyat edirdilər, çünki O, qəflətən sənətlə bağlı elə incə məqamlara toxunurdu ki, şairi də, yazıçını da, bəstəkarı, rəssamı, heykəltəraşı da heyrətdə qoyurdu.

Unutmayaq ki, yaşarı dünyasından sonra xalqın yaddaşında qalmaq hər kəsə qismət olmur. Xalq yalnız sevdiklərini yadda saxlayır və yaşadır. HEYDƏR ƏLİYEV misilsiz xidmətlərinə görə hər zaman doğulub-böyüdüyü torpaq üçün, xalqı, milləti üçün, Azərbaycan üçün müqəddəslər müqəddəsi olaraq qalacaq! Bu sevgi Onun halal haqqıdır!

İllər keçəcək, əsrlər dəyişəcək, amma bir fakt faktlığında qalacaq: dünyanın Atilla, Atatürk, Vaşinqton, Şarl de Qol, Bismark, Ruzvelt, Çerçill kimi siyasi liderləri sırasına Azərbaycan XX əsrdə HEYDƏR ƏLİYEV kimi dahini bəxş etdi! Bu, xalqımızın xoşbəxtliyidir!

HEYDƏR ƏLİYEV hər zaman zirvədə dayandı və indi də zirvədədir.

 

 

Nizami XUDİYEV,

YAP İdarə Heyətinin üzvü,

filologiya elmləri doktoru,

professor

 

Yeni Azərbaycan.- 2013.- 27 aprel.- S.6-7.