Azərbaycan Respublikası Prezidenti
yanında Gənclər Fondunun fəaliyyəti
və növbəti qrant müsabiqəsi
ilə bağlı müzakirələr aparılıb
Dekabrın 2-də Bakıdakı “Hyatt Regency” mehmanxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyəti və növbəti qrant müsabiqəsi ilə bağlı toplantı keçirilib.
AzərTAc xəbər verir ki, toplantıda ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatlarının rəhbərləri, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri, fəal gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Fondun Müşahidə Şurasının sədri Tahir Süleymanov Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun Prezident İlham Əliyevin 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə yaradıldığını diqqətə çatdırıb. Qeyd edib ki, bir il ərzində bir çox uğurlu layihələrə imza atan Gənclər Fondu dövlətimizin başçısının növbəti Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tabeliyinə verilib.
Müşahidə Şurasının sədri məlumat verib ki, indiyədək Fond tərəfindən beş kateqoriya üzrə 4 qrant müsabiqəsi keçirilib. İlk qrant müsabiqəsində Fond tərəfindən gənclər təşkilatlarının 129 layihəsi maliyyələşdirilib. Dördüncü qrant müsabiqəsində isə Fonda təqdim edilmiş 973 layihədən 630-u maliyyələşdirilib. Ümumilikdə bu layihələrə 5 milyon 531 min manat vəsait ayrılıb.
T.Süleymanov bildirib ki, dekabrın ikinci ongünlüyündə 4-cü qrant müsabiqəsinə yekun vurulacaq. Bugünkü tədbirdə Gənclər Fondunun fəaliyyəti ilə bağlı aparılan müzakirələr və məsləhətləşmələrin nəticələri, verilən təkliflər növbəti 5-ci qrant müsabiqəsində nəzərə alınacaq.
Toplantıda “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Seymur Hüseynov çıxış edərək Azərbaycan Gənclər Fondu tərəfindən təkcə gənclər təşkilatlarına deyil, həm də fəal gənclərin fərdi layihələrinə qrant verilməsini yüksək qiymətləndirib. Qeyd edib ki, Azərbaycan Gənclər Fondunun bu gərəkli fəaliyyətinə Avropa Gənclər Fondu da həsəd apara bilər.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tələbə gənclər təşkilatının sədri Toğrul Niyazlı isə deyib ki, Fond yaradılana qədər gənclər öz layihə və ideyalarını reallaşdıra bilmirdilər. İndi isə Azərbaycan gəncinin səsi dünyanın hər bir guşəsindən gəlir. O, gənclərə yaradılan yüksək şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Fəal gənclərdən Dadaş Məmmədov, Sərraf Hüseynov, Vüsalə Hüseynova, Elman Süleymanov və digər çıxış edənlər də əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan gənclərinin ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə uğurla fəaliyyət göstərdiklərini vurğulayıblar.
Qeyd edilib ki, ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etmələrində böyük rol oynayıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov tədbirdə çıxış edərək deyib ki, bu gün ölkəmiz müstəqillik tarixinin olduqca dinamik inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin qarşısında duran vəzifələr müvəffəqiyyətlə öz həllini tapır. Şöbə müdiri deyib ki, xalqı tanıtmaq üçün millətin nümayəndələrinin hamısını bəlli sahəyə yönəltmək lazım deyil, onların içərisindən ən yaxşı nümunələri, ən yaxşı liderlik keyfiyyətinə malik olanları seçmək gərəkdir. Onların inkişafına ayrıca dəstək verilməli, daha rəqabətli vəziyyətə gətirilməlidir. Belə təşəbbüskar gənclərin vasitəsilə də beynəlxalq arenaya çıxmaq lazımdır.
Prezident Administrasiyasının rəsmisi deyib ki, bu gün hər bir Azərbaycan vətəndaşı dövlətimizin BMT Təhlükəsizlik Şurasının üzvü olması ilə fəxr edir. Bu gün Azərbaycan dünyanın iqtisadi, siyasi, sosial, mədəni tədbirlərinin keçirildiyi mərkəzə, Yer kürəsinin ən firavan ölkələrindən birinə çevrilib. Azərbaycan həm mənəvi dəyərləri, intellekti, həm də inkişaf perspektivləri ilə dünyada cəlbedici məkan kimi tanınır. Bizim bütün bu mənəvi, iqtisadi, sosial, enerji və digər resurslarımız da təkcə Azərbaycan xalqının firavanlığına deyil, bölgənin və dünya ölkələrinin tərəqqisinə xidmət edir.
Son illərdə Azərbaycanda dövlətdən maliyyə dəstəyi alan gənclərin sayının çoxaldığını qeyd edən Əli Həsənov bildirib ki, həmin gənclərin layihələrə cəlb olunması daha da asanlaşdırılmalıdır. Bu prosesi asanlaşdırmaq yolu ilə mühüm layihələrə daha çox kontingent cəlb etmək mümkündür. Əlbəttə, qrantların miqdarını da artırmaq olar. Əsas odur ki, heç bir gəncin təşəbbüsü diqqətdən kənarda qalmasın.
Şöbə müdiri deyib ki, bu işdə əsas məqsəd liderlik qabiliyyəti olan gəncləri üzə çıxarmaqdan ibarət olmalıdır. Yadda saxlamaq lazımdır ki, liderlik keyfiyyətlərinə malik olan həmin gənclərin imkanları çərçivəsində sabah dövlətimizin və xalqımızın bu və ya digər problemləri həllini uğurla tapacaq. İdman, mədəniyyət, siyasət, ictimai həyat sahələrində liderlik qabiliyyəti olan gəncliyimizi dövlətin vəsaiti hesabına inkişaf etdirmək qarşıda duran ən mühüm vəzifələrdən biri olmalıdır.
Əli Həsənov vurğulayıb ki, Qərbin heç bir əsası olmadan təlqin etdiyi bu və ya digər üzdəniraq dəyərlərdən, xüsusilə Azərbaycana dost olmayan xarici qüvvələrin bəzən gəncliyə, mətbuata, ayrı-ayrı jurnalistlərə cüzi qrant verməklə öz xalqına, dövlətinə qarşı istifadə etməsindən və digər bu kimi təhlükələrdən xilas olmaq lazımdır. Gəncləri xarici qüvvələrin mənfi təsirlərindən azad etmək hər birimizin borcudur.
Şöbə müdiri deyib ki, indiki qloballaşma şəraitində hər bir Azərbaycan gəncinin öz milli-mənəvi dəyərlərini qoruya bilməsinə çalışmaq qarşımızda duran ən mühüm vəzifələrdən biridir.
Əli Həsənov qeyd edib ki, bütün digər sahələr kimi, Azərbaycan dövlətinin gənclər siyasəti də Ümummilli liderimiz Heydər Əliyevin adı və yorulmaz fəaliyyəti ilə bağlıdır. Ulu öndərimiz 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra 1994-cü ildə yaratdığı ilk dövlət qurumu Gənclər və İdman Nazirliyi olub. Ümummilli liderimiz Gənclər və İdman Nazirliyini yaratmaqla dövlətin gəncliyə münasibətini ortaya qoyub.
Azərbaycan dövlətinin bugünkü gənclər siyasətinə toxunan Əli Həsənov qeyd edib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 10 ildə ən çox diqqət yetirdiyi və prioritet hesab etdiyi sahələrdən biri məhz Azərbaycan gəncliyi olub. Dövlətimizin başçısı gənclərin 4 forumunu təşkil edib, dəfələrlə Bakıda və bölgələrdə gənclərlə, xüsusilə idmançılarla müxtəlif görüşlər keçirib. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan gəncliyi ilə bağlı 2005-2009-cu, 2011-2015-ci illəri əhatə edən iki dövlət proqramı qəbul edilib. Hazırda Azərbaycan gəncləri dövlət hesabına müxtəlif ölkələrin ən qabaqcıl ali məktəblərində təhsil alır və dünyanın ən təminatlı gəncləri sırasında öncül yerlərdə dayanırlar.
Prezident Administrasiyasının rəsmisi deyib ki, dövlətimizin başçısının iki Sərəncamı ilə Fonda 10 milyon manat pul ayrılıb. Lakin dövlətimizin başçısının da dediyi kimi, bu, son hədd deyildir. Gənclər və İdman Nazirliyinin, Fondun təklifləri əsasında əlavə vəsaitin ayrılması ilə bağlı işlər aparıla bilər. Bir şərtlə ki, bu maliyyə vəsaitindən səmərəli istifadə olunsun.
Əli Həsənov ümidvar olduğunu bildirib ki, Azərbaycan gəncliyi növbəti beş ildə də Prezident İlham Əliyevin siyasətini dəstəkləməklə, Onun həyata keçirdiyi bütün proqramlarda fəal iştirak etməklə, həm də öz gələcəyini təmin edəcəkdir.
Tədbirdə çıxış edən Azərbaycan
Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev deyib
ki, yaradıcı gənclər heç bir qrant müsabiqəsindən kənarda qalmayacaqlar. O, Fondun gələcək
fəaliyyət istiqamətlərindən danışaraq bildirib ki, növbəti qrant müsabiqəsi daha geniş sahələri əhatə edəcək.
Yeni Azərbaycan. - 2013.- 3 dekabr.- S. 4