Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının yaradılmasının 15 illiyi təntənəli şəkildə qeyd edilib

 

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının yaradılmasının 15 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Bu münasibətlə milli təhlükəsizlik naziri Eldar Mahmudov başda olmaqla nazirliyin rəhbər işçiləri və Akademiyanın şəxsi heyəti Fəxri xiyabana gələrək Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Milli Təhlükəsizlik Nazirliyindən AzərTAc-a bildiriblər ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstəsi düzülüb.

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında davam edən təntənəli mərasimdə əvvəlcə Azərbaycan xüsusi xidmət orqanlarının inkişafında əvəzsiz rolu olan Ulu öndər Heydər Əliyevin buradakı abidəsi önünə əklil qoyulub, xatirəsi ehtiramla yad edilib.

Sıra meydanına Akademiyanın döyüş bayrağı gətirilib.

Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla anılıb, dövlət himni səslənib.

Milli təhlükəsizlik naziri Eldar Mahmudov Akademiyanın müəllim-professor heyətini, dinləyiciləri və kursantları Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan və Onun adını şərəflə daşıyan bu ali təhsil ocağının 15 illik yubileyi münasibətilə təbrik edib, bütün şəxsi heyətə Azərbaycan naminə məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra kursantlar təntənəli marşla tribunanın önündən addımlayıblar.

Tədbirin sonunda “Şöhrət” Muzeyində mükafatlandırma mərasimi keçirilib, xidmətdə fərqlənən əməkdaşlara medallar, fəxri fərmanlar və təhsildə nailiyyətlər əldə etmiş kursantlara qiymətli hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Daha sonra yubiley mərasimi Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində davam edib.

Akademiyanın 15 illik yubileyi münasibətilə tədbir iştirakçılarına bir daha təbriklərini çatdıran milli təhlükəsizlik naziri Eldar Mahmudov müstəqil Azərbaycanın təhlükəsizliyini təmin edəcək peşəkar zabitlərin hazırlanmasında xüsusi əhəmiyyətə malik olan ali təhsil müəssisəsinin yaradılmasının zamanın tələbi olduğunu bildirib.

Nazir Eldar Mahmudov bütün bunların Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birbaşa diqqəti və gündəlik qayğısı sayəsində mümkün olduğunu qeyd edib. Bildirilib ki, Akademiyada olarkən görülmüş işlər və qarşıda duran vəzifələr barədə dövlətimizin başçısının dediyi sözlər şəxsi heyətin yaddaşına yazılıb. Ali Baş Komandanın Akademiyanın ən yüksək dünya standartlarına cavab verdiyini vurğulaması çox böyük qiymət idi. Bu diqqətin ən önəmli töhfələrindən biri də Azərbaycan Prezidentinin 2005-ci il dekabrın 20-də imzaladığı Fərmanla Akademiyaya Ümummilli lider Heydər Əliyevin adının verilməsi olub. Əlbəttə, hər bir əməkdaş və kursant üçün böyük fəxr sayılan bu etimad, həm də böyük məsuliyyət deməkdir. Gələcək təhlükəsizlik zabitləri Akademiyada yüksək bilik əldə etməklə yanaşı, mənəvi və fiziki cəhətdən formalaşır, müasir texniki vasitələrlə işləmək bacarığı qazanır, ümumən peşəkarlıq sirlərini mənimsəyirlər. Bir sözlə, gənclərimizin müasir dünyagörüşə malik vətənpərvər şəxslər kimi yetişməsi ən ümdə vəzifələrdən sayılır və artıq bütün bu səylər əməli fəaliyyətdə müsbət nəticələrini verir.

Akademiyada Ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsinin vacib amil olduğunu qeyd edən nazir Eldar Mahmudov burada təhsil almış və müxtəlif xidmət istiqamətlərində çalışan gənc əməkdaşların Ulu öndərin yüksək mənəvi keyfiyyətlərə malik olmaq barədə tövsiyələrini öz fəaliyyətlərində rəhbər tutduqlarını bildirib. Akademiyada ən müasir tələblərə cavab verən təlim-tədris üçün hər cür şəraitin yaradılması da məhz bu ali məqsədə xidmət edir. İdman Sağlamlıq Kompleksinin istifadəyə verilməsindən sonra kursantların və əməkdaşların idman uğurları da xeyli artıb.

Qeyd olunub ki, Akademiyanın daim maddi-texniki bazasının gücləndirilməsi, tədrisin keyfiyyət səviyyəsinin yüksəldilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir. Bunu, eyni zamanda, müasir çağırışlara cavab verən kadrların hazırlanması kimi mühüm vəzifələr də tələb edir.

Diqqətə çatdırılıb ki, əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu milli dövlət quruculuğu prosesi bu gün uğurla davam etdirilir. Azərbaycan sosial-iqtisadi, ictimai-siyasi həyatın bütün sahələrində son illər daha dinamik şəkildə inkişaf edir. Bütün bu uğurlar ölkədə bərqərar olmuş sabitlikdən irəli gəlir. Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimində deyib: “Təhlükəsizlik, sabitlik olmadan heç bir inkişafdan söhbət gedə bilməzdi. Ona görə son on il ərzində bütün istiqamətlər üzrə aparılan islahatlar, irəli sürülmüş təşəbbüslər ölkəmizi daha da gücləndirmişdir”.

Dinamik inkişaf Azərbaycan Respublikasını nəinki regionda, daha geniş coğrafisiyasi məkanda nüfuz sahibi edib. Azərbaycanda hərtərəfli, düşünülmüşuzun müddətə hesablanmış dövlət quruculuğu siyasəti böyük uğurla həyata keçirilir. Bu siyasət Azərbaycanı iqtisadi cəhətdən dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasına çıxarıb, onu arzuedilməz problemlərdən qoruyub. Xalqın İlham Əliyevi böyük ruh yüksəkliyi ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçməsi də ölkənin gələcək inkişafına və zəfərlərinə dərin inamının bariz təntənəsidir.

Son illər Milli Təhlükəsizlik Nazirliyində bütün istiqamətlər üzrə fəaliyyətin uğurlu olduğunu vurğulayan nazir Eldar Mahmudov kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətlərinə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, qeyri-qanuni miqrasiyaya, insan alverinə və mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı mübarizədə yüksək nəticələr əldə edildiyini bildirib. Şəxsi heyətin ölkədə dövlətçiliyin və təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində ardıcıl fəaliyyətləri bugünkü dinamik inkişafda mühüm rol oynayıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkə rəhbərliyinin siyasi kursu üçün əlverişli şəraitin yaradılması həmişəki kimi bütün fəaliyyət istiqamətlərimiz üzrə prioritet təşkil edir. Biz gələcəkdə təcavüzkar Ermənistana qarşı fəaliyyətin daha yüksək səviyyədə təşkili və gücləndirilməsinə nail olmalıyıq.

Bildirilib ki, andiçmə mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səsləndirdiyi bir fikir isə nəinki dövlət orqanları, bütün xalq üçün bu istiqamətdəki fəaliyyətə yeni yanaşmanı göstərir: “Strateji hədəf kimi azərbaycanlılar bütün tarixi torpaqlarına qayıtmalıdırlar. Mən əminəm ki, biz buna nail olacağıq. Əlbəttə ki, bu strateji hədəf vaxt aparacaqdır. Ancaq bizim cəmiyyətimiz, gənc nəsil, bütün vətənpərvər insanlar bu amalla yaşamalıdırlar ki, biz tarixi ədaləti bərpa edəcəyik”.

Bizim düşmənə qarşı informasiya mübarizəsinin hərtərəfli düşünülmüş, planlı, müvafiq dövlət orqanları ilə əlaqəli şəkildə aparılması istiqamətindəki fəaliyyətimiz də bu böyük məqsədə çatmağa xidmət etməlidir.

Nazir Eldar Mahmudov hazırda təhlükəsizlik baxımından dünyada, xüsusən də regionda gedən proseslərə toxunaraq bildirib ki, mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürlərinə, xüsusilə terrorçuluğa, dini ekstremizm və separatçılıq hallarına qarşı mübarizə daim diqqət mərkəzində saxlanılmalıdır. Milli təhlükəsizliyimizə qarşı yönəlmiş çoxsaylı təhdidlərin qarşısının alınması, müxtəlif destruktiv qüvvələrin zərərsizləşdirilməsi sahəsində vəzifələrin artması bizi daha məsuliyyətli və daha çevik olmağa çağırır. Qlobalregional xarakterli təhdidlərin artdığı şəraitdə milli təhlükəsizliyə cavabdeh orqanlardan getdikcə daha yüksək peşəkarlıq, bilik səviyyəsi, məsuliyyət və sayıqlıq tələb edilir. Bu istiqamətdə Heydər Əliyev məktəbi əbədi mayakımızdır. Gənclər yaxşı bilməlidirlər ki, bizi qarşıda daha məsuliyyətli və böyük işlər gözləyir. Onlar bu vəzifələrin yerinə yetirilməsində yaxından iştirak etmək üçün bu gün Akademiyada yaradılmış şəraitdən maksimum istifadə etməli, dərin savad və hərtərəfli biliklər almalıdırlar. Milli təhlükəsizlik orqanlarının müasir tələblərə və çağırışlara uyğun təkmilləşməsi, yeniləşməsi istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da uğurla davam etdiriləcək, müstəqil Azərbaycan dövlətinin təhlükəsizliyini təmin edəcək kadrların hazırlanması işinə müstəsna önəm veriləcək.

Akademiyanın rəisi, general-leytenant Ziya Yusifzadə bu xüsusi təyinatlı ali təhsil ocağında təlim və tərbiyə prosesinin müasir tələblər səviyyəsində qurulması məqsədi ilə həyata keçirilmiş tədbirlər haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Akademiyada yaradılmış ən yüksək şərait dövlətimizin başçısının diqqət və qayğısının bəhrəsidir və şəxsi heyətimiz buna görə Ali Baş Komandana minnətdardır.

Çıxışının sonunda Z.Yusifzadə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının professor-müəllim heyəti, dinləyiciləri, kursantları və bütövlükdə şəxsi heyəti adından Ulu öndər Heydər Əliyevin Vətənə, xalqa, dövlətə sədaqət ənənələrinə daim sadiq qalacaqlarını, dahi şəxsiyyətin bizə bəxş etdiyi müstəqil Azərbaycan dövlətinin təhlükəsizliyinin keşiyində şərəf və ləyaqətlə dayanacaqlarını bildirib.

Azərbaycan təhlükəsizlik orqanlarının veteranı Şamil Süleymanov Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının kollektivini bütün veteranlar adından təbrik edərək, onlara müstəqil Azərbaycan Respublikasının təhlükəsizliyinin etibarlı təminatı baxımından peşəkar zabit korpusunun hazırlanması kimi çətin və məsuliyyətli fəaliyyətdə uğurlar arzulayıb. Qeyd edib ki, xüsusi xidmət orqanlarının veteranları Milli Təhlükəsizlik Nazirliyinin dövlətçiliyin və milli maraqların qorunmasında göstərdiyi və cəmiyyətdə rəğbətlə qarşılanan şücaət və fədakarlıq nümunələri ilə qürur duyurlar.

Sonra Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının şəxsi heyətinin Prezident İlham Əliyevə müraciəti qəbul olunub.

Təntənəli mərasimin sonunda Akademiyanın yaradılmasının 15 illik yubileyi münasibətilə hazırlanmış “Müqəddəs amalın keşiyində” adlı sənədli film nümayiş olunub.

 

Yeni Azərbaycan.- 2013.- 17 dekabr.- S.5.