Heydər Əliyev ideyaları: Azərbaycanın
dünəninin, bu gününün və sabahının təminatı
Müstəqilliyini yenicə əldə etmiş hər bir ölkənin qarşısında müxtəlif istiqamətlər dayanır. Hansı yolun müəyyənləşdirilməsi isə həmin dövlətin rəhbərinin siyasi təcrübəsinin, iradəsinin, idarəçilik prinsipinin göstəricisidir. Azərbaycanın müstəqilliyinin ilk illərində yaşadığı problemlər həmin dövrün iqtidarının seçdiyi yolun öz maraqlarına xidmət etdiyini göstərdi. Ölkədə ictimai-siyasi gərginlik bütün sahələrdə tənəzzülün dərinləşməsinə səbəb oldu. Lakin Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra müxtəlif yönümlü yollar arasında ən uğurlu seçim edildi. Görkəmli siyasi xadim Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizi düşdüyü ağır vəziyyətdən xilas etməyin yeganə yolu idi.
Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə namizəd irəli sürüləndə “cəbhəçilər” buna etiraz etsələr də, deputatların böyük səs çoxluğu onların niyyətlərini puç etdi. Xalqın istəyi və tələbi ilə hakimiyyətə qayıtmış Ulu öndər Heydər Əliyev Sədr kimi parlamentdə ilk çıxışını edərkən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi ən əsas məsələdir. Müstəqil Azərbaycanda demokratiya inkişaf etdirilməlidir. Ölkədə Konstitusiyanın pozulmasına yol vermək olmaz” söyləməklə bu yola sadiq qalacağını bəyan etdi. Azərbaycanda demokratik, sivilizasiyalı cəmiyyət quruculuğu uğrunda mübarizə aparmağın, dünyəvi-bəşəri dəyərlərdən istifadə etməyin vacibliyini qeyd edən Ümummilli lider Heydər Əliyev bəyan etdi ki, Azərbaycanın dünyaya öz tarixi nailiyyətlərini, milli ənənələrini nümayiş etdirməsi üçün biz hamımız birgə çalışmalı, birgə səy göstərməliyik. “Güman edirəm ki, xalqımızın müdrikliyi, Azərbaycan ziyalılarının, nüfuzlu insanlarımızın, ağsaqqalların birgə səyi və bizim hamımızın bir yerdə çalışmağımız şübhəsiz ki, bunları təmin edəcəkdir” - deyən Ali Sovetin Sədri Heydər Əliyev ölkədə yaranmış gərginliyin tezliklə aradan qaldırılmasının vacibliyini xüsusi qeyd etdi. Bildirdi ki, işğal olunmuş torpaqlarımızın geri qaytarılması üçün səylər göstərildiyi bir vaxtda daxili çəkişmələrə son qoyulmalıdır. Ali Sovetin tribunasından xalqa edilən bu müraciətin nəticəsi özünü çox gözlətmədi. Vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, sabitlik, əmin-amanlıq yarandı, əhalini gərgin durumda saxlayan qanunsuzluq, zorakılıq halları ilə mübarizə insanlarda yeni hakimiyyətə, ilk növbədə isə xilaskarlıq missiyasını öhdəsinə götürmüş Heydər Əliyevə inamı və məhəbbəti daha da artırdı.
Dövlət müstəqilliyimizi möhkəmləndirmək, xarici dövlətlərlə iqtisadi-siyasi münasibətləri yeni müstəvidə inkişaf etdirmək, Ermənistan-Azərbaycan döyüş bölgəsində atəşkəsə nail olmaq, güclü ordu yaratmaq üçün imkanları artırmaq qarşıda dayanan əsas vəzifələr idi. Ulu öndərimiz bu vəzifələri düşünülmüş siyasət əsasında uğurla yerinə yetirdi, “Əsrin müqaviləsi” kimi neft sazişlərinin imzalanmasını gerçəkləşdirərək Azərbaycanı dünyaya qovuşdurdu.
Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm bir hissəsi yaradıcısı və Sədri olduğu Yeni Azərbaycan Partiyası ilə sıx şəkildə bağlıdır. Yeni Azərbaycan Partiyasının təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirilmişdir. Konfransda Azərbaycanın müxtəlif regionlarından təşəbbüs qruplarının 550-dən artıq nümayəndəsi iştirak etmişdir. Ulu öndər Heydər Əliyev konfrans nümayəndələri tərəfindən açıq səsvermə yolu ilə Yeni Azərbaycan Partiyasının Sədri seçilmişdir.
Ulu öndərin 1993-cü ilin iyun ayında ümumxalq tələbi nəticəsində siyasi hakimiyyətə qayıdışı ilə YAP-ın inkişafında yeni mərhələ başlamışdır. Həmin dövrdə YAP-ın qarşısında bir tərəfdən iqtidar partiyası kimi cəmiyyətin siyasi sistemində özünün aparıcı mövqeyini təsdiq etmək, digər tərəfdən isə müstəqil dövlət quruculuğu proseslərində yaxından iştirak etmək vəzifəsi dayanırdı.
Dahi şəxsiyyət Heydər Əliyev Yeni Azərbaycan Partiyasının fəaliyyətini daim diqqətdə saxlayırdı. O, YAP-ın Sədri kimi partiyanın ildönümlərinə həsr edilmiş tədbirlərdə daim iştirak edər, proqram xarakterli nitqlər söyləyər, partiya həyatı və fəaliyyətilə əlaqədar zəruri tapşırıqlar verərdi.
Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini təmsil edən 600 mindən artıq üzvü birləşdirən YAP, Ümummilli liderin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu günü-gündən möhkəmləndirməkdədir.
Bütün mənalı həyatını Öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.
Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasını şərtləndirən daha bir məsələ budur ki, O, Özündən sonrakı Azərbaycanın taleyini yüksək intellektli, praqmatik düşüncəli siyasətçi cənab İlham Əliyevə tapşırdı. Ümummilli lider Heydər Əliyev 2003-cü il prezident seçkilərindən öncə xalqa müraciətində bildirmişdir: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona Özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” Bu gün Azərbaycanın qazandığı uğurlar, ölkəmizin dünyada böyük nüfuza malik olması, sabitlik və tərəqqinin xalqı işsizlikdən, yoxsulluqdan xilas etməsi məhz bu etimadın nəticəsidir.
Azərbaycanın tutduğu bu yol Ulu öndərimizin 20 il əvvəl xilaskarlıq missiyasını üzərinə götürməklə başlanıb. Bu yol Milli Qurtuluş yoludur.
Milli Qurtuluşdan başlanan yol mühüm uğurlarla zənginləşərək gələcəyə doğru davam edir. 2003-cü il prezident seçkilərində seçicilərin 76,84 faiz səsini qazanan cənab İlham Əliyev andiçmə mərasimində bir daha bəyan etmişdi ki, Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasi kursu davam etdirilməlidir. “Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcəkdir. Neft strategiyasını davam etdirərək, qısa müddət ərzində ölkəmizi hərtərəfli inkişaf etdirəcəyik.” Beş ildə hər bir vədin konkret əməli işdə təsdiqi cənab İlham Əliyevin 2008-ci ildə keçirilən növbəti prezident seçkilərində qələbəsini təmin etdi. 15 oktyabr 2008-ci il prezident seçkilərində seçicilərin 88,73 faizinin səsini qazanan cənab İlham Əliyev seçki proqramında qarşıdakı illərdə görüləcək işləri diqqətə çatdırdı.
9 oktyabr 2013-cü ildə keçirilən prezident seçkilərində cənab İlham Əliyev ötən illər ərzində Azərbaycanın qazandığı möhtəşəm uğurların məntiqi nəticəsi olaraq təxminən 85 faiz seçici səsi qazandı. Bu möhtəşəm qələbə xalqımızın Ulu öndərin siyasi kursunun bundan sonra da davam etdirilməsi istəyinin bariz təzahürü idi. Bu qələbə həmin siyasi kursun cənab Prezident İlham Əliyevin rəhbərliyi altında son 10 ildə qazandığı möhtəşəm uğurların qələbəsi idi.
2003-cü ildən ötən dövr ərzində dövlət başçısı İlham Əliyevin gördüyü işlər göz qabağındadır. Son 10 ilin statistikasına diqqət yetirən hər kəsin gözü qarşısında ölkə rəhbərinin xalq, dövlət, Vətən naminə gördüyü böyük işlərin geniş mənzərəsi canlanır. Cənab İlham Əliyev hələ Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, millət vəkili, Azərbaycanı Avropa Şurası Parlament Assambleyasında təmsil edən nümayəndə heyətinin rəhbəri, Baş nazir kimi çətin, lakin şərəfli vəzifələri yerinə yetirəndə daim ölkəmizin gələcəyini düşünmüş, hər bir məsələyə milli maraqlar baxımından yanaşmışdır. Cənab İlham Əliyev dövlət başçısı vəzifəsinə gələnə qədər çalışdığı sahələrdə daim belə bir fikri qabarıq şəkildə diqqətə çatdırırdı ki, biz gələcəyə baxmalıyıq. Bizi gələcəkdə nələrin gözlədiyi özümüzdən asılıdır. Azərbaycan artıq müasir ölkədir. Ancaq müasirləşmənin limiti, hüdudları sonsuzdur. Bu, əbədi bir prosesdir.
Üzərinə götürdüyü ağır məsuliyyəti tam mahiyyəti ilə hiss edən, xalqın taleyüklü məsələlərinin həllinə dərindən bələd olan cənab İlham Əliyev Ulu öndərimizin və xalqın etimadını doğrultdu. Bu sözlərin arxasında Ulu öndərimiz Heydər Əliyevin başladığı, lakin axıra çatdıra bilmədiyi beynəlxalq neft-qaz layihələrinin gerçəkləşməsi, Azərbaycanın iqtisadi inkişaf tempinə görə dünyada lider dövlətə çevrilməsi, ölkəmizin Qərb dünyasına inteqrasiyası, xalqın həyat səviyyəsinin yüksəlməsi, torpaqlarımızı işğaldan azad etməyə qadir olan ordu yaradılması, regionlarımızın müasirləşdirilməsi, işsizliyin, yoxsulluğun aradan qaldırılması üçün görülmüş böyük işlər dayanır.
Ulu öndər Heydər Əliyev Ermənistan-Azərbaycan döyüş cəbhəsində atəşkəsə nail olmuş, ölkənin iqtisadi inkişafı üçün zəmin hazırlamış, dünyaya inteqrasiyanın əsasını qoymuşdu. Lakin qarşıda həllini gözləyən o qədər problem vardı ki... Ölkəmizin ərazi bütövlüyü beynəlxalq aləmdə təsdiq edilməli, Azərbaycanın daha geniş miqyasda dəstəklənməsinə nail olunmalı, ictimai-siyasi sabitlik möhkəmləndirilməli, Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasını nəzərdə tutan neft strategiyası başa çatdırılmalı, neft gəlirləri iqtisadiyyatın digər sahələrinə yönəldilməli, milli həmrəylik gücləndirilməli, regionların sosial-iqtisadi inkişafı təmin edilməli, əhalinin həyat səviyyəsinin, rifahının yüksəldilməsi üçün dövlət proqramları qəbul olunmalı, bu böyük vəzifələri gerçəkləşdirmək üçün zəruri islahatlara meydan verilməli idi. 2003-cü ilin oktyabrında Ulu öndərin tövsiyəsi və xalqın böyük əksəriyyətinin dəstəyi ilə Azərbaycan Prezidenti seçilmiş İlham Əliyev Nazirlər Kabinetinin ilk iclasındakı çıxışında diqqəti ökə qarşısında duran qlobal vəzifələrə yönəldərək “Biz hər şeyə müvəffəq olacağıq”, deyə bildirdi.
Dövlət başçısı hökumət üzvlərindən öz vəzifə borclarını vicdanla yerinə yetirməyi, hər bir şəxsdən öz işinə məsuliyyətlə yanaşmağı tələb edirdi. Gələcəkdə Azərbaycanın hərtərəfli inkişafı üçün böyük işlər görüləcəyini xatırladan Prezident, ilk növbədə, ölkədə işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması üçün hamının səfərbər olmasının vacibliyini qeyd edirdi.
Prezident İlham Əliyev ölkənin uzunmüddətli inkişaf proqramlarını müəyyənləşdirdi: Azərbaycanda heç bir çadır şəhərciyi qalmamalı, yoxsulluğun minimum səviyyəyə endirilməsi üçün ciddi tədbirlər görülməli, sahibkarlara dövlət tərəfindən kömək artırılmalı, regionların hərtərəfli inkişafı üçün Dövlət proqramları qəbul edilib icrasına başlanılmalı, ölkənin elektrik enerjisi və mavi qaz ilə təmin olunmasına dair proqramlar hazırlanmalı, bütün istiqamətlərdə infrastruktur layihələri icra olunmalı, qeyri-neft sektoru inkişaf etdirilməli, əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün digər zəruri tədbirlər görülməlidir. Prezident İlham Əliyev bildirirdi: “Biz Azərbaycan xalqı üçün işləyirik. Xalq bizə bu etimadı göstərib və biz də bu etimadı doğrultmalıyıq. Əminəm ki, biz hamımız yaxın zamanlarda Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik.”
Gördüyü işlərin miqyası ilə xalqımızın rəğbətini qazanmış, milyonların sevimli rəhbərinə çevrilmiş cənab İlham Əliyevin son 10 ildəki fəaliyyətini ümumiləşdirilmiş şəkildə belə xarakterizə etmək olar: güclü hakimiyyət, güclü iqtisadiyyat, güclü xalq. Bir-biri ilə sıx bağlı olan bu məsələlər məhz cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 10 ildə həllini taparaq Azərbaycanın inamlı tərəqqi yoluna çıxmasını təmin etmişdir. Onun fəaliyyətində neft-qaz amili, bu məsələdən istifadə edərək Azərbaycanı inkişaf etdirmək, xalqın həyat səviyyəsini yüksəltmək, ölkəmizi dünyada nüfuzlu, mövqeyi ilə hesablaşılan bir dövlətə çevirmək sahəsində göstərdiyi səylər şübhəsiz ki, ilk sırada dayanır. İlham Əliyevin hələ ölkə Prezidenti seçilməzdən əvvəl dediyi bir fikir Azərbaycanın hansı inkişaf istiqaməti seçəcəyinə aydınlıq gətirirdi. Söhbət neft gəlirlərindən gedəndə cənab İlham Əliyev bildirir: “Biz neftdən əldə olunan gəlirləri hara gəldi sərf edə bilmərik. Bu pullarla gələcək nəsillər üçün yeni şəhərlər salmaq, yollar salmaq, zavod və fabriklər tikmək, neftlə bağlı olmayan yeni infrastruktur yaratmaq lazımdır. Çünki neft nə vaxtsa tükənir. Həmin proqram bu gün həyata keçirilərsə, gələcək nəsillər neft hasilatından və neftin dünya bazarında qiymətlərindən asılı olmayacaqlar. Beləliklə, neft bizim üçün məqsəd deyil, güclü iqtisadiyyat, güclü infrastruktur yaratmaq vasitəsidir.”
Cənab İlham Əliyevin bir vaxtlar uzaqgörənliklə söylədiyi proqram xarakterli bu fikir bu gün uğurla həyata keçirilir. Regionlarda müasir sənaye müəssisələri yaradılır, elektrik stansiyaları, məktəblər, səhiyyə ocaqları inşa olunur, yollar çəkilir, turizm inkişaf etdirilir, ən ucqar kəndlərdə belə şəhər rahatlığı yaradılır. Hər gün bu kimi yeniliklərin şahidi olduğumuz üçün bunları sadalamağa ehtiyac görmürük.
Azərbaycan iqtisadi inkişafın dinamikasına görə dünyada ön sıralarda qərarlaşıb. Dövlətimizin başçısı İlham Əliyev bununla kifayətlənmir, “Ölkənin xoşbəxt gələcəyi üçün bundan sonra da bütün işlər görüləcəkdir” deyir.
Qeyd edək ki, Ulu öndər Heydər Əliyevin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlardan biri də gənclərimizi gələcəyin müstəqil ölkəsi üçün gərəkli ixtisaslara yiyələnməkdən ötrü keçmiş Sovetlər İttifaqının nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasını qoyması idi. Bu yolla Azərbaycanımızın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin təbliği də həyata keçirilirdi.
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq yüzlərlə gənc Dövlət Neft Fondunun vəsaiti hesabına dünyanın aparıcı ali məktəblərində təhsil alır. Hazırda Dövlət Neft Fondu bu Proqramın maliyyələşdirilməsinə milyonlarla manat vəsait ayırır.
Xarici ölkələrə tələbə göndərilməsi məqsədilə ixtisaslar seçilərkən ölkə iqtisadiyyatının davamlı inkişaf strategiyası, iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin güclənməsi, kadrların idarə edilməsi, bu və ya digər sahələrin fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması kimi prioritet istiqamətlər nəzərə alınır. Xaricdə dövlət hesabına təhsil almağa göndərilən Azərbaycan gənclərinin təhsilin bütün pillələri üzrə illik sayının 2015-ci ildə 1000 nəfərə, onların ümumi sayının isə 5000 nəfərə çatdırılması və ali təhsil müəssisələri arasında beynəlxalq tələbə mübadiləsi əsasında mütəxəssis hazırlığının respublikanın iqtisadi inkişaf prioritetləri nəzərə alınmaqla təmin edilməsi Dövlət Proqramının əsas hədəfləridir. Nəzərdə tutulan müddətdə 5 min gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsillərini davam etdirməsi, əldə etdikləri təcrübəni ölkəmizin daha da inkişafına, tərəqqisinə yönəltmələri təbii ki, müsbət hal kimi dəyərləndirilir. Dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə edir: “Ümid edirəm ki, onların böyük əksəriyyəti Vətənə qayıdacaq və öz biliklərini Vətənin inkişafına sərf edəcəklər”.
Dövlətimizin başçısı bir vacib məqamı da diqqətə çatdırdı ki, əsas kadr hazırlığı ölkə daxilində həll olunmalıdır. “Peşəkar kadrların hazırlanması nəinki təhsil sahəsində, yaxud da ki, hansısa ayrı bir neft-qaz sahəsində, ümumiyyətlə ölkə qarşısında duran ən vacib problemlərdən biridir və biz bütün sahələrdə buna nail olmalıyıq”. İnkişaf, tərəqqi yolunda inamla irəliləyən Azərbaycan dövləti ən müasir texnologiyaların ölkəmizə gətirilməsinə maraq göstərir. Bu avadanlıqlardan istifadə üçün lazımi təcrübənin öyrənilməsi vacibdir.
Ölkə rəhbərinin malik olduğu ən böyük, ən qiymətli kapital xalqın etimadıdır. 2008-ci ildə növbəti dəfə xalqın böyük dəstəyi ilə ölkə Prezidenti seçilmiş İlham Əliyevin qarşısına qoyduğu vəzifənin - Azərbaycanın zəngin, qüdrətli dövlətə çevrilməsi üçün göstərdiyi səylərin yeni mərhələsi başlandı. Söhbət təkcə iqtisadiyyatı inkişaf etdirməkdən, xalqın həyatını yaxşılaşdırmaqdan getmir. Söhbət həm də ondan gedir ki, Prezident İlham Əliyevin elitarlıq meyarları, şəxsi keyfiyyətləri, yüksək mədəniyyəti, insanlara sevgisi xalq üçün nümunəyə, etalona çevrilib. “Biz Heydər Əliyev yolunu davam etdirəcəyik, bu yola daim sadiq qalacağıq” deyərək Azərbaycanı sürətlə irəli aparır. 2013-cü il oktyabrın 9-da Prezident İlham Əliyevin növbəti möhtəşəm qələbəsi 2003-cü ildə Prezident seçilərkən verdiyi vədi çox yüksək səviyyədə və layiqincə həyata keçirməsinin məntiqi nəticəsi oldu.
Ötən 10 ildə Prezidentin həm andiçmə mərasimində, həm ölkə, həm də beynəlxalq tədbirlərdə çıxışlarında Azərbaycanın hərtərəfli inkişafa nail olduğu konkret faktlar, rəqəmlər əsasında diqqətə çatdırılır. Ötən dövrdə Prezidentin qarşıya qoyduğu vəzifənin icrası istiqamətində böyük işlər görüldü. Bir il ərzində bütün şəhər və rayonlarda minlərlə sənaye müəssisəsi, istehsalat sahəsi açıldı. Regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan Dövlət Proqramı çərçivəsində əsaslı tədbirlər həyata keçirildi. Prezident İlham Əliyevin regionlara müntəzəm xarakter alan səfərləri, tapşırıqların icrasını daim nəzarətdə saxlaması inkişafa böyük təkan verdi.
Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirərək Azərbaycanı uğurlu gələcəyə inamla aparır
Xarici və daxili siyasətdə əldə edilmiş uğurlar Azərbaycanı regionun aparıcı dövlətinə çevirməklə, onun beynəlxalq mövqelərini möhkəmləndirir. Respublikamız mühüm geostrateji mövqeyinə və təbii sərvətlərinə, ilk növbədə, zəngin neft-qaz ehtiyatlarına görə bir sıra dövlətlərin maraq dairəsində olsa da, dövlət başçısı İlham Əliyevin yeritdiyi müstəqil siyasət nəticəsində dünyada söz sahibi olan ölkələr sırasında Azərbaycanın da adı var. Dünya dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin Prezident İlham Əliyevə ünvanladıqları məktublarda Azərbaycanın hərtərəfli inkişafı yüksək qiymətləndirilir.
Dövlət başçısı İlham Əliyevin çoxşaxəli və səmərəli fəaliyyətini yüksək qiymətləndirən, dünya səviyyəli şəxslərin söylədiyi fikirləri məhz belə ümumiləşdirmək olar. “İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirərək Azərbaycanı uğurlu gələcəyə inamla aparır”. Söylənilən rəylərdə bu fikir də xüsusi qeyd edilir ki, Azərbaycanın güclü siyasi lideri, xalqın həyat səviyyəsini yüksəltməyə xidmət edən təbii sərvətləri var. Ölkəmizdə təhsilə, mədəniyyətə yüksək qiymət verilməsi də qeyd olunanlar arasında xüsusi yer tutur. Bildirilir ki, bu uğurların təməlində dünya şöhrətli siyasi xadim Heydər Əliyevin işləyib hazırladığı inkişaf strategiyasının İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır.
Bəli, dünyada təsdiqini tapmış həqiqətdir ki, Azərbaycanda Heydər Əliyev zamanında olduğu kimi, yenə də güclü, ölkəni uğurla irəli aparmağa qadir olan siyasi rəhbərlik var. Prezident İlham Əliyevin son 10 ildə qazandığı ən böyük qələbə, məhz Ulu öndərin siyasətinin Azərbaycanda davam və inkişaf etməsinə nail olmasıdır. Azərbaycanı ən inkişaf etmiş dövlətlərin cərgəsinə çıxarmış bu siyasət yaşayır və qalib gəlir.
Prezidentin xarici siyasəti ilə bağlı mühüm bir faktı xatırladaq. Cənab İlham Əliyev 10 il əvvəl ölkəyə rəhbərliyinin birinci ayında işğalçı Ermənistana bəyan etdi ki, biz torpaqlarımızın düşmən tapdağı altında qalmasına yol verməyəcəyik. “Dağlıq Qarabağa heç zaman müstəqillik verilməyəcək və biz suverenliyimizlə bağlı heç zaman heç bir güzəştə getməyəcəyik. Biz əzəli Azərbaycan torpaqlarının işğal olunması faktı ilə heç vaxt razılaşa bilmərik və bizim səbrimizin də həddi vardır”.
Bu kəskin bəyanat işğalçı dövləti və onun mövqeyini müdafiə edən xarici qüvvələri ciddi düşünməyə vadar etdi. Onlar yaxşı dərk edirlər ki, Azərbaycan işğal altında olan ərazilərini azad etmək üçün hərbi güc tətbiq etsə, Ermənistan Azərbaycanın güclü ordusu qarşısında məğlubiyyətə uğrayacaq. Ermənistan münaqişənin danışıqlar yolu ilə həll edilməsi üçün aparılan danışıqlarda 20 ilə yaxındır ki, konstruktivlik nümayiş etdirmir, danışıqları səmərəsiz prosesə çevirmək xəttindən əl çəkmir. Prezident İlham Əliyev bir daha bəyan edir ki, Azərbaycan bu vəziyyətlə heç zaman barışmayacaq. Dövlət başçısı Azərbaycanda son illər yaradılmış qüdrətli ordunun gücünə arxayınlıq hissini daim önə çəkir. Bu gün hərbi büdcəmizin 4 milyard dollara yaxın olması dövlətimizin bu sahəyə diqqətinin bariz nümunəsidir. Prezident İlham Əliyev bildirir ki, Azərbaycanın hərbi büdcəsi ümumilikdə Ermənistanın dövlət büdcəsinə bərabər olmalıdır. Bu gün regionun ən qüdrətli hərbi qüvvəsi, ən mükəmməl silah-sursatla təmin olunmuş ordu Azərbaycandadır. Bu üstünlük Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi güclü iqtisadi-hərbi siyasətin nəticəsidir.
“Harda olursan ol, hansı ölkədə yaşayırsan yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən”. Ulu öndər Heydər Əliyevin bu tezisinin davamı olaraq Prezident İlham Əliyev bildirir: “Gənc respublikamızın inkişafı yolunda əsas maneə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin tezliklə həlli Azərbaycan dövləti ilə yanaşı bütün həmvətənlərimizin də qarşısında mühüm vəzifə kimi durur. Buna görə də, ürəyi Vətən sevgisi ilə döyünən dünya azərbaycanlıları bu istiqamətdə öz səylərini gücləndirməli, problemin mahiyyətini xarici ölkələrin hökumət və ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırmaq üçün daha məqsədyönlü fəaliyyət göstərməlidirlər. Diaspor təşkilatlarımız dünyadakı proseslərin nəbzini tutaraq öz çevikliyini artırmalı, digər xalqların diaspor mərkəzləri ilə səmərəli əməkdaşlığın yeni formalarını tapmalı, ölkəmiz əleyhinə yönəlmiş təxribatlara qarşı operativ və adekvat addımlar atmalıdırlar”.
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə inamlı addımlar atır. Xalq-Prezident həmrəyliyi möhkəmdir, sarsılmazdır. Bu həmrəyliyin, birliyin və dinamik inkişafın təməli məhz Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycanın bugünkü inkişafı məhz Ümummilli liderin siyasi kursunun layiqincə davam etdirilməsi ilə qırılmaz bağlıdır.
Dövlət başçısı İlham Əliyev Vətənə, xalqa məhəbbətini öz əməlləri, ölkənin daha coşğun inkişafı, Azərbaycan xalqı naminə göstərdiyi fəaliyyətlə sübut edir. Xalqımızın belə bir rəhbərinin olması hər birimiz üçün böyük fəxrdir, qürur mənbəyidir.
Hüseyn
Paşayev,
YAP Mətbuat Xidmətinin
rəhbəri,
YAP Siyasi
Şurasının üzvü
Yeni Azərbaycan.-
2013.- 11 dekabr.- S.5.