Ürəkləri ovsunlayan bəstəkar-Elza
İbrahimova
Onun
bir çox nəğmələri keçmişlə bu
gün arasında musiqi körpüsü yaradaraq, bəşəriliyi
ilə ölümsüzlük qazanıb
Üzeyir Hacıbəylidən sonra ilk dəfə muğam əsasında opera yazan mərhum bəstəkar Elza İbrahimovanın musiqisinin sehri bu gün olduğu kimi gələcəkdə də insanları ovsunlamaqda davam edəcək. Yaşasaydı bəstələri ilə milyonların qəlbini fəth edən, mahnıları dillər əzbərinə çevrilən Azərbaycanın və Dağıstanın Xalq artisti Elza İbrahimovanın 75 yaşı olacaqdı.
Bəlkə biz özümüz də bilmədən bu görkəmli bəstəkarın nəğmələrinin təsiri altında böyümüşük. Mərhum bəstəkarın “Ana laylası”, “Gecələr bulaq başı”, “Yoxluğunu bilə-bilə”, “Qayıt”, “Ey vətən!” və onlarca digər nəğmələri keçmişlə bu gün arasında musiqi körpüsü yaradaraq zövqlülüyü, bəşəriliyi, səmimiliyi ilə ölümsüzlük qazanıb.
Ömür yoluna səyahət
Elza İbrahimova 1938-ci il yanvarın 10-da Hacıqabul şəhərində anadan olub. Bakıda 8 nömrəli musiqi məktəbini, 1957-ci ildə A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə isə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayevin kompozisiya sinfini bitirib. Konservatoriyada ilk müəllimi görkəmli bəstəkarımız, Azərbaycanın Xalq artisti Cövdət Hacıyev olub. Onun yazdığı mahnılar Azərbaycan musiqisinin Rəşid Behbudov, Şövkət Ələkbərova, Lütfiyar İmanov, Sara Qədimova, Gülağa Məmmədov, İslam Rzayev, Flora Kərimova, Oqtay Ağayev, İlhamə Quliyeva, Elmira Rəhimova, Akif İslamzadə, Leyla Şərifova, Yalçın Rzazadə, Mübariz Tağıyev kimi korifeyləri tərəfindən ifa edilib.
Məmməd Rahim, Bəxtiyar Vahabzadə, Adil Rəsul, Əliağa Kürçaylı, Dəmir Gədəbəyli, Ramiz Heydər, Ruzgar Əfəndiyeva, Oqtay Şamil, Rəfiq Zəka, Aslan Abdullayev, Baba Vəziroğlu, Zivər Ağayeva, Ənvər Əlibəyli, Vahid Əziz, Anna Bartkulaşvili kimi şairlərlə əməkdaşlıq edən Elza İbrahimova yüzlərlə mahnının, iki operanın müəllifi olub.
Sənətdə ilk kövrək addımlar
Bildirmək yerinə düşər ki, Elza İbrahimovanın yaradıcılığında mahnı janrı üstünlük təşkil edib və ilk mahnısını 1968-ci ildə yazıb. Bir il sonra milli radioda səslənən və Məmməd Rahimin sözlərinə bəstələnmiş “Yalan ha deyil” mahnısı uğur qazandıqdan sonra ikinci mahnı - “Bakının işıqları” ərsəyə gəlib. Mərhum bəstəkarın yenə Şövkət Ələkbərovanın ifasında səslənən bu mahnısı da rəğbətlə qarşılanıb.
Elza xanım həm də Dağıstanın ilk peşəkar qadın bəstəkarlarındandır. Belə ki, 1964-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra Q.Qarayev, O.Taktakişvili və Q.Dombayev kimi professorların rəhbərlik etdikləri komissiya tərəfindən Dağıstana göndərilib. Orada bir qədər çalışdıqdan sonra ailə vəziyyəti ilə əlaqədar vətənə dönüb.
Yeri gəlmişkən, Elza İbrahimova bir müddət Əməkdar incəsənət xadimi Gülarə Əliyevanın rəhbəri olduğu “Dan ulduzu” vokal-instrumental ansamblı ilə sıx əməkdaşlıq edib. Onun mahnılarını dinlədikdən sonra Rəşid Behbudov da Elza xanımla əməkdaşlığa başlayıb. Vaxtı ilə bəstəkar həmin günləri belə xatırlayırdı: “Bir gün mənə zəng oldu, bərk həyəcanlandım. Böyük istedadı qarşısında səcdə etdiyim Rəşid Behbudovla danışmaq mənə elə çətin gəldi ki... İşimlə maraqlandı və mən “Ey vətən!” adlı mahnını yenicə tamamladığımı deyərək mahnını ona təqdim etməyə özümdə cəsarət tapdım. Bizim əməkdaşlığımız belə başladı”.
Ölməz sənətkar Rəşid Behbudovun ifa etdiyi “Ey vətən!” mahnısı sonralar Odlar yurdunun vizit kartına çevrildi.
Nəğmə dolu bir ürəyəm,
Torpağına baş əyərəm,
Ey vətən!..
Tanqonu
çox sevirdi...
Qeyri-adi fitri istedada malik Elza İbrahimovanın
yaradıcılıq yolu heç də hamar olmayıb. Belə ki,
Sovet dövründə bir növ senzura rolunu oynayan Teleradionun
Bədii Şurasının hədəfinə o da tuş gəlib.
Keçmişlə bu gün arasında musiqi
körpüsü yaradaraq zövqləri oxşayan və sevə-sevə
dinlədiyimiz Rəfiq Zəkanın sözlərinə bəstələdiyi
“Qurban verərdim” mahnısına görə şura onu bir
müddət radiodan kənarlaşdırıb. Səbəb kimi isə mahnıda tanqo ritmindən
istifadə və bir də onun sözləri göstərilib.
Elza
xanım müsahibələrindən birində bu barədə
belə deyirdi: “Tanqonu uşaqlıqdan sevirəm. Argentina tanqosuna necə biganə qalmaq olar axı?
İllər əvvəl mərhum Rəfiq Zəka
“Qurban verərdim” şeirini mənə göstərərkən
nə vaxtsa həmin sözlərə musiqi bəstələyəcəyim
heç ağlıma da gəlməzdi. Üstəlik,
tanqonun “burjua” ahənginin Sovet ruhuna uyğun gəlmədiyini
deyirdilər. Teleradionun Bədii Şurasında biz müəlliflərə
və gənc ifaçı Akif İslamzadəyə “kommunizmə
doğru addımladığımız bir vaxtda insanları
keçmişə qaytarmaq istəyirsiniz!”,
- deyə irad bildirmişdilər”.
Beləliklə, o zaman “Qurban verərdim” əsərini qəbul
etmədilər. Amma buna baxmayaraq, Elza İbrahimova sonralar tanqo ritmində
daha bir neçə mahnı bəstələdi: Şövkət
Ələkbərovanın ifa etdiyi “Sən mənə
lazımsan” (sözləri Ə.Kürçaylı),
Gülağa Məmmədov, Leyla Şərifovanın
ifasında səslənmiş “Bağçadan keçmişəm”
(sözləri Ə.Əlibəyli) və s. Ümumilikdə
isə mərhum bəstəkar ona yaxın tanqo ritmində
mahnı yazıb və digərləri kimi onlar da sevilən nəğmələrə
çevrilib. Bir sözlə, bu qeyri-adi istedada
malik xanım bəstəkarın gözəl mahnıları
onu milyonlara sevdirib.
O,
mahnılarında yaşayacaq...
Heç
şübhəsiz, Elza İbrahimova unudulmaz mahnıların
unudulmaz bəstəkarı kimi adını Azərbaycan musiqi
tarixinə yazıb... O, 11 fevral 2012-ci il
tarixində 74 yaşında dünyasını dəyişdi.
Musiqisinin sehri isə bu gün olduğu kimi sabah
da insanları ovsunlayacaq. Ona “Qayıt” desək də,
mərhum bəstəkar əbədi olaraq getdiyi yerdən
qayıtmayacaq, ancaq ölməz mahnıları ən
böyük səhnələrdə ən qüdrətli sənətkarlar
tərəfindən hər dəfə oxunanda, könüllərə
yol tapanda bu əvəzsiz nəğmələri yaradan bəstəkar
yada düşəcək, xatırlanacaq. Elə
bu da ömrün davamıdır.
Oktay
Yeni Azərbaycan.- 2013.- 5 dekabr.- S. 8.