ATƏT Dağlıq Qarabağ
münaqişəsinin həlli prosesini
sürətləndirmək niyyətindədir
Qurumun Minsk qrupunun həmsədrləri Azərbaycana səfər
ediblər
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna, eləcə də, yüksək beynəlxalq nüfuza malik olan milli dövlətə çevrilib. Əlbəttə ki, müstəqil iqtisadi siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında strateji tərəfdaş qismində əhəmiyyətli rol oynaması, Azərbaycanın beynəlxalq nüfuzunu artıran mühüm faktorlar qismində çıxış edir.
Həmçinin, çoxvektorlu, balanslaşdırılmış xarici siyasət strategiyası bir neçə istiqamətdə ölkəmizi nəzərə alınan lokomotiv aktorlardan birinə çevirib. Başqa sözlə, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi davamlı surətdə güclənməkdədir.
Hazırda uğurlu xarici siyasət kursu həyata keçirən müstəqil dövlətlər ölkəmizi etibarlı tərəfdaş, güclü, nüfuzlu milli aktor kimi qəbul edirlər. Bu kontekstdə Azərbaycanın 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında təmsil edən qeyri-daimi üzv kimi fəaliyyəti bunun başlıca göstəricisidir. Eyni zamanda, Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, nüfuzlu və güclü milli dövlətlərin, həmçinin, beynəlxalq qurumların ölkəmizlə əməkdaşlığa xüsusi əhəmiyyət verməsi dövlətimizin yüksək beynəlxalq nüfuzunu əks etdirməkdədir.
Azərbaycanın xarici siyasət kursunda Avroatlantik qurumlarla əlaqələr və Avropa dövlətləri ilə ikitərəfli əməkdaşlıq münasibətləri xüsusi çəkiyə malikdir. Azərbaycanın demokratik dövlət quruculuğu siyasəti Qərbə inteqrasiyanı mümkün edən başlıca amildir. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müstəqil dövlət quruculuğu siyasəti ictimai həyatın müxtəlif sferalarının totalitar rejimin qalıqlarından tez bir zamanda azad olmasını təmin edib, siyasi, iqtisadi, məhkəmə-hüquq sahələri başda olmaqla, ölkədə həyata keçirilən demokratik islahatlar Azərbaycanın bu yolda qətiyyətli olduğunu göstərib.
Həmçinin, bəhs olunan istiqamətdə demokratik islahatlar Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bunun göstəricisi olaraq, vətəndaşların hüquq və azadlıqlarının qorunmasını, seçki sisteminin və qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılmasını, mütərəqqi xarakterli məhkəmə-hüquq islahatlarının aparılmasını qeyd etmək olar. Hazırda demokratik siyasi sistem, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu xətti ilə irəliləyən Azərbaycan sosial, siyasi, iqtisadi, mədəni və intellektual transformasiyanı özündə əks etdirən hərtərəfli modernləşmə yolunda inamla irəliləyir. İqtisadi sahədə liberallaşma, genişmiqyaslı özəlləşdirmə tədbirləri, bazar iqtisadiyyatına keçid, həyata keçirilən beynəlxalq enerji layihələri və dünya iqtisadiyyatına inteqrasiya proseslərinin uğurla davam etdirilməsi nəticəsində, Azərbaycan iqtisadi baxımdan Avropa məkanı ilə daha sıx tellərlə bağlanıb.
Bundan əlavə, KİV-in azad fəaliyyəti, internetdən məhdudiyyətsiz istifadə, ənənə halını alan əfv fərmanları ilə hər il minlərlə məhbusa amnistiya elan edilməsi, korrupsiya və rüşvətxorluqla mübarizə, qanunun aliliyinin təmin edilməsi, sənədləşdirmə, qeydiyyat, vergi ödəmələri kimi proseslərin sadələşdirilməsi, elektron hökumət quruculuğu və digər bu kimi addımlar Azərbaycanın, həqiqətən də, müasir, hüquqi bir dövlət kimi formalaşdığını təsdiqləyir. Eyni zamanda, bu tədbirlərin çox zaman Avropa İttifaqı, Avropa Şurası, ATƏT, Avropa Parlamenti kimi təşkilatlarla əməkdaşlıq şəraitində həyata keçirilməsi, Azərbaycanın Avropa məkanına inteqrasiyasını uğurlu edən fundamental strateji amil qismində çıxış edir.
Beynəlxalq təşkilatlar sırasında ATƏT-lə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Ona görə ki, ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həlli prosesində vasitəçilik edir. Yeri gəlmişkən qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ölkəmizdə səfərdə olub. Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Ceyms Uorliki (ABŞ), Jak Foru ( Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair məsələlər müzakirə edilib.
Ümumiyyətlə, Azərbaycanla ATƏT arasında sıx əlaqələr mövcuddur. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan arasında artıq uzun illərdir ki, yüksək səviyyədə əlaqələr var. Bu təşkilat bir sıra amillərə görə, ölkəmizdə digər beynəlxalq qurumlardan daha populyardır. Çünki ölkəmizin bir nömrəli problemi sayılan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində vasitəçi qismində çıxış edən bu qurumun Minsk qrupu artıq illərdir ki, ölkəmizin işğal altında olan torpaqlarının azad edilməsi istiqamətində danışıqlar prosesində iştirak edir.
Qeyd edək ki, ATƏT 1973-cü ildə Helsinkidə keçirilmiş xarici işlər nazirlərinin müşavirəsi ilə başlamış prosesin davamı olaraq yaranmış regional təşkilatdır. 30 iyul - 1 avqust 1975-ci il tarixində yenidən Helsinkidə keçirilmiş müşavirədə Avropanın 33 dövlətinin, ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktını (Helsinki müqaviləsi) imzalayıblar. Təşkilat 1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanıb. Bakıda ATƏT-in Ofisinin yaradılması haqqında 16 noyabr 1999-cu ildə ATƏT-in Daimi Şurasının 318 saylı qərarı qəbul olunub. ATƏT-in Daimi Şurasının 318 saylı qərarının qəbulundan sonra 1999-ci il noyabrın 25-də imzalanmış Qarşılıqlı Anlaşma Memorandumu ATƏT və Azərbaycan arasında əməkdaşlığa yeni təkan verib. 2000-ci ilin 18 iyulunda isə ATƏT-in Bakıdakı Ofisinin rəsmi açılışı olub. ATƏT-lə Azərbaycan arasında səmərəli əməkdaşlığın inkişafı ölkəmiz üçün vacib əhəmiyyət kəsb etdiyindən, xüsusi olaraq bu məqsədlə, Azərbaycanda ATƏT-in Dostları Qrupu yaradılıb.
Hazırda ATƏT 60-a yaxın üzv və 12 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatı sayılır. ATƏT “soyuq müharibə”nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir. Təşkilatın indiyə qədər 6 sammiti keçirilib. Təşkilatın son zirvə görüşü 2010-cü ildə Qazaxıstanın paytaxtı Astana şəhərində reallaşıb.
Azərbaycan ATƏT-ə 1992-ci ildə qəbul olunsa da, qurumla ölkəmiz arasında əlaqələrin inkişaf etməsi Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. 1993-cü ilin dekabrında ölkəmiz qurumun Paris Xartiyasına qoşulub. 1994-cü ildə keçirilən Budapeşt Zirvə Toplantısında ilk dəfə olaraq ATƏT çərçivəsində Avropa təhlükəsizlik tədbirlərində iştirak edə biləcək sülhməramlı qüvvələrinin yaradılması və münaqişəli ərazilərə göndərilməsi qərara alınıb. Bundan başqa, Budapeşt Sammiti Minsk prosesi çərçivəsində həmsədrlik institutunun təsisi ilə də yadda qalıb. Budapeşt Sammitinin nəticələrinə əsasən, 1994-cü ilin 20 dekabrında Vyanada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in üzv ölkələrinin təyin etdiyi hərbi nümayəndələrdən ibarət olan Yüksək Səviyyəli Planlaşdırma Qrupu (YSPQ) təsis olunub. Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəl Finlandiya ilə Rusiya, 1995-97-ci illər ərzində İsveç ilə Rusiya başçılıq etmişlər. 1996-cı ildə keçirilən ATƏT-in Lissabon sammitində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ATƏT-in iştirakçı dövlətləri tərəfindən Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü; Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarəetmə statusunun verilməsi; Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təminatı ilə bağlı prinsiplərə razılıq verilib. 1997-ci ildən ATƏT-in Minsk Prosesinə həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər.
Ümumiyyətlə, son illərdə Minsk qrupu həmsədrləri münaqişənin tənzimlənməsi istiqamətində Madrid prinsipləri əsasında danışıqların davam etdirilməsi istiqamətində fəaliyyət göstərir. Doğrudur, həmsədrlərin vasitəçilik missiyası hələ nəticə verməsə də, onların təşəbbüsləri müsbət qarşılanır. Münaqişə yalnız Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından öz həllini tapa bilmir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional və beynəlxalq təhlükəsizliyə təhdid yaradan destruktiv problemlərdəndir. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış bu problemin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi strateji zərurət qismində çıxış etməkdədir. Məhz bu baxımdan, Azərbaycan Respublikasının xarici siyasət strategiyasında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet istiqamət kimi çıxış edir. Elə buna görə də, rəsmi Bakı diplomatik müstəvidə özünün bütün resurslarından maksimum surətdə istifadə etməklə, münaqişənin həllinə nail olmağa çalışır.
Beləliklə, ATƏT-in Minsk qrupu münaqişənin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi üçün öz fəaliyyətinin səmərəlilik səviyyəsini artırmalıdır. Bunun üçün, hətta işğalçı Ermənistana davamlı təzyiqlər göstərilməlidir. Çünki münaqişənin beynəlxalq hüquq normalarına əsasən həll olunmaması, status-kvonun saxlanması regional və beynəlxalq təhlükəsizlik üçün potensial təhdid rolunu oynayır. Daha da dəqiqləşdirsək, baş verən bu olaylar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla regional və qlobal proseslərə mənfi təsir göstərməkdən başqa önəm daşımır. Bu isə beynəlxalq təhlükəsizliyə təhlükə yaradan başlıca faktorlardan biri kimi çıxış edir.
Onu da qeyd edək ki, ATƏT-Azərbaycan münasibətləri yalnız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məhdudlaşmır. ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi ilə də əməkdaşlığa Azərbaycan hökuməti tərəfindən xüsusi önəm verilir. 2001-ci ilin dekabrında ATƏT-in Mətbuat Azadlığı üzrə Nümayəndəsinin Ofisi və Azərbaycan Respublikası XİN-in birgə təşəbbüsü əsasında Azərbaycanın gənc jurnalistləri üçün keçirilmiş “Azərbaycanda Mətbuat Azadlığı və Məsuliyyətinin İnkişafı” mövzusunda seminarın ofislə Azərbaycan arasında əməkdaşlığın dərinləşdirilməsi və Jurnalistikada davranış məcəlləsi, həmçinin, digər müvafiq məsələlərin müzakirəsi baxımından vacib əhəmiyyət kəsb edib. 300-dən çox deputatdan ibarət olan ATƏT-in Parlament Assambleyası (PA) ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında sıx əməkdaşlıq əlaqələri qurulub. ATƏT-in PA-da təmsil olunan Azərbaycandan olan deputatlar hər il qurumun sessiyalarında, müxtəlif tədbirlərində fəal iştirak edirlər.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2013.- 17 dekabr.- S.8.