Füzuli və Cəbrayıl rayonlarının işğalından 20 il ötür

 

Bahar Muradova: Azərbaycanın malik olduğu üstünlüklər - onun haqq mövqeyi, ədalətli mövqeyi, beynəlxalq hüququn prinsiplərinin Azərbaycanın tərəfində olması imkan verir ki, Azərbaycan istər hüquq müstəvisində, istər siyasi müstəvidə, istərsə də hərbi müstəvidə bu məsələni həll etsin

Avqustun 23-də Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü tamam olur. Qeyd edək ki, 1993-cü ilin bu günündə işğal olunan Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Ərazisi 1386 kvadratkilometr, əhalisi 100 min nəfərdən çoxdur. İşğala qədər rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 75 kənd və başqa yaşayış məntəqələri olub. İndi onların bir qismi işğal altındadır, bir qismi isə işğaldan azad edilib. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda, ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşıb.

Ermənilərin Füzuli və Cəbrayıl rayonlarının ərazilərini işğal etməsi Azərbaycana 10 milyardlarla dollar ziyan vurub. Təkcə Cəbrayıl rayonunun işğalı nəticəsində Azərbaycan iqtisadiyyatına dəyən ziyan 3 milyard dollardan çoxdur. İqtisadçılar bildirirlər ki, əgər Cəbrayıl rayonu işğal olunmasaydı, indi hər il Azərbaycan iqtisadiyyatına milyonlarla manat xeyir verərdi. Çünki rayonda bir çox sahələr, o cümlədən, üzümçülük, taxılçılıq, baramaçılıq, heyvandarlıq inkişaf etmiş kənd təsərrüfatı sahələrindən sayılıb. Bu günköçkünlük həyatı yaşayan bu insanların böyük bir qismi yenə də aqrar sektorda çalışır. Onu da vurğulamaq lazımdır ki, aparılan hesablamalara görə, işğal altında 14 mindən çox daşınmaz əmlak qalıb. Qeyd edək ki, Cəbrayıldan olan 61100 nəfər məcburi köçkün respublikamızın 58 rayonunun 2000-dən artıq yaşayış məntəqəsində məskunlaşıb. Xatırladaq ki, 1993-cü il avqustun 23-də ərazisi 1050 kvadratkilometr olan Cəbrayılın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb.

Horadiz əməliyyatı...

...1993-cü ilin avqustunda cəbhənin bütün istiqamətlərində əks hücuma keçən ermənilər Azərbaycanda siyasi hakimiyyət uğrunda mübarizədən yararlanıb Füzuli şəhərini işğal etdilər. Bundan sonra düşmən qüvvələri bir neçə istiqamətdə Arazboyu yaşayış məntəqələrinə doğru irəlilədi. Məqsəd regionda strateji cəhətdən ən əhəmiyyətli, regional kommunikasiyaların kəsişdiyi Horadiz qəsəbəsinin ələ keçirilməsi idi. Horadizin işğalı, eləcə də, Əhmədbəyli kəndi istiqamətində “Dörd yol” deyilən əraziyə çıxmaqla düşmən o zaman işğal olunmamış Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını faktiki olaraq blokadaya salırdı. Horadiz qəsəbəsinin müdafiəsini sərhəd qoşunlarının burada yerləşən komendantlığı təşkil etmişdi. Bir neçə gün davam edən döyüşdən sonra qüvvələrin qeyri-bərabər olması səbəbindən sərhəd zastavası mövqelərini tərk edərək geri çəkilir. Ermənilər Horadiz qəsəbəsini və İranla sərhəddə yerləşən su anbarı üzərindəki körpünü tutur. Qəsəbədəki bütün inzibati və yaşayış binaları, neft bazası, dəmir yolu vağzalı və s. yandırılır. Qeyd edildiyi kimi, Horadizin işğalı ilə digər rayonlar faktiki olaraq blokadaya düşür. Araz boyunca Beyləqana doğru irəliləyən düşmən qüvvələri Arayatlı, Babı, Əhmədalılar, Kərimbəyli, Araz Yağlıvənd kəndlərini işğal edir. 1993-cü il noyabrın 7-də ermənilər 400 nəfərə yaxın canlı qüvvə, 30-a yaxın tankzirehli transportyorun iştirakı ilə rayonun ən böyük yaşayış məntəqəsi olan Böyük Bəhmənli kəndinə hücuma keçir. Kəndin bir hissəsini işğal edən düşmən qüvvələri Azərbaycan Silahlı Qüvvələrinin ciddi müqaviməti ilə qarşılaşır. Bu kənddə yerləşən sərhəd zastavasının 30 nəfər şəxsi heyəti qəhrəmanlıq nümayiş etdirərək 2 gün ərzində düşmənin bütün hücumlarını dəf edir. Düşmən xeyli sayda canlı qüvvəsini bu döyüşlərdə itirir. Sərhədçilər də bir neçə şəhid verir. İki aya yaxın davam edən qanlı döyüşlər zamanı ermənilər Böyük Bəhmənli kəndinin bir hissəsini işğal etsələr də, kəndi tam ələ keçirməyə nail olmurlar. Dekabr ayında yenidən hücum edən düşmən bu dəfə Daxili Qoşunların müqaviməti ilə qarşılaşır. Daxili Qoşunların 5 əsgəri düşmən tankı ilə qeyri-bərabər döyüşdə geri çəkilməyərək həlak olur. Düşmən də bir neçə texnikasını itirərək yenidən geri çəkilməyə məcbur olur. 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə Ümummilli lider, Ali Baş Komandan Heydər Əliyevin orduda apardığı islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri Araz boyunca və Əhmədbəyli-Kürdmahmudlu-Alxanlı kəndləri istiqamətində əks hücuma keçir. İki gün davam edən döyüşlərdə Azərbaycan Ordusu Horadiz qəsəbəsini və ətraf kəndləri düşməndən təmizləyir. Ermənilər bir neçə yüz nəfər canlı qüvvə itirir. Lakin kənd Horadiz istiqamətində düşmənin müqavimətini yarmaq mümkün olmur və qüvvələr müdafiə mövqeyinə keçir. Alxanlı istiqamətində hücum edən qüvvələrimiz isə Qaraxanbəyli, Qorqan kəndlərinədək irəliləməyə nail olur.

Bu uğursuzluqdan sonra düşmən nəhayət atəşkəs sazişini imzalamağa məcbur olur və 1994-cü il mayın 10-da Azərbaycan və Ermənistan arasında atəşkəs sazişi imzalanır və o zamandan cəbhə xəttinin digər hissələrində olduğu kimi, Füzuli rayonunda da “nə hərb, nə sülh” vəziyyəti hökm sürür. Atəşkəs müqaviləsi imzalanmasına baxmayaraq, cəbhənin bütün istiqamətlərində olduğu kimi, Füzuli rayonu ərazisində də tez-tez atəşkəs pozulur. Rayon üçün digər bir problem işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsidir. Atəşkəs razılaşması imzalandıqdan sonra Füzuli rayonu ərazisinin minalardan təmizlənməsi işlərinə başlanılıb. Ehtimal olunur ki, hazırda 2011-ci ilin ortalarına olan məlumata görə, Füzuli rayonunun işğaldan azad olunmuş hissəsində - 9 milyon kvadratmetr ərazidə partlamamış hərbi sursat var.

Azərbaycan bu gün çox güclüdür və Ermənistan bizimlə güc dili ilə danışa bilməz

Əslində, Füzuli rayonunun işğalına ermənilərin tarixən Azərbaycana qarşı ərazi iddiaları və bu iddiaların tarixin müəyyən dövrlərində gerçəkləşməsi üçün yaranan münbit şərait və onun ermənilər üçün yaratdığı imkanlar kontekstində yanaşmaq lazımdır. Məsələyə münasibət bildirən Milli Məclisin sədr müavini Bahar Muradova da deyib ki, ötən əsrin sonlarında baş verən hadisələrə nəzər saldıqda görərik ki, ermənilər yenə də tarixin yaratdığı imkandan maksimum yararlanmağa cəhd göstərib. Ermənilər SSRİ-nin bir imperiya kimi laxlaması prosesindən öz maraqları üçün istifadə etməyə cəhd etdilər və müəyyən qədər də buna nail oldular. Ümumilikdə, Dağlıq Qarabağ və ətraf rayonların işğalı ermənilərin illərdir həyata keçirmək üçün fürsət gözlədiyi məkrli planın tərkib hissəsidir. SSRİ-nin dağılması ərəfəsində ermənilərin məqsədli şəkildə fəaliyyəti və Azərbaycanda cərəyan edən hadisələr, bəzi siyasətbazların, nə etmək lazım olduğunu bilməyən təcrübəsizlərin səriştəsizliyi ona gətirib çıxardı ki, bir-birinin ardınca istər Dağlıq Qarabağın özü, istərsə də, ətraf rayon və kəndlər, qəsəbələr etnik azərbaycanlılardan təmizləndi: “Bütün bunlar azərbaycanlıların sadəcə müsəlman türk olduqlarına görə törədildi. Bütün dünya isə bunlara göz yumdu. Buna SSRİ-nin daxili işi kimi yanaşanlar da oldu. Bəziləri bunu SSRİ-nin dağılması üçün bir qığılcım kimi qəbul elədi. Azərbaycanın informasiya blokadasında saxlanması, onun haqqında yaradılmış mənfi rəy gətirib ona çıxardı ki, ABŞ kimi bir dövlət ermənilərin marağına işləyən bir qərar qəbul elədi. Bir-birinin ardınca işğal olunan kəndlər, qəsəbələr Azərbaycanın ümumi müdafiəsini zəiflətdi və müstəqilliyini sadəcə kağız üzərində qəbul etmiş Azərbaycan bu təzyiqlərin qarşısında dayana bilmədi. Nəinki Dağlıq Qarabağ əldən getdi, eləcə də, Dağlıq Qarabağın ətrafındakı rayonlar bir təhlükəsizlik zolağı kimi ermənilər tərəfindən işğal olundu. Əlbəttə ki, yaxın qonşularımızın dəstəyi və köməyi ilə SSRİ-dən qalma silahların və keçmiş imperiyanın Müdafiə Nazirliyinin bəzi zabitlərinin göstərdiyi digər başqa yardımlar nəticəsində Azərbaycan ermənilərlə döyüşdə müvəqqəti olaraq uduzdu”.

Bahar Muradovanın sözlərinə görə, Füzuli rayonu da bu itkilər prosesində bir halqa idi. Füzulinin işğalı ərəfəsində Azərbaycanda hakimiyyət yenicə dəyişmişdi, özünü müdafiə edə bilməyən, xalqını, müstəqilliyini qoruya bilməyən AXC-Müsavat cütlüyü Ulu öndər Heydər Əliyevi hakimiyyətə çağırmağa məcbur olsalar da, sonra Onu hakimiyyətdən devirmək üçün bacardıqları hər şeyi etdilər: “Özlərinə məxsus olan hərbi dəstələri döyüş zonalarından geri çəkdilər, bir sıra təxribat halları törətdilər, bunun nəticəsində də çox əhəmiyyətli bir bölgə olan Füzuli rayonu işğal olundu. Bununla da, Azərbaycanın Naxçıvanla və digər rayonlarla əlaqəsi kəsildi. Nəticədə, Azərbaycanın artıq 20 faizi ermənilərin işağlı altına düşdü. Bütün bunlara ümumi yanaşmaq lazımdı. Təkcə, məhz, Füzuliyə ayrıca qiymət vermək lazım deyil. Çünki bütün bu hadisələr ona qədər baş vermişdi və Füzulinin işğalı yalnız avqustun 23-də reallaşdı. Lakin işğala qədər bütün siyasi, hərbi və digər addımlar atılmışdı”.

Lakin düşmənin sevinci müvəqqətidir. Ölkəmizdə aparılan siyasət bunu deməyə əsas verir ki, Azərbaycan öz torpaqlarında suveren hüquqlarını mütləq bərpa edəcək. Bahar Muradova bildirib ki, Füzulinin işğal altında olan ərazilərindən fərqli olaraq, işğaldan azad edilmiş ərazilərində böyük abadlıq işləri görülüb. Azərbaycanın bütün regionlarının, o cümlədən, işğala məruz qalmış rayonlarımızın böyük inkişaf yolu keçdiyini söyləyən Milli Məclisin sədr müavini Bahar Muradova əlavə edib ki, Azərbaycanın hərtərəfli inkişafı, hər bir insanın həyat şəraitinin yaxşılaşması, eyni zamanda, milli ordumuzun güclənməsi və bu gün ən müasir standartlara cavab verən Silahlı Qüvvələrimizin mövcud olması qalibiyyəti gətirə bilər: “Bu gün əgər biz Füzulini, Ağdamı, eləcə də, digər rayonlarımızı, bütövlükdə Azərbaycanı inkişaf etdiririksə, bu inkişaf etmiş Azərbaycanı qorumaq da bizim vəzifəmiz və borcumuzdur. Biz nəinki bu ölkəni qoruyacağıq, eləcə də, işğal altında olan ərazilərimizi işğaldan azad edəcəyik və o rayonlarımızı da digər rayonlarımız qədər inkişaf etdirəcəyik. Biz buna qadirikbuna qadir olduğumuzu bu illər ərzində göstərdik. Azərbaycan bu gün çox güclüdür və Ermənistan bizimlə güc dili ilə danışa bilməz. Azərbaycanın malik olduğu üstünlüklər - onun haqq mövqeyi, ədalətli mövqeyi, beynəlxalq hüququn prinsiplərinin Azərbaycanın tərəfində olması imkan verir ki, Azərbaycan istər hüquq müstəvisində, istər siyasi müstəvidə, istərsə də hərbi müstəvidə bu məsələni həll etsin”.

Oktay Hacımusalı

Yeni Azərbaycan.- 2013.- 23 avqust.- S.5.