Ulu öndər Heydər Əliyevin aqrar
sahəyə diqqəti bütün dövrlərdə Azərbaycanın
inkişafı üçün əsas olmuşdur
Azərbaycanın müasir tarixinin 45 ildən artıq bir dövrü Ulu öndərimizin şərəfli adı və möhtəşəm dövlətçilik fəaliyyəti ilə sıx bağlı olmuşdur. Həmin dövrdə xalqımızın əldə etdiyi bütün nailiyyətlərdə, respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı bütün uğurlarda Onun imzası vardır. Xoş gələcəyi naminə fədakarlıqla çalışdığı, zəngin tarixi və mənəvi dəyərləri ilə daim fəxr etdiyi doğma millətinin önündə həmişə cəsarətlə addımlayan Heydər Əliyev müasir dövlətçiliyimizin banisi və qurucusu, böyük öndəri kimi yüksək bir zirvəyə ucalmışdır. Onun təkcə vətən və xalq qarşısında deyil, həm də bəşəriyyət qarşısında xidmətləri unudulmazdır. Vəfatının hər bir ildönümündə Ulu öndərimizin xatirəsinin təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində dərin ehtiramla yad edilməsi bunun sübutudur.
Ulu öndərimiz ölkəmizə rəhbərlik etdiyi dövrlərdə bizə yalnız vətənə və xalqa misilsiz xidmətin nümunəsini öyrətmişdir.
1960-cı illərin sonunda hakimiyyətə gələn Heydər Əliyev təşəbbüskarlığı və işgüzarlığı ilə respublika həyatının bütün sahələrində dirçəlişə nail oldu ki, bu da milli şüurun oyanışı, milli ruhun yüksəlişi və mənəvi tərəqqi üçün güclü təkan idi. Onun uzaqgörən, müdrik siyasəti Azərbaycanı keçmiş ittifaqın ən inkişaf etmiş respublikaları sırasına çıxardı.
1969-1982-ci illərdə respublikamızda gedən irimiqyaslı tikinti-quruculuq işləri, vüsətli iqtisadi tərəqqi nəticəsində Azərbaycanın nüfuzu yüksəldi, paytaxtımız Bakı dünyanın tanınmış şəhərləri sırasında özünə möhkəm yer tutdu. Milli memarlıq irsimizin dərin bilicisi olan Heydər Əliyev Bakıda tarixi ənənələri qoruyub saxlamaqla yanaşı, onun ərazisində dövrün tələblərinə cavab verən yeni çoxsaylı yaşayış massivlərinin, sənaye müəssisələrinin, xidmət və idman komplekslərinin, təhsil və mədəniyyət obyektlərinin inşasına nail oldu. Həmin dövrdə yalnız paytaxtda və nisbətən iri şəhərlərdə deyil, rayon mərkəzlərində, qəsəbə və kəndlərdə də genişmiqyaslı tikinti-quruculuq işləri aparılırdı. Fərəh hissi ilə deyə bilərik ki, Heydər Əliyevin hələ Sovet hakimiyyəti illərində məqsədyönlü şəkildə apardığı tikinti-quruculuq işləri sayəsində Azərbaycan çoxlu maddi sərvətlər əldə etmiş, xalqımızın rifahı yüksəlmişdir.
Heydər Əliyev Azərbaycana birinci rəhbərliyi dövründə doğma xalqının gələcək xoşbəxtliyi üçün möhkəm təməl qoymuşdur. Hələ o dövrdə respublika iqtisadiyyatının aparıcı sahəsi olan aqrar sahədə, kənd təsərrüfatında Ulu öndərin rəhbərliyi ilə həyata keçirilən yenilikçilik öz səmərəsini verirdi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən az sonra, 1970-ci ildə Heydər Əliyev “Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında” Sov.İKP MK və SSRİ Nazirlər Soveti tərəfindən qərar qəbul etdirməyə nail oldu. Bu qərarı qəbul etdirmək həmin zaman üçün, təbii ki, çox nadir hadisə hesab edilirdi.
Belə əsaslı tədbirlərin həyata keçirilməsi nəticəsində Azərbaycanın kənd zəhmətkeşləri 1971-1975-ci illərdə məhsul istehsalının artırılması, əkinçilik və heyvandarlıq mədəniyyətinin yüksəldilməsi sahəsində çox böyük nailiyyətlər qazandılar.
Kənd təsərrüfatının orta illik ümumi məhsulu 1971-75-ci illərdə 1,4 milyard manata çatdırıldı ki, bu da 1966-1970-ci illərdə olan müvafiq göstəricidən 34 faiz çox idi. Bütün kənd təsərrüfatı məhsulları nəzərdə tutulduğundan xeyli artıqlamasilə yerinə yetirildi. Beş il ərzində taxıl və tütün istehsalı, hətta gələcək iki ilin əvəzinə, pambıq və meyvə istehsalı gələcək bir ilin əvəzinə də yerinə yetirildi. 1975-ci ildə kənd təsərrüfatının ümumi məhsulu 1969-cu ildəki 999 milyon manatlıq əvəzinə 1 milyard 572 milyon manatlıq oldu, yəni 57 faiz artırıldı.
1976-80-ci illərin yekunları göstərir ki, böyük dövlət xadimi Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının kənd təsərrüfatı yeni, daha yüksək pilləyə qalxmışdır. Beş il üçün nəzərdə tutulan istehsal 1978-ci ildə, vaxtından iki il əvvəl yerinə yetirilmişdir. 1980-81-ci illərdə respublikamızda istehsal olunan kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 2,4 milyard manatdan çox olmuşdur ki, bu da o zaman üçün olduqca böyük göstərici idi.
Qeyd etmək lazımdır ki, kənd təsərrüfatının inkişaf sürətinə görə o dövrlərdə respublikamız keçmiş Sovet respublikaları içərisində birincilər sırasına çıxmışdır. Əgər 1966-70-ci illərdə (orta illik göstərici) respublikamızın payına Sovet İttifaqı üzrə kənd təsərrüfatının ümumi məhsulunun 1 faizi düşürdüsə, 1976-80-ci illərdə bu 1,5 faiz təşkil etmişdi. İlk baxışdan az görünən bu artımın arxasında 1970-80-ci illərdə kənd təsərrüfatının ümumi məhsulunun təxminən iki dəfə çoxalması dururdu. Hesablamalardan aydın görünür ki, Sovet İttifaqı üzrə 1976-79-cu illərdə 1966-70-ci illərə nisbətən kənd təsərrüfatının ümumi məhsulunun orta illik artımı 23,8 milyard manat olmuşdur ki, bunun da 3,8 faizi respublikamızın payına düşmüşdür. 1980-ci ilin yekunları göstərmişdir ki, ölkə üzrə kənd təsərrüfatının ümumi məhsulunun mütləq artımında respublikamızın rolu daha da yüksəlmişdir.
Əkinçilik məhsullarının belə sürətli artımı həlledici dərəcədə məhsuldarlığın yüksəlməsi ilə bağlı olmuşdur. Beş il ərzində taxıl məhsuldarlığı 48 faiz, pambıq məhsuldarlığı 29 faiz, üzüm məhsuldarlığı 51 faiz, tərəvəz məhsuldarlığı 37 faiz, meyvə məhsuldarlığı 45 faiz artmışdır.
Heydər Əliyevin fəaliyyəti nəticəsində “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında” 1975-ci il 9 iyul tarixli, o cümlədən “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək, habelə irriqasiya-meliorasiya obyektlərinin layihələşdirilməsi və tikilməsi tədbirləri haqqında” qərarları qəbul edilmişdi. Bu qərarların 1970-80-ci illərdə respublikanın sosial-iqtisadi inkişafının əsas istiqamətlərinin müəyyən edilməsində mühüm əhəmiyyəti oldu. Bu illərdə respublikanın iqtisadi və sosial sahələrinin inkişaf etdirilməsi üzrə qarşıya qoyulmuş vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində Respublikada göstərilən dövr ərzində irriqasiya-melorasiya işləri sahəsində, həmçinin, üzümçülükdə görünməmiş uğurlar əldə edilmişdi.
1969-80-ci illərin mühüm xüsusiyyətlərindən biri də bundan ibarət olmuşdur ki, üzümçülüyün ərazi strukturu xeyli dəyişdirilmiş, yeni üzümçülük rayonları yaradılmışdır. Dağ rayonlarında üzümçülük inkişaf etdirilməyə başlanmışdır ki, bu da onların iqtisadiyyatının möhkəmləndirilməsinə, mövcud əmək ehtiyatlarından daha səmərəli istifadə olunmasına müsbət təsir göstərmişdir.
1980-ci ildə respublikamızda üzüm istehsalı artıq 1,4 milyon ton olmuşdur ki, bu da respublikamızın tarixində ilk dəfə idi. Yığılan üzümün keyfiyyəti xeyli yaxşılaşdırılmış, onun şəkərliliyi 1979-cu ilə nisbətən 17 faiz qalxmışdı. Üzümlüklərin məhsuldarlığı orta hesabla 91 sentnerə çatdırılmışdı ki, bu da 1975-ci ildəkindən 26 sentner çox idi. Ümumiyyətlə 1976-80-ci illərdə dövlətə 5 milyon tona yaxın üzüm satılmışdı. Keçmiş postsovet məkanında ölkəmizdə istehsal olunan üzümün miqdarı Moldovanın, Şimali Qafqazın, Ermənistanın, Gürcüstanın, Orta Asiya ölkələrinin o cümlədən Ukraynanın birgə istehsal etdikləri üzümün ümumi həcmindən çox idi. Təsadüfi deyil ki, iqtisadi göstəricilərinə görə Azərbaycan məhz bu illərdə ardıcıl olaraq 13 dəfə Azərbaycan SSR-i Sov. İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, keçici Qırmızı Bayrağı ilə təltif edilmişdir.
Ümummilli liderimiz keçmiş ittifaq dövlətinin rəhbərliyində yüksək vəzifə tutduğu dövrdə də xalqının maraqlarını uca tutmuşdur
Ulu öndər totalitar bir rejimin məngənəsində sıxılan ölkəmizdə torpağın sahiblərinə qaytarılma yollarını özünəməxsus tərzdə düşünüb, Kremlin siyasətindən, qadağalar çərçivəsindən kənara çıxmaqla bu imperiyanın böyük imkanlarından həssaslıqla istifadə etməklə torpaqdan əldə edilən gəlirlərin əsas hissəsini zəhmət adamlarının özlərinə qaytarılmasına nail olmağa çalışdı.
Keçmiş ittifaq dövlətinin rəhbərliyində yüksək vəzifə tutduğu dövrdə də Ümummilli liderimiz övladı olduğu xalqın və məmləkətin şərəfini uca tutmaqla bərabər, Azərbaycanın sosial-iqtisadi inkişafı naminə hər cür fədakarlıq göstərmiş, buradakı quruculuq işlərinin davam etməsinə hərtərəfli dəstək vermişdir. Əlbəttə, Kremlin imperiya təfəkkürlü sahibləri Öz parlaq dühası ilə onları kölgədə qoyan müdrik bir azərbaycanlıya qısqanclıqla yanaşırdılar. Məhz bu məkrli insanlar Heydər Əliyevi siyasi hakimiyyətdən uzaqlaşdırmaqla xalqımıza ağır maddi-mənəvi zərbə vurdular.
Azərbaycanın başı üzərini məhv olmaq təhlükəsi alanda ikinci dəfə yenidən böyük siyasətə qayıdan Heydər Əliyev Özünün fenomenal istedadını, zəngin dövlətçilik təcrübəsini Tanrının və tarixin xalqımıza bəxşişi olan kövrək istiqlalımızın qorunmasına və möhkəmlənməsinə yönəltdi.
Həmin dövrdə respublikamızda rəhbərlik naşı AXC-”Müsavat” cütlüyünün əlinə keçdiyindən qəbul edilmiş siyasi qərarlar ağ kağız parçası kimi göründü. Azərbaycan nəinki öz təbii sərvətlərinin sahibi oldu, əksinə əldə olanlarımız sapı özümüzdən olan baltaların köməkliyi ilə sərhədlərimizdən kənara daşınmağa başladı. Özbaşınalıq, rəhbərsizlik, demokratiya pərdəsi altında aparılan işlər, xüsusən də erməni şovinistlərinin torpaq iddiası nəticəsində qərəzli müharibə alovu Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsinə gətirdi. Azərbaycan bir dövlət kimi dağılmaq təhlükəsi ilə üzləşməli oldu. Xarici dövlətlərin kəşfiyyat idarələri, daxildəki hərc-mərclikdən istifadə etməyə çalışdı. Bir tərəfdən Azərbaycanda süni şəkildə etnik-milli qarşıdurma yaratmaq istəyən şimalda “Sadval” hərəkatının, cənubda isə qeyri-qanuni “Talış-Muğan Respublikası” elan etmiş Əlikram Hümbətovun həyata keçirmək istədiyi separatçı hərəkatı, torpaqlarımızın 20 faizinin işğal olunması, faktiki olaraq ölkə daxilində vətəndaş müharibəsinin (Gəncə qiyamı) yaranması və başqa bu kimi qanunsuz əməlləri böyük uzaqgörənliklə təhlil edib müdrik bir qərara gələ bilən Ulu öndər təkcə milləti, respublikamızı ölüm-dirim mübarizəsindən xilas etmədi, həm də Ulu öndərimiz xalqımızın böyük əksəriyyətinin təkidi, tələbi ilə hakimiyyətə ikinci dəfə gəlməsi ilə Azərbaycan xalqının mənliyini, varlığını özünə qaytara bildi. Ulu öndər ölkədə baş verən ictimai-siyasi hadisələri dərindən təhlil edərək millətin və dövlətin tarixi taleyini xilas yolunu özünə qaytardı.
İlk öncə Ulu öndər Heydər Əliyev ölkədə sabitliyi yaratmağa müvəffəq oldu. Atəşkəs imzalandı, ölkədə baş alıb gedən anarxiyaya son qoyuldu. Məhz Heydər Əliyev böyüklüyü sayəsində yenicə müstəqilliyini əldə etmiş Azərbaycanda dünya sivilizasiyasının inkişaf proqramından və təcrübəsindən istifadə edərək, milli iqtisadiyyatın inkişafının spesifik cəhətləri, xüsusiyyətləri və milli mentalitetimizə uyğun olaraq bütün parametrləri nəzərə alaraq yeni layihələr və dövlət proqramlarının hazırlanmasına başlanıldı. Ölkəmizdə yeni mülkiyyət münasibətlərinə əsaslanan azad bazar iqtisadiyyatı formalaşdı.
Özəlləşmə proqramı, torpaq islahatı, hüquqi islahatlar, dövlət quruculuğu sahəsində islahatlar kursu genişləndi. Həmin islahatların həyata keçirilməsindən danışarkən Ulu öndər deyirdi: “Biz islahatları bir gündə yox, bir ayda yox, bəlkə də bir ildə yox, tədricən həyata keçiririk”.
Bəli, aqrar-torpaq islahatları birdəfəlik
kampaniya deyil. Bu çox ciddi, həssas bir prosesdir. Nə qədər ki, Azərbaycanda
mülkiyyət formaları (dövlət, bələdiyyə,
xüsusi) mövcuddur bu proses davam edəcəkdir.
Ulu
öndər Heydər Əliyev tarixdə heç vaxt Azərbaycan
kəndlisinə aid olmayan torpağı kəndliyə verməklə,
tarixi ədaləti bərpa etdi
Ulu öndərimiz Heydər Əliyev böyük
uzaqgörənliklə həm də sübut etdi ki, Azərbaycanda
aqrar sahədə iqtisadiyyatın inkişafının əsası
aparılacaq torpaq islahatlarının nəticələrindən
asılıdır.
Azərbaycan xalqının bütöv əksəriyyətinin
təkidli xahiş və tələbi ilə hakimiyyətə
gələn Ulu öndərimiz Heydər Əliyev tarixdə
heç vaxt Azərbaycan kəndlisinə aid olmayan
torpağı kəndliyə verməklə, tarixi ədaləti
bərpa etmək qərarına gəldi.
“Torpaq
islahatı haqqında” Azərbaycan Respublikası Qanununun
1996-cı ildə qəbul edilməsinə baxmayaraq, bu məsələnin
təməli, əslində, Heydər Əliyevin
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik
etdiyi dövrdə, 1992-ci ildə Culfa rayonunun Şurut və
Gal kəndlərindəki torpaqların kəndlilərə
verilməsi ilə qoyulmuşdu.
Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü
və rəhbərliyi ilə ümumxalq müzakirələrindən
sonra torpaq islahatı proqramı hazırlandı və bu
proqram əsasında torpaq islahatlarının həyata
keçirilməsini təmin edən hüquqi baza
yaradıldı. Və qürurla demək olar ki, ölkəmizdə
aparılan torpaq islahatları tarixə “Heydər Əliyev
torpaq islahatları” modeli kimi düşdü.
“Torpaq
islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul
1996-cı il tarixli Qanunu, “Dövlət torpaq kadastrı,
torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan
Respublikasının 22 dekabr 1998-ci il tarixli Qanunu, “Torpaq icarəsi
haqqında” Azərbaycan Respublikasının 12 mart 1999-cu il
tarixli Qanunu, Azərbaycan Respublikasının 25 iyun 1999-cu il
tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası Torpaq Məcəlləsi”, “Torpaq bazarı
haqqında” Azərbaycan Respublikasının 7 may 1999-cu il
tarixli Qanunu da daxil olmaqla qəbul edilmiş 52-dən çox
fərman, qanun və digər hüquqi normativ aktlar
respublikamızda torpaq islahatlarını həyata keçirməyə
əsaslı zəmin yaratdı. Beləliklə,
hələ böyük dövlət xadimi Heydər
Əliyevin Naxçıvan MR-ə rəhbərlik etdiyi
dövrdə Culfa rayonunun Şurut və Gal kəndlərində
bünövrəsini qoyduğu torpaq islahatları bütün
ölkəyə tətbiq edilməyə başlandı.
“Aqrar islahatların həyata keçirilməsini təmin edən
bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanından sonra
islahatların sürətlə həyata keçirilməsi
prosesi başladı.
Torpaq islahatları nəticəsində respublikamızda
mövcud olmuş 2032 təsərrüfat, yəni kolxoz və
sovxozlar ləğv edilərək, onların əkinə
yararlı münbit torpaqları əhaliyə
paylanıldı. İşğal olunmuş
rayonlarımız istisna olmaqla ölkəmizdə torpaq
payı almaq hüququ olan 870 min ailəyə torpaq payı
verildi. Bu, 3 442 778 subyekt demək idi. Torpaq islahatları nəticəsində torpaq üzərində
üç mülkiyyət forması müəyyənləşdi.
Azərbaycanın vahid torpaq fondunu təşkil edən 8 641
506 hektar torpaq sahəsindən 4 913 639 hektarı, başqa
sözlə 56,9 faizi dövlət
mülkiyyətində saxlanıldı; 2 032 744 hektarı, yəni
23,5 faizi bələdiyyə mülkiyyətinə verildi; 1 695
123 hektarı, yəni 19,6 faizi isə xüsusi mülkiyyətə
ayrıldı.
Torpaq
islahatları həmişə inkişafda olan dinamik bir
prosesdir ki, bu proses də digər proseslərlə kompleks
şəkildə həyata keçirilir. Torpaq
islahatlarının birinci mərhələsi olan torpaqların
xüsusi mülkiyyətə verilməsi ilə yanaşı,
ölkədə vahid torpaq fondu üzrə dövlət torpaq
kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinin
də həyata keçirilməsi xüsusi əhəmiyyət
kəsb etdiyindən bu işlərin nizama
salınmasının hüquqi əsaslarını tənzimləyən
“Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və
yerquruluşu haqqında” Azərbaycan Respublikasının
Qanunu qəbul edilmişdir (12 mart 1999-cu il). Bu Qanuna və digər
qanunvericilik aktlarına uyğun olaraq “Torpaq-kadastr sənədlərinin
aparılması qaydaları” və eləcə də,
“Dövlət torpaq kadastrının aparılması
qaydaları haqqında”, “Dövlət torpaq kadastrı fondunun
yaradılması, istifadəsi və mühafizəsi
haqqında”, “Yerquruluşu işlərinin aparılması
qaydaları haqqında” əsasnamələr
hazırlanmış və Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
Azərbaycan
Respublikasının Torpaq Məcəlləsinə uyğun
olaraq torpaqlardan istifadə edilməsinin hüquqi əsasları,
növləri, torpaq mülkiyyətçiləri, istifadəçiləri
və kateqoriyaları üzrə bölüşdürülməsi,
torpaqların kəmiyyət xarakteristikası, habelə,
torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi
haqqında lazımi məlumat və sənədlər
sistemini əks etdirən dövlət torpaq kadastrı
yaradılmışdır.
Ulu
öndər Heydər Əliyev dövlətçilik məktəbinin
layiqli davamçısı möhtərəm cənab Prezident
İlham Əliyev də Azərbaycana rəhbərlik etdiyi
ötən 10 il ərzində
regionların və aqrar sektorun inkişafına xüsusi diqqət
yetirməkdədir.
“Azərbaycan
təkcə Bakıdan və Abşerondan ibarət deyil... Azərbaycanın
hər bir regionu inkişaf etməlidir... Kənd təsərrüfatında
aparılan islahatların ikinci mərhələsi
başlanmalıdır” - söyləyən Prezident İlham
Əliyev tərəfindən imzalanan, ölkəmizin hərtərəfli
inkişafına xidmət edən “Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı (2004-2008-ci illər)” mahiyyətcə heç də
torpaq islahatlarından geri qalmamaqla, insan amilinin yüksəlişinə
xidmət edən təkmil strategiya kimi qəbul edildi. Azərbaycan
Respublikası Prezidentinin 14 aprel 2009-cu il
tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət proqramı”, əslində
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı (2004-2008-ci illər) Dövlət
Proqramı”nın davamı kimi qiymətləndirilməlidir. Çünki bu Dövlət Proqramının vəzifələri
və regionların prioritet istiqamətlərində əsas məqsədi
ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə,
iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və
davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin
daha da yaxşılaşdırılmasına nail olmaqdan ibarətdir.
Ölkə başçısı Dövlət
proqramlarının icrası ilə əlaqədar
bütün dövlət qurumlarına müvafiq
tapşırıqlar verir, o cümlədən də DTXK-ya. DTXK-nın mütəxəssisləri
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramı (2004-2008)”nın Tədbirlər
Planına müvafiq olaraq 956156 hektar torpaq sahəsində, o
cümlədən 594964 hektar bələdiyyənin kəndətrafı
örüş sahəsində və xüsusi mülkiyyətə
verilmiş torpaq sahələrində, dövlət mülkiyyətində
olan 301865 hektar qış otlağı və 42877 hektar yay
otlağı torpaqlarında və 16450 hektar xüsusi qorunan təbiət
əraziləri torpaqlarında tədqiqat işləri
aparılmışdır.
“Azərbaycan
Respublikasında yay və qış otlaqlarının,
biçənəklərin səmərəli istifadə
olunması və səhralaşmasının
qarşısının alınmasına dair Dövlət
Proqramı”nın Tədbirlər
Planına müvafiq olaraq 1174574 hektar təbii yem sahələrinin
(yay və qış otlaqları, kiçik fermerlərin
istifadəsindəki otlaqlar)
yaxşılaşdırılmasına dair layihə-axtarış
işləri həyata keçirilmişdir.
“2008-2015-ci
illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq
məhsulları ilə etibarlı təminatına dair Dövlət
Proqramı”nın təsdiq edilməsi barədə 25 avqust
2008-ci il tarixli 3004 nömrəli Sərəncamı ölkəmizin
başçısı, möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin bir qayda olaraq, torpaq amilinə həmişə
önəm verməsinin bariz nümunəsidir. Möhtərəm
Prezidentimiz cənab İlham Əliyev böyük uzaqgörənliklə
dünyamızın gələcəkdə iqtisadi böhranla
üzləşə biləcəyini gördüyündən
zamanın axarını qabaqlayaraq Azərbaycan vətəndaşlarının
sosial-rifah halının daha da
yaxşılaşdırılması və hər hansı bir
iqtisadi böhrandan əzmlə çıxmaları məqsədilə
imzaladığı həmin Dövlət Proqramını təsdiq
edərkən, həmçinin, nəzərə
almışdır ki, ölkəmizin ərzaq təhlükəsizliyinin
təmin edilməsində torpaq ən başlıca və əvəzedilməz
amildir.
2008-2015-ci
illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq
məhsulları ilə etibarlı təminatına dair Dövlət
Proqramında xüsusi olaraq qeyd edilir ki, dövlət əhalinin
ərzaqla tam təminatını ödəmək
üçün 2015-ci il üçün dənli bitkilərin
əkin sahələrini 900 min hektara çatdırmalı və
proqramda göstərilən 2015-ci ildə 2,8
milyon ton dənli bitkilər istehsal edilməlidir. Ət
istehsalı 340 min ton, süd və süd məhsulları
istehsalı 2,4 milyon ton olmalıdır. Sənaye
üsulu ilə illik quş əti istehsalı 80 min tona, yumurta
istehsalı isə 1,3 milyard ədədə
çatdırılmalıdır.
Ölkədə
ikinci çörək kimi qəbul edilən kartof 1,12 milyon ton, tərəvəz və bostan bitkilərinin
istehsalı 1,72 milyon ton, meyvə 800 min ton olmalıdır.
Yağlı
bitkilərin əkin sahələrinin 135 min hektara, şəkər
çuğundurunun əkin sahəsini isə 20 min hektara, yem
bitkilərinin əkin sahələrini 500 min hektar olmaqla
yüksək keyfiyyətli, balanslaşdırılmış
qarışıq yem istehsalını ildə 2 milyon tona
çatdırmaq ayrı-ayrı bənd göstəriciləri
ilə bir proqram olaraq qarşıya qoyulur.
Həmin
Dövlət Proqramının Tədbirlər Planına
müvafiq olaraq 13 rayonun ərazisində 156 min 320 hektar sahədə
suvarılan torpaqların inventarlaşdırılması
işləri, 8 rayonda 197 inzibati ərazi dairəsində 264
min 700 hektar sahədə torpaqların bonitirovkası işləri,
14 rayonda 165 inzibati ərazi dairəsində 484 min 400 hektar sahədə
isə torpaqların iqtisadi qiymətləndirilməsi işlərinin
yerinə yetirilməsi, 5 rayonda 421 min 553 hektar sahədə
torpaqların şorlaşma, şorakətləşmə və
eroziyaya uğrama dərəcələrinin müəyyənləşdirilməsi
işlərinin aparılması və torpaq xəritələrinin
tərtib edilməsi, 9 rayonda 38 min 746 hektar sahədə kənd
təsərrüfatına yararlı xüsusi mülkiyyətdə
olan torpaqların istifadə vəziyyətinin müəyyən
edilməsi üçün inventarlaşdırma və xəritələşdirmə
işlərinin aparılması, Qaradağ rayonunda 186 hektar sahədə
antropogen çirklənmiş və pozulmuş torpaqlarda
topoqrafik planalma işlərinin aparılması, 10 rayonda 491
min 221 hektar sahədə qış otlağı və bələdiyyə
torpaqlarının münbitlik göstəricilərinin müəyyən
edilməsi məqsədilə irimiqyaslı torpaq tədqiqatının
və xəritələşdirmə işlərinin
aparılması və 16 rayonda 54 inzibati ərazi dairəsi
üzrə elektron torpaq-kadastr xəritələrinin tərtibi
üçün planalma işləri həyata
keçirilmişdir.
“Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Tədbirlər
Planına uyğun olaraq torpaqların texniki uçotunun
elektron formatda işlənib xəritələşdirilməsi
üzrə 26 rayonda 1 milyon 86 min nöqtədə,
torpaqların bonitirovkasının elektron formatda işlənib
xəritələşdirilməsi üzrə 27 rayon və
şəhərdə 619 min 200 hektar sahədə,
torpaqların iqtisadi qiymətləndirilməsinin elektron
variantda işlənib xəritələşdirilməsi
üzrə 28 rayonda 421 obyektdə işlər yerinə
yetirilmişdir. 4.2.8 yarımbəndinə
uyğun olaraq isə Hövsan və Binə qəsəbələrində
7 min 700 həyətyanı sahələrin özəlləşdirilməsi
üçün kompleks yerquruluşu işləri
aparılmışdır.
“2008-2015-ci
illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması
və davamlı inkişaf Dövlət Proqramı”nın “Tədbirlər
Planı”na uyğun olaraq 12 rayonda 231 min 392 hektar sahədə
qış otlağı və kəndətrafı
örüş sahələrində irimiqyaslı geobotaniki tədqiqat
və xəritələşdirmə işləri həyata
keçirilmişdir.
Ölkədə
üzümçülüyün inkişaf etdirilməsi,
aqrar sahənin gəlirliliyinin və ixracat potensialının
artırılması, kənd əhalisinin maddi rifahının
yüksəldilməsi məqsədi ilə 15 dekabr 2011-ci il (¹ 1890) tarixində ölkə
başçısı tərəfindən “2012-2020-ci illərdə
Azərbaycan Respublikasında
üzümçülüyün inkişafına dair Dövlət
Proqramı” təsdiq edilmişdir. Bu Proqramda
üzümçülüyün inkişafı ilə əlaqədar
yeni üzüm plantasiyalarının salınması, istehsal
olunmuş üzüm məhsullarının
vaxtlı-vaxtında tədarükü və s. ilə əlaqədar
müvafiq qurumlara tapşırıqlar verilmişdir.
Üzüm istehsalı üçün ölkəmizin əlverişli
təbii-iqlim şəraiti, üzümün digər
bitkiçilik məhsullarına nisbətən yüksək
iqtisadi səmərəliliyi, keyfiyyətli süfrə (o
cümlədən kişmiş) və texniki üzüm
sortlarına olan daxili tələbatın yerli istehsal
hesabına ödənilməsi, həmçinin, qonşu və
digər ölkələrin bazalarında yüksək keyfiyyətli
ekoloji təmiz süfrə üzümünə, şərab
və digər üzüm emalı məhsullarına olan
yüksək tələbat üzümçülüyün
daha da inkişaf etdirilməsini zəruri edir. Məhz
buna görə də, Dövlət Proqramında Azərbaycanda
üzümçülüyün inkişaf etdirilməsi
prioritet vəzifə kimi qarşıya qoyulmuşdur. Dövlət Proqramına uyğun olaraq 2012-2020-ci illərdə
50 min hektar yeni üzüm sahəsi salınması nəzərdə
tutulur. 2020-ci ildə təxminən ölkəmizdə
455 min ton üzüm istehsal olunacaq.
Xüsusi olaraq qeyd edilməlidir ki,
üzümçülük və şərabçılıq
aqrar-sənaye sahələri arasında xüsusi yer tutmaqla, əlavə
dəyər yaradılması və iqtisadi səmərəlilik
baxımından ölkə iqtisadiyyatı üçün
mühüm əhəmiyyət kəsb edir. Üzüm digər kənd
təsərrüfatı məhsulları arasında hər 100
hektar torpaq sahəsi üzrə yeni yaradılan iş yerlərinin
sayına və ümumi məhsul istehsalına görə ən
yüksək göstəriciyə malik olan texniki bitkilərdən
biridir. Bununla belə,
üzümçülük kənd təsərrüfatı
istehsalının ən çox kapital tələb edən sahəsidir.
Prezident
İlham Əliyevin həyata keçirdiyi islahatların ən
böyük özəlliklərindən biri də onların
ciddi elmi bazaya söykənməsi və müvafiq sahələrdə
elmi tədqiqatların inkişaf etdirilməsidir
Son 10 ildə cənab İlham Əliyevin həyata
keçirdiyi islahatların ən böyük özəlliklərindən
biri də onların ciddi elmi bazaya söykənməsi və
müvafiq sahələrdə elmi tədqiqatların inkişaf
etdirilməsidir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm
cənab İlham Əliyevin “Azərbaycanda aqrar sahədə
idarəçiliyin təkmilləşdirilməsi və aqrar
elmin inkişaf etdirilməsi ilə bağlı Xüsusi
Komissiyanın yaradılması barədə” 03 may 2011-ci il
tarixli 1487 nömrəli Sərəncamı da mövcud problemlərin
elmi əsaslarla həllinə yönəlmiş tədbirlərin
həyata keçirilməsini zəruri etmiş və bu məqsədlə
Azərbaycan Milli Elmlər Akademiyasında Aqrar Bölməsinin
yaradılması vacib hesab edilmişdir. Aqrar sahədə
idarəetmənin təkmilləşdirilməsi barədəki
həmin Sərəncam ölkə Prezidentinin tamamilə elmi əsaslara
söykənən müasir aqrar sahənin inkişafına
göstərdiyi yüksək diqqət və
qayğısından irəli gəlmişdir.
Azərbaycan
Respublikası Prezidentinin 17 yanvar 2011-ci il
tarixli, 369 nömrəli Fərmanının icrası ilə əlaqədar
olaraq, AMEA-nın Rəyasət Heyətinin 16 sentyabr 2011-ci il
tarixli 17/3 nömrəli qərarı ilə AMEA-nın
strukturunda Aqrar Elmlər Bölməsi
yaradılmışdır. Bölməyə
daxil olmayan 16 aqrar tədqiqat və təhsil müəssisəsində
aparılan elmi tədqiqat fəaliyyətlərinin də
koordinasiyası Aqrar Elmlər Bölməsinə
tapşırılmışdır.
“Azərbaycanda
aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi
və aqrar elmin inkişaf etdirilməsi ilə bağlı
Xüsusi Komissiyanın yaradılması barədə” Azərbaycan
Respublikası Prezidentinin 03 may 2011-ci il tarixli 1487 nömrəli
Sərəncamının 2-ci bəndinin icrasının təmin
edilməsi məqsədilə aqrar sahədə idarəçiliyin
təkmilləşdirilməsi və aqrar elmin inkişaf
etdirilməsi məsələləri üzrə
yaradılmış Komissiya müvafiq təkliflər
hazırlamış və ölkə rəhbərliyinə təqdim
etmişdir.
Nəzərə almaq lazımdır ki, müasir torpaq
inzibatçılığı sistemi torpaq mülkiyyətçiliyinin
müəyyənləşdirilməsi ilə yanaşı,
torpaqların qiymətləndirilməsi, torpaqlardan istifadə
və onların mühafizəsi kimi funksiyaları da əhatə
etməlidir. Beləliklə, qarşıda duran vəzifələr
2003-2013-cü illərdə Prezident İlham Əliyev tərəfindən
aparılmış uğurlu islahatlarla müəyyənləşdirilmiş
torpaq islahatından torpaq inzibatçılığına
keçid strateji inkişaf vektoru ilə təyin olunmuşdur.
Heç şübhəsiz ki, ölkəmizdə cənab
Prezident İlham Əliyevin rəhbərliyi altında əldə
edilən hər bir uğurun əsası Ulu öndərimiz
Heydər Əliyevin ölməz ideyalarından güc
alır.
Bu gün ölkəmizin vətəndaşları ilə
yanaşı, bütün dünya azərbaycanlıları
Ulu öndərimizin nəsillərə ərməğan
etdiyi sərvətdən, mənəvi irsdən, uzaqgörən
siyasətdən bəhrələnir. Bu gün bütün
dünya azərbaycanlıları Ulu öndərimiz Heydər
Əliyevi xüsusi ürək coşğunluğu ilə yad
edir. Çünki hər bir azərbaycanlının
taleyində Heydər Əliyev həqiqəti yaşayır və
həmişə də yaşayacaqdır!
Qərib MƏmmƏdov,
Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin sədri, akademik
Yeni Azərbaycan.-
2013.- 7 dekabr.- S.4.