Ulu öndər Heydər Əliyev azərbaycançılıq məfkurəsini milli ideya səviyyəsinə yüksəldib

 

Ulu öndər Heydər Əliyev: Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir

Məlum olduğu kimi, diaspora quruculuğu müxtəlif dövlətlərin xüsusi diqqət ayırdığı sahələrdən biridir. Bu da səbəbsiz deyil. Çünki istənilən bir dövlət öz xarici siyasətini, üzləşdiyi problemləri beynəlxalq aləmə çatdırmaq üçün həm də diasporun fəaliyyətindən yararlanmağa üstünlük verir. Daha dəqiq desək, uğurlu diaspor quruculuğu hər bir dövlətə xarici siyasətini reallaşdırmaqda yardımçı olur. Təbii ki, cəmi 22 ildir müstəqillik qazanan Azərbaycan da diaspora quruculuğuna xüsusi önəm verir.

Vurğulamaq yerinə düşər ki, hazırda dünyada gedən proseslər, torpaqlarımızın bir hissəsinin işğal altında olması, ölkəmizə qarşı fəaliyyət göstərən erməni diasporunun mövcudluğu dünya azərbaycanlılarının birliyini zəruri edən başlıca amil rolunu oynayır. Və məhz buna görə də, diaspora quruculuğu Azərbaycan dövlətinin diqqət ayırdığı sahələr içərisində öncüllük təşkil edir.

Beləliklə, hazırda müxtəlif ölkələrdə 50 milyona qədər azərbaycanlı yaşayır ki, onların da bir qismi XIX əsrin ilk onilliklərindən başlayaraq müxtəlif səbəblər üzündən vətənini tərk etmək məcburiyyətində qalanlardır. Belə ki, Çar Rusiyasının Qafqazda apardığı antimüsəlman və antitürk siyasəti, 1905-1906, 1918-ci illərdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri qanlı qırğınlar insanları yurd-yuvasından didərgin salmağa, regionda azərbaycanlı əhalinin üstün mövqeyinin zəiflədilməsinə yönəldilmişdi. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra mühacirətin növbəti mərhələsi başladı. 1930-cu və II Dünya müharibəsindən sonrakı illərin mühacirəti isə repressiyalar, siyasi təqiblər, qətllərlə bağlı olub. Eyni zamanda, müstəqillik dövrünün ilk illərində sosial-iqtisadi məsələlər səbəbindən xarici ölkələrə üz tutanlar da mühacirətdə yaşayan azərbaycanlıların sırasındadır.

Düzdür, əvvəllər xaricdəki soydaşlarımız pərakəndə halda fəaliyyət göstərirdilər. Lakin son illərdə xaricdə yaşayan həmvətənlərimiz yeni tarixi şəraitin tələbinə uyğun olaraq milli-mədəni yöndə təşkilatlanmağa başlayıblar. Hazırda azərbaycanlıların dünyanın bir çox ölkəsində 150-dən artıq ictimai, milli-mədəni cəmiyyətləri, təşkilatları fəaliyyət göstərir. Azərbaycan diasporu Rusiya, ABŞ, Türkiyə, Almaniya, Fransa kimi ölkələrdə daha çoxsaylı və fəaldır.

Əlbəttə ki, bütün bu proseslər öz-özünə, kortəbii şəkildə baş vermir. Xaricdə yaşayan soydaşlarımızın bir-birilə əlaqələr yaratması, təşkilatlanması, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması yönündə Ümummilli liderimiz Heydər Əliyevin böyük rolu olub. Məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” qəbul olunan qərar Azərbaycan diasporu arasında əlaqələrin möhkəmlənməsi yolunda çox mühüm addım oldu. Bu qərarın qəbulundan başlayaraq hər il dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunur.

Ümummilli liderimizin xarici ölkələrdəki azərbaycanlı icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsini nəzərdə tutan Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi ilə bağlı 2001-ci il 23 may tarixli Fərmanından sonra isə bu daha sistemli və ardıcıl aparılmağa başlandı.

Daha sonra Ulu öndərin 5 iyul 2002-ci il tarixli Fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsi yaradıldı. Komitə xaricdə yaşayan azərbaycanlılara, onların yaratdıqları qurumlara, kütləvi informasiya vasitələrinə beynəlxalq hüquq normaları çərçivəsində öz tarixi Vətəni ilə əlaqə yaratmaq, ana dilini, milli-mənəvi dəyərləri mənimsəmək, yaşatmaqinkişaf etdirmək məqsədilə müxtəlifyönlü təşkilati, informasiya, maddi və mənəvi yardım göstərir.

Onu da deyək ki, Ulu öndər diaspora fəaliyyətinin gücləndirilməsi üçün Fərman və sərəncamlar imzalamaqla kifayətlənmədi, eyni zamanda, xaricdəki soydaşlarımızın vahid məfkurə ətrafında birləşməsi üçün azərbaycançılıq ideologiyasını irəli sürdü. Beləliklə, Azərbaycanda vətəndaş sülhünü, ümumxalq vəhdətini, millidini tolerantlığı təmin edən ideologiya olaraq azərbaycançılığın digər tarixi missiyası dünya azərbaycanlılarının, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın birlik və həmrəyliyinin təmin olunmasından ibarətdir.

Əlbəttə ki, Ulu öndər Heydər Əliyevin azərbaycançılığı ümummilli ideologiya olaraq irəli sürməsi Onun Azərbaycan dövlətçiliyi naminə göstərdiyi tarixi xidmətdir. Çünki məhz azərbaycançılıq Azərbaycana qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik bölücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideolojisiyasi sipər oldu. Azərbaycançılıq bizim keçmişimizdən gələn dəyər olaraq vahid Azərbaycanın ideya əsası, ölkədə bütün konfessiya və etnosların həmrəylik və anlaşma içində birgəyaşayışının tarixi təcrübəsidir.

Bir sözlə, birmənalı şəkildə qeyd edə bilərik ki, azərbaycançılığın ümummilli ideya halına gəlməsi, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi məhz Ulu öndər Heydər Əliyevin tarixi xidmətidir. Ümummilli liderimiz 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun güclü dövlətçilik xəttini, siyasi-iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli inkişafının ideya təməli ola biləcək konsepsiyanın - azərbaycançılığın banisi oldu.

Azərbaycançılıq ideologiyası, bir tərəfdən, Azərbaycan türklərinin ölkədəki digər etnik qruplara tolerant münasibətinin, sülh içində yaşamaq istəyinin bariz göstəricisidirsə, digər yandan, Azərbaycanın Türk dünyasının ayrılmaz parçası olduğunun təsdiqidir. Odur ki, azərbaycançılığı milli inkişaf modeli olaraq qəbul edən Azərbaycan türk dövlətləri arasında da bəlağət və pafosdan uzaq, səmimi və qarşılıqlı-faydalı tərəfdaşlıqdan yana olduğunu daima nümayiş etdirir.

Bu baxımdan, Ulu öndər Heydər Əliyevin 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayında bəyan etdiyi tezislər əslində azərbaycançılığın, Azərbaycan təəssübkeşliyinin ən lakonik ifadəsi idi: “Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı yaşatmalıyıq”.

Əminliklə qeyd etmək olar ki, bu nəcib arzu hazırda uğurla həyata keçməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi altında, dövlət siyasətinin bütün sahələrində olduğu kimi, Azərbaycan diasporunun güclənməsi, azərbaycançılığın ümummilli ideologiya olaraq möhkəmlənməsi istiqamətində ardıcıl addımlar atılır.

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının II Qurultayında (mart 2006) bununla bağlı demişdir: “Biz hər istiqamətdə çox sürətlə, düşünülmüş proqramkonsepsiya əsasında irəliləyirik. Bu işdə Azərbaycan diasporunun böyük rolu var. Mən istəyirəm ki, Azərbaycanın dünyada təbliğ edilməsində, Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılmasında, azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakında bu rol daha da güclü olsun. Bu, bizim mövqelərimizi möhkəmləndirir. Biz 50 milyonuq. Bu, dünya miqyasında böyük xalqdır. Çalışmalıyıq ki, doğma Vətənimizi möhkəmləndirək, zənginləşdirək, qüdrətli dövlətə çevirək”.

Azərbaycançılıq həm də Azərbaycan tarixinin, mədəniyyətinin dünyada təbliği deməkdir. Və əlamətdar haldır ki, bu istiqamətdə dövlət qurumları ilə yanaşı, qeyri-dövlət xəttilə də mühüm işlər görülür. Məsələn, Azərbaycanın birinci xanımı, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahədə gördüyü işlər Azərbaycan mədəniyyətinin, tarixinin təbliğinə böyük töhfədir. Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq səviyyədə layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin beynəlxalq nüfuzuna xidmət edir.

Son olaraq qeyd edək ki, azərbaycançılıq fəlsəfəsini vahid Azərbaycanın ideya əsası, dünya azərbaycanlılarını birləşdirən ortaq dəyər və Azərbaycanı dünyaya tanıdan milli-mənəvi irs olaraq öyrənmək və təbliğ etməklə yanaşı, onu ölkəmizin milli təhlükəsizliyinin mühüm postulatı kimi də diqqətdə saxlamaq gərəkdir. Bu baxımdan, əminliklə qeyd etmək olar ki, Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğu, sürətlə dünyaya inteqrasiya olunduğu indiki vaxtda azərbaycançılığın milli-ideoloji plast olaraq dərindən tədqiqi, onun dünya azərbaycanlıları arasında və bütövlükdə beynəlxalq miqyasda təbliği təkcə bu günün deyil, həm də sabahın tələbidir. Biz, yalnız həmrəyliyimizi, birliyimizi möhkəmləndirməklə çətinliklərin öhdəsindən gələ, Azərbaycanın xoşbəxt gələcəyini təmin edə bilərik.

 

Zahid İLHAMOĞLU

Yeni Azərbaycan.- 2013.- 7 dekabr.- S.6.