Ulu öndər Heydər Əliyev
Azərbaycanda dövlət gənclər siyasətinin müəllifidir
Zaman-zaman hər bir xalqın inkişafında və tərəqqisində müstəsna xidmətlər göstərmiş şəxsiyyətlər yetişir. Bu mənada Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Xalqımız üçün göstərdiyi misilsiz xidmətlər Heydər Əliyevi Ümummilli lider zirvəsinə yüksəldib. Dekabrın 12-də Ümummilli liderimiz Heydər Əliyevin əbədiyyətə qovuşmasının 10 ili tamam oldu. Ötən 10 il ərzində Ulu öndər cismən aramızda olmasa da, Onun nurlu ideyaları daim yaşayır, xalqımız bu ideyalardan həmişə bəhrələnir. Məlum olduğu kimi, Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur və ölkəmiz məhz Onun müəyyənləşdirdiyi siyasət əsasında inkişaf edir.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda dövlət gənclər siyasətinin də müəllifidir. Məhz bu siyasət nəticəsində gənclərimiz cəmiyyətimizdə özünəməxsus yüksək yer tuturlar. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi isə gəncliyin inkişafı üçün daha geniş imkanlar açıb. Təbii ki, bu gün gənclərimiz onlar üçün bu imkanları yaradan, dövlət gənclər siyasətinin müəllifi Ulu öndər Heydər Əliyevi böyük ehtiramla anırlar.
Məsələn, qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi ofisinin koordinatoru Rahu Qurbanova bildirib ki, Ulu öndərimiz dövlətçiliyimizin xilaskarıdır: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” deyən müdrik rəhbərimiz dünya azərbaycanlılarının əbədi yaddaşına bütün zamanların ən böyük azərbaycanlısı kimi həkk olunub. Müasir Azərbaycan dövlətini qurmaq missiyasına Ulu öndər Heydər Əliyev “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” söyləməklə başlamışdı”.
R.Qurbanova qeyd edib ki, Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərib, onların bir fərd kimi yetişməsinə xüsusi önəm verib. “Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görüb. Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan Ulu öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm verib. Ümummilli liderimiz nitqlərinin birində bu barədə demişdir: “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik”, - deyə R.Qurbanova vurğulayıb.
“Deyirlər Tanrı insanı yaradan
gündən bəşər tarixi
yaranmışdır. Bəşərin tarixi cəmiyyətin
tarixi deməkdir. Cəmiyyətin tarixi ona görə
yaranıb ki, insanlar yaşadığı günlərdən
dönüb arxaya baxsınlar, keçib gəldiyi zamanın
tarixindən ibrət alaraq öz gələcək yolunu, fəaliyyət
istiqamətini müəyyənləşdirsinlər. Bunun üçün insanlar tarixdə tarixin səhifələrini
öz şanlı və əbədiyaşar əməlləri
ilə bəzəyən şəxsiyyətlərin tarixi
rolunu bilməlidirlər. Hansı ki, belə
şəxsiyyətlər bəşər tarixində tək-tək
olmuşdur. Bu şəxsiyyətlərdən
biri də Ümummilli liderimiz Heydər Əliyevdir”. Bu fikirləri isə YAP GB-nin layihələr üzrə
koordinatoru Leyla Kərimova deyib.
L.Kərimova bildirib ki, Ulu öndər Heydər
Əliyevin yaratdığı tarixi açıb vərəqləyəndə,
şəxsiyyəti haqqında düşünəndə ilk
təsəvvürdə canlanan Onun milli vətəndaş,
siyası dövlət rəhbəri kimi bənzərsiz
simasıdır. Onun fikrincə, bu sima dahi bir rəhbərin öz
xalqına, millətinə, cəmiyyətimizin hər bir
üzvünə təmənnasız xidmət etmək, öz
xoşbəxtliyini xalqın xoşbəxtliyində görmək
istəyində parlayır: “Heydər Əliyevin
yaratdığı yeni tarix səhifəsində insan amili- azərbaycanlı
anlayışı iri hərflərlə yazılır və
gur səslə vurğulanır. Xalqın milli
müstəqillik ideologiyası, istiqlal düşüncə tərzi
məhz tariximizin bu səhifəsində formalaşıb
möhkəmlənib. Ümummilli liderin mənəvi
dəyərlər dəryası o qədər zəngin və
rəngarəngdir ki, onu bir neçə cümlə ilə əhatə
etmək mümkün deyil. Ona bəlkə
də cildlərlə kitablar həsr etmək azlıq edər.
Biz əgər bu dəyərlər dəryasının
bir damlasından bəhrələnə biliriksə, bu bizim
üçün böyük bir məktəbdir. Bu gün bir gənc olaraq Ulu öndərimizin əsasını
qoyduğu YAP-nın üzvü olduğum üçün
qürur hissi keçirirəm. Mənim
üçün Ulu öndər bir gəncin qəlbində
yaşayan əbədi Liderdir”.
YAP
Sumqayıt şəhər təşkilatı Gənclər
Birliyinin sədri Elmar Məmmədov isə, Ulu öndər
Heydər Əliyevin onun yaddaşının ən
işıqlı xatirəsi olduğunu deyib: “Ulu öndər
haqqında danışmaq ciddi məsuliyyətdir və təbii
ki, mən Onun böyüklüyünü özümün
anladığım qədər söyləyə bilərəm.
Belə bir fikir var: “İdeyalar bütün dünyada toplardan
da bərk guruldayır, fikirlər ordulardan da qüdrətlidir,
prinsiplər süvari qoşunlardan daha çox qələbə
çalır”. Bu fikri bütünlüklə
Ulu öndərimizə aid etmək olar. Heydər
Əliyev uzaqgörən ideyaları, real fikirləri, prinsipial
qərarları ilə qüdrətli ordudan da güclü idi.
O, ağlı, biliyi və təcrübəsi ilə hər
şeyə qalib gəlib. Heydər Əliyev qürur hissi ilə
deyərdi: “Mən həmişə fəxr etmişəm, bu
gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.
Qəlbi həmişə Azərbaycanla
döyünən Heydər Əliyevin parlaq xatirəsi daim
anılacaq və seviləcəkdir”.
YAP Səbail
rayon təşkilatının üzvü Vüsalə
Hüseynova isə bildirib ki, müasir tariximizə
qızıl hərflərlə yazılan Heydər Əliyev
dünyanın nadir tarixi şəxsiyyətlərindəndir:
“Ulu öndər Heydər Əliyev bütün cəhətlərə
görə hər zaman zirvədə dayanacaq bir şəxsiyyətdir.
Onun zəkası, ideyaları daim Azərbaycanın
üzərində Günəş kimi parlayacaq, yolumuzu nura qərq
edəcək. Ulu öndər Heydər
Əliyev hələ sağlığında ikən öz
adını dünyanın sayılıb-seçilən
görkəmli dövlət xadimlərinin, tarixi
simalarının siyahısına yazıb və bununla da hər
birimizə başucalıq gətirib”.
Bakı
Biznes Universitetinin tələbəsi Həsən Hüseynzadə
“Ulu öndər Heydər Əliyev mənim üçün
dünyanın nadir, seçilən siyasət adamı idi”, -
deyib. Onun sözlərinə görə, Heydər Əliyev
dünya siyasətinə təsir etmək gücündə
olan lider idi: “Liderlər var ki, siyasi fəaliyyət, dövlət
idarəetməsi sahəsində uzun illər
çalışıb püxtələşdikdən sonra
tanınırlar. Elə adamlar da var ki, bu, onlarda
fitrən mövcuddur, genlərdə
kodlaşdırılıb, bir sözlə, ilahi vergidir. Heydər Əliyev məhz ikincilərdəndir.
Ulu öndər Heydər Əliyev tək Azərbaycan
səviyyəsində deyil, ümumilikdə dünya
miqyasında böyük nüfuz sahibi idi”.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2013.- 13 dekabr.- S.6.