Ümummilli lider Heydər
Əliyev axıska türklərinə daim
diqqət və qayğı göstərib
Rasim Bayraqdarov:
Heydər Əliyev unudulmaz şəxsiyyətdir
və Onun bizə göstərdiyi
qayğını heç vaxt
unutmarıq
Məlum olduğu kimi, dekabrın 12-də Ümummilli liderimiz Heydər Əliyevin dünyasını dəyişməsinin 10 ili tamam olur. Ötən 10 il ərzində Ulu öndər cismən aramızda olmasa da, Onun nurlu ideyaları daim yaşayır, xalqımız bu ideyalardan həmişə bəhrələnir. Eyni zamanda, qeyd etmək yerinə düşər ki, bir çox insanların Ulu öndər Heydər Əliyev haqqında gözəl xatirələri var. Belə insanların biri də, Saatlı rayonu, Nəsimikənd kəndində yaşayan, 30 ilə yaxın kolxoz sədri işləmiş, zəhmət adamı, hal-hazırda axıska türklərinin ağsaqqalı olan Rasim Rəfət oğlu Bayraqdarovdur. Rasim Bayraqdarovla Ulu öndərin anım günü ərəfəsində görüşdük və o, Heydər Əliyev haqqında xatirələrini bizimlə bölüşdü.
Məlumat üçün bildirək ki, R.Bayraqdarov 1933-cü ilin noyabrında Gürcüstanda dünyaya gəlib. 1944-cü ildə Gürcüstandan Orta Asiya respublikalarına deportasiya edilənlər içərisində onun da ailəsi olub. Buna baxmayaraq, o vaxtkı SSRİ rəhbərliyinə müraciətlərdən sonra, 1958-ci ildə bir çox axıska türkləri Gürcüstana olmasa da, Azərbaycana pənah gətiriblər. Bu ailələrin arasında R.Bayraqdarovun ailəsi də olub. Beləliklə, indiki Saatlı rayonun ərazisində (Saatlı rayonu 1963-cü ildə yaradılıb) həmin ildən axıska türklərinin kəndləri və kolxozları yaradılıb. R.Bayraqdarov 6 kolxozun melaratoru kimi fəaliyyətə başlayıb və bu müddətdə əməksevərliyi, bacarığı ilə özünə böyük hörmət qazanıb. Məhz bu əməksevərliyin nəticəsində də onu 1968-ci ildə “XIX partiya qurultayı” adına kolxoza sədr təyin ediblər. R.Bayraqdarov deyir ki, o zamanlar vəziyyət çox çətin idi. Çünki texnikanın yoxluğu şəraitində səmərəli fəaliyyət göstərmək çətin idi. Üstəlik, bu zonada torpaqların şoran olması da bol məhsul əldə etməyi mürəkkəbləşdirirdi. Buna baxmayaraq, o, ətrafına kadrlar toplayaraq həmin kolxozun inkişafı üçün fəaliyyətə başlayıb.
Həmsöhbətimiz onu da bildirib ki, 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyev aqrar sahənin inkişafına xüsusi diqqət yetirməyə başladı: “Eyni zamanda, O, hakimiyyətə gələn kimi dərhal axıska türklərinin vəziyyəti, onların həyat şəraiti ilə maraqlandı. Çünki Saatlı rayonunda yaşayan bu insanların vəziyyəti narahatlıq doğururdu. Müəyyən problemlər səbəbindən camaatımız başqa rayonlara köçüb gedirdilər”.
R.Bayraqdarovun fəaliyyəti haqqında respublika rəhbəri Heydər Əliyevə məlumat verilir. Onun zəhmətini qiymətləndirən Ulu öndər bu zəhmətkeş kənd təsərrüfatı işçisinin öz bilik və bacarığını artırması üçün ali təhsil müəssisələrinin birinə göndərilməsini tapşırır. Beləliklə, R.Bayraqdarov Qırğızıstan Kənd Təsərrüfatı İnstitutunun iqtisadiyyat fakültəsinə qəbul olunur və burada qiyabi təhsil alır. “Mən bu qayğısına görə Heydər Əliyevə teleqram vuraraq minnətdarlığımı bildirdim. Yazdım ki, “mən atasız böyümüşəm, atam 1943-cü ildə müharibədə həlak olub. Mənə atalıq qayğısı göstərən olmamışdı. Amma Siz mənə atalıq qayğısı göstərdiniz” - deyə, R.Bayraqdarov qeyd edib.
R.Bayraqdarovun həyatında ən yaddaqalan hadisələrdən biri də 1970-ci ildə Ağcabədi rayonunda keçirilən zona müşavirəsi olub: “Həmin müşavirəyə mən də dəvət olunmuşdum. Müşavirənin keçiriləcəyi sarayın qarşısında dayanmışdıq. Bu zaman bir qara “Volqa” gəldi. Maşının önündə təxminən 10 yaşında olan uşaq, arxa oturacaqlarda isə respublikanın rəhbəri Heydər Əliyevlə, Ağcabədi rayonu partiya komitəsinin birinci katibi əyləşmişdi. Maşından düşəndə Heydər Əliyev həmin uşağa bizi göstərərək “bu insanlarla görüş” dedi. Mən onda bildim ki, bu uşaq Heydər Əliyevin oğlu İlhamdır. Mən ilk dəfə İlham Əliyevlə Onun 10 yaşı olanda görüşmüşəm. Müşavirədən evə qayıdanda ailəmdə oğul övladımın dünyaya gəldiyini gördüm. Mən bu oğlumun adını İlham qoydum. Həmin oğlum İlham Tibb Universitetində təhsil alaraq bu gün kəndimizin xəstəxanasının baş həkimi kimi insanların sağlamlığına xidmət edir”.
R.Bayraqdarovun Ulu öndər Heydər Əliyevlə növbəti görüşü isə 1974-cü ilin avqust ayında olub. Həmin il Saatlı rayonuna səfər edən respublika rəhbəri təsərrüfat işləri ilə yaxından maraqlanıb. Bu rayona səfəri çərçivəsində Heydər Əliyev R.Bayraqdarovun sədrlik etdiyi kolxoza da baş çəkib. Həmsöhbətimiz həmin görüşü belə xatırlayır: “Heydər Əliyevlə pambıq sahəsində görüşdük. Respublika rəhbəri kolxozçularla görüşmək istədiyini dedi. Ulu öndər kolxozçularla söhbətində işlərin gedişi ilə maraqlandı, öz tövsiyələrini verdi. Söhbət əsnasında O, kiminsə xahişinin olub-olmadığını soruşdu. Türk qızlarından biri belə xahiş etdi: “Yoldaş Əliyev, xahiş edirəm burada bizim kolxozun sədri ilə duz-çörək kəsin”. Heydər Əliyevin həmin kolxozçuya cavabı isə belə oldu: “Qızım, mən gözləyirdim ki, məndən nəsə şəxsi xahiş edəcəksən. Amma bu təklifinlə sən qonaqpərvərliyini göstərdin. Bu sahə düşərgəsində biz duz-çörək kəsib gedəcəyik”. Beləliklə, biz elə pambıq sahəsində duz-çörək kəsdik, biz duz çörək dostu olduq. Görüşümüz zamanı Ulu öndər mənə işlərimizlə bağlı çoxlu suallar, tövsiyə və tapşırıqlarını verdi. Hətta mənə instituta qəbul olunandan sonra Ona göndərdiyim teleqramı aldığını da xatırlatdı. Ulu öndər Heydər Əliyev səfəri çərçivəsində, eləcə də kənd camaatı ilə görüşdü”.
“XIX partiya qurultayı” adına kolxoza uğurla rəhbərlik edən R.Bayraqdarov 1976-cı ildə rayonun “Adıgün” kolxozuna sədr seçilir. Hansı ki, bu kolxoza onun əmisi, Sosialist Əməyi Qəhrəmanı Mövlud Bayraqdarov rəhbərlik edirdi. Amma 82 yaşlı M.Bayraqdarov öz ərizəsi ilə işdən azad olunur. Məhz respublika rəhbəri Heydər Əliyevin tövsiyəsi ilə R.Bayraqdarov “Adıgün” kolxozuna yeni sədr təyin olunur. O, bu kolxoza 1996-cı ilədək rəhbərlik edir. Burada da rəhbər işlədiyi dövrdə R.Bayraqdarov həmin kəndin inkişafı üçün çox çalışır. Bunun nəticəsində də kəndin bir sıra sosial problemləri həll olunur, eləcə də, kənd təsərrüfatında yüksək nəticələr əldə edilir.
“Adıgün”ə rəhbərliyi dövründə R.Bayraqdarov gənclərin sağlam ruhda tərbiyə olunaraq böyüməsi üçün də zəruri tədbirlər görüb. O deyir ki, gəncləri zərərli işlərdən çəkindirmək üçün kənddə uşaq-idman məktəbi yaradıb: “Kəndimizdə uşaq-idman məktəbinin açılması ilə bağlı respublika rəhbəri Heydər Əliyevə müraciət olundu. Müəyyən vəzifəli şəxslər gəlib şəraitə baxandan sonra məktəbin açılmasına qərar verildi. Uzun müddət bu məktəb fəaliyyət göstərdi. Bu məktəb 1 SSRİ idman ustası, 15 nəfər də idman utsalığına namizədlər yetişdirdi. Burada gənclərin sağlam ruhda böyüməsi üçün bütün imkanlar yaradılmışdı”.
Bunun ardınca isə R.Bayraqdarov Ulu öndər Heydər Əliyevdən həmin kolxozda Mədəniyyət Evinin yaradılması ilə bağlı da xahiş edir. Beləcə, Heydər Əliyevin xeyir-duası ilə “Adıgün”də Mədəniyyət Evi açılır və burada “Azsaylı xalqların folklor ansamblı” yaradılır. Bu ansamblın sədası isə Moskvaya qədər gedib çıxır. Bir gün SSRİ-nin mərkəzi televiziyasından R.Bayraqdarova məktub gəlir. Məktubda bu ansamblın Moskvaya dəvət olunduğu bildirilir. Yenə də məhz Ulu öndərin köməkliyi ilə R.Bayraqdarov 33 nəfərdən ibarət ansamblı Moskvaya göndərir və “Saatlı axıska türklərinin ansamblı” adı altında müxtəlif proqramlarda çıxış edir. Bu ansamblın çıxışı o zaman ittifaqda geniş əks-səda doğurur.
Beləliklə, aqrar sahədə böyük nəticələr əldə edən və bununla da rayonda nüfuz qazanan R.Bayraqdarov 1990-cı il parlament seçkilərində Saatlı rayonundan deputat seçilir. Artıq o zaman Ulu öndər Heydər Əliyev heç bir vəzifədə deyildi, amma Naxçıvan MR-dan Azərbaycan Ali Sovetinə deputat seçilmişdi. R.Bayraqdarovun Ulu öndərimizlə növbəti görüşü parlamentdə olur. Həmsöhbətimiz deyir ki, Heydər Əliyev heç bir təzyiqdən çəkinməyərək parlamentdə cəsarətli çıxışlar edirdi: “Bu da o zamankı rəhbərliyin xoşuna gəlmirdi. Buna görə də, öyrədilmiş adamlar Ona qarşı çıxışlar edirdilər. Həmin iclaslardan birində fasilə zamanı mən Heydər Əliyevə yaxınlaşıb görüşdüm, O, tək dayanmışdı. Məni görəndə “Adıgün” necəsən?”, deyə soruşdu. Dedi ki, burdakı adamların böyük əksəriyyəti mənim kadrlarımdır, amma mənə yaxınlaşa bilmirlər. Bəs sən qorxmursan? Mən də dedim ki, “mənim bir vəzifəm var, kolxoz sədri, bu vəzifəmdən çıxarmaq istəyirlər, çıxarsınlar”. Ulu öndər dedi ki, burada kameralar var ki, mənimlə görüşənləri çəkir, səni də çəkdilər. Doğrudur, Ulu öndərimizə qarşı haqsız təzyiqlər olurdu o zaman. Amma zaman göstərdi ki, bu şəxsiyyətə böhtan yapışmaz. Məhz xalqın tələbi ilə 1993-cü ilin iyun ayında Heydər Əliyev hakimiyyətə qayıtdı”.
R.Bayraqdarov bildirib ki, Ulu öndər Heydər Əliyevlə növbəti görüşü 1994-cü il avqustun 18-də respublikanın kənd təsərrüfatında yarım ilin yekunlarına və islahatların gedişinə həsr olunmuş müşavirədə olub. Həmin müşavirəyə dəvət olunan Bayraqdarov ölkə rəhbəri Heydər Əliyevin qarşısında çıxış edib. Ulu öndər ondan aqrar islahatlar barədə fikirlərini soruşub.
R.Bayraqdarov deyib ki, Ulu öndər Heydər Əliyevin axıska türklərinə qayğısı misilsizdir. Ailəsinin doğma torpaqlardan sürgün olunduğunu, ağır günlər keçirdiklərini deyən həmsöhbətimiz Azərbaycanın onlara qucaq açdığını xüsusi vurğulayıb: “Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə isə axıska türklərinə diqqət və qayğı daha da artdı. O mütəmadi olaraq bizim vəziyyətimizlə maraqlanırdı və yuxarıda dediklərim buna sübutdur. Ulu öndərimizin digər bir xidməti bizim gənclərin ali təhsil alması ilə bağlı idi. Görüşlərimizin birində mən Heydər Əliyevə dedim ki, bizim gənclərimiz gedib Orta Asiya respublikalarında ali təhsil alır və orada qalıb işləyirlər. Bu da axıska türklərinin burada sayının azalmasına səbəb olur. Heydər Əliyev rayon rəhbərlərinə göstəriş verdi ki, axıska türklərinin gənclərini ali təhsil almaq üçün göndərişlə ali məktəblərə göndərsinlər. Bunun nəticəsində, 1982-ci ilə qədər 167 nəfər axıska türkü Saatlı rayonundan ali məktəblərə qəbul olundu. Amma respublika üzrə onların sayı 300 nəfər idi. Bu qədər insan ali təhsil aldıqdan sonra respublikanın müxtəlif sahələrində çalışıb öz xidmətlərini göstərdilər. Ona görə də, hesab edirəm ki, bizim yediyimiz çörək Heydər Əliyevin çörəyidir. Biz axıska türkləri Onu heç vaxt unutmayacağıq, əziz xatirəsini daim yüksək tutacağıq”.
Hazırda 7 övladı, 25 nəvəsi və 15 nəticəsi olan R.Bayraqdarov sonda bildirib ki, bu gün Prezident İlham Əliyev Heydər Əliyev yolunu uğurla davam etdirir. Onun sözlərinə görə, bu siyasət nəticəsində Azərbaycan 10 il ərzində böyük inkişaf yolu keçib: “Biz inanırıq ki, ölkəmizin uğurları bundan sonra da davam edəcək. Azərbaycanın inkişafı naminə cənab İlham Əliyevə və Onun ailəsinə uğurlar arzulayıram”.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2013.- 10 dekabr.- S.7.