“Şahdəniz-2” layihəsi Avropanın yeni enerji xəritəsini
formalaşdıracaq
Prezident İlham Əliyev: “Şahdəniz-2” dünyanın ən iri enerji layihələrindən biridir. Bu layihə enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu tarixi layihədə iştirakçı dövlət və şirkətlərin geniş əməkdaşlığı təmin ediləcəkdir
Azərbaycan Respublikasının xarici siyasət kursunun mühüm strateji istiqamətlərindən birini də milli maraqlara müvafiq surətdə həyata keçirilən enerji siyasəti təşkil edir. Bu gün Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biri kimi çıxış edir. Ölkəmiz milli dövlətçilik prinsiplərinə müvafiq olaraq həyata keçirilən praqmatik və rasional siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu qismində çıxış etməkdədir. Təsadüfi deyil ki, Xəzər dənizinə xarici sərmayədarları ilk dəfə dəvət etməklə uzunmüddətli qarşılıqlı-faydalı əməkdaşlığın sağlam təməlini atan Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir strateji layihə gerçəkləşdirilə bilməz. Bu da transmilli aktor olmaq etibarilə Azərbaycanın dünya dövlətlərinin strateji əməkdaşlıqlar perspektivində kəsb etdiyi önəmi aydın şəkildə əks etdirir.
Praqmatik enerji siyasəti milli maraqların ifadəçisi kimi...
Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə imzaladığı “Əsrin müqaviləsi”ndən başlanan enerji siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Diversifikasiyaya əsaslanan enerji siyasəti regional və qlobal miqyasda enerji təhlükəsizliyinin təminatına fundamental töhfələr bəxş etməklə yanaşı, ölkəmizin gücü və nüfuzunu artıran faktor qismində çıxış edir.
Bununla yanaşı, Azərbaycanın əsas iştirakçı kimi çıxış etdiyi Bakı-Tbilisi-Ceyhan layihəsi ilə ölkəmiz qlobal enerji bazarında mühüm iştirakçıya çevrilib. Bu gün Azərbaycandan neft və neft məhsulları dünyanın 30-dək ölkəsinə ixrac edilir. Bəzi Avropa dövlətlərinin enerji balansında Azərbaycan nefti 25-30 faiz təşkil edir.
Bundan başqa, ölkəmiz təbii qaz ehtiyatlarına görə də diqqəti cəlb edir. Hazırda ölkəmizin qaz ehtiyatlarının ümumi həcmi 2,5 trilyon kubmetr qiymətləndirilir. Azərbaycanın mövcud qaz ehtiyatları uzunmüddətli perspektivdə də respublikanın və tərəfdaş dövlətlərin “mavi yanacağa” olan tələbatının ödənməsinə imkan verəcək. Sadalanan amillər nüfuzlu dövlətlərin, o cümlədən beynəlxalq təşkilatların Azərbaycanla enerji sahəsində əməkdaşlığa daim maraq göstərməsinə səbəb olur. Qeyd edək ki, 2007-ci ildə istismara verilən Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycan qazını Gürcüstandan keçməklə Türkiyənin şərq hissəsinə daşıyır.
Azərbaycanın enerji siyasətinin növbəti uğuru 2012-ci ilin iyun ayında Azərbaycan və Türkiyə arasında Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi üzrə Hökumətlərarası Saziş və Ev Sahibliyi haqqında Sazişin imzalanması olub. Azərbaycan qazının Avropaya çatdırılmasının daha bir marşrutunu müəyyənləşdirən TANAP layihəsi qitə ölkələrinin enerji maraqlarına cavab verir. Belə ki, Azərbaycan enerji ixracı kəmərlərinin, Avropa ölkələri isə enerji idxalı mənbələrinin şaxələndirilməsində maraqlıdır. Bu layihə ilə Azərbaycanın Avropanın ən yaxın və etibarlı enerji tərəfdaşı olması bir daha təsdiqini tapır.
Beləliklə, rasional enerji siyasəti Azərbaycan nümunəsində milli maraqlara praqmatik münasibətin geosiyasi nümunəsi qismində çıxış edir, başqa sözlə, dövlətimizin milli maraqlarına əsaslanır. Ölkəmizin praqmatik enerji siyasəti, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm strateji faktor kimi çıxış edir.
Avropaya yeni qaz dəhlizi...
Xəbər verdiyimiz kimi, dekabrın 17-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimi baş tutub. Böyük beynəlxalq marağın göstərildiyi tədbirdə Monteneqronun prezidenti, Albaniyanın, Bolqarıstanın, Gürcüstanın, Xorvatiyanın baş nazirləri, Böyük Britaniyanın, İtaliyanın xarici işlər nazirləri, Türkiyənin enerji və təbii sərvətlər naziri, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı, ABŞ-ın enerji nazirinin köməkçisi, eləcə də, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti və bp şirkətinin baş icraçı direktoru çıxış ediblər.
Avropada yeni enerji xəritəsi formalaşdıracaq bu layihə enerji təhlükəsizliyi kontekstində regional və beynəlxalq təhlükəsizliyə mühüm strateji töhfədir. Təkcə layihənin əhəmiyyətinə nəzər yetirmək bunu deməyə əsas verir. Məlum olduğu kimi, “Şahdəniz-2” layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə TransAnadolu və TransAdriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaq. Layihə çərçivəsində 26 sualtı quyunun qazılması, həmçinin, körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, Səngəçalda isə yeni texniki emal və kompressor qurğularının inşası nəzərdə tutulur. 3500 kilometr məsafədə nəql olunacaq qaz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ölkələrdə milyonlarla istehlakçını təmin edəcək. İlk qazın Avropaya 2019-cu ildə çatdırılması planlaşdırılır.
1999-cu ildə kəşf olunan “Şahdəniz” yatağının işlənilməsinin birinci mərhələsi çərçivəsində 2006-cı ildən Gürcüstan və Türkiyəyə qaz ixrac edilir. “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və “Cənub qaz dəhlizi” layihələri isə dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük və mürəkkəb təşəbbüslərdən hesab olunur.
XXI əsrin enerji təhlükəsizliyinə mühüm töhfələr verəcək əsas strateji layihə
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, beynəlxalq mətbuat və nüfuzlu ekspertlər “Şahdəniz-2” layihəsini XXI əsrin enerji təhlükəsizliyinə mühüm töhfələr verəcək əsas strateji layihə kimi dəyərləndiriblər. Eyni zamanda, dünya ictimaiyyəti və aparıcı milli dövlətlər bu hadisəni olduqca yüksək qiymətləndiriblər. ABŞ-ın Azərbaycandakı səfirliyinin “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması ilə əlaqədar yaydığı bəyanatda qeyd edilir ki, bu sənəd və nəzərdə tutulmuş boru xətləri Türkiyə, Cənubi Avropa, Balkanlar və Avropanın digər ölkələrinin enerji təhlükəsizliyinin təminatı üçün çox faydalı olacaq: “Xəzər qazını beynəlxalq bazarlara çıxaracaq bu layihə davamlı iqtisadi artım üçün önəmli olan qlobal enerji ehtiyaclarının ödənilməsinə töhfə verəcəkdir”.
Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger Avropa İttifaqının TAP layihəsini tam dəstəklədiyini, “Şahdəniz-2” layihəsinin yekun investisiya qərarının imzalanmasının səmərəli əməkdaşlıq üçün yeni imkanlar açdığını vurğulayıb: “Azərbaycan 2011-ci ildə verdiyi vədinə sadiq qalaraq “Cənub qaz dəhlizi”nin icrasına başlayır. Zaman keçdikcə biz görəcəyik ki, bu layihə də digər uzunmüddətli layihələr kimi xüsusi əhəmiyyət kəsb edəcəkdir. Lakin gələcəyin inkişafını təmin edən siyasi təməl bu gün qoyulur”.
Avropa İttifaqının enerji məsələləri üzrə komissarı əlavə edib ki, yaxın keçmişdə bəziləri bu layihəni mümkünsüz layihə adlandırıblar: “Lakin ilk dəfə deyildir ki, bu regionda mümkünsüz hesab edilən layihələr tərəfdaşların əməkdaşlığı nəticəsində uğurla başa çatdırılır. Birincisi, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, indi isə “Cənub qaz dəhlizi”. Qərar Avropanın qaz mənbələrinin şaxələndirilməsinə xidmət edəcəkdir və Qafqaz ilə Avropa İttifaqı arasında əlaqələri möhkəmləndirəcəkdir”.
Beləliklə, göründüyü kimi, “Şahdəniz-2” layihəsi mühüm geostrateji maraqların ifadəçisi olmaq etibarilə xüsusilə də Avropada perspektiv enerji təhlükəsizliyinin qarantı kimi çıxış edəcək. Bu, həmçinin, tərəfdaşlar arasında praqmatik iqtisadi maraqların uzlaşdırılması və diversifikasiyasına əsaslanır. “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimində çıxış edən Prezident İlham Əliyev bu məsələyə xüsusi olaraq toxunaraq qeyd edib ki, “Şahdəniz-2” dünyanın ən iri enerji layihələrindən biridir: “Bu layihə enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu tarixi layihədə iştirakçı dövlət və şirkətlərin geniş əməkdaşlığı təmin ediləcəkdir”.
Nurlan QƏLƏNDƏRLİ
Yeni
Azərbaycan.- 2013.- 19 dekabr.- S.2.