HEYDƏR ƏLİYEVİN SİYASƏTİNDƏ ERMƏNİ TƏCAVÜZÜNÜN İFŞASI

 

Məlum oldukğu kimi, 1993-cü ildə Ulu öndər Heydər Əliyevin xalqın iradəsi və təkidi ilə hakimiyyətə qayıdışı ölkədə hökm sürən xaotik və anarxist meyillərin, mürəkkəb dağıdıcı kataklizmlərin qarşısının alınmasında, ictimai-siyasi sabitliyin əldə olunmasında mühüm rol oynadı. Həmin dövrdə qarşıda çox mürəkkəb vəzifələr dururdu. İctimai-siyasi münasibətlər yeni dövrün tələblərinə uyğun olaraq tənzimlənməli, milli identiklik və özünüdərk üçün təməl, çıxış nöqtəsi olan milli ideologiya formalaşdırılmalı, siyasi və etnosiyasi birliyi təmin edəcək bütün resurslardan istifadə yolu ilə cəmiyyətdaxili inteqrasiya prosesi sürətləndirilməli, sosial stratifikasiyalararası ictimai münasibətlərə sağlam dəyərlər əsasında yeni məzmun verməklə milli dövlət quruculuğu davam etdirilməli idi.

Artıq demokratik vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu kimi tarixi vəzifələr sırasına yeni məsələlər, o cümlədən, milli-intellektual elitanın təşəkkülü, innovasion elm cəmiyyəti quruculuğu kimi məsuliyyətli, miqyaslı missiyalar da daxil olmuşdur. Başqa sözlə, dəyişən dünya fatehlik hünərinin, silah arsenalının elm və zəka potensialı ilə əvəz olunmasını tələb etdiyindən gələcəyin inkişaf modelində milli elitanın missiyası ön plana keçməkdədir. Lakin köhnə dünyada hələ də gücə söykənməyə üstünlük verən dairələr öz mövqelərindən geri çəkilmək niyyətində deyillər.

Məlum olduğu kimi, ötən əsrin 80-ci illərində yaranmış milli-etnik münaqişə ocaqlarından biri də Azərbaycan ərazisində alovlandı. Çoxəsrlik dövlətçilik tarixinə malik olan Azərbaycan zamanın müxtəlif kəsimlərində yüksəliş sevincini, bəzən də ağrılı uğursuzluq acısını yaşamışdır. Azadlıq və müstəqillik mücadiləsi 1991-ci ildə xalqımızı müstəqil dövlətçilik arzusuna qovuşdursa da, azğın erməni təcavüzü beynəlxalq və regional təhlükəsizliyə ciddi təhdid yaratmışdır. 25 ildən bəri davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, bir milyon azərbaycanlı öz doğma torpaqlarından didərgin salınmış, qaçqın və məcburi köçkünə çevrilmişdir. 1992-ci ildən başlayaraq Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq birliyin fəal diplomatik müzakirələr predmetinə çevrildi, BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına dair 4 qətnamə (822, 853, 874, 884 saylı) qəbul etdi. 1992-ci ilin birinci yarısında Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi çərçivəsində nizamlanması prosesinə üstünlük verdi. Təşkilatın Xarici İşlər Nazirləri Şurasının 1992-ci il martın 24-də keçirilmiş iclasında ABŞ, Rusiya, Fransa, Almaniya, Türkiyə, İtaliya, Çexiya, Slovakiya, İsveç, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə Belarusun Minsk şəhərində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏM-in sülh konfransının çağırılması barədə qərar qəbul olundu. Lakin 1992-ci ilin mayında Şuşa və Laçının işğalı, Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən sülh prosesi uğursuzluqla nəticələndi.

Böyük dövlət xadimi Heydər Əliyev beynəlxalq birliyin diqqətini Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə yönəltmək məqsədi ilə 1993-cü il iyulun 26-da BMT Təhlükəsizlik Şurasının sədrinə yazılı müraciət ünvanladı. Bu müraciətdən üç gün sonra 1993-cü il iyulun 29-da Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi qəbul olundu.

Bu qətnamə işğalın qarşısının alınması, erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən çox ciddi bir sənəd olsa da, təəssüf ki, dünya birliyi beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunmasını, bunların möhkəmləndirilməsini təmin etmək əvəzinə, bu günə qədər qətiyyətsizlik nümayiş etdirir. Məhz buna görə də Heydər Əliyev ermənilərin beynəlxalq aləmdə apardıqları böhtan kampaniyasını ifşa etməyi, Azərbaycan həqiqətlərinin, Xocalı soyqırımının, Sumqayıt hadisələrinin, Dağlıq Qarabağın, onun ətrafındakı yeddi rayonun işğalının və erməni vandalizminin digər qanlı əməllərinin dünya ictimaiyyətinə çatdırılmasını mühüm vəzifə kimi qarşıya qoydu. Gerçəkliyin obyektiv məntiqi zamanın yeni çağırışlarını dəyərləndirməyi tələb edirdi.

1993-cü il noyabrın ortalarında Ermənistan silahlı qüvvələrinin Beyləqan istiqamətində hücumu dayandırıldı. Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində 1994-cü il yanvarın 5-də strateji əhəmiyyətli Horadiz qəsəbəsi və Füzuli rayonunun 22 yaşayış məntəqəsi düşməndən azad olundu. Müharibədə dönüş yaranması həm Ermənistanı, həm də onun havadarlarını ciddi təşvişə saldı. Azərbaycan 1994-cü il mayın 8-də Bişkek protokolunu, mayın 12-də cəbhə bölgəsində atəşkəs haqqında sazişi imzaladı, münaqişənin həlli yeni mərhələyə qədəm qoydu.

Bu dövrdə Heydər Əliyev bütün istiqamətlərdə olduğu kimi, xarici siyasət sahəsində də radikal dəyişikliklərin əsasını qoydu, dərin elmi-nəzəri və zəngin təcrübi əsaslar üzərində qurulmuş konsepsiya formalaşdırdı, NATO ilə əməkdaşlıq haqqında prinsipial qərar qəbul etdi. 1994-cü ilin mayında Azərbaycan NATO ilə əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi məqsədi ilə “Sülh naminə tərəfdaşlıq” proqramının çərçivə sənədini imzaladı.

Azərbaycan Respublikası Avropada Təhlükəsizliyə və Əməkdaşlığa dair Müşavirəyə böyük əhəmiyyət verir, onun fəaliyyətindən çox şey gözləyirdi. Ulu öndər 1994-cü ilin dekabrında ATƏM-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Budapeşt görüşündə Dağlıq Qarabağ probleminə xüsusi diqqət yetirərək qeyd etdi ki, beynəlxalq hüquq normalarını nəzərə alan siyasi saziş imzalanmadan möhkəm və ədalətli sülh ola bilməz: “Təcavüzün ağır nəticələrinə baxmayaraq, biz Ermənistan tərəfinə ədalət və humanizmin əsasında, ATƏM-in prinsipləri, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında sülh təklif edirik. Biz Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinə təminat verməyə hazırıq, münaqişə zonasında ATƏM-in sülhü qoruyan qüvvələrinin yerləşdirilməsinə razıyıq. Biz milli azlıq təşkil edən ermənilərin hüquqlarının həyata keçməsi üçün Azərbaycan dövlətinin tərkibində Dağlıq Qarabağın statusunu müzakirə etməyə və Azərbaycanın Dağlıq Qarabağ regionu ilə Ermənistan Respublikası arasında nəqliyyat kommunikasiyalarının normal işləməsini təmin etməyə də hazırıq.

Amma bizim üçün sarsılmaz olan normalar və prinsiplər vardır ki, bunlar da sərhədlərin pozulmazlığı, Azərbaycanın ərazi bütövlüyü, işğal edilmiş bütün ərazilərdən erməni silahlı birləşmələrinin çıxarılması, qaçqınların doğma ocaqlarına qaytarılmasıdır.

Bu gün məhz təcavüzkarın BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməkdən və işğal olunmuş bütün Azərbaycan ərazilərindən öz silahlı birləşmələrini mərhələ-mərhələ çıxarmağa razılıq verməkdən boyun qaçırması siyasi saziş əldə edilməsinə mane olur”.

Göründüyü kimi, Ümummilli lider Heydər Əliyev Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün diplomatik mübarizə strategiyasını iki istiqamətdə qurmuşdu: bir tərəfdən, regionda marağı olan dövlətlərlə ikitərəfli danışıqlar aparılır, digər tərəfdən isə beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizin milli maraqlarının, dövlət suverenliyinin, ərazi bütövlüyünün təmin edilməsi məqsədi ilə çoxtərəfli görüşlər keçirilir, işğalçı Ermənistana qarşı təzyiq vasitəsi kimi beynəlxalq təsir mexanizmlərindən istifadə olunurdu.

1996-cı ilin dekabrında ATƏT-in Lissabon Zirvə toplantısında münaqişənin siyasi həlli yolunda ciddi nailiyyət əldə olundu. Heydər Əliyevin diplomatik manevrləri sayəsində münaqişənin nizamlanmasının beynəlxalq hüquqi bazasını müəyyən edən sənəddən başqa, problemin siyasi-hüquqi həllinin çərçivəsini ifadə edən ATƏT sədrinin xüsusi bəyanatı da qəbul edildi. Bəyanat Ermənistan istisna olmaqla, ATƏT-in üzvü olan 53 dövlət tərəfindən dəstəklənərək imzalandı.

Lissabon sammiti, onun mümkün nəticələri, Ermənistanın ağır diplomatik məğlubiyyəti haqqında erməni mətbuatında çoxsaylı məqalələr dərc olunmuşdur.

Erməni mətbuatının Azərbaycan Prezidentinə aqressiv və ədalətsiz münasibətinin əsl səbəbləri həm də Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi dövründə ermənilərin azğın torpaq iddialarının qarşısını qətiyyətlə alması ilə əlaqədar idi. Fikrimizi izah etmək üçün konkret tarixi faktlara müraciət edək. Azərbaycan və Ermənistan arasında sərhəd xətti 1938-ci il mayın 5-də ermənilərin hazırladığı xəritə əsasında təsdiq olunmuşdu. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsində sərhəd və torpaq məsələsi ilə məşğul olan şöbəyə həmin vaxtlarda Kalantarov soyadlı bir erməni rəhbərlik edirdi. Kalantarov 1959-cu ildə təqaüdə çıxdıqdan sonra respublika Ali Sovetində həmin vəzifəyə Melnikov soyadlı başqa bir erməni təyin olunmuşdu.

Azərbaycanın Gədəbəy rayonunun Tağılar kəndinin ərazisinin Ermənistanın Şəmşəddin rayonuna birləşdirilməsi haqqında ermənilər 1952-1953-cü illərdə məsələ qaldırmışdılar. O vaxtlar SSRİ Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri mübahisəli ərazi məsələsini müzakirə edərək həmin ərazinin Azərbaycana məxsus olması barədə qərar qəbul etmişdi. Ermənilər 1967-ci ildə Tağılar kəndinə dair tələblərini yenidən irəli sürdülər. Moskvanın tapşırığı və təzyiqi altında mübahisəli ərazi məsələsini araşdırmaq və ermənilərin xeyrinə həll etmək məqsədilə Azərbaycan KP MK-nın bürosu 1968-ci il noyabrın 26-da, 86 saylı protokolda göstərildiyi kimi, xüsusi qərar qəbul etmişdi. Bu əsassız qərarın yerinə yetirilməsi ilə əlaqədar Azərbaycan SSR Ali Sovetinin sədri Məmməd İsgəndərovun rəhbərliyi ilə xüsusi komissiya yaradılmışdı. Lakin 1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nın birinci katibi seçilən Heydər Əlirza oğlu Əliyev bu bədnam qərarın və ermənilərin torpaq iddialarının qarşısını qətiyyətlə aldı. Uzun illər ərzində Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində və Nazirlər Sovetində məsul vəzifələrdə çalışmış Nadir Hüseynbəyov hadisələri belə xatırlayır: “Heydər Əliyev heç bir ay yox idi ki, Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində işləyirdi. Bildirdilər ki, Heydər Əliyev məni qəbula dəvət edib. Bu, mənim üçün gözlənilməz idi. Söhbətimizin əsasını Azərbaycanla Ermənistan arasında olan sərhəd, guya, mübahisəli torpaq məsələləri təşkil edirdi. Görüşümüz iki saata yaxın davam etdi. Mən özümlə 1903-cü ildə nəşr edilmiş xəritəni də gətirmişdim. Möhtərəm Heydər Əliyev həmin xəritəyə diqqətlə baxdı, onu 1969-cu ildəki mövcud xəritə ilə müqayisə etdi. Heyrət Onu bürüdü: “Aman Allah, heç olmazsa, bu millətə sənin rəhmin gəlsin. Gör, nə qədər torpağını əlindən alıblar”, - dedi. Görüşümüzdən iki gün keçmişdi. Azərbaycan KP MK-dan mənə dedilər ki, Heydər Əliyev qatarla Ağstafaya gedir. Mənim də onunla birlikdə Ağstafaya getməyimi tapşırıb və bildirib ki, özüm ilə bir sıra sənədləri, o cümlədən, 1903-cü ilin torpaq xəritəsini də götürüm...

Qazax rayon Partiya Komitəsinin birinci katibi Barat Qaravəliyev bizi qarşıladı. Qazaxa, oradan da Azərbaycanla Ermənistanın sərhədinə getdik. Sərhəddə Ermənistan KP MK-nın birinci katibi Anton Koçinyanın rəhbərlik etdiyi nümayəndə heyəti bizi gözləyirdi. Heydər Əliyev məndə olan bütün sənədləri və 1903-cü il xəritəsini aldı, mənə dedi ki, Qazax rayon Partiya Komitəsində məni gözləyin. Möhtərəm Heydər Əliyev Onu qarşılayanlarla Dilicana yola düşdü. Təxminən üç saatdan sonra Heydər Əliyev Qazax RPK-ya gəldi. Hamımızla görüşdü. Məndən aldığı sənədləri qaytardı və dedi ki, 1903-cü ilin xəritəsini Ermənistan KP MK-nın birinci katibi Koçinyana bağışladım və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 7 may 1969-cu il tarixli qeyri-qanuni qərarını müzakirə etdik. Koçinyanla ümumi razılığa gəldik ki, heç bir sərhəd və mübahisəli məsələyə bundan sonra baxılmayacaq”.

Bəs 1969-cu ilin avqustunda keçirilmiş bu görüş, onun nəticələri Ermənistanda necə qarşılanmışdı? Həmin dövrdə Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin sədr müavini vəzifəsində çalışan Həbib Həsənov məsələyə belə aydınlıq gətirir: “Ermənistanda Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev cənabları ilə görüşə müstəsna əhəmiyyət verilirdi. Əslində, bu görüş ermənilər tərəfindən bir növ kəşfiyyat xarakteri daşıyırdı. Heydər Əliyev Ermənistan rəsmiləri üçün sirli şəxsiyyət idi. Koçinyan görüşdən İrəvana qayıdan kimi, Ermənistan KP MK-nın bürosu toplandı. Koçinyan qayğılı və dalğın görünürdü. Mən həmin büroda iştirak edən yeganə azərbaycanlı idim. O, Heydər Əliyevlə görüşü barədə çox qısa məlumat verdi. Yerdən bir neçə nəfər Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 7 may 1969-cu il tarixli qərarının icrasına nə vaxt başlanacağı barədə suallar verərkən Koçinyan bildirdi ki, Ermənistanı və erməniləri sevən hər birinizdən xahiş edirəm ki, nə qədər Heydər Əliyev adlı adam var, heç bir sərhəd məsələsi və mübahisəli torpaq, ərazi iddiası qaldırmayın. Bunu birdəfəlik yaddan çıxarın. Elə bil ermənilərin üstünə qaynar su töküldü. Hamı sual dolu baxışla bir-birinə baxdı. Koçinyan dilxor, bir qədər də əsəbi halda iclası yekunlaşdırdı”.

Beləliklə, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 7 may 1969-cu il tarixli qərarı kağız üzərində qaldı və 1984-cü ilə qədər Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddiası qaldırılmadı. Heç şübhəsiz ki, Heydər Əliyevlə ilk görüşün Anton Koçinyanda yaratdığı təəssürat erməniləri ərazi iddialarını ertələməyə məcbur etmişdi. Koçinyanın Ermənistan KP MK-nın büro iclasında Heydər Əliyev haqqında dediyi sözlər də məhz belə düşünməyə əsas verir: “Heydər Əliyev mənə dərin zəkası, ağlı, biliyi olan, kəskin məntiqli, fikrinə müsahibini inandırmağı bacaran şəxs, rəhbər təsiri bağışladı”.

Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyev 1982-1987-ci illərdə təkcə azərbaycanlıların deyil, Orta Asiya türkdilli respublikalarının, tarixi köklərini, milli varlığını itirmək təhlükəsi qarşısında qalan tatarların, başqırdların, qaraçaylıların, qaqauzların və digər azsaylı xalqların da taleyüklü maraqlarının müdafiəçisi idi. O, türk xalqlarına, qeyri-rus millətlərə Mixail Qorbaçovun şovinist, millətçi, qərəzli münasibətinə sərt reaksiya göstərir, özünəməxsus cəsarət və yenilməzlik nümayiş etdirirdi. Lakin Heydər Əliyev təklənmişdi. Ətrafdakı hiyləgər, namərd düşmənlərin məkrli planları bitmək-tükənmək bilmirdi. Ermənilər öz işlərini görür, Heydər Əliyevin əleyhinə təbliğatı gücləndirirdilər. 1986-1987-ci illərdə onlar Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi üçün imza toplamağa başladılar.

Mixail Qorbaçovun və dünya ermənilərinin Heydər Əliyevə hücumlarında əsasən iki məqsəd güdülürdü: Heydər Əliyevin istefasından sonra Ermənistandan azərbaycanlıları deportasiya etmək və Dağlıq Qarabağı Ermənistana birləşdirmək. Daşıdığı vəzifə nə qədər yüksək olsa da, malik olduğu səlahiyyət nə qədər ali səciyyə daşısa da, hakimiyyət Heydər Əliyev üçün məqsəd deyildi, dövlətinə, xalqına, Ona etimad bəsləyənlərə xidmət vasitəsi idi. 1987-ci ilin oktyabrında böyük dövlət xadimi Heydər Əliyev tutduğu yüksək vəzifədən istefa verməyə məcbur oldu.

Erməni akademik Abel Aqanbekyan Parisdə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsinin Mixail Qorbaçovla razılaşdırıldığını bəyan etdi. 1988-1989-cu illərdə Ermənistanda azərbaycanlıların kompakt yaşadığı 22 rayonun 185 yaşayış məntəqəsinə quldurcasına basqınlar nəticəsində soydaşlarımız bütünlüklə deportasiya olundular.

Hər bir dövlətin sabit, davamlı daxili inkişafı təmin edilmədən ölkənin xarici təhlükəsizliyini təmin etmək mümkün deyil. Bu gün Azərbaycanın milli təhlükəsizliyinin həm daxili, həm də xarici aspektini təşkil edən, onların qarşılıqlı əlaqə və təsiri ilə şərtlənən mühüm faktorlardan biri Dağlıq Qarabağ problemidir. Qeyd edək ki, Ümummilli liderimiz 1994-cü ildə atəşkəsə nail olmaqla müharibənin dinc yolla həllinə üstünlük verdi. Ulu öndər ölkədə sabit sosial-iqtisadi inkişafı, Milli Ordunun təşkilini və gücləndirilməsini, siyasi, hüquqi, iqtisadi, sosial islahatların həyata keçirilməsini təmin etdi.

Dünya birliyinin ikili standartlardan çıxış etməsi üzündən diplomatik səylərin lazımi nəticə vermədiyini görən Heydər Əliyev ermənilərin azərbaycanlılara qarşı törətdikləri işğalçılıq, deportasiya və soyqırımı faktlarını qətiyyətlə dünyaya bir daha bəyan etdi. 1997-ci il dekabrın 18-də Ulu öndər Heydər Əliyev “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərman imzaladı. Fərmanda SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 saylı və 1948-ci il 10 mart tarixli 754 saylı qərarları Azərbaycan xalqına qarşı tarixi cinayət aktı kimi dəyərləndirilir.

Ümummilli lider elmi ictimaiyyətin, ilk növbədə, tarixçilərin diqqətini bu məsələyə cəlb edərək, onların nəzərlərini xalqımıza qarşı törədilmiş belə ədalətsizliklərə yönəldirdi. Ulu öndər belə hallara dözməməyə, təkrar-təkrar bu məsələnin üzərinə qayıtmağa, düşmənin məkirli planlarını ifşa etməyə, soyqırımı, deportasiya və işğalçılıq faktlarını dünya xalqlarına çatdırmağa çağırırdı: “Təəssüflər olsun ki, biz tarixin müxtəlif mərhələlərində belə hadisələri lazımi qədər təhlil edə bilməmişik və xalqımıza edilən bu ədalətsizliklərə qarşı öz səsimizi lazımi qədər qaldırmamışıq. Məhz bunların nəticəsində də 1988-ci ildə Ermənistan Azərbaycana təcavüz edibdir”.

Ötən dövr ərzində ermənilərin xalqımıza qarşı ərazi iddialarının strateji xətti həmişə dəyişməz qalmışdır: nə yolla olursa-olsun, türk-müsəlman xalqlarını yaşadıqları ərazidən sıxışdırıb çıxarmaq, “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək. Lakin müxtəlif vaxtlarda tarixi şəraitdən asılı olaraq ermənilər hərəkət taktikasını dəyişmişlər.

Lissabon sammitində Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bütün tarixi boyu problemin həllinə nail olmaq üçün ehtiyac duyduğu böyük beynəlxalq himayə qazansa da, Minsk qrupu çərçivəsində aparılan danışıqlar ciddi çətinliklərlə, Ermənistanın beynəlxalq hüquq normalarına zidd iddiaları, dirənişləri ilə qarşılaşırdı. Minsk qrupu həmsədrlərinin hazırladıqları təkliflər barədə açıqlama verən Ulu öndər Heydər Əliyev deyirdi: “Birinci təklif - “paket həll” təklifi 1997-ci ilin iyun ayında verildi. Biz onu qəbul etdik ki, görək irəliyə doğru gedə bilərik, yoxsa yox. Hətta xatirimdədir, Mən avqustun 1-də Vaşinqtonda Ağ evdə Klintonla görüşərkən o, bunu çox yüksək qiymətləndirdi. Hətta məndən xahiş etdi, siz öz çıxışınızda deyin ki, - çünki o da çıxış etdi, nitq söylədi, mən də, - bunu qəbul edirsiniz. Dedim, Ermənistan bunu qəbul etmədi.

Ondan sonra ikinci təklif, “mərhələli həll” təklifi verildi. Biz onu yenə qəbul etdik. Ona görə yox ki, o, bizim üçün əlverişli idi. Düzdür, əvvəlkindən bir az əlverişli idi. Amma biz istəyirdik ki, bir balaca hərəkət olsun. Ermənistan bunu da qəbul etmədi.

Nəhayət, Ermənistanda Ter-Petrosyan ikinci təklifi qəbul etdi. Biz Strasburqda bəyanat verdik ki, bunun əsasında işləyək”.

Lakin Levon Ter-Petrosyan ölkədəki hərbi-siyasi müxalifətin təzyiqləri qarşısında duruş gətirə bilmirdi. 1998-ci il fevralın 3-də Levon Ter-Petrosyan istefa verməyə məcbur oldu. Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ probleminin nizamlanması prosesində qətiyyət, diplomatik məharət, Vətən və xalq sevgisi ilə böyük fədakarlıq nümayiş etdirən Heydər Əliyev dünya ictimaiyyətinin diqqətini bir daha ermənilərin təcavüzkar siyasətinə və qanlı cinayətlərinə cəlb edərək 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzaladı. Fərmana uyğun olaraq, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrinin ifadəsi kimi, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan olundu.

1998-ci ilin noyabrında Minsk qrupunun həmsədrləri yeni, üçüncü təklifi - “ümumi dövlət” təklifini irəli sürdülər. Azərbaycan bu təklifin qeyri-məqbul olduğunu bildirərək onu qəbul etmədi. Hazırda danışıqlar Madrid prinsipləri əsasında davam etdirilir.

Heydər Əliyev 1993-2003-cü illərdə 80 ölkənin prezidenti, dövlət və hökumət rəhbərləri, xarici işlər nazirləri ilə 500-dən çox görüş keçirmiş, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsini müzakirə etmişdir. Ulu öndər bu görüşlərdə müasir dünyanın siyasi sistemdə deklarativ deyil, real suverenlik məsələsini ön plana çıxarmalı olduğunu diqqətə çatdırır, erməni işğalçılarının qanlı əməllərini təkzibolunmaz faktlar əsasında ifşa edərək deyirdi: “Bizim xalqımızın böyük itkiləri olubdur. Biz bunları bilməliyik, gələcək nəsillər də bilməlidirlər ki, Azərbaycana qarşı bir daha belə xəyanətlərin, təcavüzlərin qarşısı alına bilsin”.

Heydər Əliyev siyasətinin son on ili Azərbaycan tarixinə sülh yolu ilə əldə oluna biləcək maksimal mümkün nailiyyətlər dövrü kimi daxil oldu. Heydər Əliyevi böyük siyasi və dövlət xadimi səviyyəsinə yüksəldən amil Onun nadir istedada, ensiklopedik biliyə malik strateq olması idi. Onun müəyyənləşdirdiyi strateji istiqamətlər, mükəmməl proqramlar bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla həyata keçirilir.

Ölkənin mövcud hərbi-strateji potensialını, milli resurslarını səfərbər edərək Avroatlantik təhlükəsizlik strukturlarına inteqrasiya siyasəti yeridən Azərbaycan artıq Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir. Milli ordumuzun hərbi-texniki hazırlığı, silah arsenalı kəmiyyət və keyfiyyət etibarilə Ermənistandan çox-çox yüksəkdir. Azərbaycanın özünün regional və milli təhlükəsizlik maraqlarını, ərazi bütövlüyünü təmin edəcəyi zaman məsələsidir. Prezident İlham Əliyev böyük inam və əminliklə deyir: “Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamış, yaratmışdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır...

Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.

 

 

Həsən HƏSƏNOV,

“Xalq qəzeti”nin baş redaktoru

 

Yeni Azərbaycan.- 2013.- 30 aprel.- S.4.