Nizami rayonunun sosial-iqtisadi inkişafı:
real vəziyyət və perspektivlər
Məlumdur ki, son bir neçə ildir dünya
ölkələrinin iqtisadiyyatında ciddi kataklizmlər
yaşanır. Kəskin maliyyə-iqtisadi böhranla üzləşən
ölkələrdə zəncirvari proseslər baş verir:
İstehsalın həcmi azalır, satış bazarları məhdudlaşır,
iş yerləri ixtisar edilir, əməkhaqları
aşağı salınır və s. Ancaq Azərbaycan
dünya iqtisadiyyatında müşahidə olunan bu cür mənfi
meyillərdən kənardadır. Ölkəmiz qlobal iqtisadi
böhran illərində belə nəinki maliyyə-iqtisadi
dayanıqlılığını qoruyub saxlamağa müvəffəq
olub, hətta iqtisadi artımı xarakterizə edən
bütün parametrlər üzrə nailiyyətlərə
imza atıb. Hazırda Azərbaycan istər
ümumi daxili məhsulun artım tempinə görə, istərsə
də yoxsulluğun azaldılmasına, yeni iş yerlərinin
açılmasına və xüsusi infrastruktur layihələrinin
həyata keçirilməsinə görə bütün
dünyada ən sürətlə inkişaf edən ölkələr
sırasındadır. Makroiqtisadi göstəricilərə
dair aşağıda təqdim olunan statistika ölkə
iqtisadiyyatının inkişaf dinamikası haqqında konkret təsəvvür
yaradır: 2003-cü ildən bəri ölkədə
ümumi daxili məhsul 3 dəfə artıb. ÜDM-in ümumi məbləği
isə 7,147 milyard manatdan 54 milyard manata çatıb. 10
il bundan əvvəl adambaşına düşən ümumi
daxili məhsulun həcmi 873 manat olmuşdusa, cari ilin əvvəlində
bu rəqəm 5885 manat təşkil edib. Başqa sözlə
desək, adambaşına düşən ÜDM 10 il ərzində təxminən 7 dəfə
artıb. Respublikamız ÜDM-in artım tempinə
görə, MDB məkanında 4-cü yeri tutur. 10 ildə Azərbaycanın strateji valyuta
ehtiyatları 30 dəfədən çox artaraq 48 milyard
dollara çatıb.
Şübhəsiz ki, Azərbaycanın əldə etdiyi
bu nailiyyətlər birbaşa uğurlu siyasətin məntiqi
nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən siyasətin mahiyyəti
müxtəlif dövlət proqramları və konkret sahələri
əhatə edən qərarların effektiv icrasını təmin
etməklə ümumi inkişafa nail olunmasını ehtiva
edir. Bu mənada Azərbaycan Respublikası
regionlarının sosial - iqtisadi inkişafına dair dövlət
proqramları xüsusi əhəmiyyət kəsb edir. O
cümlədən, “2011-2013-cü illərdə Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramı”nın
da inkişaf prosesində rolu danılmazdır. Sözügedən
proqramların uğurla icrası nəticəsində Azərbaycanın
bütün regionlarında nəzərəçarpan dəyişikliklər
və sıçrayışlı inkişaf
meyilləri qeydə alınıb, bütün şəhər
və rayonlarda yenidənqurma işləri həyata
keçirilib, onların siması əsaslı şəkildə
müasirləşib, əhalinin rifah halı xeyli
yaxşılaşıb, bir çox sosial problemlər tamamilə
aradan qaldırılıb.
Son dövrlərdə böyük inkişaf yolu
keçmiş rayonlardan biri də Bakı şəhərinin
Nizami rayonudur.
Nizami
rayonu dəyişir, abad və müasir rayon kimi ildən - ilə
daha da gözəlləşir
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin
adını daşıyan Nizami rayonu 1980-ci ilin noyabr ayında
yaradılıb. Buna baxmayaraq, Bakının qədim
yaşayış məntəqələrindən sayılan
Keşlə qəsəbəsi rayonun inzibati ərazi
bölgüsünə daxildir. Rayonda yerli
özünüidarəetməni Nizami və Keşlə bələdiyyələri
həyata keçirir. Nizami rayonu Nərimanov,
Sabunçu, Suraxanı və Xətai rayonlarının
inzibati əraziləri ilə əhatə olunur. Heydər
Əliyev, Qara Qarayev və Babək prospektləri, son illərdə
yeni inşa olunmuş müasir yolötürücü
kompleksləri ilə yanaşı, “Koroğlu”, “Qara Qarayev”,
“Neftçilər” və “Xalqlar Dostluğu” metrostansiyaları
Bakı şəhərinin yol-nəqliyyat infrastrukturunda
xüsusi əhəmiyyətə malikdir. Sənayenin müxtəlif
sahələrini özündə birləşdirən Nizami
rayonunda Heydər Əliyev adına Bakı Neft Emalı zavodu,
Elektron Hesablama Maşınları zavodu, Peyk zavodu, “NJT-2000”
firması, “Bakı Şərab-1” ASC, “Azərtunelmetrotikinti”
SC-nin Dəmir-beton Konstruksiyaları zavodu, “Körpü Tunel”
ASC, “Bakı Diyircəkli Yastıq” ASC, “European-Tobacco Baku” ASC,
“Bakı Yağ-Qida Sənaye” ASC, “Veysəloğlu” MMC,
“Kaspi-Yıldız” MMC kimi müəssisələr, 18 bank
filialı, Nizami Telefon Qovşağı, 7 rabitə
şöbəsi, iri ticarət və iaşə mərkəzləri
fəaliyyət göstərir.
Rayonda 22
orta ümumtəhsil məktəbi, “Zəngi” liseyi,
Kimya-biologiya təmayüllü respublika liseyi, “Dədə
Qorqud” özəl Türk liseyi, Uşaq-Gənclər və
Texniki yaradıcılıq mərkəzləri, 20 uşaq
bağçası, 1 uşaq evi, Kar uşaqlar
üçün 2 respublika internat məktəbi, 2 peşə
liseyi, 1 peşə məktəbi, 2 kollec və özəl ali
təhsil ocağı olan “Xəzər” Universiteti yerləşir.
Rayon ərazisində 9 xəstəxana, 13
ambulator poliklinika fəaliyyət göstərir. 6 stadion,
8 idman-sağlamlıq kompleksi, 13 ¹-li
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər İdman məktəbi əhalinin,
xüsusilə də gənclərin sağlam həyat tərzinin
təminatına xidmət edir. Paytaxtın ekoloji
vəziyyətinin yaxşılaşdırılması məqsədilə
vaxtilə mövcud olmuş sənaye müəssisələrinin
köçürülməsi nəticəsində
boşaldılmış ərazilərdə yeni
yaşayış massivləri, mərkəzi icra hakimiyyəti
orqanlarının müasir inzibati binaları, olimpiya idman
kompleksləri inşa olunur, abadlıq-quruculuq işləri
aparılır. Bakı şəhərinin
perspektiv inkişafı ilə bağlı həyata
keçirilən irimiqyaslı və məqsədyönlü
tədbirlər Nizami rayonunun da simasını dəyişir,
onun abad və müasir rayon kimi daha da gözəlləşməsinə
böyük imkanlar yaradır. Son illərdə
əldə olunmuş konkret iqtisadi göstəricilər bu həqiqəti
bir daha ortaya qoyur.
Rayon
iqtisadiyyatı dinamik inkişaf mərhələsində...
Nizami
rayon İcra Hakimiyyətindən aldığımız məlumata
görə, 2013-cü ilin 9 ayı ərzində rayonda fəaliyyət
göstərən müəssisələr tərəfindən
308,2 milyon manat dəyərində məhsul istehsal edilib və
xidmətlər göstərilib ki, bu da ötən ilin
müvafiq dövrünə nisbətən 5,8 faiz çoxdur.
İstehsal olunmuş məhsulun 35,7 faizi
qeyri-dövlət sektorunun payına düşür. Ötən
ilin müvafiq dövrünə nisbətən beton, gips və
sement məmulatlarının istehsalı 2 dəfə, zeytun
yağı istehsalı 44,9 faiz, kakao yağı istehsalı
46,2 faiz, sərinləşdirici içki istehsalı 7,7 faiz,
süd məhsullarının istehsalı 2,7 faiz, duz
istehsalı 26,7 faiz çox olub. Bazar münasibətlərinin
düzgün qurulması nəticəsində 2013-cü ilin
yanvar-sentyabr aylarında istehlakçılara 315 milyon
manatlıq məhsul göndərilib, müəssisələrin
anbarlarında hazır məhsul qalığının həcmi
2,4 milyon manatlıq olub. 9 ay ərzində
yerinə yetirilən podrat işlərin həcmi 389,4 milyon manat olaraq, ötən ilin müvafiq
dövrünə nisbətən 51,1 faiz artıb.
Sözügedən dövrdə rayonda iqtisadiyyatın və
sosial sahələrin inkişafı üçün
bütün maliyyə mənbələri hesabına əsas
kapitala 141,9 milyon manat həcmində
investisiya yönəldilib ki, bu da ötən ilin müvafiq
dövrünə nisbətən 57,2 faiz artıb. Əsas
kapitala yönəldilmiş investisiyaların 134,8
milyon manatı və ya 95 faizi dövlət, 7,1 milyon manatı
və ya 5 faizi qeyri-dövlət müəssisələrinə
aiddir. Adambaşına düşən investisiyaların həcmi
141,9 manat olub. Hesabat dövrü ərzində
istifadə edilmiş investisiyaların 91,5
milyon manatı və ya 64,5 faizi tikinti quraşdırma işlərinə
sərf edilib ki, bu da öz növbəsində keçən
ilin müvafiq dövrünə nisbətən 46,2 çox
olub.
Əhaliyə
yüksək xidmət işin keyfiyyətinin başlıca
şərtidir
Əlbəttə ki, iqtisadi göstəricilərin
yüksək olması digər sahələrdə də
mühüm nailiyyətlərə imza atmağa imkan verir. O cümlədən, əhalinin
sosial müdafiəsinin gücləndirilməsi
üçün son dövrlərdə xeyli iş
görülüb. Bunun nəticəsidir ki, rayon
sakinlərinin sosial müavinətlərinin, təqaüdlərin
artırılmasında xeyli uğurlar qazanılıb.
Qeyd edək ki, hesabat dövründə Nizami rayon Əhalinin
Sosial Müdafiəsi Mərkəzinə ünvanlı sosial
yardım (ÜSY) almaq üçün 821 ailə tərəfindən
poçt vasitəsilə müraciət edilib. Nizami
rayon ƏSMM-də 3352 ailəyə ünvanlı sosial
yardım təyin edilib. Təyin olunmuş sosial
yardımın orta aylıq məbləği hər bir ailə
üçün 141,17 manat təşkil
edir. Hal-hazırda mərkəzdən 4044 ailə
ÜSY alır. Onlardan 2263 ailəyə təkrar
təyinat aparılıb. ÜSY təyin edilən ailələrdən
3038-i işləyən, 1325-i pensiya alan, 591-i 18 yaşadək
sağlamlıq imkanları məhdud uşaqların ailəsi,
108-i müharibə əlili, 831-i digər səbəbdən əlil
və 502-si məcburi köçkün ailəsidir. Nizami rayon ƏSMM-nin sosial məişət xidməti
sektorunda 480 nəfər tənha və kimsəsiz qocalara, əlillərə
evlərində sosial və məişət xidməti göstərir.
2013-cü ilin 9 ayı ərzində mərkəzdən
4634 nəfər sosial müavinət, 218 nəfər uşaq
müavinəti alıb. Hesabat dövründə pensiya,
müavinət və sosial yardımın ödənilməsinə
2,9 milyon manat vəsait xərclənib.
2013-cü ilin 9 ayı ərzində Dövlət Sosial
Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən
sahibkarlıq fəaliyyəti ilə məşğul olan
fiziki şəxslərdən 1933,2 min manat
vəsait toplanıb. Bu da ötən ilin müvafiq
dövrü ilə müqayisədə 33 faiz artıq və
ya 550,4 manat əlavə vəsait deməkdir.
İlin əvvəlindən fiziki şəxslərin
qeydə alınması 12695 nəfərdən 13930 nəfərə
çatıb. Əmək
pensiyaçılarının ümumi sayı qanunvericilikdə
nəzərdə tutulmuş yaş həddinə uyğun
olaraq 23354 nəfər olub. Cari ilin 9
ayı ərzində 693 nəfərə pensiya təyinatı
aparılıb. Rayon üzrə orta pensiyanın məbləği
hal-hazırda 184,95 manat təşkil edir. Hesabat dövrü ərzində 723 nəfərə
sosial sığorta şəhadətnamələri verilib,
ümumiyyətlə, 18732 nəfərə sosial
sığorta şəhadətnamələri sifariş
verilib. Rayon üzrə sığorta
olunanların sayı 13950 nəfərə
çatdırılıb.
İqtisadiyyatda
müşahidə edilən sabit artım templəri yeni iş
yerlərinin açılması və məşğulluğun
artırılması üçün də əlverişli
şərait yaradıb. Cari ilin 9 ayında Məşğulluq
mərkəzində işaxtaran kimi 549 nəfər qeydiyyata
götürülüb ki, bunların 380 nəfəri
qadın, 60 nəfəri isə qaçqın və məcburi
köçkünlərdir. Hesabat dövründə mərkəzə
müraciət edənlərdən 446 nəfəri münasib
işlə təmin olunub, işə düzələnlərdən
191 nəfəri qadın, 35 nəfər isə qaçqın
və məcburi köçkünlərdir. Onlardan
195 nəfəri dövlət müəssisələrinin, 236
nəfəri qeyri-dövlət müəssisələrinin, 15
nəfəri isə fiziki şəxslərin payına
düşür. O cümlədən, hesabat
dövründə keçirilmiş 12 mini əmək
yarmarkasında 75 nəfər, “Karyerada ilk addım” devizi
altında Bakı Biznes Universitetində keçirilmiş
Əmək Yarmarkasında 5 nəfər işlə təmin
olunub.
Beləliklə, qeyd olunanlar bir daha sübut edir ki, son illər
Nizami rayonunda görülən işlər rayonun
inkişafına və müasirləşməsinə şərait
yaradıb. Lakin rayon rəhbərliyi bu uğurlarla kifayətlənmək
niyyətində deyil. Qarşıda yeni hədəflər
və bu hədəflərə doğru görüləcək
işlər çoxdur.
Aqşin
ŞAHİNOĞLU
Yeni Azərbaycan.-
2013.- 17 dekabr.- S.7.