İnformasiya-kommunikasiya
texnologiyaları sektoru
Azərbaycan
üçün prioritet sahələrdən biridir
Prezident
İlham Əliyev: Biz təkcə neft-qaz əməliyyatlarının,
humanitar əməkdaşlığın deyil, eləcə də,
regionumuzda müasir texnologiyaların mərkəzinə
çevrilmək istəyirik
İnformasiya-kommunikasiya texnologiyaları (İKT) sektoru Azərbaycanda prioritet sahələrdən birini təşkil edir. Dövlət başçısının qəbul etdiyi qərarlar sayəsində bu sektor, habelə dövlət idarəçiliyi sistemində İKT-nin tətbiqi, eləcə də, respublika əhalisinə elektron xidmətlərin göstərilməsi intensiv inkişaf edir. Təsadüfi deyil ki, ötən il dekabrın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən Prezident İlham Əliyev İKT sahəsinə göstərilən diqqəti və bu sahədə əldə edilmiş uğurları nəzərə alaraq 2013-cü ili “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edib. “İKT ili”nin ilk əlamətdar hadisəsi “Azərspace-1” ilk milli telekommunikasiya peykinin orbitə çıxarılması olub. Eyni zamanda, ölkədə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının, Elektron Təhlükəsizlik Mərkəzinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin fəaliyyəti bu sahəyə göstərilən diqqətin davamlılığından xəbər verir. Yeri gəlmişkən, yeni yaradılan İnformasiya Texnologiyaları Universiteti artıq ilk tələbələrini qəbul edib.
Azərbaycanda İKT sektoru təxminən hər 3 ildə 2 dəfə genişlənir. Bütövlükdə, Azərbaycanda 2004-2009-cu illərdə İKT gəlirlərinin orta illik artım tempi 30-32 faiz təşkil edib. Dünya maliyyə böhranının hökm sürdüyü sonrakı 2 ildə isə artım 14-15 faiz olub. 2012-ci ildə sektorun artım tempi təxminən 18 faiz təşkil edib ki, bu rəqəm də ümumdünya orta artım tempindən təxminən 2,5 dəfə yüksəkdir. Qeyd etmək lazımdır ki, Azərbaycan İKT sektorundan son 5 ildə 8 milyard dollar həcmində gəlir əldə edib. Beynəlxalq Telekommunikasiya İttifaqının qiymətləndirməsinə əsasən Azərbaycan son 10 ildə İKT sahəsində dünya üzrə dinamik inkişaf edən ilk 10 ölkə sırasındadır.
İKT sahəsinə cəlb edilən investisiyalara gəlincə, son 10 ildə bu sektora təqribən 2,5 milyard ABŞ dolları məbləğində sərmayə qoyulub. Bunun 28 faizi dövlət, 72 faizi isə yerli biznes strukturları və xarici investorlar tərəfindən yatırılıb.
Bu gün Azərbaycanda mobil rabitə və internet xidməti inkişaf edir, internet istifadəçilərinin sayı sürətlə artır. Son 3 ildə Azərbaycan MDB ölkələri arasında geniş regionda internet istifadəçilərinin sıxlığına görə liderdir.
Eyni zamanda, 2012-ci ilə qədər Azərbaycan MDB ölkələrində ilk dəfə bütün telekommunikasiya şəbəkəsinin elektronlaşdırılması, yəni, rəqəmləşdirilməsi, həmçinin, bütün yaşayış məntəqələrində stasionar telefon şəbəkəsinin qurulması, mobil rabitənin 100 faiz ərazidə yayılması üzrə lider olub. Belə ki, Azərbaycanda əhalinin 70 faizi internet istifadəçisidir. Onların 50 faizi genişzolaqlı xidmətlərdən istifadə edir. Mobil rabitədə hər 100 nəfərə 110 mobil abunəçi düşür, 3G və 4G texnologiyaları tətbiq edilir. Ölkə əhalisi rəqəmsal televiziya yayımı ilə əhatə olunub. “Elektron hökumət” həllərinin tətbiqi, vətəndaşlara təqdim olunan elektron xidmətlərin sayı və bu xidmətlərdən istifadənin səviyyəsi artır.
Azərbaycan, həmçinin, bir çox regional layihələrin, o cümlədən, İKT sahəsində layihələrin təşəbbüsçüsü kimi çıxış edir. Bu layihələrdən biri olan Trans-Avrasiya Super İnformasiya Magistralı-TASİM layihəsi BMT Baş Məclisinin qətnamələri ilə dəstəklənib və onun həyata keçirilməsi üçün Avrasiya Rabitə Alyansının yaradılması istiqamətində mühüm addımlar atılıb. Ölkəmizin EPEG layihəsində iştirakı isə internetə tranzit çıxış imkanlarımızın artmasına səbəb olub.
İKT-nin iqtisadiyyatda artan çəkisi son illər ölkəmizdə bu sahədə beynəlxalq tədbirlər və konfranslar keçirilməsini də şərtləndirib. Artıq ənənəyə çevrilən “BakuTel” sərgisi də Xəzər və Qafqaz regionlarında telekommunikasiya, o cümlədən, informasiya texnologiyaları sahələrində ən böyük tədbirdir.
Bu il dekabrın 2-də öz işinə başlayan “BakuTel-2013” XIX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ötən illər ərzində telekommunikasiya aləmində mühüm hadisəyə çevrilib. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev sərgidə iştirak edib. BMT, Beynəlxalq Telekommunikasiya İttifaqı və Regional Rabitə Birliyi nümayəndələrinin mütəmadi iştirakı, həmçinin, Dünya Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət nişanı ilə təsdiq olunması “BakuTel” sərgisinin nüfuzlu tədbir olduğunu nümayiş etdirir. Builki sərgi və konfransın “İKT ili” çərçivəsində keçirilməsi, onun proqramına kibertəhlükəsizlik üzrə konfransın və digər tədbirlərin daxil edilməsi, aparıcı şirkətlərin daha geniş təmsil olunması tədbirin əhəmiyyətini daha da artırır.
Ümumiyyətlə, “İKT ili” “BakuTel-2013” sərgisinin bütün ekspozisiyasında xüsusi olaraq nəzərə çarpır. Belə ki, bu il ekspozisiya meydançasının 35 faizi genişləndirilib və “BakuTel-2013”də dünyanın 28 ölkəsindən 300 şirkət iştirak edib. Bununla yanaşı, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəal dəstəyi ilə təşkil edilən milli stendlərin sayı artırılıb.
Sərgidə hər il fəal iştirak edən ölkələrə bu il ABŞ, İtaliya, Əfqanıstan və bir sıra digər dövlətlər də qoşulub. Qardaş Türkiyə bu sərginin fəal iştirakçılarından biridir. Budəfəki sərgidə Türkiyənin İKT sahəsində inkişaf etmiş beş şirkəti təmsil olunub.
Litva da “BakuTel-2013” sərgisində 5-ə yaxın şirkət ilə təmsil olunub. Bu ölkənin şirkətləri yüksək texnologiyalar üzrə tədqiqat və digər təyinatlı yeni məhsulları ilə sərgiyə qatılıblar.
Sərgidə Fransanın “Arianespace” kosmik-raket şirkəti də iştirak edib. Xatırladaq ki, Azərbaycanın ilk telekommunikasiya peyki “Azərspace-1” də məhz bu şirkətin raketdaşıyıcısı ilə orbitə çıxarılıb.
Bundan başqa, sərgidə MDB ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda “Titan” robotu nümayiş etdirilib. Bu robot Tokiodan tutmuş Vankuverə qədər bir çox dünya ölkələrini gəzib, Abu-Dabidə “Qran-pri Formula 1” yarışında, eləcə də, iri şirkətlərin, məşhur brend və markaların təqdimatlarında iştirak edib. Robot həm hərəkət edir, həm də insanlarla dialoq qurur.
Sərginin iştirakçıları telekommunikasiyalar və şəbəkələr, genişzolaqlı rabitə və texnologiyalar, kabel və simsiz rabitə, peyk rabitəsi və texnologiyalar, teleradio yayım avadanlığı, proqram təminatı, İT və ofis texnologiyaları seqmentləri, habelə texnoloji yeniliklər və bir sıra digər məhsullar da nümayiş etdiriblər.
Onu da deyək ki, “BakuTel” sərgisində ilk dəfə olaraq “İnnovativ məhsullar və həllər” adlı Azərbaycan milli pavilyonu da yaradılıb. Burada son illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat, eləcə də, sahənin inkişafı üçün gələcək planlar təqdim olunub.
Sözügedən tədbirdə iştirak edən Prezident İlham Əliyevin “Euronews” telekanalına verdiyi müsahibəsində vurğuladığı kimi, informasiya-kommunikasiya texnologiyaları sektorunun çox böyük perspektivi var. Regionlarda da informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyini bildirən dövlət başçısının sözlərinə görə, biz təkcə neft-qaz əməliyyatlarının, humanitar əməkdaşlığın deyil, eləcə də, regionumuzda müasir texnologiyaların mərkəzinə çevrilmək istəyirik: “Bu sektorun çox böyük perspektivi vardır. Bu, ideyalar yaradan, ölkəmizdə ümumi təhsilin səviyyəsinin yüksəlməsinə təkan verən sektordur, bizim aparıcı beynəlxalq elmi araşdırmalara qoşulmağımıza kömək edir. Eləcə də, əlbəttə ki, iqtisadiyyatın, xüsusən də, qeyri-neft sahəsinin inkişafı üçün informasiya texnologiyaları sektoru böyük əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, bu il ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilib. Bu, əsasən onunla əlaqədardır ki, bu il Azərbaycanın ilk süni peyki buraxılıb. Bu minvalla biz kosmik sənayesi olan ölkəyə çevrildik. Həmin peyk tamamilə Azərbaycan mütəxəssislərinin idarəsinə verilib. Biz bu proqramı daha da genişləndirmək niyyətindəyik. Yaxın vaxtlarda ikinci, üçüncü peyklər də buraxılacaqdır. Bizim ölkəmizi informasiya texnologiyalarının tamamilə əhatə etməsi əhaliyə müasir xidmətlər göstərilməsinə imkanlar yaradacaqdır”.
Prezident, həmçinin, ona diqqət çəkib ki, hökumət dövlət büdcəsi hesabına İKT sektorunda çox mühüm investisiya layihələrini maliyyələşdirir.
Göründüyü kimi, dinamik inkişaf edən
bu sektor gələcəkdə Azərbaycanın bölgədə
informasiya-kommunikasiya texnologiyaları üzrə mərkəzə
çevrilməsinə, ölkənin ümumi intellektual
potensialı və imkanlarının yüksəlməsinə
xidmət edəcək. Eyni zamanda, kommersiya əhəmiyyəti
baxımından əldə olunacaq gəlirlər ölkə
iqtisadiyyatının inkişafına güclü təsir
göstərəcək.
SEVİNC
Yeni Azərbaycan. - 2013.- 4 dekabr.- S.2.