Ulu öndər Heydər Əliyev müstəqil
Azərbaycan dövlətinin banisidir
Dövlətçilik tariximizin özünəməxsus bir halqası olan Sovet dövründə də dahi siyasətçi və böyük dövlət xadimi Heydər Əliyev milli inkişafımız baxımından əvəzolunmaz nailiyyətlərə imza atmışdır
Azərbaycanın dövlətçilik tarixində böyük şəxsiyyətlər, dünyaya meydan oxuyan sərkərdələr, yaşadıqları dövrün reallıqlarını dərk edərək xalqımızın milli maraqlarını ən yüksək səviyyədə qorumağa çalışan dövlət xadimləri olmuşdur. Təbii ki, onların hər biri bu və ya başqa şəkildə Azərbaycan dövlətinin öz varlığını sürdürməsinə, daha da möhkəmlənməsinə, xalqımızın firavan gələcəyinə yönəlmiş xidmətlər göstərmişlər və tarixin ədalət mühakiməsində layiqli münasibəti də görmüşlər. Amma onların heç birini Azərbaycan xalqının Ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevlə müqayisə etmək mümkün deyildir. Çünki Ulu öndər Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirmiş, gərgin əməyi və yaratdıqları ilə ən yeni tariximizin parlaq, işıqlı səhifəsini yaratmışdır.
Ümummilli liderimiz Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin və cəmiyyətin mənafeyinə xidmət etmiş, Azərbaycan torpağının, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün olan hər bir işi görmüşdür. Bu gün daha çox Ulu öndər Heydər Əliyevin müstəqillik dövründə Azərbaycana rəhbərliyi zamanı gördüyü işlərdən geniş bəhs edilir. Ancaq unutmaq lazım deyil ki, dövlətçilik tariximizin özünəməxsus bir halqası olan Sovet dövründə də dahi siyasətçi və böyük dövlət xadimi Heydər Əliyev milli inkişafımız baxımından əvəzolunmaz nailiyyətlərə imza atmışdır. Ona görə də, Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərinı təsvir etmək üçün mütləq mənada Onun hakimiyyətinin birinci dövrünə də (1969-1982-ci illər) nəzər yetirmək lazımdır.
Azərbaycan xalqının və dövlətinin dönüş tarixi
Məlum olduğu kimi, 1969-cu ilədək Azərbaycan SSRİ-nin tərkibində bütün sahə və istiqamətlər üzrə ən geridə qalmış ölkələrin başında gəlirdi. Respublikamızın inkişafı üçün əhəmiyyətli resurs və potensial mövcud olsa da, onlardan səmərəli şəkildə istifadə edilməməsi tənəzzül meyillərinin əsasında dayanan başlıca faktor idi. Amma Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olması ölkəmizin Sovet dövrü tarixində dönüş nöqtəsi oldu. Məhz bu tarixdən sonra bütün sahələrdə həyata keçirilən islahatlar, görülən tədbirlər respublikamızın inkişafını təmin edən əsas oldu.
Sirr deyil ki, həmin dövrə qədər Azərbaycan SSRİ miqyasında xammal mənbəyi qismində çıxış edən aqrar Respublika kimi tanınırdı. Odur ki, ölkəmizin yalnız xammal mənbəyi kimi çıxış etməsi ənənəsini aradan qaldırmaq və davamlı, sürətli inkişafı təmin etmək üçün kompleks səciyyəli strateji islahatlar aparmaq, genişmiqyaslı tədbirlər görmək zəruri idi. Bunun üçünsə ilk növbədə, sosial-iqtisadi islahatlar həyata keçirməklə, milli inkişafın maddi bazasını formalaşdırmaq lazım idi. Ulu öndər Heydər Əliyev də məhz bu istiqamətdə fundamental strateji tədbirlər görməklə, davamlı və nizamlı inkişafı təmin etməyi bacardı. Sürətli sənayeləşmə kursu seçildi və qısa zaman kəsiyində sənaye sahəsinin inkişafında mühüm irəliləyişlər qeydə alındı. Ardıcıl surətdə sənaye müəssisələri tikilib istifadəyə verildi ki, bu da davamlı inkişaf konsepsiyasının həyata keçirilməsini təmin edən əsaslardan biri oldu. Qısa müddətdə Azərbaycan İttifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerdə qərarlaşdı. Bununla yanaşı, kənd təsərrüfatı sənaye təməli üzərində inkişaf etdirildi və istehsal olunan məhsulların orta illik həcmi mütəmadi surətdə artırıldı. Artıq 1982-ci ildə kənd təsərrüfatı məhsullarının istehsal həcmi ilk dövrlərlə müqayisədə 6 dəfə artırılmışdı ki, bu da aqrar sektorun inkişafı yönündə həyata keçirilən siyasətin səmərəliliyindən xəbər verirdi. Eyni zamanda, Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə neft sənayesində də tənəzzül meyilləri aradan qaldırıldı və bəhs edilən sahədə ehtiyatlardan səmərəli istifadə etməklə davamlı və nizamlı inkişafın əsası qoyuldu. Nəticə etibarilə, neft hasilatı xeyli artırıldı.
Beləliklə, görülən tədbirlərin fonunda tənəzzül meyillərinə son qoyuldu və respublikamızın sosial-iqtisadi inkişafına, dirçəlişinə start verildi. Sosial-iqtisadi inkişafın təmin edilməsi mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə də görülən fundamental strateji tədbirlərin uğurluluğunu şərtləndirdi ki, bu da Azərbaycanın SSRİ səviyyəsində ən yüksək inkişaf tempinə malik olan ölkəyə çevrilməsinin təminatçısı qismində çıxış etdi.
Strateji sahə olan təhsil sektorunda da ardıcıl və davamlı islahatlar həyata keçirildi ki, bu da kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi işinə fundamental töhfələr bəxş etmiş oldu. Əvvəla, təhsil sektorunun maddi-texniki bazası yaxşılaşdırıldı. Xüsusi intellektual təbəqənin formalaşdırılması istiqamətində normativ baza yaradıldı və buna müvafiq olaraq praktik müstəvidə əhəmiyyətli tədbirlər görüldü. Ulu öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısının fonunda kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi istiqamətində azərbaycanlı gənclər SSRİ miqyasında fəaliyyət göstərən ali təhsil müəssisələrinə göndərildilər. Belə ki, azərbaycanlı tələbələr Moskva, Leninqrad, Xarkov, Kiyev, Minsk, Voronej və s. şəhərlərdə fəaliyyət göstərən nüfuzlu ali təhsil müəssisələrində öz təhsillərini başa vuraraq ölkəmizə qayıdır və kadr potensialı kimi müxtəlif sahələrdə çalışırdılar. Ümumilikdə, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində 18 minədək yüksəkixtisaslı mütəxəssis hazırlandı. Bu isə milli inkişafın intellektual əsaslarının möhkəmlənməsinə fundamental töhfə idi.
Ulu öndər Heydər Əliyev təhsil sektorunun inkişafının zərurətini məhz bu cür dəyərləndirirdi: “Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər onlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyətləri heç vaxt unutmamalıyıq”.
Bununla yanaşı, azərbaycanlı gənclərin SSRİ miqyasında fəaliyyət göstərən nüfuzlu ali təhsil məktəblərinə göndərilməsi milli mədəniyyətimizin təbliği və möhkəmləndirilməsi, milli diaspor quruculuğunun formalaşdırılması işinə mühüm strateji töhfələr bəxş etdi. Bunlardan başqa, milli-mənəvi dəyərlərin qorunması və dirçəldilməsi istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Musiqi, teatr, kino, təsviri incəsənət və digər sahələrdə xüsusi dəyişikliklər və inkişaf meyilləri qeydə alındı. Mədəniyyət evləri inşa edildi, abidələr ucaldıldı, incəsənət xadimlərinə fəxri adlar, ordenlər, təqaüdlər ayrıldı.
Beləliklə, Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində ölkəyə rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən strateji tədbirlərin fonunda respublikamız sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrildi. Əgər 1969-cu ilədək Azərbaycan SSRİ miqyasında yalnız xammal mənbəyi kimi çıxış edərək inkişaf tempinə görə ən geridə qalmış ölkə kimi səciyyələndirilirdisə, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərin fonunda ölkəmiz sürətli inkişaf tempinə malik oldu və 70-ci illərin sonu 80-ci illərin əvvəlində bütün sahələrdə mütəmadi inkişaf meyilləri qeydə alındı.
Bununla yanaşı, siyasi-ideoloji müstəvidə görülən işlər də milli inkişaf və həmrəyliyimizin təminatçısı qismində çıxış etdi. Milli ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi strateji addım oldu. Bunun ardınca “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı ki, bu da bəhs edilən siyasətin ideoloji substratı səciyyəsi daşıdı.
Böyük
qayıdış və Naxçıvan MR-in xilası
Ulu öndər Heydər Əliyevin xalqımız və
dövlətçiliyimiz qarşısındakı tarixi fəaliyyətini,
misilsiz xidmətlərini anlamaq üçün Ümummilli
liderin siyasi fəaliyyətinin Naxçıvan dövrünə
də nəzər yetirmək məqsədəmüvafiqdir.
Məlum olduğu kimi, 1990-cı ildə Azərbaycan
olduqca mürəkkəb situasiya qarşısında idi. SSRİ-nin
dayaqlarının sarsıldığı bir dövrdə
İttifaq miqyasında baş alan hərc-mərclik
ölkələrin daxili həyatına da sirayət etmiş və
idarəetmə potensialı və qabiliyyəti
aşağı olan ölkələrdə çox mürəkkəb
siyasi-hüquqi kataklizmlər cərəyan etməkdə idi. Eyni zamanda, Muxtar Respublikanın blokada şəraitində
olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin
muxtar qurum üzərində oynamağa
çalışdığı oyunlar Naxçıvanın vəziyyətini
maksimum dərəcədə mürəkkəbləşdirmişdi.
Mövcud durum 1991-ci ilin sentyabr ayında Ulu öndər
Heydər Əliyevin Naxçıvan MSSR-in Ali Sovetinin sədri
seçilməsinədək olan tarixi mərhələdə
daha da kəskinləşdi. Ali Sovetin sədri
seçilən Ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti
və səyləri sayəsində sabitlik təmin edildi və
muxtar qurumun sosial-iqtisadi vəziyyəti yaxşılaşdırıldı.
Müharibənin davam etdiyi, sənaye məhsullarının
çatışmadığı, elektrik enerjisinin
olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə
Ali Məclisin sədri seçilən Heydər Əliyev həyata
keçirdiyi islahatlar, gördüyü tədbirlər və
işlər sayəsində sabitliyin, tərəqqinin və həmrəyliyin
təmin olunmasına nail oldu.
Ümumiyyətlə, Ulu öndər Heydər
Əliyevin siyasi fəaliyyətinin Naxçıvan
dövründə gördüyü işlərin mahiyyətini
və əzəmətini anlamaq üçün sadəcə
bir neçə fakta nəzər yetirmək kifayət edir.
Beləliklə, görülən işlər
sırasında, ilk növbədə, milli dövlətçilik
ənənələrinin bərpasını qeyd etmək
lazımdır. O cümlədən Muxtar Respublikanın dövlət rəmzlərinin
bərpa olunması və milliləşdirmə siyasətinin
həyata keçirilməsi xüsusi vurğulanmalıdır.
17 noyabr 1990-cı il tarixində
Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə
olaraq üçrəngli bayrağımız
qaldırıldı. Milli bayraq məsələsi
ilə əlaqədar 2 bəndlik qərar qəbul edildi.
Bununla yanaşı, Naxçıvan MSSR
adından “Sovet” və “Sosialist” sözləri
çıxarıldı. SSRİ-nin
mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul
və icra edilməsi olduqca yüksək siyasi səriştə
və cəsarət tələb edirdi ki, Ulu öndər Heydər
Əliyev bunu nümayiş etdirdi. Eyni zamanda,
Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti
dayandırıldı və Sovet ordusu, əsgəri birlikləri
Naxçıvan MR ərazisindən
çıxarıldı.
Bununla da
Naxçıvan MR-in müstəqil inkişafı
üçün ilkin zəmin yaradıldı və sabitliyə
real təhdid yaradan faktorların
neytrallaşdırılması istiqamətində mühüm
işlər görüldü. O zaman Azərbaycanda hakimiyyətdə
olan səriştəsiz qüvvələr korporativ maraqlar əsasında
çıxış edərək sabitliyə və
inkişafa mane olmaq yönündə xüsusi fəallıq
göstərirdilər ki, bu da Naxçıvanın durumuna mənfi
təsir edən destruktiv faktor qismində
çıxış edirdi. Hətta iş o həddə
çatmışdı ki, xarici güc mərkəzlərinin
“marionetka”ları qismində çıxış edən
hakimiyyətdəki “piyada”lar
Naxçıvanda bir neçə dəfə dövlət
çevrilişinə cəhd etdilər. Bunlardan
ilki Xalq Cəbhəsinin Naxçıvandakı silahlı dəstələrinin
24 oktyabr 1992-ci ildə Muxtar Respublikada etdiyi çevriliş cəhdi
oldu. Amma Ulu öndər Heydər
Əliyevin siyasi məharəti sayəsində bəhs edilən
çevriliş cəhdlərinin qarşısı
alındı.
Bunlarla yanaşı, Ulu öndər Heydər Əliyev
milli ideoloji məsələləri önə çəkərək
bir sıra təxirəsalınmaz tədbirlər gördü
və tarixi qərarlar qəbul etdi. İlk növbədə,
“1990-cı il yanvar ayının 20-də törədilmiş
Bakı hadisələrinə siyasi qiymət verilməsi
haqqında” Qərar qəbul edildi. Qərarda
20 Yanvar hadisələrinin mahiyyəti, siyasi və hüquqi əsasları
əks olunmuşdu. Eyni zamanda, 31
dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü elan edilməsi barədə də tarixi qərar qəbul
edildi.
Bütün bunlarla yanaşı, Naxçıvan MR-də
sosial-iqtisadi vəziyyətin
yaxşılaşdırılması və tərəqqi
meyillərinin əldə olunması üçün əhəmiyyətli
tədbirlər görüldü. Sosial-iqtisadi və
aqrar islahatlar reallaşdırıldı, özəlləşdirmə
prosesinə start verildi və infrastruktur sahələrinin
inkişafı yönündə xüsusi işlər həyata
keçirildi.
Digər tərəfdən, blokada şəraitində
olan Muxtar Respublikanın inkişafı və sabitliyinin
davamlılığını təmin etmək
üçün regional miqyasda rasional strateji münasibətlər
sistemi formalaşdırmaq lazım idi ki, Ümummilli lider Heydər
Əliyev bu yöndə strateji addımlar atdı. Xüsusilə
də Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa
və tərəfdaşlığa əsaslanan rəsmi təmaslar
sıxlaşdırıldı. 24 mart 1992-ci il tarixində Ankarada Naxçıvan MR-lə
Türkiyə Cümhuriyyəti arasında işbirliyi
protokolunun imzalanması blokada şəraitində olan
Naxçıvanın vəziyyətinə əhəmiyyətli
dərəcədə müsbət töhfə oldu.
Beləliklə,
siyasi fəaliyyətinin Naxçıvan dövründə
Heydər Əliyev gördüyü işlər,
atdığı rasional, praqmatik addımlarla Muxtar
Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini
təmin etmiş oldu.
Ümummilli
lider Heydər Əliyev Azərbaycan xalqının
xilaskarıdır
18 oktyabr 1991-ci il tarixində Azərbaycan Respublikası Ali Sovetinin cari sessiyasında qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına müvafiq olaraq formal müstəqillik əldə etmiş Azərbaycan Respublikası müstəqilliyin ilk illərində kompleks problemlər və dərin kataklizmlərlə üzləşdi. Əvvəla, həmin dövrdə cərəyan edən proseslər və ortaya çıxan mənzərə onu göstərdi ki, Azərbaycan digər keçmiş SSRİ respublikaları ilə müqayisədə öz müstəqilliyini olduqca gec elan etmişdi. Məsələn, Litva 11 mart 1990, Rusiya 12 iyul 1990, Gürcüstan 9 aprel 1991, Estoniya 20 avqust 1991, Qırğızıstan 31 avqust 1991, Özbəkistan 1 sentyabr 1991-ci il, nəhayət, Tacikistan 9 sentyabr 1991-ci ildə öz müstəqilliyini elan etdiyi halda, Azərbaycan buna yalnız 1991-ci il oktyabrın 18-də nail ola bildi. Təbii ki, bunun bir sıra obyektiv və subyektiv səciyyə daşıyan fundamental səbəbləri var idi. Bu səbəblərin başında isə həmin vaxt Respublikaya “rəhbərlik” edən subyektlərin qətiyyətsizliyi, Moskvanın kölgəsi altında, “kölə psixologiyası” ilə yaşamaq niyyətləri və bu rəhbərlərin xalqın ali mənafeyini mərkəzin imperialist maraqlarına qurban vermələri dayanırdı. Bir sözlə, bütün mahiyyəti və mövcudluğu ilə Kremldən asılı olan o zamankı Azərbaycan rəhbərliyi müstəqillik ideyalarını, prinsiplərini qəbul etmək, mənimsəmək iqtidarında deyildi. Sadəcə, SSRİ-nin dağılması ərəfəsində formalaşmış təbii situasiya Azərbaycanın da müstəqilliyinin əldə edilməsini şərtləndirdi. Eyni zamanda, sonrakı hadisələr də göstərdi ki, o zamankı rəhbərlik təbii situasiyanın fonunda əldə edilmiş müstəqilliyin qorunub saxlanılması kimi strateji missiyanı da reallaşdırmaq iqtidarında deyildi.
Formal qaydada əldə edilən müstəqilliyin itirilməsi təhlükəsi çalınan həyəcan təbillərini daha da artırmışdı. Mövcud vəziyyətdən çıxış yolunu təmin edə bilməyəcəyini anlayan Mütəllibov hakimiyyəti çarəni istefa verməkdə gördü. Amma bu heç də ölkənin qurtulması mənasına gəlmirdi.
Bundan sonra hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü Azərbaycanı sözün əsl mənasında xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevirdi. Ölkədə tam bir anarxiya yarandı və daxili çəkişmələr özünün pik nöqtəsinə çatdı. Həmin ərəfədə güclü siyasi liderin nüfuzuna söykənən mütəşəkkil siyasi subyektlər lazım idi ki, Azərbaycanı anarxiya meyilləri ilə müşayiət edilən xaotik durumdan xilas etsin.
Müstəqilliyin qorunub saxlanması məqsədinin fonunda yeni müstəqillik əldə etmiş Azərbaycan dövlətinin siyasi-hüquqi əsaslarının təşəkkül tapması və davamlı xarakter alması, tendensiya halını almış kataklizmlərin neytrallaşdırılması və aradan qaldırılması, sistem transformasiyasının milli münasibətlərə və mövcud dəyərlərə müvafiq surətdə həyata keçirilməsi üçün xüsusi önəm kəsb edirdi. Burada əsas məsuliyyət isə o zamankı ölkə rəhbərliyinin üzərinə düşürdü. Amma müstəqilliyin ilk 2 ilində buna nail olmaq mümkün olmadı.
Bu durum 1993-cü ilə, Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsinədək davam etdi. Ölkəmizdə hökm sürən xaotik və anarxist meyillərin neytrallaşdırılmasında, mürəkkəb siyasi-hüquqi kataklizmlərin qarşısının alınmasında və ictimai-siyasi sabitliyin əldə edilməsində, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin liderlik keyfiyyətləri birinci dərəcəli amil kimi xüsusi rol oynadı. Məhz o cür mürəkkəb situasiyanın fonunda milli-etnik və subyektlərarası barışmaz ziddiyyətləri aradan qaldırmaq, simmetrik sosial inteqrasiyanı və onun davamlılığını təmin etmək, xalqla hakimiyyətin kommunikasiyasını və milli ideoloji həmrəyliyi təmin etmək kimi zəruri strateji missiya və funksiyaları müvəffəqiyyətlə yerinə yetirən Heydər Əliyev Azərbaycan xalqının Ümummilli lideri, Əbədiyaşar lideri olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla bir daha sübut etdi.
“Yeni Azərbaycan”ın Analitik Qrupu
Yeni Azərbaycan.-
2013.- 14 dekabr.- S.4.