Azərbaycanla
qarşılıqlı-faydalı əməkdaşlıq Avropa İttifaqı üçün
strateji prioritetdir
Prezident İlham Əliyev Litvaya işgüzar səfəri çərçivəsində Avropa İttifaqının III “Şərq tərəfdaşlığı” Sammitində iştirak edib
Müasir beynəlxalq münasibətlər sisteminin suveren və nüfuzlu aktoru olan Azərbaycan Respublikasının xarici siyasət strategiyasının mühüm istiqamətlərindən birini Avroatlantik məkana inteqrasiya təşkil edir. Dövlətimiz məhz bu cür paritet inteqrasiyanın fonunda Avroatlantik məkanın başlıca təsisatları ilə özünün milli maraqları əsasında qarşılıqlı-faydalı əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verir. Məhz bu cür münasibətlərdən birini də Azərbaycan-Avropa İttifaqı (Aİ) əlaqələri təşkil edir.
Ümumiyyətlə, Azərbaycanla Avropa İttifaqı arasında geniş sahəni əhatə edən dərin tərəfdaşlıq münasibətləri mövcuddur və əməkdaşlığın inkişaf etdirilməsi hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb etməkdədir. Məhz bu cür qarşılıqlı etimad mühiti və dərin əməkdaşlığın fonunda İttifaq Azərbaycanda həyata keçirilən daxili və xarici siyasət kursunu təqdir etməkdədir.
Azərbaycanla İttifaq arasındakı münasibətlərin mütəmadi inkişaf tendensiyasına malik olmasını özündə əks etdirən başlıca göstəricilər məhz tərəflər arasındakı əlaqələrin ötən zaman kəsiyindəki dinamikasıdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasındakı münasibətlərin legitim əsasları Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə qoyulub. Bəhs olunan Saziş Azərbaycanla Avropa İttifaqı və onun üzv dövlətləri arasında ticarət, investisiya, iqtisadi qanunvericilik və mədəni əməkdaşlıq, həmçinin, immiqrasiya və illeqal ticarətin qarşısının alınması sahələrində hüquqi sənəddir. Məlumat üçün qeyd edək ki, Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi 1996-cı ilin aprel ayında imzalanıb və 1999-cu il 1 iyul tarixində saziş tərəflərinin parlament orqanlarında ratifikasiya olunduqdan sonra qüvvəyə minib. Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin başlıca strateji məqsədi Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının təmin olunması və ölkədə paritet əsasda fəaliyyət göstərən xarici və daxili iqtisadi operatorlar vasitəsilə açıq, bazar əsaslı leqal iqtisadiyyatın yaranmasını təmin etməkdir. Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsasən, Azərbaycanla Avropa İttifaqı arasında üç əsas qurum yaradılıb. Bunlar Əməkdaşlıq Şurası, Əməkdaşlıq Komitəsi və Parlament Əməkdaşlığı Komitəsidir. Qeyd edək ki, Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) 105 maddədən və 5 əlavədən ibarətdir. Sazişin ilk bölməsi ümumi müddəalar adlanır və burada sazişin BMT Nizamnaməsi, ATƏT-in Helsinki Yekun Aktı və 1990-cı il Yeni Avropa haqqında Paris Xartiyasına əsaslandığı bəyan olunur. İkinci bölmə siyasi dialoq haqqındadır, üçüncü bölmə isə mal ticarəti adlanır və burada ən əlverişli rejimin aid olduğu sahələr, azad ticarət prinsipi əks olunub.
Qeyd etmək lazımdır ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoyması Avropa Yeni Qonşuluq Siyasəti ilə mümkün olub. Məlumat üçün qeyd edək ki, Avropa Yeni Qonşuluq Siyasətinin reallaşdırılmasına 2004-cü ildən başlanıb və onun başlıca strateji məqsədi Avropa İttifaqı ilə qonşu ölkələr arasında yeni parçalanma hallarının qarşısını almaq, davamlı və stabil təhlükəsizlik və firavanlığı təmin etməkdir. Avropa Yeni Qonşuluq Siyasətinin (AYQS) əsas mexanizmini ikitərəfli qaydada razılaşdırılan Fəaliyyət Planı təşkil edir. Bu plan Cənubi Qafqaz ölkələri ilə 2006-cı ildə razılaşdırılıb. Plana əsasən, əməkdaşlıq zamanı qısa və orta müddətə həyata keçiriləcək iqtisadi və siyasi islahatların siyahısı verilir, atılacaq konkret addımlar müəyyənləşdirilir. Azərbaycan Respublikası - Avropa İttifaqı Fəaliyyət Planı 14 noyabr 2006-cı il tarixində Brüsseldə, Əməkdaşlıq Şurasının iclası zamanı qəbul edilib.
2006-cı ildə Avropa Yeni Qonşuluq Siyasəti fəaliyyətə başladıqdan sonra 31 dekabr 2006-cı ildən Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin əsas maliyyə vasitəsi olan TACİS proqramı, Yaxın Şərq və Aralıq dənizi ölkələri üzrə MEDA proqramı və digər tematik planlar öz fəaliyyətini yekunlaşdırıb və Avropa Yeni Qonşuluq Siyasətinin təqdimatı ilə bütün tərəfdaşlıq ölkələri üçün yeni və vahid olan Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti təklif olunub. Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinin əsas məqsədləri ümumi iqtisadi sistemin sabit inkişaf etməsi üçün edilən səylərin artırılmasına, sahibkarlıq mühitinin yaxşılaşdırılması və dövlət sektorunun müasirləşdirilməsinə, vergi və gömrük qanunvericiliklərində islahatların aparılmasına, neftdən gələn gəlir və özəlləşdirmə sahəsində şəffaflığın təmininə, Dünya Ticarət Təşkilatına daxilolma prosesində inkişafa əsaslanır.
Bir məqama xüsusi toxunmaq gərəkdir ki, bu gün Azərbaycanla qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi, ilk növbədə, Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir.
Yeri gəlmişkən, noyabrın 29-da Litvanın paytaxtı Vilnüsdə Avropa İttifaqının III “Şərq tərəfdaşlığı” Sammiti keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib. Litva Prezidenti Dalya Qribauskayte, Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət və hökumət başçılarını qarşılayıblar.
Sammiti hazırda Aİ-yə sədrlik edən Litvanın Prezidenti Darya Qribauskayte açaraq bütün tərəfdaş ölkələrin dövlət və hökumət başçılarını salamlayıb. O, Sammit çərçivəsində imzalanacaq sənədlərin ikitərəfli və çoxtərəfli əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Həmin sənədlərin xalqlarımız arasında əlaqələrin də möhkəmlənməsinə töhfə verəcəyini deyən Litva Prezidenti onların real həyatda əks olunması üçün güclü siyasi iradəyə ehtiyac duyulduğunu diqqətə çatdırıb.
Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy sənədlərin imzalanması münasibətilə tərəfdaş ölkələrin dövlət başçılarını təbrik edib. Herman Van Rompuy Avropa İttifaqı ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsini nəzərdə tutan Sazişin imzalanması münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. Aİ Şurasının prezidenti bu sənədin imzalanmasını Azərbaycanı Avropa İttifaqına daha da yaxınlaşdıran mühüm addım kimi qiymətləndirib. Bildirilib ki, “Şərq tərəfdaşlığı”na üzv ölkələr ilə imzalanacaq digər sənədlər də bu prosesə töhfəsini verəcək.
Avropa Komissiyasının sədri Xose Manuel Barrozu da sənədlərin imzalanması münasibətilə təbriklərini çatdırıb, bu Sammiti əməkdaşlığın yeni mərhələsinin başlanğıcı kimi dəyərləndirib.
Ölkələrin Avropa İttifaqı ilə əməkdaşlığına yönələn səylərini alqışladığını deyən Xose Manuel Barrozu bir daha əminliyini ifadə edib ki, III Sammit “Şərq tərəfdaşlığı” proqramının nailiyyətlərini daha da artıracaq.
Daha sonra “Şərq tərəfdaşlığı” Sammitinin ruhunu əks etdirən musiqi kompozisiyası nümayiş etdirildikdən sonra sənədlərin imzalanması mərasimi olub.
Mərasimdə Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında viza rejiminin sadələşdirilməsi haqqında Saziş imzalanıb.
Sazişi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Avropa İttifaqı tərəfindən isə Litvanın xarici işlər naziri Linas Linkyaviçyus və təşkilatın genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle imzalayıblar.
Daha sonra III “Şərq tərəfdaşlığı” Sammitinin plenar iclası keçirildi. Prezident İlham Əliyev iclasda iştirak edib.
İclasda III “Şərq tərəfdaşlığı” Sammitinin Yekun Bəyannaməsi qəbul olunub.
Xatırladaq ki, Azərbaycan da daxil olmaqla altı ölkəni əhatə edən “Şərq tərəfdaşlığı” Polşa və İsveçin Avropa İttifaqının qonşuluq siyasəti çərçivəsində MDB dövlətləri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsüdür.
“Şərq tərəfdaşlığı” Sammiti ilk dəfə 2009-cu ilin mayında Çexiyanın paytaxtı Praqada keçirilmiş, ikincisi isə 2011-ci ilin sentyabrında Varşavada təşkil edilmişdir. Növbəti Sammit 2015-ci ildə Latviyanın paytaxtı Riqada keçiriləcək.
Beləliklə, sadalananları ümumiləşdirərək qeyd edə bilərik ki, müstəqil daxili və xarici siyasət kursuna malik olan, regional təhlükəsizliyin qarantı kimi çıxış edən, iqtisadi inkişaf tempinə görə dünya dövlətləri sırasında avanqard yerlərdən birini tutan, heç bir qurumdan, dövlətdən və beynəlxalq təşkilatdan asılı olmayan, ali demokratik dəyərlərin təşəkkül tapdığı bir dövlətlə - Azərbaycan Respublikası ilə əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi Avropa İttifaqı üçün, sözün əsl mənasında, strateji prioritet qismində çıxış edir. Məhz bunun qanunauyğun nəticəsidir ki, tərəflər arasındakı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri mütəmadi surətdə inkişaf etməkdə və yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Nəticə etibarilə, ekspertlər Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasındakı münasibətlərin perspektiv inkişafına dair optimist proqnozlar səsləndirməkdədirlər. Proqnoz vermək mümkündür ki, perspektivdə yeni əməkdaşlıq platformaları müəyyənləşdiriləcək və münasibətlərin əhatə dairəsi daha da genişlənəcəkdir.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.- 2013.- 3 dekabr.- S.7.