Azərbaycan beynəlxalq idman
ictimaiyyətinin nəzər nöqtəsində
Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edən müasir müstəqil Azərbaycanın intensiv tərəqqisi ölkəmizin perspektivinə optimist yanaşmağa əsas verir. Bütün sahələrdə praqmatik islahatların həyata keçirilməsi, inkişafın strateji prioritetlərinin müasir dövrün tələblərinə müvafiq surətdə müəyyənləşdirilməsi tərəqqinin Azərbaycan modelinin əsasının qoyulmasını şərtləndirmişdir. Nəzərə almaq lazımdır ki, milli dövlətlərin perspektiv inkişafı avanqard sahə və sektorların tərəqqisindən asılıdır. Xüsusilə də gənclərin dinamik təbəqə qismində çıxış etdiyi sahələrin tərəqqisinə xüsusi diqqət yetirmək strateji zərurətdir.
Bu kontekstdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətinin fonunda Azərbaycan həm də dünya miqyasında idman ölkəsi kimi tanınmaqda və ölkəmizdə idmanın inkişafı mütəmadi səciyyə daşımaqdadır. Əlbəttə ki, idmana dövlət səviyyəsində xüsusi diqqət və qayğının göstərilməsi həm cəmiyyətimizdə gənc nəslin sağlam yetişməsinə, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi tanınaraq nüfuzunun artmasına xüsusi töhfələr verir.
Ümumiyyətlə, müəyyən bir sektorun inkişaf səviyyəsi onun beynəlxalq miqyasda aldığı adekvat qiymətlə ölçülür. Bu kontekstdə ölkəmizdə dövlət tərəfindən idmana göstərilən xüsusi diqqət və qayğı sayəsində Azərbaycanın beynəlxalq idman yarışlarında əldə etdiyi göstəricilər ildən-ilə daha da yaxşılaşır. Beləliklə, Azərbaycanın idman müstəvisində beynəlxalq nüfuzu güclənməkdə və bu istiqamətdə beynəlxalq aləmdə ölkəmizin uğurları artmaqdadır. Bütün bunların nəticəsi kimi, bir sıra mötəbər idman yarışlarının təşkil olunması Azərbaycana etibar edilir. Məsələn, ötən il London Olimpiadası başa çatdıqdan sonra avqust ayında Bakıda yeniyetmələr arasında sərbəst, yunan-Roma qadın və çimərlik güləşi üzrə dünya çempionatı keçirildi. 16 ölkənin futbol komandalarının iştirakı ilə keçirilən FİFA U-17 qadınlararası dünya çempionatı isə artıq Azərbaycanın çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ənənəsinə sadiq olmasından xəbər verirdi.
Beynəlxalq təcrübədən bəllidir ki, müəyyən bir sektorun inkişafı o sahənin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması və intellektual, yenilikçi kadr potensialının yetişdirilməsindən asılıdır. Bu məsələnin Azərbaycan təcrübəsinə gəldikdə tərəddüdsüz qeyd etmək olar ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin hər bir bölgəsində müasir idman komplekslərinin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi respublikamızda idmanın inkişafını təmin edib. Eyni zamanda, bir-birini əvəzləyən idman yarışları Bakının daha böyükmiqyaslı yarışlara ev sahibliyi etmək imkanlarını artırıb. Ölkəmizin Olimpiya Oyunları kimi planetin bir nömrəli idman yarışına ev sahibliyi etmək iddiasını ortaya qoyması və namizədliyini rəsmi şəkildə irəli sürməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. Beləliklə, bu amilləri nəzərə alan Avropa Olimpiya Komitəsi 2015-ci ildə I Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul edib. Şübhəsiz, Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ölkəmizin çox böyük tarixi uğurudur. Prezident İlham Əliyev bu qərarı tarixi uğur kimi dəyərləndirib: “Bu, doğrudan da, tarixi hadisədir. Çünki bu vaxta qədər Avropa Olimpiya Oyunları keçirilməmişdir və ilk oyunların Bakıda keçirilməsi böyük tarixi hadisədir, ölkəmizin böyük uğurudur”.
Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi təsadüfi xarakter daşımır. Ümumiyyətlə, dünya ictimaiyyəti hər hansı bir beynəlxalq tədbirin keçirilməsini o dövlətə etibar edir ki, ölkə aşağıdakı tələblərə cavab versin:
- Ölkə normal iqtisadi inkişaf tempinə malik olmalı və hər hansı bir maliyyə böhranına məruz qalmamalıdır;
- Dövlət daxilində ictimai-siyasi sabitlik hökm sürməli, hər hansı bir siyasi münaqişə cərəyan etməməlidir;
- Yerli qanunvericilik beynəlxalq qanunvericiliyə zidd olmamalı və qlobal tədbirlərə ev sahibliyi etməyə imkan verməlidir və s.
Göründüyü kimi, bu qərarın əsasında duran birinci təməl strateji faktor ölkəmizin dinamik iqtisadi inkişafıdır. Başqa sözlə, Azərbaycan özünün sürətli iqtisadi inkişafı sayəsində Avropa Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququ qazanıb. Bu, Azərbaycanın iqtisadi inkişafının, siyasi sabitliyinin, təhlükəsiz dövlət olmasının, dünyanın aparıcı idman ölkələrindən birinə çevrilməsinin məntiqi nəticəsi, həmçinin, sadalanan uğurların Avropa səviyyəsində etirafıdır.
Əminliklə qeyd edə bilərik ki, bu gün dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağın, Olimpiya Hərəkatının öncül ölkələrindən birinə çevrilməyin sayəsində bu kontekstdə inkişafın Azərbaycan modeli formalaşdırılmışdır. Ümumilikdə isə, Azərbaycan Avropanın müasir infrastruktura malik lider idman ölkələrindən biridir və aparılan dövlət siyasəti sayəsində ölkəmiz bu mövqeyini bundan sonra da qoruyacaq.
Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev idman sahəsinin inkişafına böyük həssaslıqla yanaşır, bu istiqamətdə çox böyük işlər görülür. Bildiyimiz kimi, 2012-ci il Azərbaycanda “İdman ili” elan olunmuşdu. Bütövlükdə, “İdman ili”ndə ölkəmizdə çox geniş tədbirlər, yerli və beynəlxalq səviyyəli idman yarışları keçirildi. “İdman ili”ndə I Avropa Olimpiya Oyunlarının 2015-ci ildə Azərbaycanda keçirilməsi haqqında qərarın qəbul olunması isə ölkəmiz üçün ən böyük hadisələrdən biridir. Bu, bütün idman ictimaiyyəti üçün böyük hədiyyədir. Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi o deməkdir ki, idmançılarımız xalqımız qarşısında çıxış edərək yüksək nəticələr göstərəcəklər və bayrağımızı dalğalandıracaqlar, himnimizi bütün Avropaya səsləndirəcəklər.
Ümumiyyətlə, ölkəmizdə bütün sahələrdə əldə olunan nailiyyətlər konseptual xarakter daşıyır, başqa sözlə, inkişaf strategiyasının fundamenti elmi əsaslara söykənir. Müəyyən olunmuş proqramlarda bütün sahələrin paralel inkişafı nəzərdə tutulur, həmçinin, həyata keçirilən tədbirlər tamamilə praqmatik və mütərəqqi xarakter daşıyır.
İdman sahəsindəki qələbələr, nəticələr də məhz konsepsiyaların, uzun dövr üçün hazırlanan proqramların nəticəsində əldə olunub. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, idmanın inkişafı dövlət siyasətidir və bu inkişafı müəyyən edən bütün amillər Azərbaycanda var. 2004-2008-ci illərdə həyata keçirilən idmanın inkişafına dair Dövlət Proqramı bu sahədə sıçrayışlı inkişafın təməli sayıla bilər. Məhz həmin dövrlərdə və ondan sonrakı illərdə Azərbaycanda bölgələrdə idmanın inkişafı geniş vüsət aldı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bölgələrdə gənclərin sağlam şəkildə yetişdirilməsi, ölkəmizin genefondunun-gənclərimizin sağlam ruhda böyüməsi üçün əsaslı addımlar atıldı. Dövlət Proqramı başa çatsa da, bu sahə üzrə görülən işlər davam etdirilir.
Digər tərəfdən, hər bir istiqamət kimi idmanın inkişafı da ölkə qanunları çərçivəsində tənzimlənir, başqa sözlə, bu sahədə də təkmil qanunvericilik bazası formalaşdırılmışdır. Bu gün ölkəmizdə idman təkcə yeniyetmə və gənclər arasında deyil, həm də yaşlılar, əlillər, məktəbəqədər, ibtidai məktəb səviyyəsində də inkişaf etdirilir. “Bədən tərbiyəsi və idman haqqında” Qanun ölkəmizdə idmanın həm yüksək səviyyədə inkişafını, həm də bu inkişafın sistematikliyini təmin edir. Qanunda da göstərilir ki, bu istiqamətdə dövlət siyasətinin məqsədi bədən tərbiyəsi və idmanın hüquqi bazasını, həmçinin, yüksək dərəcəli idmançıların hazırlanması üçün bədən tərbiyəsi-idman təşkilatlarını, uşaq idman müəssisələri sistemini yaratmaqdan ibarətdir. Yəni bu sahədə nailiyyət əldə olunması üçün bütün imkanlar yaradılır. O cümlədən, bu gün bütün idman təşkilatları üçün bərabər imkanlar yaradılıb və bütün idman sahələri inkişaf etdirilir. Nəzərə alsaq ki, idmanla peşəkar səviyyədə məşğul olan insanların əksəriyyəti gənclərdir, o zaman belə bir qənaətə gələrik ki, idmana qayğı, idmanın kütləviliyi həm də gənclərin inkişaf etdirilməsi sahəsində görülən işdir. Bu baxımdan, ölkəmizdə gənclərin inkişafına həsr olunan dövlət proqramlarında, konsepsiyalarda idmanın inkişafı məsələsi də prioritet olaraq müəyyənləşdirilir. Gənclər arasında maarirfləndirici təbliğatın aparılması, onların idmana cəlb olunması bu məsələdə əsas xətt sayılır. Əsas məqsəd gənclərin sağlamlığının qorunması və buna xidmət edən təşviqedici və maarifləndirmə tədbirlərinin keçirilməsidir. Unutmayaq ki, sağlam gənclik həm də sağlam gələcək deməkdir. Ölkə rəhbərliyinin qayğısı ilə həyata keçirilən bu tədbirlər bir daha onu deməyə əsas verir ki, Azərbaycanda idmanın inkişafı gələcək illərdə də yüksək səviyyədə təmin olunacaq.
Bir məqama xüsusi olaraq toxunmaq gərəkdir ki, Avropa Olimpiya Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün dövlət tərəfindən bütün lazımi tədbirlər görülməkdədir. Bildiyimiz kimi, ötən zaman ərzində Avropa Oyunları Təşkilat Komitəsinin iki iclası keçirilmiş, iclaslar zamanı bu beynəlxalq idman müsabiqəsinə hazırlıq məsələləri kompleks surətdə müzakirə predmetinə çevrilmişdir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın sədrlik etdiyi Komitənin iclasları zamanı müzakirə edilən məsələlər deməyə əsas verir ki, Avropa Olimpiya Oyunlarının keçirilməsi istiqamətində strateji prioritetlər müəyyən edilmiş və qarşıdakı vəzifələr müəyyənləşdirilmişdir. 2013-cü ilin iyun ayında Avropa Oyunları Təşkilat Komitəsinin ikinci iclası zamanı Mehriban xanım Əliyeva bildirib ki, Təşkilat Komitəsinin üzərinə çox böyük məsuliyyət düşür: “Bildiyiniz kimi, 2015-ci ildə ölkəmizdə ilk dəfə Avropa Oyunları keçiriləcəkdir. Bu vaxta qədər tarixdə belə tədbir keçirilməyib. Baxmayaraq ki, ümumiyyətlə, Olimpiya hərəkatı Avropada doğulub və sonra yenidən Avropada bərpa olunmuşdur, digər qitələrdə qitə oyunları keçirilirdi, Avropada isə ilk dəfə belə oyunların keçirilməsi şərəfi bizə nəsib olub. Biz çalışmalıyıq ki, bu oyunlar ən yüksək səviyyədə hazırlansın və ən yüksək səviyyədə keçirilsin. Ümumiyyətlə, bu, Avropanın idman hərəkatının tarixində yeni bir dövrün başlanmasıdır və Azərbaycan bu tarixin ilk səhifələrini yazan ölkədir.
Mən qeyd etmək istərdim ki, hazırlıq üçün cəmi 2 il vaxtımız vardır. Daha dəqiq olsam, oyunların başlanmasına 98 həftə qalıb. Bu, o deməkdir ki, vaxt çox azdır. Ona görə biz gərək daha da fəal işləyək və dövlətin qarşımızda qoyduğu məsələlərin icrası üçün əlimizdən gələni edək. Mən əminəm ki, buna nail olacağıq”.
Ümumilikdə isə qeyd etmək olar ki, Azərbaycan bu mötəbər idman müsabiqəsinə yüksək səviyyədə ev sahibliyi edəcək. Birincisi, Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etmək ənənəsi və təcrübəsi yetərincədir. İkincisi isə, təşkilatçılıq nöqteyi-nəzərindən sistemli tədbirlərin həyata keçirilməsinin müəyyənləşdirilməsi Azərbaycanın bu məsələyə nə qədər məsuliyyət və diqqətlə yanaşdığını göstərir.
Avropa Oyunları Təşkilat Komitəsinin ilk iclası zamanı çıxışında bu məsələlərə toxunan Prezident İlham Əliyev qeyd edib ki, bizim artıq mötəbər beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı gözəl təcrübəmiz vardır: “Azərbaycanda mütəmadi qaydada dünya, Avropa çempionatları keçirilmişdir. Keçən il ilk dəfə olaraq futbol üzrə qızlar arasında dünya çempionatı yüksək səviyyədə keçirilmişdir. İki həftədən çox bir müddətdə bütün idmançılar və şəhərimizin qonaqları Azərbaycan xalqının qonaqpərvərliyini hiss etmiş və ölkəmizdə gedən sürətli inkişaf prosesini izləmişlər. FİFA və UEFA rəhbərliyi tərəfindən bu çempionatın keçirilməsinə və bizim təşkilatçılıq qabiliyyətimizə çox yüksək qiymət verilmişdir.
Yəni biz bu tədbirləri keçirməklə və öz təşkilatçılıq qabiliyyətimizi göstərməklə bir növ yeni standartlar tətbiq edirik. Bu, artıq Azərbaycan standartlarıdır. Çünki istənilən beynəlxalq tədbir Azərbaycanda, Bakıda yüksək səviyyədə keçirilir və hesab edirəm ki, Avropa Oyunları da yüksək səviyyədə keçiriləcəkdir”.
Rauf Əliyev
Milli Məclisin deputatı, MOK-un İcraiyyə Komitəsinin üzvü,
AFFA-nın birinci vitse-prezidenti
Yeni Azərbaycan.-
2013.- 19 dekabr.- S.7.