Azərbaycan xalqının Heydər Əliyev
kimi lider
yetişdirməsi fenomenal hadisədir
Yeni
Azərbaycan Partiyası Ümummilli liderimiz Heydər Əliyevin
vəfatının 10-cu ildönümü ilə əlaqədar
anım mərasimi keçirib
Dekabrın 11-də Yeni Azərbaycan Partiyası (YAP) Ümummilli liderimiz Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirib. Mərasimdə YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, partiyanın fəalları iştirak ediblər. Mərasim iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, Ulu öndərin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə gül qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Daha sonra tədbir “Hilton” hotelində davam edib. Mərasimdə
çıxış edən YAP Sədrinin müavini-İcra
katibi, Baş nazirin müavini Əli Əhmədov müasir Azərbaycanın
inkişafının Ulu öndər Heydər Əliyevin
adı ilə bağlı olduğunu bildirib. Əli Əhmədov
qeyd edib ki, vəfatından 10 il ötməsinə
baxmayaraq, Ümummilli lider Heydər Əliyev unudulmur və
heç vaxt unudulmayacaq: “Azərbaycan xalqının Heydər Əliyev
kimi lider yetişdirməsi fenomenal hadisədir. Heç
bir xalq milli qürur mənbəyinə çevrilmiş
övladını unuda bilməz. Kiçik
xalqlar və dövlətlərin böyük lider yetişdirməsi
özü tarixi hadisədir. Azərbaycan
xalqı əhalinin sayına görə kiçik olsa da, mən
onu heç də kiçik xalq hesab etmirəm. Bu baxımdan, Azərbaycan xalqının XX əsrdə
yetişdirdiyi böyük oğlu Heydər Əliyev onun milli
qüruru və iftixar mənbəyidir”.
YAP Sədrinin müavini deyib ki, Ulu öndər Heydər
Əliyev hər zaman ədalətli lider, ədalətli rəhbər
nümunəsi olub. “Heydər Əliyev özünə rəva
görmədiyini başqalarına da rəva görməzdi,
Özünə rəva gördüyünü isə
başqalarına qadağan etməzdi. O, həmişə
ədalətli qərarlar verib. “Qoy həmişə
ədalət zəfər çalsın” deyimi də Onun təkcə
siyasi platforması deyildi, qəlbinin səsi, milli dəyərlərə
sadiqliyinin ifadəsi idi. Buna görə də,
O, hər zaman hər bir vətəndaşın qəlbində
ədalətli rəhbər obrazı yarada bilib. Heydər
Əliyev həm də sədaqətli dost və ailə
başçısı nümunəsi göstərib. Bu mənada
Ümummilli lider Heydər Əliyev unudulan insan ola
bilməz. Onu unutmaq mümkün deyil,
çünki Azərbaycan xalqının milli
ideyasının, milli dərkinin tərkib hissəsidir, Heydər
Əliyev Azərbaycanın inkişaf yoluna işıq
saçan əbədi bir mayakdır”.
Ümummilli lider Heydər Əliyevin böyük tarixi
şəxsiyyət olduğunu deyən YAP Sədrinin
müavini Ulu öndərin həm sovetlər dönəmində,
həm də müstəqillik dövründə Azərbaycanın
inkişafı naminə gördüyü işlərin əhəmiyyətini
vurğulayıb. O, qeyd edib ki, Azərbaycan xalqının çətin
anlarında məhz Heydər Əliyev xilaskarlıq
missiyasını yerinə yetirib. Əli Əhmədovun
sözlərinə görə, bütün varlığı
ilə Azərbaycana, xalqına bağlı olan Heydər Əliyev
müdrik siyasi və dövlət xadimi kimi uzun illər boyu
xalqımıza yol göstərəcək, fayda verəcək
qiymətli irs yaradıb. Müstəqil
Azərbaycan dövləti bu zəngin irsdən faydalanır,
sürətlə inkişaf edir, dünya dövlətləri
cərgəsində öz mövqelərini qətiyyətlə
möhkəmləndirir. YAP Sədrinin
müavini qeyd edib ki, bu gün biz təkcə Ulu öndər
Heydər Əliyevin xatirəsini anmaqla kifayətlənmir, həm
də Onun siyasi irsini daha dərindən dərk etməyə,
öyrənməyə çalışırıq. İcra katibi vurğulayıb ki, Ümummilli lider Heydər
Əliyevin məxsus olduğu xalqın qəlbində əbədi
qalmasının səbəbi məhz bizim arzu və istəklərimizin
Onun şəxsiyyətində öz ifadəsini
tapmasındadır. Son 10 ildə
qazanılan uğurlar Ulu öndərin bu gün də bizimlə
olduğunu təsdiq edir. “Digər tərəfdən,
Azərbaycan vətəndaşları hazırda məhz Heydər
Əliyevin ideyalarının müəyyən etdiyi yolla irəliləyir.
Heydər Əliyev siyasəti bu gün Prezident
İlham Əliyev tərəfindən uğurla həyata
keçirilir. Bu siyasət xalqımıza
və dövlətimizə böyük uğurlar
qazandırır” - deyə, Əli Əhmədov
vurğulayıb.
Mərasimdə çıxış edən Azərbaycan
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anar Ulu öndər Heydər Əliyev
ilə görüşlərinin öz həyatında dərin
izlər buraxdığını bildirib. Heydər Əliyevin
dahi şəxsiyyət olduğunu vurğulayan Xalq
yazıçısı dərin zəka sahibinin Azərbaycan
ziyalılarına, o cümlədən yaradıcı insanlara
olan qayğısından söz açıb. O deyib ki,
Ulu öndər haqqında xatirələrini “Unudulmaz
görüşlər” adlı kitabında qələmə
alıb: “Hər birimiz Heydər Əliyevin Azərbaycan
üçün nələr etdiyini yaxşı bilirik. O,
Sovet dövründə rəhbərliyi zamanı
respublikamızı inkişaf etdirdi. Müstəqillik
zamanında isə Azərbaycanı bir çox təhlükələrdən
xilas etdi. Beləliklə də, Heydər Əliyev
yeni Azərbaycanı qurdu”.
Anar Ulu
öndərimizin hər zaman yaradıcı insanlara diqqət və
qayğı göstərdiyini vurğulayıb: “Ulu öndərlə
bu görüşlər və söhbətlər mənim həyatımda
dərin izlər buraxıb. Onu da deyim ki, Ulu
öndərin 1969-cu ildə Azərbaycanda rəhbərliyə
gəlməsi ilə respublikada elə ab-hava yarandı ki, sənətə
sənət meyarlarıyla qiymət verilməyə
başlandı. Beləliklə, bizdən
yaşlı nəsil artıq müəyyən dərəcədə
özünü təsdiq edib qoruya bilirdisə, bizim nəslin,
60-cılar nəslinin də - ədəbiyyata, kinoya, teatra, sənətimizin
başqa sahələrinə gəlib öz sözünü
demək imkanı yaranmışdı. Bu
imkanı isə bizə məhz Heydər Əliyev
yaratmışdı və Onun dəstəyini, yardımını
başqa nəsildaşlarım kimi mən də daima hiss
etmişəm. Mən Ulu öndər
haqqında xatirələrimin qələmə
alındığı “Unudulmaz görüşlər”
kitabımda da qeyd etmişəm ki, Heydər Əliyev
haqqında çox yazılıb, qalın-qalın kitablar
çıxıb. İllər keçdikcə
daha da çox yazılacaq, tarixin süzgəcindən
keçmiş qiymətlər daha da dəqiqləşdiriləcək,
dünyada və ölkəmizdə baş verəcək
olayların, gələcək hadisələrin kontekstində
Onun xidmətləri daha dərindən dərk ediləcək.
Amma bu gələcək nəsillərin
işidir. Bugünkü nəsillərin, Onun çağdaşlarının,
özəlliklə Ulu öndərlə bu və ya digər dərəcədə
təmasda olanların borcu isə Heydər Əliyevlə
bağlı xatirələrini yubanmadan qələmə almaq,
Onun zəngin obrazının müxtəlif
çalarlarını, ayrıntılarını sənəd
kimi tarixin malı etməkdir. Heydər Əliyev haqqında danışarkən bir
məqamı qeyd etməmək mümkün deyil. Şəxsiyyətlərin
miqyası, bir tərəfdən onların öz
zamanlarında gördükləri işlərin,
yaratdıqlarının, etdiklərinin, dediklərinin, həyata
keçirdiklərinin əhəmiyyəti ilə, əhatəsi
ilə, təsir dairəsi ilə ölçülürsə,
digər tərəfdən bu fəaliyyətin tarixdə əks-sədasıyla,
uzun illər, dövrlər müddətində hadisələrin
gedişatını yönəltməsi ilə müəyyənləşir.
Hər iki meyarla Heydər Əliyev - tarixi şəxsiyyətdir.
Bu danılmaz həqiqəti kimsə inkar edə
bilməz. Bir sözlə, Heydər Əliyev
Azərbaycanın əbədi sərvətidir”.
Tədbirdə
çıxış edən Azərbaycan Mərkəzi
Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov
bildirib ki, Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan
dövlətinin memarı olmaqla yanaşı, həm də bu
gün dünyanın ən sabit və sürətlə
inkişaf edən güclü iqtisadiyyatının qurucusudur:
“Məhz Ulu öndərin 1990-cı illərin ortalarında təməlini
qoyduğu güclü sosial-iqtisadi baza bu gün Azərbaycan
xalqının yüksək rifahına, onun parlaq gələcəyinə
xidmət edir. Heydər Əliyev müasir
tariximizin çətin və keşməkeşli bir dönəmində
xalqın tələbi ilə dərin keçid böhranı
yaşamış, iqtisadi potensialının yarıdan
çoxunu itirmiş, kütləvi yoxsulluq və səfalətin
tüğyan etdiyi, boş xəzinəsi olan bir ölkəyə
rəhbər gəlmişdi. Qısa
müddətdə ölkədə dövlətçiliyin əsası
olan ictimai-siyasi sabitlik bərpa olunub. Bu əsas
amil bütün istiqamətlərdə, o cümlədən
iqtisadiyyatda zəruri islahatların həyata keçirilməsinə
zəmin yaradıb. Aparılan
ardıcıl iqtisadi islahatlarla qısa zamanda ölkədə
makroiqtisadi sabitliyin əsası qoyulub, qiymətlərin
sabitliyinə nail olunub, ölkənin zəruri valyuta
ehtiyatı yaradılıb”.
Mərkəzi
Bankın sədri deyib ki, xalqın təkidli tələbi ilə
ikinci dəfə hakimiyyətə qayıdan Ulu öndər
Heydər Əliyev uğurlu neft strategiyası həyata
keçirərək bu amildən Azərbaycanın
inkişafı naminə səmərəli istifadə etdi:
“Halbuki, müəyyən xarici və daxili qüvvələr
neft amilinə görə Azərbaycana təzyiqlər edirdilər.
Bu gün Sudan neft amilinə görə iki yerə
parçalanıb. İraq faktiki iki yerə
bölünüb, Liviyada da baş verən “ərəb
inqilabı” yəqin ki, neftlə bağlıdır. Azərbaycan da 1990-cı illərin əvvəllərində
belə təhlükələrlə üzləşmişdi,
amma Heydər Əliyevin dəmir iradəsi sayəsində bu
problemlərin qarşısı alındı”.
Onun sözlərinə görə, Ümummilli lider Heydər
Əliyev tərəfindən 1993-2003-cü illər ərzində
görülmüş genişmiqyaslı işlər Azərbaycanda
sıçrayışlı inkişafın başlaması
üçün zəruri potensial formalaşdırdı. Belə ki, Heydər Əliyev
siyasi kursunu uğurla davam etdirən, bu kursun ideoloji bazası əsasında
yeni inkişaf modelini həyata keçirən Prezident İlham
Əliyev tərəfindən müasir dövlət,
güclü iqtisadiyyat, yüksək sosial rifah, mədəni cəmiyyətin
qurulması istiqamətində 2003-cü ildə bəyan
edilmiş hədəflər artıq günümüzün
reallığına çevrilib. Bu gün
dövlət başçısı tərəfindən təsdiq
olunmuş müasir inkişaf konsepsiyası keyfiyyətcə
yeni prioritetlər müəyyən edir. İnnovasiya
əsaslı inkişaf modelinə keçid, yüksək rəqabət
qabiliyyətli və şaxələnmiş iqtisadiyyatın
qurulması qarşıda duran ən mühüm prioritetdir.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə
sürətlə inkişaf edən Azərbaycan Heydər Əliyevin
ən böyük abidəsidir. Dövlət
başçımız dəfələrlə
vurğulayıb ki, qazandığımız uğurların əsasında
Heydər Əliyev siyasi kursu dayanır. Heydər
Əliyev elə bir şəxsiyyətdir ki,
sağlığında əbədiyaşarlıq qazanıb”
- deyə, E.Rüstəmov vurğulayıb.
Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin
deputatı, akademik Əhliman Əmiraslanov da
çıxışında Ulu öndərimizlə
görüşlərindən, Onunla bağlı xatirələrindən
danışıb. O, Ulu öndər Heydər Əliyevin gördüyü
işlərin miqyasının çox böyük olduğunu
deyib. Ə.Əmiraslanov Ümummilli liderimizin Azərbaycan
elminin və təhsilinin himayədarı olduğunu, bu sahədə
çalışanlara, xüsusilə, səhiyyə
işçilərinə həmişə diqqət və
qayğı göstərdiyini deyib. Akademik
bildirib ki, adı tarixdə əbədiləşən
dünyaşöhrətli siyasətçi Heydər Əliyevin
ölkəmizin dövlət müstəqilliyi bərpa edildikdən
sonra iki dəfə ATU-da olması, müəllim və tələbələr
qarşısında proqram xarakterli çıxışı
və gələcək həkimlərə dəyərli məsləhətlər
verməsi universitetin tarixində silinməz izlər qoyub.
Ə.Əmiraslanov diqqətə
çatdırıb ki, Ulu öndərin səyi nəticəsində
1998-ci ildə ATU-nun 11 mərtəbəli yeni tədris
binası tikilib istifadəyə verilib. Azərbaycanda
səhiyyənin inkişafı, universitetin maddi-texniki
bazasının möhkəmləndirilməsi və ölkəmizdə
tibb kadrlarının hazırlanması məhz Ulu öndərin
adı ilə bağlıdır. ATU-nun stomatoloji və
onkoloji klinikalarının, Ümummilli lider Heydər Əliyevin
böyük qayğısı sayəsində
yaradıldığını diqqətə çatdıran
akademik vurğulayıb ki, Onun layiqli davamçısı
Prezident İlham Əliyevin dəstəyi ilə inşa
olunmuş universitetin çoxprofilli terapevtik klinikası ən
müasir avadanlıqla təchiz olunaraq əhaliyə dünya
standartlarına uyğun səviyyədə tibbi xidmət
göstərir. Ulu öndərin müəyyənləşdirdiyi
siyasətin Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini vurğulayan Ə.Əmiraslanov
bildirib ki, bu siyasət dövlətimizi gələcək
nailiyyətlərə doğru aparır.
Azərbaycan
Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah
Heydərov çıxışında deyib ki, zamanın
ötməsinə, vaxtın keçməsinə baxmayaraq,
Ümummilli liderimiz heç bir vaxt unudulmur, hər birimizin
xatirəsində ucalır, O yenə də bizimlədir. Bu isə
bizim qəlbimizi fərəhlə doldurur: “Ümummilli liderimiz
Heydər Əliyev bütün həyatını,
varlığını öz mənsub olduğu doğma
xalqına həsr edib. Dünya siyasətində
böyük şəxsiyyətlər çoxdur. Amma xalqının tarixinə çevrilən, millətinin,
dövlətinin adı çəkilən kimi yada düşən
siyasi xadimlər nadirdir. Heydər Əliyev
də, məhz belə şəxsiyyətdir. Bu gün Ümummilli liderimizi xatırlayanda
gözümüzün önündə canlanan ilk tablo da
müstəqil Azərbaycandır”.
F.Heydərov daha sonra vurğulayıb ki, Ulu öndər Heydər Əliyev əsl liderdir, o lider ki, xalqını, dövlətini böyük bir qaranlıqdan parlaq, işıqlı günlərə çıxarıb: “Heydər Əliyevdə liderlik üçün bütün xüsusiyyətlər vardı. Ulu öndərimizin mərdliyi, qorxmazlığı, cəsarəti, qətiyyəti, yüksək tələbkarlığı, dövlətçilik, Azərbaycan xalqının rifahı uğrunda apardığı davamlı mübarizə buna misal göstərilə bilər. Bütün bunlarla yanaşı, Heydər Əliyevdə yaşından asılı olmayaraq körpəsindən ağsaqqalına qədər hər bir kəsə olan isti münasibəti böyük əhəmiyyət kəsb edirdi. Heydər Əliyev insanları, xalqını çox sevirdi. Bu mehribanlıq, sevgi ilə yanaşı xalqının düşmənlərinə qarşı aparılan sərt mübarizəsi əsl sərkərdəlik qabiliyyətindən irəli gəlirdi. Bir sözlə, yüz illər ötsə də, Heydər Əliyev nuru daim Azərbaycana işıq saçacaq”.
Ulu öndərimizin təsəvvür edilə bilməyəcək qədər dahi şəxsiyyət olduğunu vurğulayan millət vəkilinin sözlərinə görə, Ümummilli liderin fiziki yoxluğu dövründə ölkəsini, millətini düşünüb, müstəqilliyimizin əbədi olması uğrunda qətiyyətlə mübarizə apara biləcək lider Prezident İlham Əliyevdir: “Ulu öndər həm də bir Ata kimi öz övladını bu böyük vəzifənin icrasına layiq gördü. Bəli, bu, çox ağır bir vəzifə idi. Amma Prezident İlham Əliyev bu ağır və məsuliyyətli vəzifənin öhdəsindən uğurla gəldi. Heydər Əliyev Azərbaycanda dövlətçilik məktəbi yaratdı. Bu məktəbi bütün varlığı ilə mənimsəyən cənab İlham Əliyev, özündə böyük fəlsəfi məna daşıyan azərbaycançılıq ideyası əsasında ölkəmizdə vətəndaş birliyini daha da möhkəmləndirib”.
Heydər Əliyevin İlahinin xalqımıza
bəxş etdiyi işıq olduğunu deyən F.Heydərovun
fikrincə, bu işıq daim Azərbaycanın inkişaf
yolunu parlaq edəcək.
Nardar BAYRAMLI
Yeni
Azərbaycan. - 2013.- 12 dekabr.- S.2.