Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

 

Bu gün Azərbaycan sosial-iqtisadi inkişafının yeni mərhələsinə qədəm qoyub. Həyata keçirilən məqsədyönlü iqtisadi strategiya respublikamızda iqtisadisiyasi sabitliyin möhkəmlənməsinə əhəmiyyətli dərəcədə təsir edib. Neftdən daxil olan gəlirlər və düşünülmüş büdcə siyasəti ölkənin maliyyə gücünü xeyli artırıb. Bu inkişaf özünü yalnız statistik göstəricilərdə deyil, eyni zamanda, gündəlik həyatın bütün sferalarında da göstərir. Belə ki, həm Bakı şəhərində, həm də bütün şəhər və rayonlarımızda çox böyük quruculuq və abadlıq işləri aparılmaqdadır.

Bütövlükdə, icra edilən inkişaf proqramları Azərbaycanın hər bir bölgəsinin simasının dəyişdirilməsinə, müasirləşdirilməsinə xidmət edir. Bir sözlə, Azərbaycan müsbət mənada köklü sosial-iqtisadi infrastruktur dəyişikliyinə uğrayır. Demək olar ki, son dövrlərdə daha intensiv həyata keçirilən inkişaf proqramları ilə az bir vaxtda çox müsbət göstəricilərə nail olunub.

Onu da qeyd etmək lazımdır ki, Prezident kimi fəaliyyətə başladığı ilk gündən dövlət başçısı İlham Əliyev regionların sosial-iqtisadi inkişafı ilə yanaşı, Bakı və Bakıətrafı qəsəbələrin inkişafını prioritet məsələ kimi irəli sürüb. Bu baxımdan 2011-ci il mayın 4-də Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” xüsusi ilə əhəmiyyət kəsb edir. Proqramda qarşıya qoyulan vəzifələrə uyğun olaraq paytaxtın bütün rayon və qəsəbələrində ardıcıl tədbirlər həyata keçirilib. Bu istiqamətdə qarşıya qoyulan vəzifələrin məqsədyönlü, düşünülmüş şəkildə və məntiqi ardıcıllıqla həyata keçirilməsi nəticəsində Bakı şəhərinin və onun qəsəbələrinin sosial infrastrukturunda inkişafı təmin edən müsbət dinamika müşahidə edilib. Daha dəqiq desək, sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq beynəlxalq standartlara cavab verən asfalt yolların əsaslı təmiri və yenidən qurulması, küçə və məhəllədaxili ərazilərin işıqlandırma sistemi ilə təmin edilməsi, orta təhsil məktəblərinin, uşaq bağçaları-körpələr evlərinin əsaslı təmiri, tikintisi və bərpası ilə bağlı qısa zamanda, lakin böyük ərazidə insanların rahatlığına xidmət edən təqdirəlayiq işlər görülüb. Təkcə sosial obyektlərin deyil, eyni zamanda, infrastrukturun yenilənməsi istiqamətində paytaxt və qəsəbələrdə, eləcə də Nizami rayonunda mühüm addımlar atılıb. Daha dəqiq desək, son dövrlərdə rayon ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri, Bakı şəhərinin perspektiv inkişafı ilə bağlı reallaşdırılan irimiqyaslı və məqsədyönlü tədbirlər Nizami rayonunun simasını dəyişib, onun abadmüasir rayon kimi daha da gözəlləşməsinə səbəb olub.

Azərbaycanda son dövrlərdə neftdən əldə edilən gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi istiqamətində əhəmiyyətli və ardıcıl layihələrin həyata keçirilməsi prosesi Nizami rayonunu da əhatə etməkdədir. Qeyri-neft sektorunun ən mühüm sahələrindən biri şübhəsiz ki, sənayedir.

Ümumiyyətlə, son illərdə Azərbaycanda yüksələn iqtisadi göstəricilərdə sənayenin xüsusi çəkisi xeyli artmaqdadır. Güclü sənaye potensialının inkişafı üçün zəngin xammal bazasının mövcudluğu, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi bu sahənin son 5 ildə keyfiyyət və kəmiyyət baxımından sıçrayışına təkan verib. Azərbaycanda sənayenin inkişafına neft sektoru impuls versə də, ümumilikdə maşınqayırma, metallurgiya, yeyintiemal müəssisələri, texnologiyalar, kimya kompleksi, mədənçıxarma və filiz müəssisələri bu sahənin əhəmiyyətli dərəcədə inkişafına imkan yaradıb. Sənayenin strukturuna diqqət yetirdikdə, qeyri-neft sənayesi sahələrinin artım tempinin daha yüksək olduğunu görmək mümkündür. Başqa sözlə, rəqabətədavamlı istehsalemal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə sənaye potensialının möhkəmləndirilməsi istiqamətində görülən işlər inkişaf dinamikasını qeyri-neft sektorunun xeyrinə dəyişib.

Bütövlükdə sənayenin müxtəlif sahələrini özündə birləşdirən Nizami rayonunda Heydər Əliyev adına Bakı Neft Emalı zavodu, Elektron Hesablama Maşınları zavodu, Peyk zavodu, “NJT-2000” firması, “Bakı Şərab-1” ASC, “Azərtunelmetrotikinti” SC-nin Dəmir-beton Konstruksiyaları zavodu, “Körpü-Tunel” ASC, “Bakı Diyircəkli Yastıq” ASC, “European-Tobacco Baku” ASC, “Veysəloğlu” MMC, “Kaspi-Yıldız” MMC kimi müəssisələr, 18 bank filialı, Nizami Telefon Qovşağı, 7 rabitə şöbəsi, iri ticarət və iaşə mərkəzləri fəaliyyət göstərir. Demək olar ki, yarandığı andan sənaye rayonu statusunu daşıyan Nizami rayonu bu gün də ənənəsinə sadiq qalmaqdadır. Belə ki, 2013-cü ilin ötən dövründə rayon ərazisində fəaliyyət göstərən müəssisələr tərəfindən 308,2 milyon manat dəyərində məhsul istehsal edilib və xidmətlər göstərilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5,8 faiz çoxdur. İstehsal olunan məhsulun 35,7 faizi özəl sektorun payına düşür.

Ötən ilin müvafiq dövrünə nisbətən beton, gipssement məmulatlarının istehsalında artım 2 dəfə, zeytun yağı istehsalında isə 44,9 faiz, kakao yağı 46,2 faiz, sərinləşdirici içki 7,7 faiz, süd məhsulları 2,7 faiz, duz 26,7 faiz çox istehsal olunub. Bu artımda rayon ərazisində fəaliyyət göstərən Heydər Əliyev adına Bakı Neft Emalı zavodu, “Neftqaztikintitresti, “NJT-2000” firması, “Bakı Yağ Qida Fabriki” MMC, “Körpü-Tunel” ASC, “Azərtunelmetrotikinti” SC-nin DBK zavodu, “Şərab-1” ASC, “Ulduzfabriki kimi müəssisələrin müstəsna rolu qeyd olunmalıdır.

Bazar münasibətlərinin düzgün qurulması nəticəsində 2013-cü ilin yanvar-sentyabr aylarında istehlakçılara 315 milyon manatlıq məhsul göndərilib, müəssisələrin anbarlarında hazır məhsul qalığının həcmi isə 2,4 milyon manat təşkil edib. Əvvəlki illərdə olduğu kimi, cari ilin 9 ayında pərakəndə ticarət  dövriyyəsi və pullu xidmət göstəriciləri xeyli yüksəlib. Hesabat dövründə yerinə yetirilən podrat işlərin həcmi 389,4 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 51,1 faiz artım deməkdir. Bununla yanaşı, 2013-cü ilin yanvar-sentyabr aylarında iaşə müəssisələrində 18,6 milyon manatlıq xidmət göstərilib.

İlin əvvəlindən özəl müəssisələrin fəaliyyət dairəsi daha çox genişlənib və rayon əhalisinin ərzaq və qeyri-ərzaq mallarına olan tələbatının ödənilməsində onlar müstəsna rol oynayıb. Pərakəndə ticarət dövriyyəsinin demək olar ki, 100 faizi, pullu xidmətlərin 81,6 faizi bu müəssisələr hesabına əldə edilib. Rayon üzrə pərakəndə ticarət dövriyyəsinin həcmi 13 faiz artaraq 1154,9 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin real həcmi isə artaraq 174,9 milyon manat təşkil edib.

Hesabat dövründə rabitə sahəsində 79,2 milyon manat dəyərində xidmətlər göstərilib. Bu rəqəm əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,2 dəfə çoxdur. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində ATS 421/422-nin NQN texnologiyası əsasında rekonstruksiya işləri də yekunlaşmaq üzrədir. Nizami rayonu ərazisində tikilməkdə olan 217 nömrəli yarımstansiyada isə tamamlanma işləri gedir. Yenidən inşa olunan 35/6 kv yarımstansiya 2x25 meqavat amper (MVA) gücündədir.

Nəqliyyat sahəsində isə 51,7 milyon manat dəyərində xidmət göstərilib ki, bu da 2012-ci ilin 9 ayına nisbətən 11,7 faiz çoxdur.

Beləliklə, Nizami rayonu ərazisində çoxlu sayda kiçik-iri istehsal müəssisələrinin yerləşməsi ümumilikdə ölkə iqtisadiyyatına verilən töhfələr baxımından rayonun əhəmiyyətini xeyli artırıb. Məhz bu amil rayonu investisiya baxımından cəlbedici edən faktorlardan biridir. Bunu rayon iqtisadiyyatına qoyulan sərmayələrin həcmi də təsdiq edir. Hesablamalara görə, son 5 ildə Nizami rayon iqtisadiyyatına 723,4 milyon manatlıq investisiya qoyulub ki, bunların hamısı istehsal təyinatlıdır. Təkcə cari ilin yanvar-sentyabr aylarında rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 141,9 milyon manat həcmində investisiya yönəldilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 57,2 faiz artıqdır. Əsas kapitala yönəldilmiş investisiyaların 134,8 milyon manatı və ya 95 faizi dövlət, 7,1 milyon manatı və ya 5 faizi qeyri-dövlət müəssisələrinə aiddir. Hesabat dövrü ərzində istifadə edilmiş investisiyaların 91,5 milyon manatı və ya 64,5 faizi tikinti quraşdırma işlərinə sərf edilib. Bu rəqəm keçən ilin müvafiq dövrünə nisbətən 46,2 çoxdur.

Rayonda çoxlu sayda istehsal müəssisələrinin fəaliyyət göstərməsi həm də məşğulluq probleminin həllinə xidmət edib. Təkcə 2013-cü ilin yanvar-sentyabr aylarında rayonda 1450 yeni yeri açılıb ki, onlardan 274-ü yeni istifadəyə verilən, 71-i mövcud müəssisə və təşkilatlara, 1105-i isə fiziki şəxslərə aiddir. Ümumilikdə, 2003-cü ildən oktyabrın 1-dək 22914 yeni yeri açılıb ki, bunlardan 22817-si daimidir. Göründüyü kimi yeni açılmış yerlərinin əksəriyyəti özəl sektorun payına düşür. Çünki rayonda özəl sektorun inkişafına xüsusi diqqət yetirilir.

Bütün görülən işlərlə yanaşı, növbəti illərdə rayonda bir sıra həlli vacib işlərin görülməsi planlaşdırılır. 2013-cü ildə qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində rayon üzrə həllini gözləyən yerinə yetirilməsi vacib işlər arasında tunel, yeraltı keçidlərin tikintisinin başa çatdırılması, park və istirahət yerlərinin əsaslı şəkildə yenidən qurulması, 8-ci kilometr yarımstansiyasından 7 saylı paylayıcı qurğuyadək 2 dövrəli hava xəttinin kabelləşdirilməsi, bütün çoxmərtəbəli yaşayış binalarında aşağı paylama kommunikasiya xətlərinin (su, kanalizasiyaistilik) dəyişdirilməsi, məhəllələrin abadlaşdırılması işlərinin yekunlaşdırılması, istismar müddəti başa çatmış sərnişin liftlərinin yenisi ilə əvəz olunması və s. var. Ötən müddət ərzində rayonda görülən işlərin miqyası qarşıya qoyulan layihələrin uğurla icra ediləcəyinə dair əminliyi artırır.

 

Sevinc NURİYEVA

Yeni Azərbaycan.- 2013.- 14 dekabr.- S.6.