“Xarici siyasət: reallıqlar və gələcəyə
baxış” kitabı müasir Azərbaycan siyasətşünaslığında
yeni hadisədir
Professor
Novruz Məmmədovun yenicə çapdan
çıxmış “Xarici siyasət: reallıqlar və gələcəyə
baxış” adlı kitabı istər sadə oxucular, istərsə
də elmi ictimaiyyət tərəfindən maraqla
qarşılanmışdır.
Əsərlə
bağlı AzərTAc-a rəylər daxil olmaqdadır.
Fəlsəfə
elmləri doktoru, professor İzzət Rüstəmov və
tarix elmləri doktoru, professor Həsən Əlibəyli tərəfindən
yazılmış rəydə əsər Azərbaycan siyasətşünaslığında
yeni hadisə kimi dəyərləndirilmişdir. Həmin rəyi
təqdim edirik.
XX əsrin 90-cı illərində dünya miqyasında baş verən ciddi geosiyasi dəyişikliklər beynəlxalq münasibətlərə yeni məzmun verdi. Müstəqilliyini əldə etmiş dövlətlər üçün belə bir vəziyyət xarici siyasət kursunu düşünülmüş, elmi əsaslandırılmış və mövcud şərtləri nəzərə almaqla formalaşdırmağı son dərəcə aktuallaşdırdı. Bu, nəzəri cəhətdən aydın olsa da, reallaşdırılması böyük siyasi ustalıq və uzaqgörənlik tələb edən məsələdir.
Digər
tərəfdən, müasir geosiyasi konsepsiyalarda baş verən
ideya transformasiyalarını dərk etmək lazım gəlir
ki, qloballaşma dövrü üçün bu da zəruri
şərtdir. Ölkələr
arasında qarşılıqlı əlaqələrin
genişləndiyi və dərinləşdiyi bir mərhələdə
təcrid olunmuş xarici siyasət kursu heç bir
perspektivə malik deyil. Eyni zamanda, dövlətin müstəqilliyinin
və suverenliyin təmin edilməsi üçün uyğun
geosiyasi, siyasi, iqtisadi və mədəni faktorların nəzərə
alınması gərəkdir.
Bu
iki aspektin sintezində formalaşdırılan xarici siyasət
müstəqil və demokratik dövlət quruculuğunun
ayrılmaz tərkib hissəsi təsiri
bağışlayır. Professor Novruz Məmmədovun
“Xarici siyasət: reallıqlar və gələcəyə
baxış” adlı kitabı bütün bu məsələlərə
görə çox aktualdır. Müəllifin yüksək
nəzəri hazırlığı ilə yanaşı, Azərbaycanın
xarici siyasətini praktiki həyata keçirənlərdən
biri kimi prosesləri yaxından
izləməsi əsərə xüsusi məzmun
vermişdir.
Oxucunun
gözü qarşısında xarici siyasətin çətinliklərini,
mürəkkəbliklərini və uğurlarını
özündə əks etdirən dinamik bir mənzərə
yaranır. Orada müasir geosiyasətin aktual nəzəri
problemləri ilə Azərbaycanın xarici siyasətinin praktiki
tətbiqinin gözəl sintezini görürük. Bu da təbii
ki, əsərin əhəmiyyətini artırmaqla bərabər,
onu geniş oxucu kütləsi üçün maraqlı edir.
“Xarici
siyasət: reallıqlar və gələcəyə
baxış” kitabı giriş, metodoloji qeydlər, dörd fəsil,
yekun, adlar göstəricisi və xülasədən ibarətdir.
Müəllif metodoloji qeydlər etmək və hər fəslin
nəzəri ümumiləşdirmələrini aparmaqla
mövzunu maraqlı aspektdə təqdim etməyə nail
olmuşdur. Yeri gəlmişkən onu da deyək ki, metodologiya
müasir elmi-tədqiqatda çox mühüm yer tutur. Professor
Novruz Məmmədov metodoloji yanaşmanı özünəməxsus
bir tərzdə həll etməklə Azərbaycan siyasətşünaslığına
müəyyən mənada bir yenilik gətirmişdir. Məsələ
həm də ondan ibarətdir ki, müəllif müasir elmin əldə
etdiyi metodoloji yanaşmaları siyasi proseslərin təhlilinə
tətbiq etməyə çalışmışdır.
Kitabın
nümunəsində müasir elmin aparıcı
metodologiyalarından olan sistemli yanaşmanın xarici siyasət
kursunun analizinə tətbiqi olduqca cəlbedici
görünür. Bu xüsusda müəllifin elmlərarası
əlaqələrin genişlənməsi nəticəsində
meydana gələn mürəkkəb sistemlər nəzəriyyəsinə
müraciət etməsi əsərin kifayət qədər
müasir metodoloji bazaya dayandığını təsdiqləyir.
Əsərdə
əsaslandırılır ki, hər bir ölkənin xarici
siyasətini dünya siyasi sisteminin altsistemi kimi nəzərdən
keçirmək müasir nəzəri-elmi tələblərə
daha çox uyğun gəlir. Konkret ölkənin xarici
siyasətinin əsas prinsipləri beynəlxalq münasibətlər
sisteminin ümumi xarakteri ilə ziddiyyət təşkil etməməlidir.
Eyni zamanda, müstəqilliyini əldə etmiş ölkənin
xarici siyasət kursunun müstəqilliyi ilə onun digər
ölkələrin xarici siyasət kursları ilə
qarşılıqlı əlaqəsi mütləq nəzərə
alınmalıdır. Bu mənada xarici siyasəti
açıq sistem kimi qəbul etmək olar. Həmin sistem bir
tərəfdən daxili siyasətin, digər tərəfdən
isə xarici siyasətin təsirlərinə məruz
qalır. Müstəqil xarici siyasət bu təsirləri
ölkənin maraqlarına uyğunlaşdırmaq
iqtidarında olmalıdır.
Professor
N.Məmmədov müasir Azərbaycanın xarici siyasət
kursunun 1993-cü ildən başlayan dinamikasını geosiyasi
nəzəriyyələrdə baş verən ideya dəyişiklikləri,
qlobal miqyasda cərəyan edən geosiyasi proseslər, regional
səviyyədə özünü göstərən ziddiyyətli
və mürəkkəb siyasi proseslər və müstəqil
dövlətçiliyi, suverenliyi təmin etməyi şərtləndirən
faktorların sintezində bu cür ciddi metodoloji əsaslandırmanın
işığında lakonik, eyni zamanda dərindən təhlil
edə bilmişdir.
Öz-özlüyündə
burada çoxlu sayda müxtəlif təbiətli faktorları
nəzərə almaq lazım gəlir. Onları elmi
prizmadan vahid metodoloji müstəvidə araşdırmaq
böyük zəhmət tələb edən işdir. Bunu
kitabın ilk səhifələrində - “Geosiyasi
konsepsiyaların ideya transformasiyaları” adlı fəslində
aydın hiss etmək olur. Maraqlıdır ki, müəllif
problemin qoyuluşunu müasir tarixi dövrün
çağırışlarının təhlili kontekstində
müəyyənləşdirir. Sonrakı fəsillərin məzmunundan
aydın olur ki, bu düzgün seçim müəllifə Azərbaycanın
xarici siyasətini daim qlobal miqyasda cərəyan edən
geosiyasi, siyasi, sosial-mədəni və iqtisadi proseslərin
fonunda analiz etmək imkanı yaradır.
Birinci fəsildə geosiyasi nəzəriyyələrin XX əsrdəki ideya transformasiyasına məhz bu bağlılıqda diqqət yetirmək mümkün olur. Xüsusən müasir Qərb geosiyasi nəzəriyyələrində geniş işlənən “sərt güc” anlayışı ilə “yumşaq güc” anlayışının müqayisəsi diqqəti çəkir. Birinci anlayışdan ikincisinə keçid bütövlükdə siyasi şüurda baş verən dəyişikliklər müstəvisində araşdırılır.
Bu yeniləşmənin dinamikası faktiki olaraq müasir geosiyasətdə əsas yer tutur. Həmin səbəbdən müstəqilliyini əldə etmiş ölkələrin xarici siyasətinə bu aspektdə nəzər salınması daha düzgündür. Müəllif belə qənaətə gəlir ki, “yumşaq güc” termini digər mənaları ilə yanaşı, geosiyasətdə mədəniyyətin və informasiyanın mühüm rol oynamağa başladığını ifadə edir.
Həmin
kontekstdə güclü dövlətin təşəkkülünü
və sabit cəmiyyət modelinin bərqərar
olmasını təhlil etmək faydalı nəticələr
çıxarmağa imkan yaradır. Müəllif
göstərir ki, milli-mənəvi dəyərlərin
saxlanması və dövlət suverenliyinin təmin
olunması bu məqamın dərk edilməsi ilə sıx əlaqəlidir.
Daha əhəmiyyətlisi isə ondan ibarətdir ki, müstəqilliyini
əldə etmiş dövlətlərin xarici siyasətinin
dinamikasına bu faktorun ciddi təsiri açıq-aşkar
görünür.
Xarici
siyasət kursunu bu kimi reallıqları
düşünülmüş və elmi əsaslandırılmış
şəkildə nəzərə almaqla formalaşdıran
dövlətlər uğur qazana bilirlər. Bu məsələni
müəllifin nəzəri konsepsiyalarla yanaşı, peşə
fəaliyyəti təcrübəsi əsasında təhlil
etməsi olduqca inandırıcı nəticələrə gəlmək
şansı yaratmışdır. Yeri gəlmişkən, həmin
xüsusiyyət bütün əsər boyu özünü
göstərir. Bu müddəalar əsasında
müəllif belə qənaətə gəlir ki, müstəqilliyini
əldə etmiş ölkələrin xarici siyasət kursunda
güclü dövlət, sabit və demokratik cəmiyyət
quruculuğu arasındakı əlaqə ciddi surətdə nəzərə
alınmalıdır. Müasir tarixi şəraitdə
“xarici siyasət daxili siyasətin davamıdır” tezisinin məzmununda
həmin məqam mərkəzi yer tutur.
İlk
fəsildə gəlinən nəticələr sonrakı fəslin
nəzəri və metodoloji bazasını təşkil edir. Eyni
zamanda, xarici siyasət kursunun reallaşdırılmasının
bir çox praktiki məqamlarına işıq salınır.
Bu aspektdə xarici siyasətin üfüqlərini prioritet
istiqamətlərin uzlaşma sahəsi kimi təsəvvür
etmək kifayət qədər maraqlı assosiasiyalara yol
açır. Eləcə də qlobal geosiyasi palitrada baş
verən köklü dəyişikliklər kontekstində yeni
balanslaşma modelinin axtarışı kifayət qədər
cəlbedici görünür.
Professor
N.Məmmədov dünyanın “ikiqütblülük” modelinin
süqut etməsindən sonra geosiyasi güclərin yeni nisbətdə
balanslaşması məsələsinə kompleks yanaşma
prizmasından baxır. Həmin əsasda qlobal və
regional miqyasda özünü göstərən risklər və
böhranların xarici siyasətə təsiri üzərində
geniş dayanır.
Sirr
deyil ki, müasir geosiyasətdə risk anlayışı yeni
məzmun çalarlarına malikdir. İndi bu faktoru nəzərə
almadan heç bir geosiyasi model hazırlamaq mümkün
deyildir. Bu, bir tərəfdən, risk anlayışının
elmi dərki problemini aktuallaşdırır, digər tərəfdən
isə, konkret xarici siyasət kursunda onu nəzərə
almağı qaçılmaz edir.
Əsərdə
Azərbaycanın xarici siyasət kursuna məhz bu iki aspektin
qovşağında diqqət yetirilir, habelə “çevik
alyanslar” siyasəti təhlil olunur. Bunun fonunda dövlət
başçısının enerji və regional inteqrasiya siyasəti
oxucuya son dərəcə maraqlı üslubda təqdim edilir.
Hiss olunur ki, müəllif bu istiqamətdə
formalaşdırılan siyasi kursa yalnız nəzəri deyil,
həm də praktiki olaraq yaxından bələddir. Müasir
dünyada müşahidə edilən böhranların təhlilinə
də eyni məntiqlə yanaşılır.
Bu
xüsusda regional miqyasda özünü göstərən
geosiyasi risk və münaqişələri sistemli yanaşma
müstəvisində analiz etmək faydalı iş təsiri
bağışlayır. Cənubi Qafqazda mövcud olan
münaqişələrin həlli məsələsi də bu
baxımdan əsərdə daim diqqət mərkəzində
saxlanır. Bu məqam kitabın aktuallığını və
milli maraqlara uyğunluğunu əyani şəkildə
göstərir. Həm də müasir Azərbaycan siyasətşünaslığında
daha aktual olan problemlərə işarə verir.
Maraqlıdır ki, müəllif Azərbaycanın 1993-cü
ildən sonrakı xarici siyasətinin əsas qayəsini bu kimi
məsələlər kontekstində lakonik surətdə
aça bilmişdir.
Kitabda
tutarlı arqumentlərlə əsaslandırılır ki,
1991-1993-cü ilin yayına qədər ölkənin xarici
siyasəti uçurumun kənarına sürüklənmiş
vəziyyətdə idi. Keçən əsrin
90-cı illərinin gətirdiyi mürəkkəb və
ziddiyyətli geosiyasi dinamikanın əsas məqamlarını
dərk edə bilməyən səriştəsiz siyasətçilər
dövlətçiliyin məhvi və ölkənin
parçalanması təhlükəsini
yaratmışdılar. Bu cür mürəkkəb bir
dövrdə ümummilli lider Heydər Əliyevin dövlətin
rəhbərliyinə gəlməsi vəziyyəti
kökündən dəyişdirdi.
Obrazlı
ifadə etsək, Azərbaycanın xarici siyasəti nəinki
uçurumun kənarından qayıtdı, hətta sürətlə
yüksəlməyə başladı. Əldə edilən
uğurlar kitabda xronoloji ardıcıllıqla göstərilir
və təhlil edilir. Həmçinin ulu öndər
Heydər Əliyevin beynəlxalq təşkilatların
tribunalarından etdiyi tarixi çıxışlar,
böyük dövlətlərin başçıları ilə
keçirdiyi görüşlərdə ustalıqla
müzakirəyə çıxardığı məsələlər
peşəkar siyasətçi üslubunda analiz olunur.
Bütün
bu müddəalar kontekstində Azərbaycanın xarici siyasət
kursunun prioritetləri və onların vəzifələri
arasındakı sıx bağlılığın geniş
izahı verilir. Bu aspektdə müəllifin
güclü dövlət konsepti ilə regional liderliyin
uzlaşması məsələsinə diqqət çəkməsi
kitabın elmi aktuallığının daha bir sübutu kimi qəbul
edilməlidir. Çünki bu problem demokratiya və vətəndaş
cəmiyyəti quruculuğu kontekstində həm mübahisəli,
həm də strateji əhəmiyyətə malik məsələ
olaraq maraq doğurur.
Tarixi təcrübə sübut edir ki, güclü dövlət institutlarının olmadığı heç bir ölkədə demokratiya da bərqərar ola bilmir. Məşhur analitik və sosioloq Frensis Fukuyama müasir mərhələdə müşahidə edilən qlobal xaosun yaranmasında əsas rollardan birini zəif dövlətlərin mövcudluğun oynadığını yazır. İnsanın, cəmiyyətin və dövlətin təhlükəsizliyi məsələləri birbaşa güclü dövlətin varlığına bağlıdır.
Müəllif
kitabın üçüncü fəslində Azərbaycanın
güclü dövlət konseptinə onun regional liderlik
potensialı kontekstində nəzər salır. Bu məsələ
əsərdə müasir qlobal geosiyasətdə cərəyan
edən proseslərin və regional reallıqların
işığında analiz edilir. Ayrıca olaraq, yeni dünya
nizamına keçid mərhələsi üçün
xarakterik olan bir özəllik – geosiyasi təsirə malik
çoxlu sayda ölkələrin meydana çıxması
vurğulanır.
Professor
N.Məmmədov bu prosesi Cənubi Qafqazın geosiyasi
reallığı aspektində dərindən təhlil edir. Şərti olaraq regionun “böyük
üçbucağı” adlandırılan Rusiya-Türkiyə-İran
münasibətləri sistemində Azərbaycanın xarici
siyasətinin əsas məqamları üzərində
dayanır. Ulu öndər Heydər Əliyevin siyasi
balans modelini bu müstəvidə analiz edən müəllif
maraqlı nəticələr alır.
Belə
ki, Heydər Əliyev bununla faktiki olaraq siyasət nəzəriyyəsinə
yenilik gətirmişdir. Bu fenomenin əsas məğzi
bir neçə böyük dövlətin maraqlarını nəzərə
almaqla müstəqilliyini yeni əldə etmiş ölkənin
milli maraqlarına cavab verən dinamik tarazlı siyasət
yeritməkdən ibarətdir. Yəni bu cür yanaşmada
xarici siyasət prinsipləri elə müəyyənləşməlidir
ki, sürətlə dəyişən vəziyyətlərə
adaptasiyada axsaqlıq yaranmasın.
Ulu
öndərin belə model üçün mühüm olan
bir yeniliyi də mürəkkəb qlobal və regional geosiyasi
reallıqlar kontekstində regional lider olmağın şərtlərini
müəyyənləşdirməkdən ibarətdir. Müəllif
burada Ulu Öndərin iki vacib məqamı əsas faktor kimi
önə çəkdiyini vurğulayır. Bunlardan biri
güclü dövlət, digəri isə demokratik cəmiyyətdir.
Yəni hadisələrin istənilən ssenari üzrə
inkişafı zamanı Azərbaycanın xarici siyasətində
həmin faktorlar mütləq əsas yerləri
tutmalıdır.
Kitabda
regionun digər ölkələri ilə münasibətdə
Azərbaycanın yeritdiyi siyasət bu müddəalar
prizmasından geniş təhlil edilir. Gürcüstan və
Ermənistanla olan münasibətlərə ABŞ, Avropa,
Rusiya, Türkiyə və İranla qurulan əlaqələr
aspektində dərindən nəzər salınır. Problemə
müəllifin bu cür yanaşmasında əsas məqsədin
nədən ibarət olduğu sonrakı altfəsillərdə
aydın olur.
Məsələ
ondan ibarətdir ki, müasir tarixi mərhələdə
ABŞ, Avropa, Rusiya və Çin kimi böyük geosiyasi
nüfuza malik dövlətlərlə münasibətlərin
qurulmasında regional miqyasda özünü göstərən
bir çox faktorun təsiri hiss ediləndir. Xarici siyasətin
balanslaşmasının mühüm aspektlərindən biri də
məhz budur. Əsərdə həmin məqam xüsusi
araşdırılır. Bu bağlılıqda
düşündürücü faktorlardan biri də ABŞ,
Avropa, Rusiya və Çinin liderlik uğrunda apardıqları
amansız və güzəştsiz mübarizədən milli
dövlətçiliyin zərər görməməsi
imkanlarının kitabda tədqiq edilməsidir.
Düşünürük ki, bu özəllik müasir Azərbaycan
siyasətşünaslığına sanballı töhfə
sayıla bilər.
İlk üç fəsildə gəlinən qənaətlər Azərbaycanın xarici siyasət prioritetlərinin əsas hədəfləri və inkişaf tendensiyalarının təhlili üçün zəngin baza yaradır. Sonuncu fəsil həm də ümumiləşdirici və proqnozlaşdırıcı xarakter daşıyır. Burada Azərbaycanın xarici siyasətinin prioritetləri ilə qlobal geosiyasətin nəzəri aspektlərinin inkişaf tendensiyaları bir-biri ilə əlaqəli şəkildə təqdim edilib. Bu da ölkənin regional lider keyfiyyətində xarici siyasət kursunu daim təkmilləşdirməsi və strateji məqsədlərə çatmaq üçün qlobal səviyyədə gedən prosesləri diqqətlə izləməsinin vacibliyini dərk etməyə əsas verir.
Əsərdə xarici siyasətin Rusiya, ABŞ, Avropa, Türkiyə, Çin, İran kimi istiqamətlərdə prioritet məqamları dəqiqliklə açılır. Buradan irəli gələn məqsədlər və qarşıda duran vəzifələr göstərilir. Həmin bağlılıqda cəmiyyətin demokratikləşməsi və iqtisadi inkişafın xarici siyasətə təsirinin araşdırılması oxucu üçün maraqlıdır. Aparılan təhlillər müasir cəmiyyətdə sosial, siyasi, iqtisadi və mədəni sahələrin arasında olan əlaqələrin vacibliyini bir daha göstərmiş olur.
Təcrübə
göstərir ki, dünya liderliyi uğrunda mübarizədə
iqtisadi və enerji faktorları böyük təsir
gücünə malikdir. Bu prizmadan baxarkən
dünyanın qaynar regionlarında cərəyan edən hadisələrin
arxasında duran məqamları dərk etmək imkanı
yaranır. Kitabın əsas məziyyətləri içərisində
bunun ayrıca yeri vardır. Çünki oxucu geosiyasi hadisələrə
geniş müstəvidə baxa bilir.
O cümlədən böhranlı situasiyaların yaranması və onların həlli yolları haqqında obyektiv mövqe formalaşdırmaq mümkün olur. Məsələ ondadır ki, müasir KİV belə vəziyyətlərdə əsasən reallıqları təhrif edir. Bu və ya digər dövlətin maraqlarına uyğun informasiyalar yayır. Bu da münaqişələrin mahiyyətini dərk etməyə mane olur və bəzi qərəzli qüvvələrin manipulyasiyası üçün münbit zəmin hazırlayır. Bütün bunların fonunda münaqişələrin həlli və ərazi bütövlüyünün təmin olunması mürəkkəb məsələyə çevrilir.
Kitabda
Azərbaycanın xarici siyasətində ərazi
bütövlüyünün təmin edilməsinin hansı səbəblərdən
prioritet sayılması dəqiqliklə təhlil olunur. Bu
məsələ faktiki olaraq ölkənin sosial-iqtisadi
inkişafı və siyasi fəaliyyəti ilə birbaşa
bağlıdır. Digər tərəfdən isə regional təhlükəsizliyin
mühüm tərkib hissəsidir. Əsərdə bu,
çoxsaylı arqumentlər əsaslandırılır və
müəllif böhranlı situasiyaların yaranmasında
regional münaqişələrin rolunu müəyyənləşdirmiş
olur. Regional təhlükəsizlik modellərinin perspektivləri
də həmin kontekstdə nəzərdən keçirilir.
Kitab
geosiyasi proqnozlardan geniş istifadə olunması ilə də
diqqəti çəkir. Professor N.Məmmədov
irəli sürdüyü proqnostik xarakterli müddəalarla
baxılan problemə dərindən bələdçiliyi ilə
yanaşı, qlobal və regional miqyasda geosiyasi proseslərin
inkişaf tendensiyaları haqqında da geniş təsəvvürə
malik olduğunu nümayiş etdirir.
Müəllifin
diplomatiyanın inkişaf imkanları ilə bağlı irəli
sürdüyü tezisləri ayrıca qeyd etmək olar. “İnteqrativ
diplomatiya”, “çoxvektorlu diplomatiya”, “şəbəkə
diplomatiyası”, “paradiplomatiya” və digər bu kimi
anlayışların ifadə etdikləri məzmun maraqlı
elmi dillə izah edilir. Eyni zamanda, bu aspektdə diplomatiyanın
gələcəyinə nəzər salınır.
Bütün
bunların fonunda Azərbaycan rəhbərliyinin yeritdiyi siyasətin
səmərəliliyi aydın şəkildə
görünür. Müasir mərhələdə cənab
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin əsasını
qoyduğu xarici siyasət kursunu böyük qətiyyətlə
inkişaf etdirir. Müəllif konkret misallar və sənədlər
əsasında göstərir ki, hazırda ölkənin xarici
siyasəti böyük uğurla aparılır və nəticələr
göz qabağındadır. İndi Azərbaycan regionda diqqətəlayiq
geosiyasi fiqurdur. Bu proses getdikcə daha geniş vüsət
alır.
Kitabda
ölkənin modernləşməsinə aktual geosiyasi problemlər
müstəvisindən nəzər salınması da diqqəti
çəkən məqamlar sırasındadır. Bu
aspektdə müəllifin ifadə etdiyi fikirlər və irəli
sürdüyü tezislər çox maraqlıdır. Qeyd
olunan prosesdə siyasi modernləşmənin
oynadığı rol və bunun xarici siyasətə təsiri
inandırıcı müddəalarla açılıb
göstərilir. Bütövlükdə isə Azərbaycanın
xarici siyasətinin çevikliyi, transformasiyası və milli
maraqları qorumaq istiqamətində oynadığı vacib
rol əsər boyu diqqət mərkəzində
saxlanılır.
Əsərin
mühüm məziyyətlərindən biri də yekunda
mövzu üzrə tədqiqatların davam etdirilməsi
üçün bir sıra aktual məqamların müəyyənləşdirilməsidir.
Belə başa düşülür ki, müəllif
bununla bağlı növbəti əsərlərini təqdim
edə bilər. Məsələnin bu tərəfi də
çox vacibdir, çünki dünyada geosiyasi dinamika sürətlə
dəyişir və meydana yeni-yeni faktorlar çıxır.
Belə bir şəraitdə ölkənin xarici siyasət
kursunda da dəyişikliklər etmək ehtiyacı yarana bilər.
Bundan başqa, Azərbaycan oxucusu qlobal miqyasda gedən geosiyasi
proseslərin mahiyyəti haqqında obyektiv və dolğun
informasiyalar əldə etsə, onun kənar təsirlərə
aludə olmaq ehtimalı minimuma enər.
Bütün
bunlara görə professor Novruz Məmmədovun “Xarici siyasət:
reallıqlar və gələcəyə baxış” adlı
kitabının Azərbaycan siyasətşünaslığında
bir hadisə olduğunu söyləmək olar. Əsər xarici siyasətin bir çox
görünməyən tərəflərinə işıq
salır, analizlə proqnozun vəhdət şəklində
yer alması çox mühüm nəzəri nəticələr
çıxarmağa imkan yaradır.
Eyni
zamanda, konkret misallar Azərbaycan diplomatiyasının geniş
imkanlara malik olduğunu, peşəkarlıq səviyyəsinin
yüksəkliyini göstərir. Ulu öndər Heydər
Əliyevin bu sahədə gördüyü işlərin
vacibliyi və strateji əhəmiyyəti göz önündə
canlanır. Bu əsasda Prezident İlham Əliyevin xarici siyasət
sahəsində həyata keçirdiyi islahatların mahiyyətini
dərk etmək mümkün olur. Kitabın bu cür nikbin əhval-ruhiyyədə
tamamlanması onun məxsusi bir üstünlüyüdür.
Hesab edirik ki, professor N.Məmmədovun bu əsəri siyasətşünaslığın nəzəriyyəsi və praktiki məsələləri ilə məşğul olanların stolüstü kitabı olacaqdır. Ondan peşəkar diplomatlar da yararlana bilərlər. Bundan başqa, bu cür əsərlərin elmi yaradıcılığı motivasiya etdiyini vurğulamaq lazımdır. Çünki elmi-tədqiqat işlərinin sosial mühitə ciddi təsiri olmalıdır. Cəmiyyətin təfəkküründə müsbətə doğru dəyişikliklərə yalnız bu kimi halların olduğu təqdirdə nail olmaq mümkündür.
İzzət
Rüstəmov
fəlsəfə
elmləri doktoru, professor
Həsən Əlibəyli
tarix elmləri doktoru, professor
Yeni Azərbaycan.-2013.-3
avqust.-S.6.