Ölkəmiz ötən illər ərzində Avropa İttifaqı ilə

bütün sahələrdə çox uğurlu əməkdaşlıq edib

 

 Novruz Məmmədov: Azərbaycan bəzi ölkələr kimi kiməsə gözünü dikməyib və müstəqil siyasət aparır

 

Məlum olduğu kimi, noyabrın 28-29-da Litvanın paytaxtı Vilnüsdə Avropa İttifaqının (Aİ) III “Şərq tərəfdaşlığı” Sammiti keçirilib. Dünyanın böyük maraqla izlədiyi bu sammitdə çox mühüm qərarlar qəbul edilib və sənədlər imzalanıb. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov keçirdiyi mətbuat konfransında həm ümumilikdə sammit, həm Azərbaycanın bu tədbirdə iştirakı, həm də digər məsələlərlə bağlı suallara cavab verib.

- Novruz müəllim, bu sammiti istər Avropa, istərsə də ayrı-ayrı ölkələr, o cümlədən Azərbaycan üçün necə dəyərləndirmək olar?

- Məlum olduğu kimi, noyabrın 28-29-da Litvanın paytaxtı Vilnüsdə Avropa İttifaqının III “Şərq tərəfdaşlığı” Sammiti keçirildi. Əlbəttə ki, bu sammitin keçirilməsi bir tərəfdən Avropa İttifaqının özünün həyatında, digər tərəfdən isə, “Şərq tərəfdaşlığı” çərçivəsində fəaliyyət göstərən və Avropa İttifaqı ilə əməkdaşlıq edən dövlətlər, o cümlədən də Azərbaycan üçün çox mühüm hadisə idi. Bu barədə ən azından iki istiqamətdə danışmaq olar. Birincisi, bu illər ərzində Azərbaycan “Şərq tərəfdaşlığı”nın ən mühüm üzvlərindən biri olubAvropa İttifaqı ilə bütün sahələrdə çox uğurlu əməkdaşlıq edib. Ümumiyyətlə, Azərbaycanın Avropa və Aİ-yə üzv olan dövlətlərlə həm ikitərəfli, həm də bir qurum kimi əməkdaşlığı bütün ölkələrin hər birindən əhatəsinə görə, (beynəlxalq terrorizmə qarşı mübarizə, təhlükəsizlik, mədəniyyət sahəsində, sərmayə qoyuluşundas.) fərqlənir. Amma müəyyən mənada Azərbaycanı başqa dövlətlərdən fərqləndirən amil ölkəmizin bu əməkdaşlığı öz milli və dövlətçilik maraqlarına uyğun aparmasındadır. Bunun da müsbət cəhəti ondan ibarətdir ki, bütün hallarda qarşı tərəf bizi başa düşür. Azərbaycan Prezidenti cənab İlham Əliyev də “Şərq tərəfdaşlığı” Sammitində çox fəal iştirak etdi. Sammit çərçivəsində iki mühüm tədbir keçirildi. Bunlardan biri sənədlərin imzalanması, digəri isə plenar iclas idi. Azərbaycan Prezidenti həmin plenar iclasda əməkdaşlıqla bağlı çıxış etdibu çıxış sammit iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Sənədlərin imzalanması mərasimində isə bayraqla, şəkillə, musiqi ilə Azərbaycan dövlətinin çox gözəl bir təqdimatı oldu. Eyni zamanda, həmin sammitdə çox mühüm hadisələrdən biri də ikitərəfli görüşlərin keçirilməsi oldu. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev sammit çərçivəsində 10-dan artıq görüş keçirdi. Dövlət başçısı İspaniyanın, Böyük Britaniyanın, Latviyanın baş nazirləri, həmçinin, Fransanın prezidenti və digər rəsmi şəxslərlə görüşdü. Özübütün görüşlər qarşı tərəfin istəyi və təşəbbüsü ilə baş tutdu. Təbii ki, bu görüşlər çox böyük əhəmiyyət kəsb edir. Burada bütün dövlətlərin rəhbərləri Azərbaycanla əməkdaşlığı çox uğurlu proses hesab edirlər. Onlar dövlətimizlə bütün sahələrdə əməkdaşlıqda maraqlıdırlar.

- Avropa İttifaqının III “Şərq tərəfdaşlığı” Sammiti həm də bəzi məsələləri ortaya çıxardı. Məlum oldu ki, bəzi ölkələrin “Şərq tərəfdaşlığı” ilə bağlı müxtəlif təklifləri var. Bu baxımdan gələcəkdə bu proqram çərçivəsində hansı dəyişikliklər ola bilər? Digər tərəfdən, Ermənistan tərəfi bu sammitdə hansı statusla iştirak edirdi?

- Bu proqramla bağlı gələcəyin necə olmasının xəritəsi artıq bu gün, demək olar ki, görünür. Daha doğrusu, sammitdə regionun geosiyasi vəziyyəti tam olaraq aydınlaşdı. “Şərq tərəfdaşlığı”na üzv olan altı ölkədən ikisi - GürcüstanMoldova Avropa İttifaqının lehinə geosiyasi seçim müəyyənləşdirdilər. Ermənistan və Belarus da öz seçimlərini nümayiş etdirdilər. Ukrayna ilə bağlı qeyri-müəyyən vəziyyət yarandı. Amma Azərbaycanın siyasəti Aİ-nin bütün üzv ölkələri tərəfindən yüksək qiymətləndirildi. Eyni zamanda, Aİ-nin rəhbərləri açıq-aydın elan etdilər ki, Avropanın qapıları hamının üzünə açıqdır. Hətta sabah Ermənistan dövləti öz fikrini dəyişsə, belə. Onlar da bu haqda, əlbəttə ki, düşünürlər. Çünki bu ölkə bu il bir təşkilata üzv ola bilər, gələn il isə qəfildən fikrini dəyişib, başqa quruma üz tuta bilər və orda da bu ölkəyə xoş gəldin deyib, yaxşı qarşılayacaqlar. Çox maraqlısı budur ki, başqa dövlətlə bu cür davranışı heç vaxt qəbul etməzlər. Amma Ermənistan Gömrük İttifaqına girə-girə gəlib bu sammitdə iştirak edir. Və ona hər şeydə güzəşt edirlər.

Bütün hallarda hesab edirəm ki, gələcəkdə Ukrayna və digər dövlətlərlə bağlı məsələnin necə olacağını bir qədər gözləmək lazımdır. Eyni zamanda, burada bir məsələ var: Hər bir dövlət öz milli və dövlətçilik maraqlarını açıq-aydın ortaya qoyub izah etdikdə, hər şey başadüşülən olur. Amma tərəflər bu prosesi siyasiləşdirdikləri, hətta geo-siyasiləşdirdikləri təqdirdə problemlər ortaya çıxır.

- Novruz müəllim, bu sammit öncəsi müxalifət mətbuatında belə bir iddia səslənirdi ki, guya Azərbaycan hakimiyyəti Avrasiya İttifaqı ilə Avrointeqrasiya arasında seçim etmək üçün referendum keçirməyə hazırlaşır. Bu iddialara aydınlıq gətirmənizi istərdik...

- Azərbaycan hakimiyyətinin Avrasiya İttifaqı ilə Avrointeqrasiya arasında seçim etmək üçün referendum keçirməyə hazırlaşması barədə müxalifət mətbuatında yazılanlar tam cəfəngiyatdır. Azərbaycan hakimiyyətində, hakim siyasi dairələrdə bununla bağlı hər hansı bir məsələ müzakirə olunmur və gündəmdə deyil. Düzünü desəm, bu məlumatı oxumamışam. Ancaq birmənalı olaraq qeyd etmək istəyirəm ki, bu barədə deyilənlər cəfəngiyat və olduqca gülməli bir məsələdir. Görünür, müxalifət mətbuatı yenə belə bir cəfəng məlumatları yaymaqla növbəti məkirli məqsədlər güdür, haradansa aldıqları tapşırıqları icra edirlər. Ona görə bir daha vurğulamaq istəyirəm ki, belə bir məsələ ümumiyyətlə, yoxdur və deyilənlər qərəzdən, cəfəngiyatdan başqa bir şey deyil. Azərbaycanın Avrointeqrasiyada heç bir problemi yoxdur. Yuxarıda da qeyd etdiyim kimi, Vilnüs sammitində Azərbaycanın Prezidenti 10-dan çox dövlətin başçısı və rəhbərləri ilə görüş keçirib. Qarşı tərəfin istəyi ilə baş tutan bu görüşlər zamanı da həmin ölkələrin rəhbərləri Azərbaycanla əməkdaşlığı müsbət saydıqlarını, həmçinin, ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. Eyni zamanda, xüsusi olaraq vurğulamaq istəyirəm ki, biz müstəqil siyasət yürüdürük. Bu, həm xalqımıza, həm də xarici tərəfdaşlarımıza aydındır. Biz heç vaxt buya digər addım atmamışıq, yaxud elə bəyanat verməmişik ki, sonradan ondan imtina etməyə məcbur olaq. Yəni, Azərbaycan öz milli maraqlarına uyğun uğurlu siyasət yürüdür. Azərbaycan bəzi ölkələr kimi kiməsə gözünü dikməyib və müstəqil siyasət aparır. Biz bundan sonra da bu yolu davam etdirəcəyik.

- Məlum olduğu kimi, sammitdə Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada keçirilən görüşünə də toxunulduiki illik fasilədən sonra bu görüşün keçirilməsinin əhəmiyyəti vurğulandı. Siz necə düşünürsünüz, bu görüş, bundan sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansısa irəliləyişlərə zəmin yarada bilərmi?

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına maraq əvvəlki dövrə nisbətən daha çox artıb. Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan arasında baş tutan bu görüş iki illik fasilədən sonra reallaşdırıldı. Hesab edirəm ki, görüşü müsbət, pozitiv adlandırmaq olar. Ən azından ona görə ki, tərəflər ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların davam etdirilməsinin vacibliyini vurğuladılar. Təbii ki, bunun özü artıq müsbət bir hadisə kimi qeyd olunmalıdır. İki il ərzində heç bir danışıq baş tutmurdu. Hesab edirəm ki, danışıqlar zamanı irəliləyişə nail olmaq mümkündür. Hətta Ermənistan mətbuatı bu görüşdən sonra özlərinin fəal, konstruktiv mövqedə olduqlarını, eləcə də Serj Sarkisyanın xoş əhval-ruhiyyədə olmasını və s. qeyd edib. Təbii ki, bu, məndə bir qədər şübhə doğurdu. Düşünürəm ki, Ermənistan rəhbərliyi iki illik fasilədən sonra növbəti manevr etmək istəyir. Yəni, onlar bu manevrlə özlərini burada da haqlı çıxarmağa, münaqişənin həllinin uzanmasının səbəbkarı olmadıqları haqda rəy formalaşdırmağa çalışırlar. Ona görə də bir qədər ehtiyatlı olmaq lazımdır. Eyni zamanda, Avropa İttifaqının rəhbərləri ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında Vilnüsdə keçirilən görüşdə də birmənalı şəkildə qeyd olundu ki, Avropanın da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində daha fəal iştirakına ehtiyac var.

 

Nadir AZƏRİ

Yeni  Azərbaycan. - 2013.- 3 dekabr.-  S.3.