Bakı şəhəri və onun qəsəbələrində quruculuq və abadlıq işləri davam etdirilir
Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən Təklə-Sündü-Xilmilli, Masazır-Saray-Novxanı avtomobil yolunun tikintisinə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ümumilikdə 6 milyon manat vəsait ayırılıb
Məlum olduğu kimi, bu gün Azərbaycan özünün sosial-iqtisadi inkişafının yeni yüksəliş dövrünü yaşayır. Məqsədyönlü iqtisadi strategiya ölkəmizin iqtisadi və siyasi sabitliyinin möhkəmlənməsinə əhəmiyyətli dərəcədə təsir edib. Neftdən daxil olan gəlirlər və düşünülmüş büdcə siyasəti ölkənin maliyyə gücünü xeyli artırıb. Respublikada qeyri-neft sektorunda gedən surətli inkişaf rəqabətədavamlı milli iqtisadiyyatın formalaşdırılmasına və inkişaf dinamikasının sürətləndirilməsinə zəmin yaradıb. Bu inkişaf isə özünü yalnız statistik göstəricilərdə göstərmir, eyni zamanda, biz bu müsbət dəyişiklikləri gündəlik həyatda da müşahidə edirik. Həm Bakı şəhərində, həm də bütün şəhər və rayonlarımızda çox böyük quruculuq və abadlıq işləri aparılmaqdadır. Bir sözlə, Azərbaycanda müsbət mənada köklü sosial-iqtisadi infrastruktur dəyişikliyi baş verir. Son dövrlərdə daha intensiv həyata keçirilən inkişaf proqramları ilə az vaxtda çox göstəricilərə nail olunub. Respublikada həyata keçirilən inkişaf proqramları bütün sahələrdə ölkənin simasını dəyişdirir, müasirləşdirir.
Məlum olduğu kimi, Prezident kimi fəaliyyətə başladığı ilk gündən dövlət başçısı İlham Əliyev regionların sosial-iqtisadi inkişafı ilə yanaşı, Bakı və Bakıətrafı qəsəbələrin inkişafını da prioritet məsələ kimi diqqətdə saxlayıb. Məhz bunun nəticəsidir ki, dövlət başçısı 2011-ci il mayın 4-də “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nı təsdiq edib. Proqramda qarşıya qoyulan vəzifələrə uyğun olaraq paytaxtın bütün qəsəbələrində ardıcıl tədbirlər həyata keçirilib. Bu istiqamətdə qarşıya qoyulan vəzifələrin məqsədyönlü, düşünülmüş şəkildə və məntiqi ardıcıllıqla həyata keçirilməsi nəticəsində Bakı şəhərinin və onun qəsəbələrinin sosial infrastrukturunda inkişafı təmin edən müsbət dinamika müşahidə edilib. Daha dəqiq desək, adı çəkilən bölgənin sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq beynəlxalq standartlara cavab verən asfalt yolların əsaslı təmiri və yenidən qurulması, küçə və məhəllədaxili ərazilərin işıqlandırma sistemi ilə təmin edilməsi, orta təhsil məktəblərinin, uşaq bağçaları-körpələr evlərinin əsaslı təmiri, tikintisi və bərpası ilə bağlı qısa zamanda, lakin böyük ərazidə insanların rahatlığına xidmət edən təqdirəlayiq işlər görülüb. Təkcə sosial obyektlərin deyil, eyni zamanda, infrastrukturun yenilənməsi istiqamətində paytaxt və qəsəbələrdə, eləcə də, Abşeron rayonunun qəsəbə və kəndlərində-yaşayış məntəqələrinin qazlaşdırılması, elektrik xətlərinin yenilənməsi prosesi davam etdirilib.
Həmçinin, ötən dövr ərzində magistral yolların yenidən qurulması işləri ilə yanaşı, 11 rayonun 27 qəsəbəsini əhatə edən 250 kilometr uzunluğunda rayon və qəsəbədaxili yola asfalt çəkilib, uzunluğu 17 kilometr olan 6 qəsəbələrarası yol təmir olunub. Məsələn, cari ilin 6 ayı ərzində Bakı şəhərində Buzovna-Mərdəkan-Qala avtomobil yolunun Buzovna-Mərdəkan hissəsi istismara verilib, Bilgəh-Pirşağı-Novxanı-Sumqayıt yeni avtomobil yolunun tikintisi, Ziya Bünyadov prospektinin əsaslı təmiri və prospekt boyu 4 yerdə, Qələbə meydanında və Heydər Əliyev prospektində yol qovşaqlarının tikintisi və 6 piyada keçidinin tikintisi davam etdirilib.
Eyni zamanda, Həsən Əliyev küçəsindən Olimpiya stadionuna qədər yeni avtomobil yolunun layihələndirilməsinə və tikintisinə başlanılıb. Bakıda tikiləcək yeni yol isə Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel olacaq. Başlanğıcını Həsən Əliyev küçəsinin sonundan götürməklə birbaşa “Olimpiya” stadionuna qədər uzanacaq yolun istifadəyə verilməsi Bakı şəhərinin mərkəzindən “Olimpiya” stadionuna birbaşa hərəkəti təmin etməyə, Heydər Əliyev prospektində hərəkət intensivliyini azaltmağa, “Azadlıq” meydanı - Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomagistralına və “Olimpiya” stadionuna maneəsiz, tıxacsız, sürətli bağlantılar yaratmağa imkan verəcək.
Həmçinin, Zığ dairəsi-Hava Limanı avtomobil yolundan Qala istiqamətində avtomobil yollarının tikintisi, Zabrat-Maştağa-Buzovna və Zabrat-Kürdəxanı-Pirşağı avtomobil yollarının yenidən qurulması işləri davam etdirilib.
Vurğulamaq yerinə düşər ki, dövlət başçısı ötən illərdə bütün rayonlara səfər edərək aparılan hər bir işlə yaxından tanış olub, müxtəlif infrastruktur və sosial obyektlərin açılışında iştirak edib. Prezident İlham Əliyevin sistemli və davamlı xarakter alan bu səfərləri regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələrin müəyyənləşdirilməsi və həyata keçirilməsini təmin edir. Qeyd edək ki, dövlət başçısı baş çəkdiyi hər bir rayonun, qəsəbənin, kəndin mövcud problemləri, çatışmayan kommunal xidmət növlərinin vəziyyəti ilə tanış olduqdan sonra dərhal bu kimi məsələlərin operativ həllinə nail olmaq üçün müvafiq sərəncamlar imzalayır. Dekabrın 4-ü 2013-cü il tarixli Qobustan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı da bu qəbildəndir. Sərəncama əsasən, 15 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Təklə-Sündü-Xilmilli avtomobil yolunun tikintisi məqsədi ilə, Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qobustan rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılıb. Göründüyü kimi, Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi respublikanın bütün regionlarında olduğu kimi Qobustan rayonu ərazisində də müasir standartlara cavab verən nəqliyyat sisteminin yaradılmasına yönəlib.
Bununla yanaşı, Prezident İlham Əliyev cari ilin dekabr ayının 6-da Abşeron rayonunun Masazır-Saray-Novxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam da imzalayıb. Sərəncama əsasən, 90 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Masazır-Saray-Novxanı avtomobil yolunun tikintisi məqsədi ilə, Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Abşeron rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.
Xatırladaq ki, bu il “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramının, “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi” üzrə tədbirlər planının və nəqliyyat məsələlərinin əhatə olunduğu digər proqramların icra müddəti başa çatır və növbəti illər üçün təkliflər hazırlanır. Cari il iyulun 18-də Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, Bakı və onun qəsəbələrinin proqramı da bu ilin sonuna qədər başa çatmalıdır: “Bu proqram ikillik proqram idi. İşlər çox qısa müddət ərzində görülməli idi. İşlərin böyük əksəriyyəti görülmüşdür. Bakı qəsəbələrində quruculuq işləri davam edir, infrastruktur layihələri icra edilir, məktəb tikintisi, tibb ocaqlarının tikintisi gedir, qəsəbəarası və qəsəbələrdaxili yollar tikilir və ilin sonuna qədər proqramın böyük hissəsi icra edilməlidir”.
Bütün bunlar isə onu göstərir ki, nəzərdə tutulan məsələlər, proqramlar reallıqda öz həllini tapır. Ölkənin nəqliyyat infrastrukturunun ayrılıqda bir hissəsi olan Bakı və Bakıətrafı qəsəbələrin yollarının yenidən çəkilməsi ümumi respublika ərazisində bu sahənin inkişafına, investisiyaların qoyuluşunun, ticarət potensialının artmasına, beynəlxalq nüfuzunun yüksəlməsinə, yeni iş yerlərinin açılmasına, Bakı şəhərində avtomobil sıxlığının əhəmiyyətli dərəcə qarşısının alınmasına, ekoloji vəziyyətin stabilləşməsinə, eləcə də, turizmin inkişafına şərait yaradacaq.
SEVİNC
Yeni Azərbaycan.- 2013.- 10 dekabr.- S.2.