GÖRKƏMLİ ALİM VƏ MAHİR PEDAQOQ

 

Yüksək elmli, zəkalı insanlar tarixən cəmiyyətin inkişafında və yeni nəslin tərbiyəsində mühüm rol oynayır, ona görə də, hamı tərəfindən sevilir, yaddaşlara əbədi həkk olunurlar. Belə şəxsiyyətlər yüksək zirvəni əməksevərliyi, fitri istedadı, öz bilik və qabiliyyəti hesabına fəth edirlər. Belə insanlara bitib-tükənməyən örnək məktəbi demək olar. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Aqil Əlirza oğlu Əliyev belə şəxsiyyətlərdən idi. Bu gün görkəmli alimin elmdə açdığı yolla gedənlərin, onun irsindən bəhrələnənlərin sayı durmadan artır.

Görkəmli alim Aqil Əliyev sıravi müəllimlikdən AMEA-nın müxbir üzvlüyünə qədər yüksəlmiş, respublikanın fəxri adlarına layiq görülmüş, elmi fəaliyyətinə ölkə rəhbərliyi tərəfindən yüksək qiymət verilmişdir. Uzun müddət Azərbaycan Tibb İnstitutunun (hazırda Azərbaycan Tibb Universiteti) “Siyasi iqtisad” kafedrasına rəhbərlik etmiş bu alim, tədris işinin təkmilləşdirilməsində böyük işlər görmüş və elmi-tədqiqatların gücləndirilməsində misilsiz xidmətlər göstərmişdir. O, ilk dəfə səhiyyənin iqtisadi problemlərini tədqiq etmişdir.

Aqil Əliyev 1996-cı ildən Beynəlxalq Ekoenerji Akademiyasının “Azərbaycan” bölməsinin akademiki idi. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir, 2003-cü ildə Beynəlxalq Menecment Akademiyasının həqiqi üzvü seçilmişdir.

Görkəmli alim fədakar əməyinə, elmipedaqoji fəaliyyətinə görə 1976-cı ildə “Qırmızı Əmək Bayrağı” ordeni, 1982-ci ildə “Əməkdar elm xadimi” fəxri adına, 2000-ci ildə “Şöhrət” ordeninə və digər ali mükafatlara layiq görülmüşdür. 2006-cı ildə Beynəlxalq İqtisadçılar İttifaqının üzvü seçilmişdir.

Aqil Əliyev ömrünün ən məhsuldar illərini Azərbaycan Tibb Universiteti ilə bağlamış, burada respublikanın həkimlər ordusunun yetişdirilməsində yaxından iştirak etmiş, tibbi kadrların hazırlanmasında mühüm xidmətlər göstərmişdir. Nəcib və xeyirxah insan kimi, o, bu təhsil ocağının professor-müəllim və tələbə heyətinin tükənməz rəğbətini qazanmışdır.

Görkəmli alimin 200-ə qədər elmi əsəri, o cümlədən 30-dan artıq monoqrafiya və dərslikləri işıq üzü görmüşdür. Onun iri həcmli kitabları və monoqrafiyaları, elmi-tədqiqat işlərinin nəticələri ölkə elminə bir sıra yeniliklər gətirmişdir. Professor hələ XX əsrin 70-ci illərində respublika əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılmasını, xalq istehlakının artırılmasının zəruriliyini, məhsul və xidmətlərin yaxşılaşdırılmasını öz tədqiqatlarında ön plana çəkmiş və dəyərli təkliflər irəli sürmüşdür.

Aqil Əliyevin respublika əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılmasına həsr olunmuş və müxtəlif dillərdə nəşr edilmiş monoqrafiyaları elmi ictimaiyyətdə böyük maraq doğurmuş, şəxsi istehlakın inkişafı problemləri öyrənilmiş, istehsalla istehlak arasında qarşılıqlı əlaqə dərindən tədqiq edilmişdir. Zəngin statistikaya, konkret materiallara əsaslanan müəllif, burada əhalinin həyat səviyyəsinin yüksəldilməsi imkanlarını aşkarlamış, maliyyə və təchizat tənzimlənməsi problemlərinə xüsusi diqqət yetirmişdir.

Alim iqtisadi inkişaf ilə əhalinin gəlirləri arasındakı əlaqələri təhlil edərək, elmipraktiki əhəmiyyətə malik nəticələr əldə etmişdir. Bütün bunlar isə elə indinin özündə də sosial sahələrin inkişafını, istehlakın yaxşılaşdırılmasını, onun strukturunun təkmilləşdirilməsini düzgün istiqamətləndirməyə kömək edir.

Aqil Əliyev tədqiqatlarının orijinallığına görə də fərqlənən alimlərdən olmuşdur. O, ilk dəfə olaraq respublikada səhiyyənin iqtisadi problemlərini tədqiq etmiş, bu sahənin inkişafının ictimai istehsalla uzlaşdırılması və səmərəliliyinin artırılması, onun qalıq prinsipi əsasında maliyyələşdirilməsindən imtina edilməsi fikrini irəli sürmüşdür.

Aqil Əliyev Azərbaycanda bir sıra elmi proqramların işlənib hazırlanmasında iştirak etmiş, “Əhalinin sağlamlığının qorunması” komissiyasının sədri olmuşdur. Görkəmli alim respublikada məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi sxeminin müəlliflərindən biri idi. Onun apardığı tədqiqatlar xaricdə, xüsusilə, MDB məkanında tanınır və yüksək qiymətləndirilir. Rusiya, Çexiya, Slovakiya alimləri öz məqalələrində Aqil Əliyevin əsərlərinə istinad edirlər. O, respublikada və dünyanın bir çox ölkələrində keçirilən elmi simpoziumlardakonfranslarda maraqlı məruzələrlə çıxış etmişdir.

Alimin “Azərbaycanda bazar münasibətlərinə keçid şəraitində əhalinin müdafiəsi problemləri”, “Azərbaycan ərzaq təhlükəsizliyinin təmin edilməsi yollarında” əsərləri Almaniyada və İngiltərədə nəşr edilmişdir.

Aqil Əliyev Azərbaycanda həyata keçirilən demokratik dövlət quruculuğu prosesində ictimai xadim kimi də fəal iştirak etmiş, əsl ziyalı və vətəndaş məsuliyyəti ilə bu proseslərə öz münasibətini bildirmişelmi araşdırmaları ilə ölkəyə töhfələrini vermişdir. Onun elmi tədqiqatları bir çox proqramların hazırlanmasında və uğurlu nəticələrin əldə olunmasında mühüm rol oynamışdır.

Alimin orijinallığına və əhəmiyyətinə görə böyük maraq doğuran “Azərbaycanın sosial inkişafında islahatların rolu” əsəri Təhsil Nazirliyi tərəfindən dəyərli dərs vəsaiti kimi təsdiq edilmişdir. Eyni sözləri professorun “Azərbaycanda bazar münasibətləri şəraitində əhalinin sosial problemləri” əsəri barədə də demək olar. Bundan başqa, alimin “Azərbaycanın sosial-iqtisadi inkişafında islahatların rolu”, “İpək yolunun bərpası - bəşəriyyətin tərəqqi yoludur”, “Naxçıvan Muxtar Respublikası: nailiyyətlər və problemlər” adlı monoqrafiyalarında keçid dövründə reallaşdırılan islahatların verdiyi bəhrələr ümumiləşdirilmiş və elmi-praktik əhəmiyyətli nəticələr çıxarılmışdır. Onun “Azərbaycanda əhalinin həyat səviyyəsinin yüksəldilməsinin aktual problemləri” adlı monoqrafiyası isə elmi sanbalı və zənginliyi baxımından xüsusi vurğulanmalıdır. Təkcə bazar iqtisadiyyatına keçid şəraitində Aqil müəllimin 80 elmi əsəri çap olunmuşdur ki, onlardanMenecment”, “İnvestisiyainnovasiya” adlı kitablarını xüsusi vurğulamaq lazımdır. Burada bazar iqtisadiyyatı şəraitində ölkədə aparılan iqtisadi islahatlar nəticəsində keyfiyyət dəyişikliklərinin əldə olunması, investisiya və innovasiyaların iqtisadiyyatın bütün sahələrində tətbiqinin ölkədə iqtisadi artımın sürətlənməsinə və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına təsiri məsələləri araşdırılmışdır.

Görkəmli alimin əsas elmi nailiyyətləri sosial-iqtisadi problemlər, bilavasitə əhalinin həyat səviyyəsinin yüksəldilməsi, şəhər və kənd əhalisinin bir-birinə yaxınlaşması, bazar iqtisadiyyatı şəraitində iqtisadi nəzəriyyə, ərzaq, şəxsi istehlak, təchizat, səhiyyənin iqtisadi problemlərinin tədqiqi və sairə ilə bağlı idi.

Respublikada fəaliyyət göstərən müdafiə şuralarının üzvü olan Aqil Əliyev yüksək ixtisaslı elmi kadrların hazırlanmasında da fəal iştirak edirdi. Onun rəhbərliyi altında 4 iqtisad elmləri doktoru və 6 elmlər namizədi hazırlanmış, yüzlərlə müdafiə işinin opponenti olmuşdur. İndi bu kadrların çoxu iqtisadiyyatın müxtəlif sahələrində rəhbər və pedaqoji işlərdə çalışırlar. Aqil müəllim öz yetirmələrinə hörmətlə, həm də böyük tələbkarlıqla yanaşırdı. Ona görə də, alimin rəhbərliyi altında müdafiə olunmuş dissertasiyalar yüksək elmi-nəzəri səviyyəsi və praktiki əhəmiyyəti ilə seçilirdi. Aqil Əliyev görkəmli alim olmaqla yanaşı, həm də təcrübəli pedaqoq idi. Elmi diskussiyalarda prinsipial və kəskin mövqeyi ilə həmişə seçilirdi. Tələbələrini elmli və savadlı görmək onun yeganə idealı idi. Aqil müəllimin yetirmələri həmişə xeyirxah rəhbərlərinin qayğısını öz üzərlərində hiss etmişlər.

Aqil Əliyevin yetirmələrinin sırasına daxil olmaq bizə də nəsib olmuşdur. Görkəmli və müdrik alimin rəhbərliyi altında doktorluq işinin yazılmasında və müdafiəsində onun dəyərli elmi məsləhətlərindən həmişə bəhrələnmişik.

Aqil Əliyevin həyat və tale kitabını vərəqlədikcə onun nəcib bir insan, görkəmli alim, mahir pedaqoq, həm də xalqını, vətənini, elini, yurdunu dərin məhəbbətlə sevən bir şəxsiyyət olduğunu görürük.

Hazırda elmin müxtəlif zirvələrinə çatmış alim kimi biz - onun yetirmələri, üzərimizdə bu fədakar insanın böyük əməyini hiss edirik. Görkəmli alimin bütün keyfiyyətləri hər zaman gənclərin elmi işlərə cəlb olunması və onların əsl tədqiqatçı, ən əsası isə şəxsiyyət kimi yetişməsi üçün mühüm amil olmuşdur.

Aqil Əliyev xatirələrdə əbədi yaşamaq qüdrətinə malik olan bir şəxsiyyətdir. Onun xatirəsi qəlbimizdə daima yaşayacaqdır.

 

Natiq QASIMOV,

iqtisad elmləri doktoru, professor

Rəna SULTANOVA,

iqtisad elmləri doktoru, professor

 Yeni Azərbaycan.- 2013.- 10 dekabr.- S.6.