Avropa İttifaqı Azərbaycanda
aparılan islahatları dəstəkləyir
Bu fikir Brüsseldə keçirilən Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Şurasının 14-cü iclasında bir daha bəyan olunub
Xəbər verdiyimiz kimi, dekabrın 9-da Brüsseldə Avropa İttifaqı (Aİ) - Azərbaycan Əməkdaşlıq Şurasının 14-cü iclası keçirilib. İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Avropa İttifaqını isə Litva Respublikasının xarici işlər naziri Linas Antanas Linkevius və Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Avropa Komissarı Ştefan Füle təmsil ediblər. Rotasiya prinsipi üzrə hazırkı iclasa Azərbaycan tərəfi sədrlik edib. Azərbaycan xarici işlər nazirinin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesi haqqında məlumat verib, münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq və Avropa Qonşuluq Siyasəti üzrə Aİ-Azərbaycan Fəaliyyət Planında göstərildiyi kimi dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında həllinin vacibliyini vurğulayıb, münaqişənin nizamlanması ilə bağlı Aİ-nin qəti mövqeyinin ifadə olunmasının əhəmiyyətini qeyd edib. Danışıqlar çərçivəsində Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı formatında görülmüş işlər və gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər Aİ ilə Azərbaycan arasında Assosiativ Sazişi üzrə aparılan danışıqlarda əldə olunmuş nailiyyətləri alqışlayıb və müzakirələrin davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər. Aİ ilə Azərbaycan arasında viza sadələşdirilməsi sahəsində Sazişin, Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamənin imzalanması alqışlanıb, readmissiya üzrə saziş üzərində işin tamamlanması və ən yaxın müddətdə imzalanacağı bildirilib.
Eyni zamanda, Aİ ilə Azərbaycan arasında gündəlikdə olan enerji və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mühüm rolu, “Cənub” qaz dəhlizinin reallaşdırılmasında TANAP və TAP layihələrinin müstəsna əhəmiyyəti xüsusilə vurğulanıb. Nəqliyyat sahəsinə gəldikdə isə, Azərbaycanın təşəbbüskarı olduğu Bakı-Tbilisi-Qars dəmir yolunun bölgə üçün strateji əhəmiyyəti qeyd olunub. Azərbaycanda aparılan islahatlara da toxunulub, “ASAN xidmət”in fəaliyyəti alqışlanıb. Aİ tərəfi aparılan islahatları dəstəklədiyini bəyan edib və bu sahədə istənilən yardımın göstərilməsinə hazır olduğunu bildirib. Rəsmi iclasdan sonra müzakirələr işçi nahar zamanı davam etdirilmiş, Aİ ilə münasibətlərin indiki vəziyyəti və inkişaf perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, enerji təhlükəsizliyi, habelə regionda gedən digər proseslər ətrafında fikir mübadiləsi aparılıb.
Ümumiyyətlə, aparıcı Avroatlantik strukturların, o cümlədən, Avropa İttifaqının ölkəmizlə əməkdaşlığa böyük maraq göstərməsi ölkəmizin daxili və xarici siyasət xəttilə birbaşa bağlıdır. Qərbə inteqrasiya yolunu tutan Azərbaycanın demokratik dövlət quruculuğu siyasətini bu baxımdan, başlıca faktor kimi qəbul etmək olar. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanda dövlət quruculuğu siyasəti ictimai həyatın müxtəlif sferalarının totalitar rejimin qalıqlarından tez bir zamanda azad olmasına kömək etdi. Siyasi, iqtisadi sahələr başda olmaqla ölkədə həyata keçirilən demokratik islahatlar Azərbaycanın bu yolda qətiyyətli olduğunu göstərdi.
Vətəndaşların hüquq və azadlıqlarının qorunması, xalqın siyasi iradəsinin seçkilərdə öz əksini obyektiv surətdə əks etdirməsi 1995-ci il noyabrın 12-də keçirilən referendum nəticəsində Konstitusiyanın qəbulu ilə özünün möhkəm hüquqi əsasına sahib oldu. Azərbaycan vətəndaşlarının ən müxtəlif məsələlərlə bağlı hüquq, vəzifə və azadlıqlarının əks olunduğu Konstitusiya öz mükəmməlliyi ilə uzunmüddətli demokratiya ənənələrinə malik olan dövlətlərin ali qanunlarından heç də geridə qalmır. Bununla yanaşı, seçki sisteminin və qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması hakimiyyət bölgüsünün demokratik əsaslarda formalaşdırılmasına imkan verdi. Ölkədə keçirilən seçkiləri müşahidə edən beynəlxalq təşkilatların hesabatlarında əksini tapan müsbət rəylər hər növbəti seçkinin əvvəlkindən daha yüksək səviyyədə təşkil olunduğunu, şəffaflıq, bərabərlik prinsiplərinin qorunduğunu təsdiqləyir. Əksər təşkilatlar kimi, Avropa İttifaqının əsas strukturlarından olan Avropa Şurası Parlament Assambleyasının müşahidəçiləri də, 9 oktyabr prezident seçkilərinin ədalətli, şəffaf və demokratik keçdiyini bəyan ediblər.
Bu gün demokratik siyasi sistem, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu xətti ilə irəliləyən Azərbaycan sosial, siyasi, iqtisadi, mədəni və intellektual transformasiyanı özündə əks etdirən hərtərəfli modernləşmə yolunda inamla irəliləyir. İqtisadi sahədə liberallaşma, genişmiqyaslı özəlləşdirmə tədbirləri, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya proseslərinin uğurla sürdürülməsi nəticəsində Azərbaycan iqtisadiyyatı bir neçə il bundan əvvəl keçid dövrünü başa vurub. Bununla yanaşı, ölkədə ölüm hökmünün, mətbuat üzərində senzuranın ləğv edilməsi, ənənə halını alan əfv fərmanları ilə hər il minlərlə məhbusa amnistiya elan edilməsi, korrupsiya və rüşvətxorluqla mübarizə, qanunun aliliyinin təmin edilməsi, sənədləşdirmə, qeydiyyat, vergi ödəmələri kimi proseslərin sadələşdirilməsi kimi çoxsaylı humanist qərarlar Azərbaycanın həqiqətən hüquqi bir dövlət kimi formalaşdığını təsdiqləyir. Avropa İttifaqı, Avropa Şurası, ATƏT kimi təşkilatlarla əməkdaşlıq şəraitində həyata keçirilən bu tədbirlər Azərbaycanın Avropa təsisatlarına inteqrasiyasını sürətləndirib. Azərbaycanın bu gün demokratiya və insan hüquqlarının müdafiəsi sahəsində nailiyyətlər qazanmasında heç şübhəsiz, Avropa İttifaqı ilə qurulan əməkdaşlığın da xidməti olub.
Qeyd edək ki, Azərbaycan Respublikası ilə Aİ arasında münasibətlərin hüquqi əsası Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) ilə qoyulub. 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanan sənəd Sazişə qoşulan bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1 iyul 1999-cu il tarixində qüvvəyə minib. TƏS əməkdaşlığı möhkəmləndirmək üçün müvafiq mexanizmlər təmin etməklə, Azərbaycanla qurum arasında münasibətlərə yeni təkan verib. Bu Saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı tərəfdaşlığı nəzərdə tutur. Onun əsas məqsədlərindən biri Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması təşkil edir. TƏS-ə əsasən, ölkəmizlə Aİ arasında ikitərəfli mütəmadi dialoqun aparılması məqsədilə Əməkdaşlıq Şurası, Əməkdaşlıq Komitəsi, Parlamentlərarası Əməkdaşlıq Komitəsi, Ticarət, iqtisadiyyat və əlaqədar hüquqi məsələlər üzrə Alt-komitə və Enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə Alt-komitə kimi strukturlar yaradılıb.
Qarşılıqlı əməkdaşlıqda irəliyə doğru digər bir mühüm addım kimi Azərbaycanın Avropa Qonşuluq Siyasətinə (AQS) daxil edilməsi haqqında Aİ Şurasının 14 iyun 2004-cü il tarixli qərarını qeyd etmək olar. Aİ ilə əlaqələrdə daha yüksək səviyyəli siyasi və iqtisadi inteqrasiya vəd edən AQS ona daxil olan ölkələr üçün tərəfdaşlığın gələcək inkişafı baxımından yeni bir mərhələni təşkil edir. Qonşuluq siyasətinə qatılmaqla ölkəmiz bir sıra imkanlardan yararlana bilir. Əməkdaşlığın üstünlükləri sırasında ölkədə siyasi, iqtisadi və inzibati islahatların həyata keçirilməsi qarşılığında Aİ-nin daxili bazarında müəyyən paya sahib olmaq, vətəndaşların və kapitalın sərbəst dövriyyəsini təmin etmək məqsədilə gələcək inteqrasiya və liberalizasiya proseslərində iştirak etmək, Aİ üzv ölkələri ilə daha səmərəli siyasi dialoq və əməkdaşlıq, miqrasiya, narkotiklər və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq, sərmayələrin təşviqi, ölkəmizin ÜTT-yə üzv olmasının dəstəklənməsi imkanlarını sadalamaq olar. Həmçinin, AQS tərəfdaş ölkələr, o cümlədən, Azərbaycan üçün mədəni, təhsil və ətraf mühit kimi sahələr üzrə əlaqələri təşviq edən müəyyən Aİ proqramlarında daha çox iştirak və texniki yardım imkanları təqdim edir. 2006-cı ilin 14 noyabr tarixində Brüsseldə Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclası zamanı Azərbaycan Respublikası-Avropa İttifaqı Fəaliyyət Planı qəbul edilib. Fəaliyyət Planında daha əvvəl TƏS ilə tənzimlənən Azərbaycan-Aİ münasibətlərinin sonrakı inkişafının istiqamətləri müəyyən olunub.
Aİ ilə müxtəlif proqramlar çərçivəsində uğurlu əməkdaşlıq edən Azərbaycanın qurumla əlaqələri son illərdə daha da intensivləşib. Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində geniş əməkdaşlıq edən Azərbaycanın Avropaya inteqrasiya siyasəti qurum tərəfindən müsbət qarşılanır. Şərq Tərəfdaşlığı (ŞT) təşəbbüsü Aİ Xarici İşlər Nazirlərinin 26 may 2008-ci il tarixində Brüsseldə keçirilmiş görüşü zamanı Polşa və İsveç tərəfindən irəli sürülüb. Şərqi AQS ölkələri üçün vahid formatın təsis edilməsini nəzərdə tutan sözügedən təşəbbüs Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarusu əhatə edir. 3 dekabr 2008-ci il tarixində ŞT təşəbbüsü üzrə Məlumat Sənədi və onu müşayiət edən İşçi Sənəd Avropa Komissiyası (AK) tərəfindən Avropa Parlamentinə və Aİ-nin dövlət və hökumət başçılarının Şurasına təqdim olunub. Bu iki sənəd ŞT-yə dair AK-nın mövqeyi və təkliflərini əks etdirərək, AQS çərçivəsində Aİ-nin Şərq tərəfdaş ölkələri ilə gələcək əməkdaşlıq istiqamətlərini müəyyən edib. 2009-cu ildə Praqada ŞT üzrə keçirilən Zirvə görüşündə sözügedən təşəbbüsün əsas məqsədləri və prinsipləri, həmçinin, gələcək əməkdaşlıq prosesinin ümumi cizgilərini müəyyən edən Birgə Bəyannamə qəbul edilib və bununla da ŞT-yə yüksək rəsmi səviyyədə başlanğıc verilib.
Şərq Tərəfdaşlığı Aİ və Şərq tərəfdaş ölkələri arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılması, mövcud əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatda davam etdirilərək genişləndirilməsini nəzərdə tutur. Belə ki, Aİ və hər bir tərəfdaş ölkə arasında daha sıx əlaqələrin yaradılması məqsədilə ikitərəfli format çərçivəsində mövcud Tərəfdaşlıq və Əməkdaşlıq Sazişləri sonradan assosiasiya sazişlərinin imzalanması, tərəfdaş ölkənin Ümumdünya Ticarət Təşkilatına üzv olduğu təqdirdə onunla dərin və müfəssəl azad ticarət zonasının yaradılması, həmçinin, vizaların tədricən liberallaşdırılması, tərəfdaş ölkələrin və Aİ-nin enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədilə daha dərin əməkdaşlığın həyata keçirilməsi və s. planlaşdırılır.
Aqşin ŞAHİNOĞLU
Yeni Azərbaycan.- 2013.- 11 dekabr.-
S.8.