Azərbaycanda kənd və ucqar bölgələrdəki yol

infrastrukturu tamamilə yenilənir

 

 Prezident İlham Əliyevin son bir ayda bir-birinin ardınca imzaladığı sərəncamlara əsasən bölgələrdə avtomobil yollarının əsaslı bərpa və tikintisinə 12,5 milyon manat vəsait ayrılıb

Ötən illərdə Azərbaycanda nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində mühüm işlər görülüb. Azərbaycanda beynəlxalq nəqliyyat sisteminə inteqrasiya, infrastrukturun inkişafı, bu sahənin davamlı maliyyələşdirilməsi, xidmətin keyfiyyətinin artırılması, nəqliyyatdan istifadənin sadələşdirilməsi məsələləri uğurla həll edilib, ölkəmizdə nəqliyyat sahəsinə sərmayə qoymaq üçün əlverişli şərait yaradılıb. Bütövlükdə son 5 ildə Azərbaycanın nəqliyyat sahəsinə yatırılan investisiyalar ölkə iqtisadiyyatının bütün sahələrinə qoyulan investisiyaların 20 faizini təşkil edir.

Həmçinin, Azərbaycan bir sıra beynəlxalq layihələrin təşəbbüskarı və fəal iştirakçısı kimi TRASECA nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmiryolu və Ələtdə beynəlxalq dəniz ticarət limanının tikintisini reallaşdırır.

Vurğulamaq lazımdır ki, Azərbaycanda yol infrastrukturu sahəsində tikinti işləri sadəcə magistral yolları deyil, eyni zamanda, kənd və ucqar bölgələrdəki yolları da əhatə edir. Son bir ayda bölgələrdə avtomobil yollarının əsaslı bərpası və tikintisi barədə Prezident İlham Əliyevin imzaladığı sərəncamlar da deməyə əsas verir ki, bütün ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenilənməsi prosesi daim diqqət mərkəzindədir və bu proses davam etdirilir. Belə ki, Prezident İlham Əliyev dekabrın 4-də Qobustan rayonunun 15 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Təklə-Sündü-Xilmilli dekabrın 5-də Xaçmaz rayonunun 6 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Yalama-Xanoba, dekabrın 6-da Abşeron rayonunun 90 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Masazır-Saray-Novxanı, dekabrın 9-da Qəbələ rayonunun 8 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Mirzəbəyli-Çuxur Qəbələ-Dizaxlı-Çarxana, dekabrın 10-da isə İsmayıllı rayonunun 4 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən İsmayıllı-Göytəpə-Qalınçaq-Ruşan avtomobil yolunun tikintisi məqsədilə sərəncamlar imzalayıb. Sərancamlara əsasən, müvafiq olaraq Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon, 3 milyon, 3 milyon, 1,5 milyon, 3 milyon manat vəsait ayrılıb.

Xatırladaq ki, “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edən Prezident İlham Əliyev icra edilməkdə olan ikinci Dövlət Proqramının əsas istiqamətlərindən birinin məhz infrastruktur layihələrinin həyata keçirilməsi olduğunu vurğulayıb. Bildirib ki, qarşıya qoyulan məqsədlərdən biri kənd yollarının tamamilə abadlaşdırılmasıdır və kəndlərdə yaşayan əhalinin 80 faizi 2013-cü ilin sonuna qədər gözəl yollardan istifadə edəcək. Beləliklə də, Prezident İlham Əliyevin Sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən avtomobil yollarının təmirinə yönəldilib. Artıq bu sahədə əhəmiyyətli irəliləyişlərə nail olunub.

Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı tədbirləri çərçivəsində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə 2003-2010-cu illərdə regionlarda 1500 kilometrə yaxın magistral yollar çəkilib və ya əsaslı təmir edilib, 800 kilometr respublika əhəmiyyətli, 2700 kilometr yerli əhəmiyyətli yollarda təmir işləri aparılıb (Quba-İspik-Xınalıq, Masallı-Yardımlı, Gəncə-Daşkəsən-Xoşbulaq, Gəncə-Qazax, Hacıqabul-Kürdəmir, Biləsuvar-İran İslam Respublikasının dövlət sərhədi avtomobil yolları yenidən qurularaq istismara verilib). 2011-ci ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Ağcabədi-Qaradolaq-Kəbirli avtomobil yolu (24,5 kilometrlik hissəsi), İmişli-Qaravəlili-Mirili avtomobil yolu (12 kilometr), Araz çayının yeni qolunun üzərində körpü (230 metr), Qəbələ rayonunda Beynəlxalq Aeroport, Quba-Qəçrəş-Qımılqazma avtomobil yolu (22 kilometr), Astara-Bala Şahağac avtomobil yolu (19 kilometrlik hissəsi), Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolu (53 kilometr), Qazax-Gürcüstan Dövlət Sərhədi avtomobil yolu (36 kilometr), Kürdəmir-Ucar magistral avtomobil yolunun 42 kilometrlik hissəsi, Ağdaş-Ləki avtomobil yolu (12 kilometr) yenidən qurularaq istismara verilib.

2008-2013-cü illər ərzində 3860 kilometr, o cümlədən, 1240 kilometr respublika əhəmiyyətli, 2620 kilometr rayonlararası və kəndlərarası yollar tikilib və təmir olunub, avtomobil yollarında 158 körpü inşa edilib. Bu dövr ərzində nəqliyyat-yol kompleksinə yönəldilən investisiyaların həcmi 923 milyon manat təşkil edib.

Bu proses ölkəmizin bütün regionlarında olduğu kimi, Yevlaxda da geniş vüsət alıb. Belə ki, regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Yevlax rayonunda avtomobil yollarının yenidən qurulması istiqamətində tədbirlər uğurla həyata keçirilməkdədir. Dövlət Proqramı çərçivəsində Xaldan-Mingəçevir yolunda 10, Nemətabad və Nərimanabad kəndlərinin girişində 4,3, Xaldan və Yuxarı Bucaq kəndlərində 5,2, Malbinəsi kəndində 6, Yevlax şəhəri daxilində isə 42,3 kilometr yollar yenidən qurularaq asfalt çəkilib.

Ölkə başçısının 11 iyul 2013-cü il tarixli Sərəncamına müvafiq olaraq rayonun 11 yaşayış məntəqəsini birləşdirən Bakı-Qazax magistralı, Səmədabad-Qaraməmmədli-Qaramanlı-Göyük avtomobil yollarının yenidən qurulmasına başlanılıb. Artıq yolun Səmədabad-İsmayılabad-Bünyadabad kəndlərini birləşdirən birinci hissəsinin tikintisi başa çatıb. Yolun digər hissəsində işlərin 2014-cü ildə yekunlaşması nəzərdə tutulub.

Cari ildə Şəki-Qax-Zaqatala avtomobil yolu da tamamilə yenidən qurulub. Avqustun 16-da dövlət başçısı yenidən qurulan Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin açılışında iştirak edib. Sözügedən avtomobil yolunun yenidən qurulması işlərinə 2010-cu ildə başlanılıb. İkizolaqlı yolun uzunluğu 35 kilometr, hərəkət hissəsinin eni 7, torpaq yatağının eni 12, asfalt-beton örtüyünün eni isə 8 metrdir. Yolun 26 kilometri Şəki rayonunun, 9 kilometri Qax rayonunun ərazisinə düşür. Başqa sözlə, Şəki-Qax avtomobil yolu respublikanın ən böyük turizm marşrutlarından biridir. Avtomobil yolu Şəki şəhərini Qax istiqamətində Kiş çayı üzərindəki körpüdən başlayaraq Qorağan-Qax-Zaqatala avtomobil yolunun 14-cü kilometri ilə birləşdirir.

Yolun keçdiyi Kürmük çayı üzərində nəhəng körpü inşa olunub. İnşasına 2012-ci ilin yanvarında başlanılan 4 aşırımdan ibarət körpü Şəki şəhəri, Qax və Zaqatala rayonlarına avtomobillərin və piyadaların rahat və maneəsiz hərəkətini təmin edir. Rayonun bir çox yaşayış məntəqələrini birləşdirən yolları qısaldan və rahatlaşdıran bu körpü ölkənin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, xüsusilə də, dövlət başçısının regionların sosial-iqtisadi inkişafına göstərdiyi qayğının ardıcıl və davamlı xarakterinə daha bir sübutdur. Ümumiyyətlə, yol boyu 21 körpü var. Adıçəkilən avtomobil yolu Şəki və Qax şəhərləri arasında nəqliyyat əlaqəsinin yaxşılaşmasına, hazırda istifadə olunan 77 kilometr məsafənin 42 kilometr qısalmasına imkan verəcək. Bu yol Şəki rayonunun 28 mindən çox əhalisi olan 21 yaşayış məntəqəsini, Qax rayonunun iki mindən artıq əhalisi olan 6 məntəqəsini birləşdirir.

Müasir səviyyədə inşa olunan yeni yollardan biri də İvanovka-Hacıhətəmli-Mollaisaqlı, yenidən qurulan Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ-Oğuz hissəsi, Şəkidə Aşağı Küngüt-Aydınbulaq avtomobil yoludur. Avqustun 14-də dövlət başçısı hər 3 avtomobil yolunun, eləcə də, İsmayıllı şəhərində istifadəyə verilən yeni avtovağzalın açılışında iştirak edib.

Qeyd edək ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolu Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşir və respublikanın ən böyük turizm marşrutlarından olan yolun bir hissəsidir. Avtomobil yolu respublikamızın şimal-qərb rayonları ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması, həmçinin, iqtisadiyyatın və turizmin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Uzunluğu 42 kilometr olan yolun 20 kilometri Qəbələ rayonunun, 22 kilometri isə Oğuz rayonunun ərazisinə düşür. Tikintisinə 2012-ci ilin may ayında başlanan Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ-Oğuz hissəsi 5 yaşayış məntəqəsini - Zarağan, Kiçik Pirəli, Mirzəbəyli, Zərgərli kəndlərini və Nic qəsəbəsini əhatə edir.

İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolu isə 6 min nəfərin yaşadığı 7 məntəqəni birləşdirir. Bu yolun tikintisi üçün dövlət başçısının 2012-ci il 16 mart tarixli Sərəncamına əsasən Prezidentin ehtiyat fondundan ilkin olaraq üç milyon manat vəsait ayrılıb. Nazirlər Kabinetinin 2012-ci il 30 dekabr tarixli Sərəncamı ilə yolun tikintisi üçün əlavə olaraq 5,5 milyon manat vəsait ayrılıb. Bu layihənin ümumi dəyəri 8 milyon 526 min manatdır. Layihəyə əsasən, 29,5 kilometr uzunluğunda yol çəkilib, 18 yerdə beton suötürücülər tikilib, yolboyu yol-hərəkət nişanları quraşdırılıb. Yolun başlanğıcında üç dayanacaq əsaslı təmir edilib, kəndlərdə 10 yeni dayanacaq tikilib. Yolun İvanovka kəndindən keçən hissəsində piyadaların təhlükəsiz hərəkəti üçün səkilər salınıb. Bu yolun istifadəyə verilməsi nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkət etməsinə geniş imkanlar yaratmaqla yanaşı, həm də sərnişinlərin təhlükəsizliyi baxımından olduqca önəmlidir.

Beləliklə, ölkədə nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi bu sahəyə investisiyaların qoyuluşunun, ticarət potensialının artmasına, beynəlxalq nüfuzunun yüksəlməsinə, yeni iş yerlərinin açılmasına, şəhərlərdə avtomobil sıxlığının əhəmiyyətli dərəcə qarşısının alınmasına, ekoloji vəziyyətin sabitləşməsinə, eləcə də, turizmin inkişafına şərait yaradacaq.

 

SEVİNC

Yeni  Azərbaycan. - 2013.- 12 dekabr.- S. 3.