Binəqədi rayonunun sosial-iqtisadi
inkişafı: real vəziyyət və perspektivlər
Rayonun Biləcəri qəsəbəsində
həyata keçirilən abadlıq və quruculuq işləri
qəsəbə sakinlərinin rahatlığını təmin
edir
Məlum
olduğu kimi, Azərbaycan hazırda sürətli sosial-iqtisadi
inkişaf dövrünü yaşayır. Belə ki, ölkənin
hər yerində, hətta ucqar kəndlərində belə
quruculuq-abadlıq işləri aparılır, infrastruktur bərpa
olunur, yaxud yenidən qurulur, insanların rahat
yaşayışının, rifahının təmin
olunması üçün əsaslı işlər
görülür.
Həyata
keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində
“2011-2013-cü illərdə Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı”nın icrasının əhəmiyyətini
xüsusi vurğulamaq lazımdır. Paytaxt və onun ətrafındakı
qəsəbələrin hərtərəfli tərəqqisini
nəzərdə tutan proqramın Tədbirlər planına
uyğun olaraq əsaslı yenidənqurma işlərinin
uğurla icra olunduğu bölgələrdən biri isə
Binəqədi rayonu və onun Biləcəri qəsəbəsidir.
46 min nəfərə yaxın əhalisi olan qəsəbə
ilə və orada görülən işlərlə ümumi
tanışlıq onu deməyə əsas verir ki,
respublikanı əhatə edən ümumi inkişaf
tendensiyası bu gün özünü bu yaşayış məntəqəsində
də aydın göstərir.
Biləcəri
qəsəbəsində təmiz və səliqəli şərait
yaradılıb
Qeyd etmək lazımdır ki, təxminən son iki ildə Biləcəri qəsəbəsində tikinti-abadlıq və quruculuq işləri geniş vüsət alıb. Məhz bu amil özünü qəsəbəyə giriş anından etibarən büruzə verir. Qəsəbədə diqqəti ilk olaraq çəkən cəhətlərdən biri ərazinin təmiz və estetik cəhətdən xoş görünməsidir. Belə ki, yolların kənarlarında salınan çəmənliklər, müxtəlif növdə dekorativ ağaclarla bəzədilən yaşıllıqlar göz oxşayır. Qəsəbə ərazisində mərkəzi yolun kənarında genişlənmə işləri aparılıb, yolların kənarında plansız şəkildə olan əraziyə bir neçə min kubmetr həcmində münbit torpaq daşınaraq, üzərində çəmənliklər salınıb. 3800-dən artıq ağac əkilib.
Qəsəbənin içərilərinə doğru irəlilədikcə bir vaxtlar dar və keçilməz olan yolların genişliyi, rahatlığı diqqəti cəlb edir. Bu isə onun nəticəsidir ki, son illərdə Biləcəri qəsəbəsi ərazisində yerləşən mərkəzi küçə və yollarda intensiv tikinti-abadlıq və quruculuq işləri aparılıb. O cümlədən, plansız şəkildə olan küçə və yollar genişlənib, köhnə səkilər yeni səki daşları ilə əvəz edilib, geniş asfaltlama işləri aparılıb.
Biləcəri qəsəbəsində ən çox diqqəti çəkən məqamlardan biri isə ərazidəki təmizlikdir. Təmizlik özünü təkcə qəsəbənin mərkəzində, parklarında, əsas küçə və yollarında deyil, hətta ilk baxışda nəzərə çarpmayan məhəllələrdə də göstərir. Qəsəbənin məhəllə və küçələrində məişət tullantıları üçün ayrılmış xüsusi meydançalar müasir tələblərə uyğun olaraq yenidən quraşdırılıb. Məişət tullantılarının daşınması üçün 320 ədəd xüsusi konteyner yerləşdirilib. 2012-ci ildən bu vaxtadək Biləcəri qəsəbə inzibati ərazisində ümumilikdə 1000 maşından artıq məişət, tikinti materiallarının tullantısı, quruyub sıradan çıxmış ağac kollar və digər tullantılar daşınaraq ərazidən kənarlaşdırılıb.
Qəsəbədə parklar və ictimai obyektlər yenidən qurulub
Biləcəri qəsəbəsində görülən işlər sırasında parkların və istirahət zonalarının yenidən qurulmasını, bərpasını xüsusi qeyd etmək lazımdır. Belə ki, son dövrlərdə qəsəbənin 20 yanvar parkında şəhidlərin adına xatirə kompleksi bərpa olunub, parkda tikinti-abadlıq işləri görülüb.
Bundan əlavə, Biləcəri istirahət parkı və ərazidə yerləşən Mədəniyyət Mərkəzi əsaslı təmir olunub. Bir məqamı vurğulayaq ki, ölkənin hər bir şəhər və qəsəbəsində görülən işləri diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev Biləcəri qəsəbəsinə də dəfələrlə baş çəkib, buradakı quruculuq işləri ilə maraqlanıb. Məlum olduğu kimi, cari il aprelin 22-də dövlət başçısı Biləcəri qəsəbəsindəki mədəniyyət-istirahət parkının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib. Prezident İlham Əliyev parkın ərazisində inşa edilmiş Mədəniyyət Mərkəzində yaradılmış şəraitlə tanış olub. Xatırladaq ki, parkda əsaslı təmir işləri dövlət başçısının 2011-ci il 13 aprel tarixli Sərəncamı əsasında həyata keçirilib. Həmin vaxtadək park yararsız hala düşmüş, ərazidə qanunsuz tikililər, iaşə obyektləri inşa edilmişdi. Təmir işləri zamanı qanunsuz tikililər sökülüb. Ərazisi 4 hektar olan parkda 20 min kvadratmetrlik sahədə yaşıllıq salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb, 40-a yaxın oturacaq qoyulub, fəvvarə, mini futbol meydançası, istirahət guşələri yaradılıb. Parkın ətrafındakı evlərin və iaşə obyektlərinin dam örtükləri, fasadı yenilənib.
Ümumiyyətlə isə qəsəbənin bir sıra küçələrində mərkəzi yolların kənarında yerləşən şəxsi evlərin 250-dən artıq fasad və dam örtükləri təmir olunub.
Qəsəbədə ictimai obyektlərin tikintisi və təmirə ehtiyacı olanların bərpası işləri də intensiv aparılır. Belə ki, qəsəbənin 274, 297, 298 saylı uşaq bağçaları əsaslı təmir olunaraq, 294 saylı uşaq bağçası isə yenidən tikilərək istifadəyə verilib.
Həmçinin, Biləcəri qəsəbə sakinlərinin istək və təklifləri nəzərə alınaraq 15 nəfərin evinin dam örtüyü dəyişdirilib, 13 nəfərin mağazası bərpa edilib, 7 küçədə xeyir-şər evi tikilib, 2 xeyir-şər evi qab-qacaqla təmin olunub, 14 küçədə asfalt örtüyü salınıb, 12 küçədə su xətti, 13 küçədə kanalizasiya xətləri yenilənib, qaz xətləri çəkilib, 2 Yeni Yaşayış massivinə sərnişin avtobusu açılıb, 150 ailəyə maddi yardım göstərilib.
Yerli sakinlər qəsəbədə görülən işləri yüksək qiymətləndirir
Qeyd edək ki, Biləcəri qəsəbəsində aparılan tikinti-quruculuq işləri, infrastrukturun bərpası, ictimai obyektlərin təmiri kimi işlər yerli sakinlər tərəfindən razılıqla qarşılanır. Məsələn, qəsəbə sakini Barat Eyvazov bölgədəki müsbət dəyişiklikləri təqdir etdiyini deyib: “Uzun illərdir ki, Biləcəri qəsəbəsində yaşayıram. Ancaq son illərdə qəsəbədə gördüyüm inkişaf əvvəlki dövrlərlə müqayisədə xeyli sürətlənib. Yollar salınır, məktəblər təmir olunur, qaz xətləri çəkilir, bir sözlə vətəndaşların rahat yaşayışı üçün lazımi işlər görülür. Əlbəttə ki, hər bir qəsəbə sakini kimi mən də bu inkişafı yüksək qiymətləndirirəm”.
Öz növbəsində təqaüdçü Həsən Qasımov da qəsəbinin inkişafının onda sevinc doğurduğunu bildirib: “Biz qəsəbə sakinləri olaraq dövlətin diqqət və qayğısını üzərimizdə daim hiss edirik. Qəsəbənin inkişafına çox böyük diqqət ayrılır və demək olar ki, qəsəbənin hər yerində bunu görmək mümkündür. Hazırda Biəcəridə tikinti-quruculuq işləri davam etdirilir. Bu bizim hər birimizi sevindirir”.
Biləcəri qəsəbəsindəki 284 saylı orta məktəbin müəlliməsi Şükufə Qasımova da qəsəbədə görülən işlərdən razılığını bildirib: “Xüsusən də məktəblərdə müasir tələblərə uyğun şəraitin yaradılması, avadanlıqlarla təchizatın yaxşılaşdırılması həm müəllimlərə, həm də şagirdlərə əlavə stimul verib. Görülən işlər, həmçinin, məktəblərdə təlim-tədris prosesinin keyfiyyətini daha da yüksəldib. Ümumilikdə, qəsəbədə yaradılan şərait yeni nəslin hərtərəfli inkişafına, uşaqların, gənclərin layiqli vətəndaş kimi formalaşmasına imkan yaradır. Hesab edirəm ki, qəsəbədə görülən işlər dövlətin öz vətəndaşlarına olan diqqət və qayğısının bariz nümunəsidir”.
Biləcəri sakini, BDU-nun professoru Yaqub Vəliyev isə qəsəbədə görülən işləri dövlətin həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasətin müsbət təzahürü adlandırıb: “Dövlət başçımız Binəqədi rayonunu dəfələrlə səfər edib, burada görülən işlərlə şəxsən maraqlanıb. Ümumiyyətlə, qəsəbədəki inkişaf göz önündədir. Təbii ki, sakinlər görülən işləri bilavasitə öz gündəlik həyatlarında hiss edir və yüksək qiymətləndirirlər”.
Biləcəri sakini Vəli İsayev də qəsəbədə yaradılan şəraitdən razılığını ifadə edib: “Qəsəbəmizin hər yerində insanların rifahının, yaşayış şəraitinin yüksəldilməsi üçün işlər görülür. Burada həyata keçirilən geniş tikinti-quruculuq və abadlıq işləri ölkəmizin ümumi inkişaf göstəricilərinin artmasının bizim üçün əyani sübutudur. Azərbaycanın tərəqqi yolunda inamla irəliləməsi, eləcə də rayon İcra Hakimiyyətinin işlərin ardıcıl həyata keçirilməsində göstərdiyi iradə biz sakinlərdə qəsəbənin yaxın illərdə daha da irəliləyəcəyinə və abadlaşacağına əminlik yaradır”.
Biləcəridə quruculuq işləri davam etdirilir
Biləcəri qəsəbəsinə nəzəri cəlb edən məqamlardan biri də odur ki, tamamlanmış işlərlə yanaşı, hazırda icrası davam etdirilən işlər də var. Buna misal olaraq bərpaya ehtiyacı olan bir sıra parkların abadlaşdırılmasını, yolların təmirini göstərmək olar. Həmçinin, qəsəbənin bir sıra küçələrində müasir tələblərə uyğun istilik sistemi qazanxanalarının yenidən qurulmasına başlanılıb. Bəzi ünvanlarda yerləşən qazanxanalarda tamamlanma işləri gedir. Yeni Yaşayış massivlərində isə asfaltlanma işlərinə başlanması üçün yollara 400 maşından artıq iri çınqıl daşı tökülərək xüsusi texnikanın köməyilə hamarlanıb.
Beləliklə,
göründüyü kimi, Binəqədi rayonunun Biləcəri
qəsəbəsi ölkədə gedən ümumi
sosial-iqtisadi tərəqqi və yenidənqurma prosesinin fonunda
özünün inkişaf tempi ilə diqqəti cəlb edir. Əminliklə
demək olar ki, Binəqədi rayonunun Biləcəri qəsəbəsinin
sakinləri ölkə rəhbərliyinin paytaxt və qəsəbələrin
inkişafına göstərdiyi diqqət və
qayğını bilavasitə hiss edirlər.
Hülya
MƏMMƏDLİ
Yeni Azərbaycan. - 2013.- 6 dekabr.- S.5.