Milli mətbuatımız, istiqlal yolumuz

 

Mətbuat Şurası bu silsilədən olan filmlərin çəkilişi ilə bağlı layihəsi çərçivəsində toplantı keçirib

Dünən Azərbaycan Mətbuat Şurasının “Milli mətbuatımız, istiqlal yolumuz” silsiləsindən filmlərin çəkilişi” layihəsi üzrə ilk toplantısı keçirilib. Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, əsas məqsəd xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş görkəmli ictimai-siyasi xadimlərin keçdikləri ömür yolu barədə silsilə filmlərin çəkilməsidir: “Ümumən, 12 ziyalımız barədə filmin çəkilişi nəzərdə tutulur. Həsən bəy Zərdabi, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Əlimərdan bəy Topçubaşov, Məmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Ömər Faiq Nemanzadə, İsmayıl bəy Qaspıralı, Məhəmməd Ağa Şaxtaxtlı, Əliabbas Müznib və Azərbaycanın ilk qadın redaktoru olmuş Xədicə Əlibəyova haqqında filmlərin çəkilməsini, onların mətbu fəaliyyətinin milli dövlətçilik ənənələrinin tərəqqisinə yönələn tərəflərini qabartmağı nəzərdə tuturuq. Bugünkü toplantımızda isə sizlərin də fikirləri ilə tanış olmaq istərdik. Düşünürəm ki, verəcəyiniz hər bir təklif ümumi işimizə fayda gətirəcək”.

MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavanşir Feyziyev keçmiş Sovetlər Birliyi dönəmində Azərbaycanın mətbuat tarixininciddi şəkildə təhrif olunduğuna diqqəti çəkib. O bildirib ki, mövcud tendensiya ziyalılarımızı mətbuata gətirən məqsədi arxa plana atırdı. Nəticədə görkəmli şəxsiyyətlərimizin müstəqil dövlət amalı unudulurdu. Hesab edirəm ki, bu kimi məsələlərin, Azərbaycan dövlətçiliyi uğrundakı fəaliyyətlərini mətbuatın gücündən yararlanaraq quranların əməyinin, keçdikləri ömür yollarının geniş kütlələrə çatdırılmasına ehtiyac gələcək nəsillərə örnək baxımından zəruridir. Layihənin başlıca məqsədi də bu zərurəti dəyərləndirməkdir”.

Milli tariximizin daha çox milli mətbuat tariximizdə əksini tapdığını vurğulayan MŞ İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Şuranın həyata keçirməyə başlayacağı layihənin əhəmiyyətini bu baxımdan izah edib. A.Aşırlı eyni zamanda bildirib ki, 31 mart 1918-ci il soyqırımı təkcə dinc insanlara münasibətdə amansız qətllərin törədilməsi ilə deyil, eyni zamanda, dövrün nüfuzlu nəşrlərinə qarşı hücumlarla yadda qalmışdı. “Kaspi” qəzetinin redaksiyası, Orucov qardaşlarının mətbəəsi yandırılmışdı. “Bu baxımdan 31 martın da ayrıca olay kimi filmləşdirilməsinin əhəmiyyətli olacağını düşünürəm”, - deyə, o, əlavə edilb.

Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu bildirib ki, 1920-ci il işğalı müstəqil mətbuatımızı süquta uğratsa da, həmin dövrdə ayrı-ayrı qəzetlərdə çalışmış şəxslər fəaliyyətlərini davam etdirə bildilər. Onların böyük əksəriyyəti 1937-ci il repressiyalarının qurbanı oldular. Baş redaktor müavini məhz bu adamların da yada salınmasının vacibliyini önə çəkib.

MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Şuranın qaldırdığı təşəbbüsə geniş ictimaiyyətin qoşulmasının zəruriliyini vurğulayıb. Hesab edirəm ki, milli mətbuat tariximizdə önəmli rola malik şəxslər barədə yeni fikirlərin üzə çıxarılmasına ehtiyac hər zaman olub. Çünki onların irsi ilə bağlı təqdim edilən hər bir detal bütövlükdə istiqlal tariximizin hansısa mərhələsinə aydınlıq gətirmək nöqteyi-nəzərdən önəmlidir”.

Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxışında qeyd edib ki, Azərbaycan tarixində mühüm rol oynamış şəxslər barədə təşəbbüslər irəli sürülərkən öncə vaxtilə onların cəmiyyətə təqdimatı zamanı yol verilən səhvlərin aradan qaldırılması başlıca məqsəd kimi götürülməlidir. Filmlərin bu baxımdan əhəmiyyət daşımasının vacibliyini əsaslandıran baş redaktor, eyni zamanda, bu fikirdədir ki, milli mətbuat tariximizə nəzər salarkən Azərbaycanın hazırkı coğrafi sərhədləri ilə məhdudlaşmamaq, tarixi Azərbaycan torpaqları müstəvisinə müraciət etmək lazımdır. “Bu amilin nəzərə alınması mətbuat tariximizə, ümumən tarixi keçmişimizə daha müfəssəl şəkildə aydınlıq gətirmək, həqiqətlərimizi gələcək nəsillərə çatdırmaq baxımından daha faydalıdır”.

Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli 2015-ci ildə Azərbaycan milli mətbuatının 140 illiyinin qeyd ediləcəyini xatırladaraq, Mətbuat Şurasının layihəsində irəli sürülən təşəbbüsün əlamətdar hadisəyə layiqli töhfə ola biləcəyini vurğulayıb. “Filmlər hansı auditoriya üçün nəzərdə tutulmalıdır - öncə istərdim ki, bu məsələ üzərində dayanaq. Onların geniş auditoriyaya hesablanması daha faydalı olardı. Hesab edirəm ki, əsas hədəf də elə bu olmalıdır və bu zaman müəyyən mənada bədiilikdən çıxış etmək lazımdır. İnsan faktoru ön plana çıxarılmalıdır. Məsələn, mətbuatımızın 140 illik yubileyi yaxınlaşırsa, Zərdabi obrazının özü bədiiləşdirilməlidir. Bu yolla biz tarixi şəxsiyyətlərimizin daha geniş şəkildə tanıdılmasına nail olarıq”, - deyə baş redaktor fikrinə aydınlıq gətirib.

Çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvləri - “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli, həmçinin “Assa-İradaİnformasiya Agentliyinin baş direktoru Fazil Abbasov, “Olaylar” qəzetinin və eyni adlı informasiya agentliyinin baş redaktoru Yunus Oğuz və başqaları Azərbaycan mətbuat tarixinin bütövlükdə Şərqin tarixində mühüm rol oynadığını önə çəkərək filmlərdə bu kimi vacib məqamların nəzərə alınmasının zəruriliyini vurğulayıblar. Onlar, eyni zamanda, milli mətbuatımızda önəmli rolu olan simaların milli dövlətçilik amalı uğrundakı missiyalarının ön planda saxlanılmasının zəruriliyini əsaslandırıblar.

 

 Yeni Azərbaycan.- 2013.- 19 dekabr.- S.4.