Ömrünü
xalqına həsr edən lider
Çağdaş Azərbaycan dövlətinin qurucusu Türk dünyasının böyük oğlu, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev... Ömrünün 50 ilindən çoxunu Azərbaycan xalqının, Azərbaycan dövlətçiliyinin taleyi ilə sıx bağlamış olan, iqtisadiyyatımızda, milli ideologiya və mənəviyyatımızda, mədəniyyətimizdə, elmimizdə, təhsilimizdə, səhiyyəmizdə və digər sahələrdə misilsiz işlər görmüş dünya şöhrətli bu şəxsiyyətin titanik fəaliyyəti heç vaxt xalqımızın yaddaşından silinməyəcək.
Sirr deyil ki, Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ölkəyə qayıdana, yəni,1993-cü ilin iyun ayına qədər Azərbaycanda vəziyyət son dərəcə ağır idi. Xalq öz tarixinin ən çətin dövrünü yaşayırdı. Ermənistanla müharibədə ağır məğlubiyyətlər bir-birini əvəz edir, ermənilər torpaqlarımızı bir-birinin ardınca işğal edirdilər. Öz içərimizdəki vətən xainləri yüksək vəzifələr ələ keçirmək, varlanmaq xatirinə müqəddəs torpaqlarımızı düşmənlərə təslim edirdilər. Xalq qorxu və vahimə içərisində yaşayırdı.
Yurdumuzun başı üstünü qara buludların aldığı bu çətin anda Azərbaycan xalqının, Vətənimizin yeganə ümidi Ulu öndər Heydər Əliyev oldu. Xalqın ümid nəzərləri öz sevimli oğluna - o zaman Naxçıvana rəhbərlik edən Heydər Əliyevə yönəlmişdi. Ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə ölkəyə qayıtdı. Xalq öz xilaskarını sevinclə qarşıladı.
Genişlənməkdə olan vətəndaş müharibəsi təhlükəsini aradan qaldırmaq üçün Ulu öndər Heydər Əliyev iyunun 13-14-də Gəncədə oldu.
1993-cü il iyunun 15-də Heydər Əliyev Ali Sovetin sədri seçildi. Bu gün tarixə Milli Qurtuluş Günü kimi daxil oldu. Ermənistan ilə müharibə vəziyyətində olan Azərbaycan üçün ikinci cəbhə açaraq onu parçalayıb məhv etmək istəyən qüvvələrin təhriki ilə törədilən vətəndaş müharibəsinin qarşısı alındı. Həmçinin, zorakı yolla hakimiyyəti dəyişmək ənənəsinə birdəfəlik son qoyuldu. Azərbaycan dövlətçiliyini və müstəqilliyini qoruyub saxlamaq mümkün oldu. Beləliklə, Azərbaycanın parçalanması təhlükəsi aradan qalxdı.
Azərbaycan xalqı ölkənin müstəqilliyinə qənim kəsilmiş, xaricdən idarə olunan qüvvələrin qarşısını qətiyyətlə alan Ulu öndər Heydər Əliyevin ətrafında daha da sıx birləşməyə başladı. 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi. Ümumxalq dəstəyi ilə Prezident seçilmiş Heydər Əliyev andiçmə mərasimindəki nitqində dövlət müstəqilliyini möhkəmləndirmək, suverenliyi təmin etmək, əhalinin rifahını yaxşılaşdırmaq vəzifələrini həyata keçirəcəyini bəyan etdi. Ulu öndər Heydər Əliyev, eyni zamanda, verdiyi ilk bəyanatlarının birində deyirdi: “Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə və inkişaf etməsinə sərf edəcəyəm. Azərbaycan Respublikasının demokratik, hüquqi dövlət kimi inkişaf etdirilməsinin təminatçısı olacağam. Azərbaycan Respublikasının dünya dövlətləri içərisində, dünya birliyində layiqli yer tutmasına çalışacağam”.
Ümummilli lider Heydər Əliyevin söyləmiş olduğu bu fikirlər qısa zamanda reallığa çevrildi. Belə ki, tez bir zamanda ölkədə anarxiya və özbaşınalığın qarşısını alan Ulu öndər Heydər Əliyev yürütdüyü uğurlu xarici siyasət nəticəsində 1994-cü il may ayının 12-də atəşkəsə nail oldu. Atəşkəs rejiminin elan edilməsi təkcə günahsız insanların qətlə yetirilməsinin, ərazilərimizin itirilməsinin qarşısını almadı, həm də ordu quruculuğu işini başa çatdırmağa, ölkənin iqtisadi qüdrətinin artırılmasına diqqət yönəltməyə imkan verdi.
İqtisadi problemlərin həllində ölkə üçün ən vacib amil ictimai-siyasi sabitliyin, sağlam mühitin yaradılması idi. Belə olmasaydı, respublikamızın böyük iqtisadi potensialından söhbət gedə bilməz, dünya iqtisadiyyatına inteqrasiya, iqtisadi sahədə ölkəmizin digər ölkələrlə əməkdaşlığı mümkün olmazdı.
Ulu öndər Heydər Əliyevin iqtisadi siyasətinin başlıca cəhətləri belə olub: “İqtisadiyyatı güclü olan dövlət hər bir şeyə qadirdir”.
Ümummilli liderimiz Heydər Əliyevin həyatının məqsədi Azərbaycan Respublikası, Azərbaycan vətəndaşının firavan həyatının təmin edilməsi olmuşdur.
Doğrudan da, Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqı, Azərbaycan dövlətinin parlaq gələcəyi naminə çox böyük uğurların əldə edilməsinə nail oldu. Bütün bunların hamısı Onun böyük bacarıq, səriştə və nüfuz sahibi olmasından irəli gəlirdi. Məhz Ulu öndər Heydər Əliyevin qətiyyəti və bacarığı sayəsində respublikamızın digər dövlətlərlə əlaqələri yaranmış və qısa zamanda ölkəmiz bütün dünyada tanınmışdır. Azərbaycanın Avropaya inteqrasiyası və respublikamızın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi Ümummilli lider Heydər Əliyevin səyi və qətiyyəti, təşəbbüskarlığı, həmçinin, güclü idarəçilik məharətinin nəticəsidir.
Ulu öndərimizin gərgin əməyi sayəsində mövcud olan müstəqil Azərbaycan dövləti bu gün cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında çiçəklənir və zirvələr fəth edir. Əlbəttə ki, xalqımız da firavan gələcəyi məhz cənab Prezidentimiz İlham Əliyevlə görür. Xalqımızın bu istəyi onun keçmişinə və bu gününə əsasən formalaşmışdır. Bunu ölkədə hər bir sahədə görülmüş işlər, qazanılmış uğurlar təsdiq edir. Bütün bunların nəticəsidir ki, bu gün müstəqil Azərbaycan dövləti güclü orduya, inkişaf etmiş müdafiə sənayesinə, beynəlxalq standartlara cavab verən təhsilə, müasir səhiyyə sisteminə, ən əsas da gündən-günə güclənən iqtisadiyyata malik bir dövlətdir. Əhalinin dinc, firavan halda yaşaması, sosial rifahın gündən-günə yüksəlməsi, ölkənin hər bir yerində quruculuq, abadlıq işlərinin geniş vüsət alması Azərbaycanın cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında böyük inkişaf yolu keçdiyini bariz şəkildə sübut edir.
Anar Şahmuradov,
YAP Ağdaş rayon Gənclər
Birliyinin sədri
Yeni Azərbaycan.- 2013.- 14 dekabr.- S.5.