Milyonlarla dünya azərbaycanlılarının
qürur mənbəyi
Ümummilli lider Heydər Əliyevin vətəninə, xalqına tükənməz sevgisi hər kəsə daim örnək olacaq
Azərbaycan geridə qalmış respublikadan çiçəklənən, inkişaf edən bir diyara çevrildi
Bu gün böyük fəxr və qətiyyətlə qeyd edirik ki, müstəqil, qüdrətli, müasir Azərbaycan Ulu öndər Heydər Əliyevin şah əsəridir. Tariximizin bu səhifəsini vərəqləmədən öncə dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə gördüyü işlərə, onların bazası əsasında müstəqillik tariximizdə həyata keçirilən tədbirlərə diqqət yetirməliyik.
Ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə gələcəkdə Azərbaycanı müstəqil dövlət kimi görmək istəyindən irəli gələn addımlarının miqyası geniş idi. Azərbaycanlı gənclərin keçmiş ittifaqın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, müstəqil dövlətin qarantı olan ordu üçün hərbi kadrların yetişdirilməsi məqsədilə böyük səyləri nəticəsində C.Naxçıvanski adına hərbi liseyi yaratması və s. addımlar bu məqsədə xidmət edirdi. Ən əsası Ulu öndər Heydər Əliyev hər bir ölkənin inkişafında əsas faktor olan iqtisadi tərəqqini düşünərək, 1969-1982-ci illərdə uğurlu siyasəti ilə ölkəmizi geridə qalmış respublikadan çiçəklənən, inkişaf edən bir diyara çevirdi. Ən böyük sənaye obyektlərinin tikilib istifadəyə verilməsi, sosial infrastrukturun formalaşması və digər istiqamətlərdə əldə olunan uğurlar Ümummilli lider Heydər Əliyevin əzmkar fəaliyyətinin nəticəsidir. Azərbaycanın 22 illik müstəqillik tarixində qazandığı uğurlar məhz həmin dövrdə formalaşan möhkəm bazaya əsaslanır.
Azərbaycanın dövlət müstəqilliyi tarixi nailiyyətimizdir
Sovetlər birliyi dövründə ölkəmizi qabaqcıl respublikalar sırasına çıxaran Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı dövlətçilik tarixinin yeni mərhələsinin, müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu. Müstəqilliyimizin ilk illərində Azərbaycanın yaşadığı ağır durum yaddaşlardadır. Xaos, anarxiya, özbaşınalıq o illərin xarakterik cəhətləridir. Xalq sabaha ümidini itirmişdi. Azərbaycanın bir dövlət olaraq varlığı sual altında idi. Belə çətin dövrdə xalq ayağa qalxdı, dahi şəxsiyyət Heydər Əliyevi təkidlə hakimiyyətə dəvət etdi. Daim dövləti, xalqı üçün yaşayan, bütün ömrünü vətəninin, xalqının, ölkəsinin gələcəyinə həsr edən Ulu öndər Heydər Əliyev ölkənin, xalqın bu ağır durumuna biganə qalmadı, xalqın səsinə səs verdi, hakimiyyətə qayıdışı ilə sabaha ümid yaratdı. “Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır” söyləyən Ümummilli lider Heydər Əliyev bu məqsədə nail olmaq üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını müqəddəs Azərbaycan qayəsi ətrafında birliyə çağırdı. Bir sözlə, müstəqil, iqtisadi cəhətdən qüdrətli, vahid, dünya birliyinin tanıyıb, hörmət etdiyi Azərbaycan kimi bir dövləti yaratmaq xilaskar olaraq Ulu öndər Heydər Əliyevə nəsib oldu. Azərbaycan xalqının yüksək səviyyədə qeyd etdiyi bayramları sırasına 15 iyun-Milli Qurtuluş Gününün daxil olması təbii ki, səbəbsiz deyil. Bu tarix bir daha Azərbaycan dövlətinin, xalqının həmin illərin çətinliklərindən, ağır durumundan qurtuluş günü oldu. Həmin tarix bugünkü uğurlarımızın başlanğıc nöqtəsi, müstəqilliyimizin əbədiliyinin, dönməzliyinin ən yüksək səviyyədə qeyd olunduğu gün oldu.
“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”
Dahi şəxsiyyət demokratikləşmə prosesinin iqtisadi inkişafda rolunu daim önə çəkirdi. Bu fikirdə daim bildirilirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. İqtisadi tərəqqi digər sahələrin inkişafı üçün əsasdır. Müstəqillik əldə etdikdən sonra öz sərvətlərinin tam sahibi olan Azərbaycan xalqının gələcəyini düşünən və ölkənin iqtisadi inkişafı üçün ən səmərəli yollar axtaran Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin əsasında neft amilindən istifadə etməklə Azərbaycanın dünya iqtisadi bazarına inteqrasiyası kimi önəmli məsələ dayanırdı. Neft strategiyasını müəyyənləşdirməklə Azərbaycanın tarixində yeni bir mərhələnin başlanğıcı qoyuldu.
Neft strategiyasının əsasını təşkil edən Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarından səmərəli istifadə, xarici ölkələrin tanınmış neft şirkətləri ilə birgə fəaliyyətə əsaslanan, neft və təbii qaz hasilatının artırılmasını təmin edən yeni yataqların kəşf olunub birgə işlənməsi istiqamətində görülən işlər miqyasına və geosiyasi əhəmiyyətinə görə yeni mərhələlər üzrə davam etdirilirdi. Təbii ehtiyatların xalqa məxsusluğunu sözdə deyil, əməldə göstərilməsinin tərəfdarı olan Ümummilli lider Heydər Əliyev Dövlət Neft Fondunu yaratmaqla əldə olunan gəlirin şəffaf və ədalətli bölünməsini təmin etdi. Bu gün Neft Fondunun aktivlərinin həcmi 35 milyard dollardan çoxdur.
Vətən birdir və hamı bu Vətən uğrunda çalışmalıdır
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı dövrdə fəaliyyətinin əsas istiqamətlərindən biri məhz dünya azərbaycanlılarının birliyinin yüksək səviyyədə təmin edilməsi oldu. Ayrı-ayrı ölkələrdə Azərbaycan cəmiyyətlərinin, mərkəzlərinin yaradılmasına nail olan Ümummilli lider onların vahid mərkəzdən idarə olunmasının vacibliyini bəyan etdi. 2001-ci il noyabrın 9-10-da Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi ilə soydaşlarımızın həmrəyliyi təmin edildi, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əsas amil olan diasporun təşkilatlanması üçün hüquqi bazanın əsası qoyuldu, görüləcək işlərin bir mərkəzdən idarə olunması üçün Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı.
Ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də mühüm addımlar atıldı. Ulu öndər Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı əsas diqqəti bu məsələyə yönəldərək, Ermənistanın işğalçılıq siyasətini dünyaya bəyan etdi. Azərbaycan ətrafında yaradılan informasiya blokadasının yarılması Ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri idi. Məlumdur ki, müstəqilliyimizin ilk illərində Azərbaycanın bir sıra problemləri yaşamasında ölkəmiz haqqında məlumatsızlıq da mühüm rol oynamışdı. Erməni yalanları ayaq tutub yeriyir, Azərbaycan beynəlxalq ictimaiyyətə işğalçı dövlət kimi təqdim edilirdi. 1992-ci ildə ölkəmizə qarşı tətbiq olunan “Azadlığı müdafiə aktına” ədalətsiz 907-ci düzəlişin əlavə olunmasında da erməni diasporunun bu yalan təbliğatı əsas rol oynamışdır. Bu düzəlişin ölkəmizə maddidən çox, mənəvi ziyanını önə çəkən Ulu öndər Heydər Əliyev dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ probleminin əsl mahiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraraq, ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılmasına müvəffəq oldu.
Yeni Azərbaycan Partiyası: Uğurlarımızın bələdçisi
Ümummilli lider, eyni zamanda, müasir Azərbaycanın siyasi həyatının ən əlamətdar hadisələrindən olan Yeni Azərbaycan Partiyasının yaradıcısıdır. Xalqın istəyi, zamanın tələbi ilə yaradılan bu partiya dövlətə, xalqa xidməti fəaliyyətinin əsas istiqaməti kimi qəbul edərək, qısa zamanda milyonların sevgisini qazandı. 1992-ci il noyabrın 21-də Naxçıvanda təsis konfransını 550 nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 600 mindən artıq üzv birləşir.
Müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində YAP-nın yaradılmasının obyektiv zəruriyyətdən doğduğunu söyləyən Ulu öndər Heydər Əliyev bildirmişdir ki, belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Yaranmasından 7 ay keçdikdən sonra iqtidar partiyası kimi fəaliyyət göstərən YAP daim siyasi xəttinə, tutduğu yola sadiq olub, dövlətə, xalqa xidməti əsas prinsip kimi qəbul edib. Azərbaycanın müstəqillik tarixində keçdiyi inkişaf yoluna bələdçilik edən YAP qazanılan uğurlara böyük töhfələr vermiş, xalqın istəyini və etimadını doğrultmuşdur. YAP xalqın partiyasıdır. Bu gerçəkliyi ölkədə keçirilən seçki prosesləri də təsdiqləyir. Partiyanın tarixinə yazılan qələbələr Ulu öndər Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin siyasətinə inamın təsdiqidir.
2003-2013: Böyük yolun davamı
Azərbaycan 2003-cü ildən böyük siyasətçi, dahi şəxsiyyət Ulu öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla irəliləyir, bir-birindən əhəmiyyətli uğurlara imza atır. Fəaliyyətə başladığı ilk gündən xalqı qarşısında görəcəyi işlərin prioritetlərini açıqlayan, “Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm” söyləyən cənab İlham Əliyev son on ildə uğurlu addımları ilə hər vədini konkret əməli işdə təsdiqlədiyini nümayiş etdirdi. Ümummilli lider Heydər Əliyev 2003-cü il prezident seçkilərindən öncə xalqa müraciətində bildirmişdir: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Möhtərəm Prezidentimiz İlham Əliyev son on ildə bu etimadı yüksək səviyyədə doğruldaraq, 2008 və 2013-cü il prezident seçkilərində inamlı qələbəsi ilə Heydər Əliyev siyasətinə sadiqliyini bir daha nümayiş etdirdi. Bu il oktyabrın 9-da keçirilən prezident seçkilərində iştirak edən beynəlxalq təşkilatların, dövlətlərin müşahidə missiyası belə bir fikri xüsusi qeyd etdilər ki, seçkilərin nəticələri Azərbaycanda həyata keçirilən demokratik islahatların təntənəsidir. Azərbaycanın seçki təcrübəsinin digər ölkələrə nümunə olduğunu qeyd edən Qərb və Avropa təmsilçiləri cənab İlham Əliyevin qələbəsini xalqın liderinə inamının, etimadının böyüklüyü kimi dəyərləndirdilər.
Son on ilin uğurları fonunda 9 oktyabr prezident seçkilərində qələbəsini təmin edən möhtərəm İlham Əliyev gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər əsasların olduğunu vurğuladı: “Azərbaycan daha da güclü dövlət olmalıdır. Biz qüdrətli Azərbaycan dövləti qururuq və əminəm ki, quracağıq. Bütün hədəflərə çatmaq üçün bizim müstəqil siyasətimiz davam etməlidir. Xalq bu siyasəti dəstəkləyir. Xalq bu siyasətə öz səsini vermişdir. Xalqın inamı və mənə on ildən sonra yenidən böyük etimad göstərməsi, əlbəttə ki, məni həm ruhlandırır, həm məsuliyyətimi artırır, həm də yeni təşəbbüslərin irəli sürülməsi üçün mənə bir siqnal verir”.
Dövlət başçısı İlham Əliyevin Fərmanı əsasında təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ölkəmizin qarşısında yeni-yeni imkanlar açır. İmkanların artmasını, Azərbaycanın bir dövlət olaraq dünyada söz sahibi olmasını şərtləndirən əsas amil isə Heydər Əliyev siyasətinin uğurlu davamıdır.
Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. Daim vurğuladığımız kimi, Heydər Əliyevin həyat və fəaliyyəti bir məktəbdir. Hələ neçə-neçə nəsillər bu məktəbi öyrənəcək, Azərbaycanın uğurlu inkişafına dəstək olacaq. Nə qədər müstəqil Azərbaycan dövləti, xalqı var, Ulu öndər Heydər Əliyev ürəklərdə yaşayacaq.
Vüqar Rəhimzadə,
YAP Siyasi Şurasının
üzvü,
“İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist
Yeni Azərbaycan.- 2013.- 10 dekabr.-
S.4.