Azərbaycan-İtaliya əməkdaşlığını genişləndirmək üçün geniş imkanlar var

 

Bakıda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-İtaliya hökumətlərarası komissiyasının üçüncü iclası keçirilib

Dekabrın 16-17-də Bakıda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-İtaliya hökumətlərarası komissiyasının III iclası keçirilib. İclasda komissiyanın hər iki tərəfi təmsil edən üzvləri, nazirlik və idarələrin nümayəndələri iştirak ediblər. AzərTAc xəbər verir ki, İtaliya tərəfini xarici işlər nazirinin müavini Marta Dassunun sədrliyi ilə müxtəlif nazirliklərin 17 əməkdaşı, Azərbaycan tərəfini energetika naziri Natiq Əliyevin sədrliyi ilə dövlət qurumlarının 14 əməkdaşı təmsil edib.

Azərbaycan tərəfinin nümayəndələri iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu, energetika sahəsində, habelə digər sahələrdə əməkdaşlığı genişləndirmək üçün geniş perspektivlərin olduğunu vurğulayıblar. Qeyd olunub ki, 2013-cü il noyabrın 13-də İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi ilə Bakıda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən Azərbaycan-İtaliya biznes forumu keçirilib. Biznes forumda hər iki tərəfin sənaye, inşaat, konsaltinq, maliyyə, İKT, energetika, infrastruktur, arxitektura, dizayn, hidroenergetikas. sahələrdə fəaliyyət göstərən nümayəndələri iştirak ediblər. Elə həmin vaxt AZPROMO ilə İtaliyanın Ticarətin Təşviqi və Beynəlmiləlləşdirilməsi Agentliyi (ICE) arasında qarşılıqlı anlaşma haqqında Memorandum imzalanıb. O da bildirilib ki, İtaliya ölkəmizin mühüm xarici ticarət tərəfdaşıdır. Azərbaycan qeyri-neft sektorunda İtaliya ilə əməkdaşlığı genişləndirmək niyyətindədir.

İtaliya tərəfinin nümayəndəsi bildirib ki, hazırda iki ölkə arasında əməkdaşlığı genişləndirmək üçün geniş imkanlar var. Odur ki, bu istiqamətdə birgə tədbirləri gücləndirmək lazımdır. İtaliya şirkətlərinin Azərbaycandakı əsas kapitala investisiyalarının ümumi məbləği hazırda 47,9 milyon dollar, son 10 ildə 2,7 dəfə genişlənən qeyri-neft sektoruna isə 65,6 milyon dollar təşkil edir. Hazırda Azərbaycanda 45 İtaliya şirkəti fəaliyyət göstərir. Bu şirkətlər sığorta, bank, ticarət və digər sahələrdə çalışırlar.

O da vurğulanıb ki, Trans-Adriatik boru kəməri layihəsinin seçilməsi enerjidaşıyıcılarının ixrac marşrutlarının şaxələndirilməsi istiqamətində Azərbaycanın atdığı mühüm addımlardan biridir. Bu boru kəməri ilə Azərbaycan qazı Türkiyədən Yunanıstan və Albaniya əraziləri ilə Avropa bazarına çatdırılacaq. Müzakirələrin yekunlarına əsasən müvafiq protokol tərtib edilib.

Ümumiyyətlə, İtaliya ilə Azərbaycan Respublikası arasında sıx dərin dostluq telləri, geniş əməkdaşlıq münasibətləri və strateji əhəmiyyət daşıyan möhkəm siyasi-iqtisadi tərəfdaşlıq mövcuddur. Respublikamızın dövlət müstəqilliyini bərpa etməsindən sonra Avropa ölkələri içərisində ən yüksək səviyyədə iqtisadi əməkdaşlığı və siyasi münasibətləri gücləndirən ilk dövlətlərdən biri, məhz İtaliya olub. Xatırladaq ki, İtaliya Azərbaycanın müstəqilliyini 1 yanvar 1992-ci ildə tanıyıb, 8 may 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr yaradılıb. 1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada səfirliyi təsis edilib. Azərbaycan ilə İtaliya arasında indiyədək 30 sənəd imzalanıb. İki ölkə arasında əməkdaşlıq rəsmi səfərlər sayəsində daha da möhkəmlənib. Ümummilli lider Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfəri 24-27 sentyabr 1997-ci ildə baş tutub. Prezident İlham Əliyev isə 2005-ci ilin 24-26 fevral tarixlərində İtaliyada rəsmi səfərdə olub. Eyni zamanda, 2 iyun 2011-ci il tarixində İtaliyanın birləşdirilməsinin 150 illiyi münasibətilə Romada təşkil edilmiş rəsmi tədbirdə iştirak etmək məqsədilə Prezident İlham Əliyev həmin ölkəyə səfər edib. Onu da qeyd edək ki, 2013-cü ilin 5-6 mart tarixində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İtaliyada səfərdə olub və “Romada Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisinin açılışında iştirak edib. Qarşılıqlı səfərlər parlament və hökumət nümayəndələri səviyyəsində də davam etdirilib.

Bütövlükdə, birgə əməkdaşlığa dair mühüm razılaşmaların əldə olunması tərəflər arasında qarşılıqlı münasibətlərin güclənməsinə əlverişli zəmin yaradıb. “Əsrin müqaviləsi”nin imzalanması və Azərbaycanın neft ehtiyatlarının işlənməsində İtaliya şirkətlərinin təmsil olunması isə ölkələr arasında iqtisadi-siyasi əlaqələrin yeni mərhələdə inkişafına təkan verib.

Enerji sahəsində əməkdaşlıqla yanaşı, siyasi, iqtisadi, sosial, humantiar, elmi-mədəni, təhsil, səhiyyə, turizm və digər bölmələrdə intensiv əlaqələrin inkişafı İtaliya-Azərbaycan münasibətlərində yeni dinamikaya səbəb olub. Ölkələr arasında yaradılmış hökumətlərarası komissiyanın intensiv fəaliyyəti hər iki dövlətin siyasi-iqtisadi münasibətlərinə yeni dinamizm elementlərinin əlavə edilməsinə əhəmiyyətli təsir edib. Son illərdə möhkəm təməllər üzərində dərinləşən Azərbaycan-İtaliya əlaqələri öz növbəsində, ikitərəfli münasibətlər çərçivəsindən kənara çıxaraq Avropa regionunu əhatə edən böyük əməkdaşlıq fazasına qədəm qoyub. Hər iki dövlət Trans-Avropa enerji şəbəkəsinin formalaşmasında həlledici rola malik olmaqla strateji əhəmiyyət kəsb etməyə başlayıb.

Qeyd etdiyimiz kimi, İtaliya ilə Azərbaycan arasında iqtisadi münasibətlərin əsas prioriteti neftqaz sahəsində əməkdaşlıqla bağlıdır. Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə nəql olunan neftin əsas alıcılarından biri İtaliyadır. Hazırda Avropa bazarlarına nəql olunan neft resurslarının böyük bir hissəsi məhz İtaliya limanları vasitəsilə Avropa İttifaqı (Aİ) ölkələrinə çatdırılır. Bu dövlət ölkəmizə məxsus neftin 40 faizini öz ərazisi ilə Avropaya tranzit edir. İtaliya Aİ-də yüksək nüfuza malik dövlət kimi regionda Azərbaycanla enerji sahəsində əməkdaşlığın möhkəmlənməsinə töhfə verməsi ilə diqqəti cəlb edir. Rəsmi Roma öz enerji siyasətini həyata keçirərkən Azərbaycanla uzunmüddətli və davamlı xarakterə malik strateji layihələri prioritet kimi qəbul edir.

Bu ölkə neftlə bərabər, qaz resurslarının da əsas alıcısıdır. Xatırladaq ki, hələ 2007-ci ilin dekabr ayında Azərbaycanla İtaliya arasında qaz sektorunda əməkdaşlığa dair protokol imzalanıb.

Əlavə edək ki, “Şahdəniz” konsorsiumu 28 iyun 2013-cü ildə elan edib ki, “Şahdəniz-2” layihəsindən hasil ediləcək qaz həcmlərini Yunanıstan, İtaliya və cənub-şərqi Avropadakı müştərilərə çatdırmaq üçün Trans-Adriatik boru kəmərini (TAP) seçib. 13 fevral 2013-cü ildə Yunanıstan, İtaliyaAlbaniya hökumətləri TAP üzrə hökumətlərarası saziş imzalayıblar.

Bir sözlə, İtaliya Azərbaycanın şaxələndirmə siyasətini dəstəkləyərək regionda iri yanacaq-kommunikasiya dəhlizlərinin yaradılmasında təşəbbüs göstərən əsas dövlətlərdən biridir.

Və görünən odur ki, enerji əməkdaşlığı formatı daha geniş coğrafi miqyas alacaq. Azərbaycanın müəllifi olduğu Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəmərinin coğrafiyası daha da genişlənəcək və Balkanlara qədər uzanan qaz xəttinin birləşdirilməsi nəticəsində Avropada ən nəhəng qaz şəbəkəsi yaranmış olacaq. Yanacağın Azərbaycandan Türkiyə və Yunanıstana, oradan isə İtaliyaya, Balkan yarımadasına və başqa Avropa ölkələrinə ixracı üçün regionda ən iri qaz marşrutu mövcud olacaq. Eyni zamanda, bu enerji sistemi şaxələnərək Mərkəzi Avropanın bir çox dövlətlərini əhatə edəcək. Yanacağın sözügedən marşrut üzrə Xəzər hövzəsindən, Orta Şərqdən və Mərkəzi Asiyadan Avropaya çatdırılması nəzərdə tutulur. Gələcəkdə, həmçinin, Qazaxıstanın və Türkmənistanın da qaz resurslarının bu dəhlizlə nəqli mümkün sayılır. Bu amil İtaliya ilə Azərbaycan arasında iqtisadi təmasları dərinləşdirməklə yanaşı, məhz respublikamızın enerji strategiyası nəticəsində bu ölkənin də regionda tranzit dövlətə çevrilməsinə səbəb ola bilər. Yəni, İtaliya təkcə Azərbaycan qazının alıcısı deyil, həm də yanacağın digər Avropa dövlətlərinə ixracı üçün tranzit ölkə rolunu oynamış olacaq. Azərbaycan qazının Avstriya, Bolqarıstan, Macarıstana ixracı həm də bu ölkənin ərazisindəki marşrutlarla çatdırılacaq. Bu strateji addım, bundan başqa, respublikamızın Avropa regionunda çoxvektorlu enerji sistemləri yaratmaq gücünü ortaya qoyur.

Yeri gəlmişkən, Azərbaycanla İtaliya arasında iqtisadi əməkdaşlıq enerji resursları ilə kifayətlənmir. Hər iki tərəf neftdən kənar sahələrlə bağlı bir sıra layihələri müzakirə edib. İndiyədək keçirilən Azərbaycan-İtaliya biznes-forumlarında müzakirə olunan əsas məsələlər neftqaz sahəsində əməkdaşlıqdan başqa, qeyri-neft sektorunda əməkdaşlığı da nəzərdə tutur. Tərəflər iqtisadiyyatın bir çox sahələri üzrə geniş əməkdaşlıq əlaqələrini gücləndirmək niyyətindədirlər.

Qeyd edək ki, hazırda hər iki ölkə çox sıx ticari-iqtisadi əməkdaşlığa malikdir. Azərbaycanın xarici ticarət dövriyyəsinin ölkələr üzrə strukturunda İtaliya birinici yeri tutan əsas ticarət tərəfdaşıdır. Məsələn, 2010-cu ildə Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin həcmi 5,3 milyard avro olub. 2 ölkə arasında ticarət dövriyyəsinin həcmi 2011-ci ildə 9,6 milyard ABŞ dolları təşkil edib. Bu rəqəm İtaliyanın 11 Aİ ölkələrilə malik olduğu ticarət dövriyyəsindən daha yüksəkdir. Bütövlükdə Azərbaycanın xarici ticarət dövriyyəsində ixracatda 35,2 faizlə İtaliya, idxalda isə 16,8 faizlə Rusiya öndə durur.

Yeri gəlmişkən, 2010-cu ildə Bakıda keçirilən biznes forumda hər 2 ölkənin dövlət rəsmiləri, kənd təsərrüfatı, qida sənayesi, loqistika, inşaat, tikinti, xidmət, nəqliyyat, enerjis. sahələri təmsil edən 60-dan çox şirkətin nümayəndəsi iştirak edib və tədbirdə işgüzar əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub. İşgüzar görüşlərlə davam etdirilən tədbirin yekunu olaraq İtaliyanın İqtisadi İnkişaf Nazirliyi ilə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi arasında əməkdaşlığa dair sənəd imzalanıb. Sənəddə ölkələr arasında ticarətin inkişafı, iqtisadiyyatın müxtəlif sahələri üzrə birgə müəssisələrin yaradılması, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və İtaliyanın Xarici Ticarət Əlaqələri üzrə Milli Təşkilatı, eləcə də, sahibkarlar arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiyaların cəlb edilməsi və s. sahələrdə əməkdaşlığın inkişafı nəzərdə tutulub. Ötən müddət ərzində italyanların Azərbaycanda daha bir neçə şirkəti fəaliyyətə başlayıb. Ümumiyyətlə, italyanlar respublikamızda kənd təsərrüfatı, qida sənayesi, turizm, yeyinti sənayesi, xidmət, məişət avadanlıqları, geyim, mebel və digər sahələr üzrə fəaliyyət göstərirlər.

 

Nadir AZƏRİ

Yeni Azərbaycan.- 2013.- 19 dekabr.- S.8.