Sahibkarlığın inkişafı Ümummilli lider Heydər
Əliyevin adı ilə bağlıdır
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli lideri Heydər Əliyevin vəfatından 10 il keçir.
Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbaycan dövlətçiliyinin xilaskarı, Türk dünyasının böyük oğlu Heydər Əliyevin vəfatından sonra Onun məzarı xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilmişdir.
Azərbaycanın dövlət müstəqilliyi təhlükə altında olanda, ölkə son dərəcə ciddi ictimai-siyasi problemlərlə, iqtisadi çətinliklərlə, hərbi qarşıdurma ilə üzləşdiyi tarixi anlarda xalqımız Ulu öndər Heydər Əliyevə müraciət etdi və Onun hakimiyyətə qayıdışını zəruri saydı. Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı.
Ulu öndər Heydər Əliyev xalqın itmiş inamını özünə qaytara bildi. Bu yolda gördüyü hər bir işdə xalqa arxalandığını dönə-dönə bildirirdi. Çıxışlarının birində demişdir: “Mənim yaratdığım hər bir şey Mənim üçün əzizdir. Amma Mənim üçün hər şeydən əziz Mənim xalqımdır, Mənim Vətənimdir, Mənim torpağımdır”.
Ulu öndər azad sahibkarlığın inkişafına daim diqqət göstərmiş və respublikamızın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə əlaqələndirmişdir.
Sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla ölkəyə xarici investisiyaları cəlb etməklə, qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən biri olmuşdur. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşmış, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artmışdır.
Onun rəhbərliyi altında iqtisadi və dövlət idarəetmə sistemi sahəsində aparılan kompleks islahatlar ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən, sahibkarlığın formalaşmasına güclü təkan vermişdir.
Ölkədə həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirilməsinə, ölkənin sosial-iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlmişdir. Bu məqsədlə qanunvericilik bazasının formalaşdırılması, bürokratik maneələrin aradan qaldırılması, maliyyə dəstəyinin göstərilməsi və digər sahələrdə mühüm əhəmiyyətli addımlar atılmışdır.
İqtisadiyyatın ümumi inkişafı ilə yanaşı, ölkənin aqrar sahəsinin də inkişafı daim Ulu öndərin diqqət mərkəzində olmuşdur. Hələ, 1994 il dekabrın 10-da keçirilmiş “Aqrar islahat: problemlər və onların həlli yolları” mövzusunda Beynəlxalq Konfransda çıxış edən Ümummilli lider demişdir: “... Biz islahatçı qüvvələrə yol açmalı, islahatları cəsarətlə həyata keçirməliyik. Ən əsas prinsiplərdən biri odur ki, gərək xalqımıza, xüsusən kasıb təbəqəyə, kəndlilərə, daim torpaqla bağlı adamlara zərər vurulmasın, əksinə, xeyir gətirilsin. İslahatlar yeni sahibkarlar yaradacaq, ancaq aqrar bölmə ilə bağlı hər bir adam öz payını almalıdır. Bu islahatlar xalqımızın ümumi rifahının qaldırılması üçün həyata keçirilməlidir.”
Belə də oldu. Ulu öndərin təşəbbüsü ilə “Torpaq islahatları haqqında”, “Kolxoz və sovxozların islahatları haqqında”, “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanunları qəbul edilib, bu qanunların icrası ilə bağlı ölkədə aparılan məqsədyönlü aqrar islahatlar nəticəsində 4270 kənddə yaşayan 850 mindən çox ailə torpaq mülkiyyətçisinə çevrildi, bu torpaqlardan səmərəli istifadə olunması üçün onlar dövlət qayğısı ilə əhatə olundular.
Bütün bunlar Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın sürətli iqtisadi inkişafa nail olmasının əyani sübutudur. Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış milli inkişaf strategiyası əsasında Azərbaycan sürətli inkişaf yoluna çıxarıldı. Bu inkişaf həyatın bütün sahələrini əhatə edirdi.
Ümummilli liderin yenidən respublika rəhbərliyinə qayıdışı Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasına imkan verdi. Ulu öndər bütün daxili və xarici təzyiqlərə baxmayaraq, 1994-cü il sentyabrın 20-də ölkəmizin təbii sərvətlərinin, ilk növbədə Xəzərin Azərbaycan sektorundakı neft və qaz yataqlarının birgə istismarı sahəsində dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıq əlaqələri yaratmağa müvəffəq oldu. Bu gün isə vaxtilə bağlanmış neft müqavilələri müvəffəqiyyətlə həyata keçirilir və öz müsbət bəhrəsini verir. Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri ilə çoxşaxəli diplomatik əlaqələr qurur, ən nüfuzlu beynəlxalq təşkilatların, birliklərin iqtisadi və maliyyə qurumlarının üzvü kimi uğurla çıxış edir. Ölkəmizin dünya birliyində nüfuzu gündən-günə artır, dövlətimiz beynəlxalq və regional siyasətin həyata keçirilməsində getdikcə daha fəal iştirak edir.
1993-cü ildən Azərbaycan iqtisadiyyatına yatırılan sərmayələrin həcminin ilbəil sürətlə artması ölkəmizdə həm daxili, həm də xarici investisiya üçün yaradılan əlverişli mühitin məntiqi nəticəsidir. Xarici investisiyanın ölkəmizə cəlb olunması Ümummilli lider Heydər Əliyevin apardığı uzaqgörən siyasət sayəsində mümkün olmuşdur. Ulu öndərin bu sahədə verdiyi tövsiyə və tapşırıqları əldə rəhbər tutaraq xarici investisiya haqqında təkmil qanunvericilik bazası yaradılmışdır. Xarici investisiyaların cəlb olunması və qorunması istiqamətində atılan addımlar Azərbaycanla müxtəlif ölkələr arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlərin təsdiq edilməsi ilə bağlıdır. Məhz görülən bu tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycan investisiya cəlb edən ölkədən investisiya qoyan ölkəyə çevrilmişdir.
Ulu öndər Heydər Əliyevin bilavasitə tapşırığı əsasında 1997-ci ildən başlayaraq vergi münasibətlərinin tənzimlənməsi sahəsində vahid qanunvericilik bazasının yaradılması məqsədilə Vergi Məcəlləsinin layihəsinin hazırlanmasına başlanmışdır. Bu layihənin hazırlanması prosesində onun ayrı-ayrı hissələri dövlət başçısı yanında dəfələrlə müzakirə edilmiş, vergitutmanın sadələşdirilməsi, onun bazasının genişləndirilməsi, vergi yükünün azaldılması, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi barədə Onun dəyərli tövsiyələri bu işin uğurla başa çatdırılmasına kömək etmişdir.
Müstəqilliyin ilk illərində Ümummilli liderin rəhbərliyi altında bazar iqtisadiyyatına keçidlə əlaqədar iqtisadiyyatın bütün sahələrində olduğu kimi, bank sistemində də liberal islahatlara başlandı. İslahatların ilkin mərhələsində dövlət banklarının restrukturizasiyası və sağlamlaşdırılması tədbirləri həyata keçirildi, özəl bank sisteminin institusional formalaşması təmin edildi. Bu mərhələdə kapitalla bağlı aşağı tələblər, sistemə daxil olmaq üçün son dərəcədə liberal şərtlər müəyyən olundu və bank fəaliyyətini tənzimləmək üçün yumşaq tənzimləmə alətləri tətbiq edildi. Bu proseslərin nəticəsində bank sistemi institusional olaraq genişlənməyə və özəl bankların sayı artmağa başladı.
Bank islahatlarının növbəti mərhələsində, 2000-ci ildən başlayaraq həyata keçirilən özəl bankların intensiv sağlamlaşdırılması tədbirləri bank sisteminin davamlılığının möhkəmlənməsinə və maliyyə vasitəçilik funksiyasının yaxşılaşmasına mühüm şərait yaratdı.
Uğurlu neft strategiyasının məntiqi nəticəsi kimi iri neft gəlirlərinin ölkəyə axınını və bu əsasda bankların maliyyə resurslarının strateji məqsədlərə effektiv ötürülməsinə hazır olmalarını nəzərə alaraq, yeni, 2002-2005-ci illəri əhatə edən inkişaf strategiyasının əsas məqsədini neft gəlirlərinin qeyri-neft sektoruna səmərəli və təhlükəsiz trassformasiyası, əhalinin və regionların bank xidmətlərinə çıxış imkanlarının artırılması və bu əsasda yoxsulluğun azaldılması üçün bank sisteminin maliyyə vasitəçilik funksiyasının inkişaf etdirilməsi, bank sisteminin davamlılığının və etibarlılığının möhkəmləndirilməsi, bank xidmətləri bazarında azad və sağlam rəqabət mühitinin təmin edilməsi təşkil edirdi.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında sahibkarlığın inkişafına dövlət nəzarəti sisteminin təkmilləşdirilməsinin özünəməxsus rolu olmuşdur. İlk addım kimi ölkə Prezidenti tərəfindən 17 iyun 1996-cı il tarixli “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” Fərmanı göstərmək olar. Məqsəd iqtisadi münasibətlərin səviyyəsinə uyğun müvafiq dövlət nəzarət mexanizmini tətbiq etmək, həmin nəzarətin daha məqbul vasitələrini seçmək, bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların qarşısını almaq, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərini qorumaq idi.
Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik aktlarında da təkmilləşmələr aparılmışdır. Belə ki, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 02 sentyabr 2002-ci il tarixli Fərmanı ilə ölkədə mövcud olan lisenziyalaşdırma sistemi köklü sürətdə təkmilləşdirilmişdir. Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 8 dəfə azaldılaraq 240-dan 30-a endirilmiş, sahibkarların lisenziya almaq mexanizmi xeyli sadələşdirilmiş, lisenziyaların müddəti uzadılmışdır.
Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vurub. Ölkəmizdə yeni tipli iqtisadiyyatın formalaşması prosesi həm də iqtisadi sahədə keçmiş müsbət ənənələrin davam etdirilməsi ilə müşayiət edilir.
Bütün bunlar bir daha təsdiq edir ki, əsasını Ümummilli lider Heydər Əliyevin qoyduğu yeni iqtisadi siyasət, Onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Məhz Onun rəhbərliyi ilə Azərbaycan özünün yeni inkişaf dövrünü yaşayır, həyatımızın bütün sahələrində böyük nailiyyətlər qazanılır. Əhalinin yaşayış şəraiti, maddi rifah halı günbəgün yaxşılaşır. Heç şübhəsiz, bütün bunların əsasında Ümummilli lider Heydər Əliyevin yaxın və uzaq gələcəyə hesablanmış milli inkişaf strategiyası durur.
Bu böyük şəxsiyyətin - Ulu öndər Heydər Əliyevin zəngin irsinə nəzər salarkən məlum olur ki, Onun ölkə üçün gördüyü nəhəng işlərinin, dəyərli və əzəmətli ideyalarının həyata keçirilməsini hər kəs öz sahəsində hiss edir, bunun təzahürünü daha aydın və dərindən dərk edir. Hər kəs bir həqiqəti qəbul edir ki, Azərbaycanın müstəqilliyinin son 20 ili ərzində həyatımızın bütün sahələrində əldə olunmuş uğurlar məhz Ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.
Ulu öndər Heydər Əliyevin perspektivdə nəzərdə tutduğu iqtisadi ideyalar və arzular artıq gerçəkliyə çevrilmiş, bütün mənalı həyatını Öz xalqına bəxş etmiş siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqlar.
Məmməd Musayev,
Azərbaycan Respublikası
Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli
Konfederasiyasının Prezidenti
Yeni
Azərbaycan.- 2013.- 11 dekabr.- S.4.