Bakıda “Şahdəniz-2” üzrə
yekun investisiya qərarının imzalanması mərasimi olub
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə
iştirak edib
Dekabrın 17-də Bakıda, Heydər Əliyev Mərkəzində “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimi olub.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, bir sıra ölkələrin dövlət və hökumət başçıları mərasimdə iştirak ediblər.
“Şahdəniz-2” layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaq. Layihə çərçivəsində 26 sualtı quyunun qazılması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, Səngəçalda isə yeni texniki emal və kompressor qurğularının inşası nəzərdə tutulur. 3500 kilometr məsafədə nəql olunacaq qaz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ölkələrdə milyonlarla istehlakçını təmin edəcək. İlk qazın Avropaya 2019-cu ildə çatdırılması planlaşdırılır.
1999-cu ildə kəşf olunan “Şahdəniz” yatağının işlənilməsinin birinci mərhələsi çərçivəsində 2006-cı ildən Gürcüstan və Türkiyəyə qaz ixrac edilir. “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və “Cənub” qaz dəhlizi layihələri isə dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük və mürəkkəb təşəbbüslərdən hesab olunur.
Prezident İlham Əliyev və “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimində iştirak edən dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.
Dövlətimizin başçısı mərasimdə çıxış edib: “Hörmətli qonaqlar.
Xanımlar və cənablar.
Əvvəlcə hər birinizi bu gün Azərbaycanda salamlayıram. Dövlət və hökumət başçılarına, nazirlərə bizim dəvətimizi qəbul edərək bu tədbirdə iştirak etdiklərinə görə minnətdarlığımı bildirirəm. Bu gün müasir Azərbaycanın tarixində tarixi bir gündür. Bu gün “Şahdəniz-2” enerji layihəsinin icrasına başlanılacaqdır. Bu isə ölkəmizin uzunmüddətli inkişafını təmin edəcəkdir.
“Şahdəniz-2” dünyanın ən iri enerji layihələrindən biridir. Bu layihə enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu tarixi layihədə iştirakçı dövlət və şirkətlərin geniş əməkdaşlığı təmin ediləcəkdir. Lakin bu gün mən 19 il bundan öncəyə - Azərbaycanın enerji strategiyasının yarandığı 1994-cü ilə dönmək istəyirəm. Biz buna Ümummilli liderimiz Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi nəticəsində nail olmuşuq. Müstəqillik əldə etdikdən sadəcə 3 il, Azərbaycanda vətəndaş müharibəsinin bitməsindən bir il, Ermənistanla müharibədə atəşkəsin əldə edilməsindən yalnız 4 ay sonra Azərbaycan xarici tərəfdaşları ilə birlikdə “Əsrin müqaviləsi”ni imzalamışdır. Bu hadisə ilk dəfə Xəzər dənizini xarici sərmayələrə açmışdır və ölkəmizin uğurlu iqtisadi inkişafını təmin etmişdir. Həmin müqavilə XX əsrin müqaviləsi adlandırılmışdır. “Şahdəniz” isə düşünürəm ki, XXI əsrin müqaviləsi olacaqdır. Bu tədbirdən əvvəl isə müstəqil Azərbaycanın enerji sahəsinin inkişafında bir sıra mühüm tarixi hadisələr baş vermişdi. 1996-cı ildə “Şahdəniz” qaz yatağı ilə bağlı saziş imzalanmış, sonra 1999-cu ildə Xəzər dənizini Gürcüstanın Qara dəniz sahilləri ilə birləşdirən ilk boru kəməri inşa edilmişdir. Daha sonra - 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi və beynəlxalq bazarlarla birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri, 2007-ci ildə isə Cənub qaz boru kəməri inşa edilmişdir. Bu kəmər Azərbaycan, Gürcüstan və Türkiyəni hazırkı mərasimin tərkib hissəsi olan digər layihə ilə birləşdirmişdir.
2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandum imzalanmışdır. Bu da öz növbəsində ölkəmizin enerji strategiyasının həyata keçirilməsinə və Avropa istiqamətində enerji təchizatının şaxələndirilməsinə yardım etmişdir. Ötən il biz Türkiyə ilə Trans-Anadolu boru kəməri - TANAP-a dair tarixi saziş imzalamışıq. Bu il isə TAP layihəsi əsas ixrac marşrutu seçilmişdi. Nəhayət, bu gün biz “Şahdəniz-2” yekun investisiya qərarını imzalayırıq.
Bu, tarixə bir ekskurs, Azərbaycanın ən iri qaz yatağının tam həcmdə işlənilməsi layihəsi istiqamətində keçdiyimiz yolda mühüm hadisələr idi. Bu layihə regionun və Avropanın enerji xəritəsini dəyişdirəcəkdir. Azərbaycanın qaz ehtiyatları bu sərvəti gözləməkdə olan bazarlara nəql ediləcəkdir. Bizim hesablamalarımıza görə, Azərbaycanın qaz ehtiyatı 3 trilyon kubmetrə bərabərdir.
“Şahdəniz-2”, TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir. Layihəyə 45 milyard dollar məbləğində sərmayə cəlb ediləcək, marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni iş yeri yaradılacaqdır. Təbii ki, bu layihə əlavə səylər tələb edəcəkdir.
Biz birgə səylərlə həyata keçirəcəyimiz nəhəng layihənin yalnız başlanğıcındayıq. Bu gün mən Azərbaycan xalqını bu tarixi gün münasibətilə təbrik edirəm. Bu layihə ölkəmizin uzunmüddətli və dayanıqlı iqtisadi inkişafını təmin edəcəkdir. Eyni zamanda, “Şahdəniz” konsorsiumuna Azərbaycanla bağlı səylərinə görə minnətdarlığımı bildirirəm. Xüsusilə, Azərbaycanda enerji sahəsinin iki lideri və strateji tərəfdaşı olan ARDNŞ və bp-yə təşəkkürümü bildirirəm. bp və ARDNŞ arasında 20 illik əməkdaşlıq təcrübəsi vardır. İmzalayacağımız sazişlər bu əməkdaşlığın 40 il və hətta ondan da uzun müddət davam edəcəyinə imkan verəcəkdir.
Onu da qeyd etmək istərdim ki, Azərbaycanın enerji siyasəti iqtisadiyyatımızın transformasiyasına və şaxələndirilməsinə imkan yaratmışdır. Biz müstəqilliyimizi bərpa etdiyimiz dövrdə özəl sektordakı ümumi daxili məhsul sıfır faizə bərabər idi. Bu gün isə özəl sektor iqtisadiyyatımızın 85 faizini təşkil edir. Biz işsizlik səviyyəsini 4,8 faizə endirmişik. Yoxsulluq səviyyəsi 5,5 faizə endirilmişdir. Bizim xarici borcumuz ümumi daxili məhsulun sadəcə 8 faizini təşkil edir. Nəhayət, maliyyə vəziyyəti sabitdir və biz iqtisadiyyatımızın 55 faizini təşkil edən qeyri-neft sektoruna yatırımlar etməkdəyik.
Bu səbəbdən enerji siyasəti, beynəlxalq təsisatlarla sıx əməkdaşlıq, şaxələndirmə və şəffaflıq uğurlu inkişafın əsas elementlərindəndir. Düşünürəm ki, Azərbaycan neft bəlasına, məşhur “Holland sindromu”na tutulmamışdır. Biz neftin və qazın xalqın mənafeyinə necə xidmət etdiyinin nümunəsiyik. Əlbəttə ki, bunun başlıca səbəblərindən biri beynəlxalq əməkdaşlıq olmuşdur. Biz bu əməkdaşlığı yüksək qiymətləndiririk, çünki xarici şirkətlərin bilik və təcrübəsi bizim üçün çox əhəmiyyətlidir.
Bu gün bu əməkdaşlıq daha geniş formata qədəm qoyur və daha çox ölkə və şirkəti əhatə edəcək yeni əməkdaşlıq formatı yaradılır. Əminəm ki, gələcəkdə “Şahdəniz-2” layihəsi hazırda nəzərdə tutulduğundan daha çox coğrafi məkanı əhatə edəcəkdir.
Bu gün biz təbii ki, qazımızın Avropa bazarlarına vaxtında çatdırılması üçün diqqətimizi TANAP və TAP layihələrinin icrasına yönəltməliyik. Burada “Şahdəniz” layihəsinin ilkin mərhələsinin əhatə etdiyi ölkələr - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstan ilə sıx əməkdaşlıq tələb olunacaqdır. Sonrakı mərhələdə biz Monteneqro və Xorvatiya ilə fəal əməkdaşlığa başlayacağıq. Bu boru kəmərinin Balkanlar istiqamətində uzadılması planlarımız da vardır. Eyni zamanda, ümid edirəm ki, qarşıdan gələn illərdə Rumıniya, Macarıstan və Avstriyadakı tərəfdaşlarımızla boru kəmərinin həmin istiqamətdə də uzadılması üzrə fəal iş görəcəyik. Bizim böyük planlarımız vardır və boru kəmərinin dizaynı da bu planlara uyğun şəkildə nəzərdə tutulmuşdur.
Gələcəkdə biz hasil edə biləcəyimiz qədər qaz həcmini nəzərdə tutulmuş kəmərlər vasitəsilə nəql edəcəyik. Təbii ki, “Şahdəniz-2” layihəsi enerji təhlükəsizliyi layihəsidir. Hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyindən ayrılmazdır. “Şahdəniz” layihəsinin imzalandığı 1990-cı illərdə bu, belə deyildi. Bu gün isə bu, artıq reallıqdır. Enerji təhlükəsizliyinin əsas elementlərindən biri təbii qazdır. Hazırda vəziyyət belədir və zənnimcə, növbəti illərdə heç bir dəyişiklik baş verməyəcəkdir. Bu səbəbdən enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi Azərbaycan kimi istehsalçı ölkə, həmçinin tranzit və istehlakçı ölkələr üçün eyni dərəcədə vacibdir. Əminəm ki, biz istehsalçı, tranzit və istehlakçı ölkələrin maraqlarının düzgün balansına birlikdə nail ola biləcəyik. Hamımız üçün faydalı əməkdaşlıq formatı yaradılacaqdır.
Bizim enerji strategiyamız dostluq, əməkdaşlıq və qarşılıqlı dəstəyə əsaslanır. Tariximizdə Azərbaycan heç bir zaman öz enerji potensialını digər məqsədlər üçün istifadə etməmişdir.
Bu tarixi gün münasibətilə Azərbaycan xalqını, bütün dostlarımızı və xarici tərəfdaşlarımızı təbrik edirəm. Layihəmizə uğurlar arzulayıram. Uğurlar “Şahdəniz-2”.
* * *
Albaniyanın Baş naziri Edi Rama bu layihənin icrası nəticəsində Azərbaycan və Albaniyanın Xəzər və Adriatik dənizlərini əlaqələndirəcəyini və alternativ enerji marşrutlarının xəritəyə gətirilməsinə töhfə verəcəyini bildirərək deyib: “Azərbaycan şirkətləri və ehtiyatları Cənubi Avropa ölkələri üçün yeni bir mənzərə yaradacaqdır. Eyni zamanda, Albaniya mühüm enerji layihəsi şəbəkəsinin tərkib hissəsi olacaqdır. Mən hesab edirəm ki, TAP yalnız imkan və fürsətlər demək deyildir. Eyni zamanda, böyük məsuliyyət deməkdir. Bizim hökumətlərimiz zəruri, maddi və insani kapital yönəldəcəkdir ki, bu layihə uğurlu nəticələrini versin. Biz təminat veririk ki, Albaniya və Cənub-Şərqi Avropa ilə bağlı bütün öhdəliklər yerinə yetiriləcəkdir. Həm sizin, həm də Türkiyə kimi strateji tərəfdaşımızın dəstəyi nəticəsində Albaniya, Xorvatiya, Monteneqro və digər Balkan ölkələri inkişaf edəcəkdir. Azərbaycanın xüsusi dəstəyi və əməkdaşlığı nəticəsində mənim ölkəm qazlaşdırmaya müvəffəq olacaqdır”.
* * *
Bolqarıstanın Baş naziri Plamen Oreşarski bu layihənin ölkəsi üçün də yeni imkanlar açdığını vurğulayaraq bildirib: “Əvvəlcə cənab Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm ki, məni bu tədbirə dəvət edib. Bu mərasim “Cənub” qaz dəhlizinin başlanmasıdır, mənim ölkəm üçün də yeni imkanlar deməkdir. TAP Bolqarıstan ərazisindən keçəcəkdir və bu, bizə qazın əlavə həcmlərini təmin edəcəkdir. Bu işdə sizə uğurlar arzulayıram.
Cənab Prezident, ölkəmə olan diqqətinizə görə təşəkkür edirəm”.
* * *
“Şahdəniz-2” layihəsinin ölkələrimizin həyatında əhəmiyyətli rol oynayacağını bildirən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili vahid enerji siyasətində uğur əldə edilməsində “Cənub” qaz dəhlizi layihəsinin önəmindən danışaraq bildirib: “Azərbaycan regionumuzun və Avropa İttifaqı ölkələrinin enerji ehtiyaclarının təmin edilməsində mühüm ölkəyə çevrilməkdədir. Eyni zamanda, Gürcüstanın coğrafi mövqeyi Cənubi Qafqazda nəqliyyat qovşağı rolunu oynamağa imkan verir və Türkiyə ilə birlikdə Avropanı Xəzər dənizi regionu ilə birləşdirən ən qısa tranzit marşrutu təklif edir.
Əminəm ki, bu, uzunmüddətli və dayanıqlı çoxtərəfli əməkdaşlığımızın yalnız başlanğıcıdır. Növbəti addımlar Trans-Xəzər layihələrinin inkişafına və Xəzər hövzəsinin digər dövlətləri ilə danışıqların intensivləşdirilməsinə yönəldiləcəkdir. Son irəliləyişlər və ötən 20 il ərzində toplanmış birgə təcrübəmiz səmərəli əməkdaşlıq və nəqliyyat marşrutlarının mənbələrinin, təchizatçıların şaxələndirilməsi üçün zəruri şəraitin yaradılmasının nə dərəcədə əhəmiyyətli olduğunu aydın göstərir.
Cənab Prezident, Sizi bu tarixi gün - vahid enerji siyasəti, inkişaf və uğurun əldə edilməsində həlledici rol oynayan “Cənub” qaz dəhlizi layihəsinin icrasına başlanılması münasibətilə təbrik edirəm”.
* * *
Xorvatiyanın Baş naziri Zoran Milanoviç bu layihə ilə Azərbaycanın tarixində yeni mərhələnin başlandığını, “Şahdəniz-2” layihəsinin ölkəsi üçün də xüsusi əhəmiyyət kəsb etdiyini deyib. O, layihə çərçivəsində yeni iş yerlərinin açılacağına, əməkdaşlıq əlaqələrinin genişlənəcəyinə əminliyini ifadə edib. Bakıda gedən inkişaf proseslərindən məmnunluğunu bildirən Zoran Milanoviç deyib: “Mən 20 il bundan əvvəl Azərbaycanda olmuşam. Bu, mənim ikinci səfərimdir. Mən gördüklərimə valeh olmuşam. Bu gün Azərbaycanın yeni bir tarixi mərhələsidir. Bu, sadəcə olaraq bir gündür. Bundan əvvəl isə uzun illər sıx əməkdaşlıq həyata keçirilmiş, gərgin işlər görülmüşdür. Siz sadə əməkdaşlıq yolu seçməmisiniz. Bu tədbirdən əvvəl uzun illər planlaşdırma həyata keçirilmişdir. Sizin ölkəniz siyasi və təhlükəsizlik baxımından çox təmkinli olmuşdur.
Xorvatiya bu layihənin demək olar ki, ən
sonunda yerləşir. Biz
Aralıq dənizində limanlara sahibik. Eyni zamanda, biz də
enerji təchizatımızı şaxələndirmək niyyətindəyik.
Bizim bir sıra planlarımız vardır. Bu layihə bizim
üçün xüsusi əhəmiyyət kəsb edir. Bu
baxımdan mən bunun icrasını səbirsizliklə
gözləyirəm. Bu, yalnız enerji təhlükəsizliyi
demək deyil, bu, əməkdaşlıq deməkdir. Bu,
ölkələri bir araya gətirmək, yeni iş yerləri,
yeni sərmayələr deməkdir.
Ümid
edirəm ki, növbəti dəfə Azərbaycana 20 ildən
sonra yox, daha tez gələcəyəm. Amma bu gün
gördüyüm məni həqiqətən də təsirləndirdi,
valeh etdi. Diqqətinizə görə təşəkkür
edirəm”.
* * *
Monteneqronun
Prezidenti Filip Vuyanoviç deyib ki, bu layihəyə
qoşulmaqla Monteneqro özünün uzunmüddətli enerji
sabitliyini təmin edəcək. Prezident İlham Əliyevə
ölkələrimiz arasında əlaqələrin
inkişafına göstərdiyi diqqətə görə təşəkkürünü
bildirən Filipp Vuyanoviç deyib: “Azərbaycanda olmaq, “Cənub
qaz dəhlizi”nin Avropaya birləşdirilməsi ilə
bağlı tədbirdə iştirak etmək məndə
xüsusi məmnunluq doğurur. Bu dəhliz ilə Azərbaycan
qazı Avropaya nəql ediləcəkdir. Bu isə Monteneqro
üçün strateji və enerji təhlükəsizliyi
baxımından mühüm əhəmiyyət kəsb edir.
Mən
burada yalnız bir neçə məqamı diqqətinizə
çatdırmaq istəyirəm. Bu layihəyə qoşulmaqla
Monteneqro özünün uzunmüddətli enerji təhlükəsizliyini
təmin edəcəkdir. Çünki burada çox
etibarlı təchizatçıdan söhbət gedir. Bu boru kəməri
ilə Monteneqroda daha münbit sərmayə mühiti
yaradılacaq və yeni sərmayə imkanları
açılacaqdır. Bu layihə həm inkişaf, həm
tikinti dövründə və daha sonra layihənin işə
salınması mərhələsində mənim ölkəmdə
yeni iş yerləri yaradacaqdır. Bizim vətəndaşlarımız
və iqtisadiyyatımız münasib qiymətə enerji ilə
təmin ediləcəkdir ki, bu da sakinlərin
yaşayış səviyyəsini yaxşılaşdıracaqdır.
Bundan əlavə, bu qazın nəqli nəticəsində mənim
ölkəm böyük mənfəət əldə edəcəkdir.
Xanımlar
və cənablar, mən Azərbaycan Prezidenti cənab
İlham Əliyevə xüsusi minnətdarlığımı
bildirmək istəyirəm. Eyni zamanda, mənim ölkəmin
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti
ilə yeni qurduğu əməkdaşlığı qeyd etmək
istərdim. SOCAR bu gün Monteneqronun ən elitar turist məkanlarının
birində nəhəng infrastruktur inşa etməkdədir və
bu, Adriatik dənizi sahilinin ən gözəl incilərindən
olacaqdır.
Möhtərəm
cənab Prezident, bir daha Sizə təşəkkürümü
bildirirəm ki, Siz bizim ölkələrimiz arasında əlaqələrə
bu qədər əhəmiyyət verirsiniz.
Diqqətinizə
görə təşəkkür edirəm”.
* * *
“Şahdəniz-2
layihəsinin yekun investisiya qərarı kimi mühüm sənədin
imzalanması münasibətilə təbriklərini
çatdıran Böyük Britaniya və Şimali
İrlandiya Birləşmiş Krallığının xarici
işlər naziri Uilyam Heyq yeni yaradılan “Cənub” qaz dəhlizinin
mühüm əhəmiyyətini xarakterizə edərək
bildirib: “Birincisi, bu, Avropanın qaz təchizatı baxımından
həm marşrut boyu, həm də yeni mənbə qismində
enerji təhlükəsizliyini artıracaqdır. Yeni boru kəməri
ilə Türkiyəyə nəql ediləcək 6 milyard
kubmetr qazla yanaşı, əlavə 10 milyard kubmetr qazın
Avropaya nəqli bizim yeganə təchizatçı və ya
bir tranzit sistemindən asılılığımızı
azaldacaqdır. Qarşıdan gələn illərdə “Cənub”
dəhlizinin Yaxın Şərqdə nəhəng qaz təchizatçılarını
əhatə edərək genişlənmə potensialı
vardır. Bu isə öz növbəsində Avropanın
enerji təhlükəsizliyinə çox böyük
töhfə ola bilər.
İkincisi,
Avropanın qaz bazarında rəqabət artacaqdır. Bu isə
enerjinin qiymətini daha münasib edəcəkdir. Bundan əlavə,
Avropa İttifaqının qaz bazarı o qədər əlaqəlidir
ki, bilavasitə Azərbaycandan qaz alan ölkələrdən
savayı digər dövlətlər də bunun bəhrəsini
görəcəklər.
Üçüncüsü,
“Cənub” dəhlizi bizim iqlim dəyişikliyi ilə
bağlı qarşıya qoyduğumuz məqsədləri dəstəkləyəcəkdir.
Yenilənən enerjiyə yönəlmiş sərmayələrin
fonunda qaz bizə ən sadə və etibarlı enerji təmin
edəcəkdir. Həm də qaz ekoloji baxımdan
kömürdən təmizdir. Hazırda bir sıra Avropa
dövlətlərinin hökumətləri üçün
enerji təhlükəsizliyinin təmin edilməsi qlobal iqlim dəyişikliyi
ilə mübarizədən daha ön sırada durur. Lakin
enerji təhlükəsizliyimizi gücləndirməklə “Cənub”
dəhlizi bizə zəhərli tullantıların
azaldılmasına diqqəti yönəltməyə imkan verəcəkdir.
Nəhayət,
“Cənub” dəhlizinin işlənilməsi 2 min mil
uzunluğunda marşrut boyu dövlətlərə mənfəət
gətirəcək və tikinti mərhələsində otuz
mindən artıq yeni iş yeri yaradacaqdır.
İnşası başa çatdıqdan sonra boru kəmərləri
Azərbaycan üçün Avropa bazarına uzunmüddətli
çıxış təmin edəcəkdir. Bu, çox
böyük nailiyyət olacaqdır. Mən fərəhlənirəm
ki, bp başda olmaqla Britaniya şirkətləri layihəyə
öz töhfəsini vermişdir və bu iş bundan sonra da
davam edəcəkdir.
Azərbaycanın
neft və qaz ehtiyatlarının işlənməsində
Böyük Britaniya iyirmi ilə yaxındır ki,
aparıcı rol oynayır. Bu isə birbaşa xarici sərmayələrin
yarısından çoxunu təşkil edir və
hazırkı qərarla böyük həcmdə əlavə
sərmayələr cəlb olunacaqdır. Maliyyə vəsaitləri
ilə yanaşı, bp və digər Britaniya şirkətləri
zəngin təcrübələrini cəlb edərək Azərbaycan
hökuməti, şirkətləri və xalqı ilə
çiyin-çiyinə çalışaraq bu layihəni
reallığa çevirəcəkdir. Məhz bu səbəbdən
bu qərar istər neft və qaz, istərsə də digər
sahələr üzrə Azərbaycan- Böyük Britaniya əlaqələrinin
möhkəmləndirilməsinə xidmət edəcəkdir.
Bu gün
Azərbaycanda Böyük Britaniyanın 300-dən artıq
şirkəti fəaliyyət göstərir. Biz bundan sonra da
iki ölkə arasında güclü ticarət əlaqələrinin
genişləndirilməsi və şaxələndirilməsi
imkanlarını araşdırmalıyıq. Hökumətlərimiz
BMT Təhlükəsizlik Şurasında bir sıra məsələlər
üzrə mühüm əməkdaşlıq etmişlər.
Britaniyada təhsil alan çoxsaylı azərbaycanlı tələbələr
Bakıda uğurla fəaliyyət göstərirlər.
“British Council” və Azərbaycanda yaşayan üç mindən
artıq britaniyalı ölkələrimiz arasında
güclü təmaslar qururlar. Bir sözlə, bugünkü
tədbirin əhəmiyyəti ölkələrimiz
arasında ikitərəfli münasibətlərdən
tutmuş enerji təhlükəsizliyinə qədər bir
sıra sahələrdə hiss olunacaqdır. Bununla biz yeni
iş yerlərinin yaradılması,
iqtisadiyyatımızın rəqabət qabiliyyətinin
artırılması və qlobal iqlim dəyişikliyi ilə
mübarizədə səylərimizi dəstəkləyəcəyik.
Dünyanın
ən iri enerji layihələrindən biri artıq
reallığa çevrilməyə başlamışdır.
Biz Avropanın enerji marşrutlarının xəritəsini
başa çatdırırıq və mən mühüm
nailiyyətin əldə edilməsində əməyi olan
bütün tərəfləri təbrik edirəm”.
* * *
İtaliyanın
xarici işlər naziri xanım Emma Bonino “Cənub” qaz dəhlizinin
yaradılmasına başlanmasının mühüm əhəmiyyət
kəsb etdiyinin vurğulayıb və bunun uzunmüddətli məqsədyönlü
əməkdaşlıq nəticəsində baş
tutduğunu söyləyib. TAP layihəsinin İtaliya, həmçinin
digər Avropa İttifaqı ölkələri, eləcə də
Balkan regionu dövlətləri üçün
taleyüklü məsələ olduğunu vurğulayan Emma Bonino
deyib: “Xüsusi qeyd etmək istərdim ki, Avropa Komissiyası
TAP layihəsini birgə maraq kəsb edən layihələr
siyahısına daxil etmişdir və bununla da müxtəlif
prosedurlar sürətlənəcəkdir. Mühüm zəruri
maliyyə vəsaitlərinin ayrılması prosesi daha da
sürətlənəcəkdir.
İtaliya
enerji təhlükəsizliyi və vacib enerji infrastrukturunun
yaradılmasına mühüm töhfə verir. Zənnimcə,
bu layihə bizim münasibətlərin çox əhəmiyyətli
bir elementidir. Avqustun 11-də cənab Prezident İlham
Əliyev və İtaliyanın Baş naziri cənab Enriko
Letta arasında imzalanmış memorandum da bu istiqamətdə
çox mühüm bir sənəd olmuşdur. Mən sizi əmin
etmək istərdim ki, İtaliya hökuməti də bu
işin sürətlə aparılmasında əlindən gələni
əsirgəməyəcəkdir. Eyni zamanda, bu, bizim ikitərəfli
əməkdaşlığımızın mühüm
elementləridir. Azərbaycan İtaliyanın 4 ən iri neft təchizatçılarından
biridir. Artıq bizim əməkdaşlığımız qaz
sahəsini də özündə ehtiva edəcəkdir. Bundan
sonra bizim ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələr
inkişaf edəcəkdir. Bu baxımdan mənim bu tədbirdə
iştirakım bizim ikitərəfli münasibətlərə
verdiyimiz əhəmiyyətin bariz nümunəsidir. Təşəkkür
edirəm”.
* * *
Bu layihəni
ölkəsinin daim dəstəklədiyini və bunun
reallaşması üçün səyini əsirgəmədiyini
bildirən və əlamətdar tarixi hadisə münasibətilə
Türkiyə dövləti və xalqının təbriklərini
çatdıran Türkiyənin enerji və təbii sərvətlər
naziri Taner Yıldız bildirib: “Təbii ki,
Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə Xəzər
neftinin dünya bazarına açılması və
Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə də təbii
qazın Türkiyədə istifadə edilməsi təmin
olunmuşdur. Bunlar vacib layihələrdir, amma kifayət
etmirdi. Hazırda biz istər Türkiyənin təxminən 50
milyard kubmetrlik təbii qaz ehtiyacının bir hissəsinin
ödənilməsi, istərsə də Avropa
İttifaqına üzv ölkələrin təbii qaz tədarükünün
həll edilməsi baxımından mühüm bir layihəni,
inşallah, imzalayacağıq.
Olmayan bir
şey paylaşılmaz, amma var olan bir şey həmişə
paylaşıla bilər. Xəzər xüsusilə bu sərvətlərini
dünya bazarlarına təqdim edərək həm yerləşdiyi
bölgənin, həm də digər bölgələrin rifah
səviyyəsini daha da artıracaqdır. Türkiyə
bütün strateji və coğrafi üstünlüklərindən
bu layihələrin xeyrinə istifadə edəcəkdir”.
Taner
Yıldız ötən illərdə birgə neft-qaz layihələrinin
reallaşması üçün Türkiyənin Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti ilə sıx və
səmərəli əməkdaşlıq etdiyini
vurğulayaraq deyib: “SOCAR və digər şirkətlərin təmsilçiləri
bizimlə bərabər çox səy göstərdilər.
İnşallah, müsbət sonluğa doğru çox əmin
addımlarla irəliləyirik.
Mən bu
layihədə əməyi olan bütün pay sahiblərinə
bir daha təşəkkür edirəm. Allahdan bu layihənin həm
istehsalçı, həm tranzit, həm də
istehlakçı ölkələr üçün uğurlu
olmasını diləyirəm. Hamınızı sevgi və
ehtiramla salamlayıram”.
* * *
Avropa
İttifaqının TAP layihəsini tam dəstəklədiyini,
“Şahdəniz-2” layihəsinin yekun investisiya qərarının
imzalanmasının səmərəli əməkdaşlıq
üçün yeni imkanlar açdığını
vurğulayan Avropa İttifaqının enerji məsələləri
üzrə komissarı Günter Ottinger deyib: “Azərbaycan
2011-ci ildə verdiyi vədinə sadiq qalaraq “Cənub” qaz dəhlizinin
icrasına başlayır. Zaman keçdikcə biz görəcəyik
ki, bu layihə də digər uzunmüddətli layihələr
kimi xüsusi əhəmiyyət kəsb edəcəkdir. Lakin
gələcəyin inkişafını təmin edən siyasi
təməl bu gün qoyulur.
2011-ci ildə
Azərbaycan Prezidenti İlham Əliyev və Avropa
Komissiyasının sədri Xose Manuel Barrozu əməkdaşlığımızın
parametrlərini müəyyən etmişlər. Burada təmsil
olunan şirkətlər isə layihəni kommersiya
baxımından dəstəkləyirlər. Məmnunam ki, biz
vədlərimizə sadiq qaldıq. “Cənub” qaz dəhlizinin
işlənilməsi hökumətlər və biznes dairələri
arasında əməkdaşlığın parlaq nümunəsidir
və bu əməkdaşlıq qarşılıqlı
faydalıdır.
Avropa
İttifaqı və Türkiyə yeni qaz mənbəyinə
çıxış əldə edir. Qaz təchizatı
şirkətləri tələb olunan sərmayələrin əsaslandırılması
üçün müvafiq həcmlərə malikdirlər.
Buraya qədərki
yolumuz heç də asan olmamışdır. Bu işdə
qarşılıqlı anlaşma, təmkin və
danışıqlar tələb olunmuşdur. Bütün tərəfləri
bu işdə təqdir etmək istərdim. “Şahdəniz” və
onunla birləşəcək digər kəmərlər Avropa
İttifaqında ehtiyac duyulan nəhəng qaz infrastrukturu
olacaqdır.
Mən
böyük məmnuniyyətlə Avropa Komissiyasının sədri
Xose Manuel Barrozu adından “Şahdəniz-2” üzrə yekun
investisiya qərarının imzalanması münasibətilə
layihədəki iştirakçı dövlətləri və
şirkətləri təbrik edirəm. Bu uzaqgörən
planın memarları ilə birlikdə olmağından fərəhlənirəm.
Yaxın
keçmişdə bəziləri bu layihəni
mümkünsüz layihə adlandırmışlar. Lakin ilk dəfə
deyildir ki, bu regionda mümkünsüz hesab edilən layihələr
tərəfdaşların əməkdaşlığı nəticəsində
uğurla başa çatdırılır. Birincisi
Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, indi isə “Cənub”
qaz dəhlizi. Qərar Avropanın qaz mənbələrinin
şaxələndirilməsinə xidmət edəcəkdir və
Qafqaz ilə Avropa İttifaqı arasında əlaqələri
möhkəmləndirəcəkdir. Bu, enerji və sənaye əlaqəsi
olmaqla yanaşı, həm də mədəni
bağlılıqdır. Şadam ki, bu layihənin Cənub-Şərqi
Avropada davam etdirilməsinə dair Azərbaycan Albaniya, Bosniya və
Herseqovina, Xorvatiya və Monteneqro arasında razılıq
vardır. Buraya Rumıniya, Macarıstan və Avstriyanı da əlavə
etmək olar. Bu, onun sübutudur ki, bugünkü tədbir daha
böyük layihənin başlanğıcıdır.
Hörmətli
cənab Prezident, xanımlar və cənablar. Bu işdə əməyi
olanları səmimi qəlbdən təbrik edirəm. Qapı
artıq açılmışdır. Bu marşrut üzrə
əməkdaşlığımız davam etməlidir. Hər
birinizə uğurlar arzulayıram”.
* * *
İxrac
kəmərlərinin şaxələndirilməsinin vacib əhəmiyyət
kəsb etdiyini bildirən ABŞ-ın enerji nazirinin
müşaviri Conatan Elkınd rəsmi Vaşinqtonun Azərbaycanın
yerləşdiyi regionun enerji ehtiyatlarının işlənməsi
və digər regionlar ilə əməkdaşlığın
gücləndirilməsinə tərəfdar olduğunu
söyləyərək bildirib: “Bu regionun zəngin enerji
ehtiyatları vardır. Bu baxımdan Azərbaycan çox
xoşbəxt bir ölkədir. Bu gün SOCAR başda olmaqla
müxtəlif şirkətlər bu ehtiyatları dünya
bazarlarına çıxarırlar. Bu ehtiyatlarda marağı
olan ölkələrə təbii qazın nəqli çox
vacib bir elementdir. Vacibdir ki, istehsalçı və
istehlakçı ölkələr arasında əlaqələr
güclü olsun və bu baxımdan da mən Vaşinqtondan
enerji nazirinin və Obama Administrasiyasının
salamlarını çatdırıram.
Cənab
Prezident, Sizi əmin etmək istərdim ki, ABŞ Prezidentinin
Administrasiyası bizim bacarıqlı səfirimiz Riçard
Morninqstar vasitəsilə Azərbaycanı dəstəkləyəcəkdir
və Sizin ölkənizi və regionda olan tərəfdaşlarınızı
dəstəkləməyə hazırdır. Təşəkkür
edirəm”.
* * *
Azərbaycan
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq
Abdullayev yekun investisiya qərarının imzalanmasını
Ulu öndər Heydər Əliyevin əsasını
qoyduğu yeni neft strategiyasının növbəti uğuru
kimi dəyərləndirərək deyib: “Möhtərəm cənab
Prezident, mən bu gün, ilk növbədə, çoxminli Azərbaycan
neftçiləri adından, eləcə də bu layihədə
iştirak edən tərəfdaşlarımız adından
Zati-alinizə dərin təşəkkürümü bildirirəm.
Bu beş ildə Sizin diqqətiniz və dəstəyiniz
olmasaydı, fəaliyyətimizin belə uğurla nəticələnməsi
mümkün olmazdı.
Tarixi
baxımdan mühüm əhəmiyyət kəsb edən bu əlamətdar
hadisənin gerçəkləşməsində və Azərbaycan
qazının gələcəyinə yol açmaqda
aparıcı rol oynamasından qürur duyuruq.
Bu layihə
çərçivəsində Xəzər dənizində ən
qabaqcıl sualtı hasilat texnologiyasının tətbiqi ilə
Azərbaycandan Avropaya qədər 6 ölkəni birləşdirəcək
təxminən 3500 kilometr uzunluğunda boru kəmərləri
sisteminin tikintisi və istismarı gerçəkləşdiriləcəkdir.
Qeyd etmək
istəyirəm ki, avropalıların bir çox nəsillərinə
xidmət edəcək “Cənub” qaz dəhlizinin
yaradılmasında ən böyük investorlardan biri SOCAR
olacaqdır.
Biz
artıq bp və BOTAŞ-la birgə həyata keçirəcəyimiz
TANAP layihəsində ən böyük investor və operator,
Avropa şirkətləri ilə birlikdə inşa edəcəyimiz
TAP layihəsində isə ən böyük investorlardan
biriyik.
Bu gün
həm də “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəmərində
payımızın artırıldığını fəxrlə
bəyan edirik. Bir neçə dəqiqədən sonra burada
yekun investisiya qərarını imzalayacağımız
“Şahdəniz-2” layihəsi üzrə platforma və
sualtı qurğuların əksər hissəsinin faktiki olaraq
Azərbaycanda inşa olunacağını bəyan etməkdən
böyük məmnunluq duyuram.
Bunun
üçün Bakı yaxınlığında yerləşən
tikinti-quraşdırma sahələrinin texniki və texnoloji
imkanları artırılacaq, sualtı əməliyyatların
həyata keçirilməsinə xidmət edən bir neçə
gəminin texniki və funksional imkanları təkmilləşdiriləcəkdir.
Sualtı
tikinti işlərinin həyata keçirilməsi
üçün çoxprofilli bir nadir gəmi inşa ediləcəkdir.
Onu da xüsusi vurğulamaq istəyirəm ki, həmin gəminin
Bakıda yenicə istifadəyə verilmiş Gəmiqayırma
Zavodunda tikilməsi planlaşdırılır.
Bunlar, əlbəttə
ki, ölkəmiz üçün yeni texnologiyalar, yeni biliklər,
yeni potensial deməkdir. Ən mühümü isə “Şahdəniz-2”
və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi
layihələri Azərbaycanda işçi qüvvəsi
üçün təxminən on mindən artıq yeni iş
yerinin açılmasına səbəb olacaqdır.
TANAP və
TAP layihələrinin inşası prosesində Gürcüstan,
Türkiyə, Yunanıstan, Albaniya, İtaliya və digər
ölkələrdə də minlərlə yeni iş yeri
açılacaq, həmin ölkələrin
iqtisadiyyatlarına müsbət təsir göstərəcəkdir.
Beləliklə,
“Cənub” qaz dəhlizinin açılmasına start verilir.
Lakin bu dəhlizlə bağlı planlarımız “Şahdəniz-2”
yatağından hasil olunacaq qazın nəql edilməsi ilə
kifayətlənməyəcəkdir. Bu, həmin zəncirin
yalnız birinci halqası olacaqdır.
Azərbaycanın
qaz potensialı zəngindir. Bizim 2,5 trilyon kubmetrdən
artıq təsdiqlənmiş qaz ehtiyatımız vardır.
Əgər mövcud imkanları nəzərə alsaq, “ikinci
qaz dalğasını” bu gün də aydın görə bilərik.
Strategiyamız
son illərdə kəşf edilmiş yataqların, habelə
ölkəmizin qaz potensialını daha da artıracaq bir
neçə kəşfiyyat layihəsinin işlənilməsini
nəzərdə tutur. Bugünkü tərəfdaşlıq
münasibətlərimiz digər bazarlara da Azərbaycanın
işlənilməkdə olan böyük qaz ehtiyatları ilə
asanlıqla əlaqə yaratmaq üçün nadir imkanlar vəd
edir.
“Mərhələ-2”
çərçivəsində işlənilməsi
planlaşdırılan “Şahdəniz”in əlavə
ehtiyatlarından, bu yaxınlarda Xəzərdə kəşf
edilmiş “Abşeron” və “Ümid” yataqlarının, “Azəri-Çıraq-Günəşli”
yataqlar blokundakı dərin qaz ehtiyatlarının, olduqca
perspektivli “Şəfəq-Asiman”, “Babək”, “Zəfər-Məşəl”
və başqa strukturların potensialından tam istifadə
ediləcəkdir.
Çıxışımı
Ümummilli liderimiz Heydər Əliyevin hələ 1997-ci ildə
“Şahdəniz” yatağı üzrə müqavilə layihəsinin
idarəetmə komitəsi üzvləri ilə
görüşündə söylədiyi sözlərlə
tamamlamaq istəyirəm: “Şahdəniz” yatağında
gördüyümüz işlər və əldə etdiyimiz
nəticələr bizə bundan da dərin yerlərdə,
bundan da mürəkkəb işlər görməyə imkan
yaradacaqdır”. Bugünkü mərasim o vaxt deyilmiş bu
sözlərin həqiqətə çevrildiyini bir daha
sübut edir.
Diqqətinizə
görə çox sağ olun”.
* * *
Əlamətdar
hadisə münasibətilə təbriklərini
çatdıran bp şirkətinin baş icraçı
direktoru Robert Dadli “Şahdəniz-2” layihəsinin bp və SOCAR
üçün də mühüm əhəmiyyət kəsb
etdiyini bildirərək deyib: “Prezident İlham Əliyevin qeyd
etdiyi kimi, “Cənub” qaz dəhlizi Avropanın enerji xəritəsini
dəyişdirəcəkdir. Region ölkələri
üçün də gələcək dəyişəcəkdir.
Mən bununla tamamilə razıyam”.
Robert
Dadli artıq Azərbaycanın Avropanın enerji təhlükəsizliyində
ən vacib ölkələrdən birinə çevrildiyini
xüsusi vurğulayaraq bildirib: “XXI əsrdə Azərbaycan
Avropanın enerji təhlükəsizliyini təmin edən bir
ölkəyə çevrilmişdir. Bu, birbaşa xarici sərmayə
baxımından ən böyük layihə olacaqdır. Bu, Azərbaycanda
əlavə 10 min iş yerinin açılması deməkdir.
Qürurverici haldır ki, bütün zəruri infrastruktur Azərbaycanda
inşa ediləcəkdir. bp isə öz növbəsində,
Azərbaycanın enerji və hasilat bacarığının
artırılmasına öz töhfəsini verəcəkdir.
Azərbaycandan kənarda daha 20 min yeni iş yeri
açılacaqdır.
Mən cənab
Prezident İlham Əliyevə xüsusi minnətdarlığımı
bildirirəm və burada iştirak edən digər liderlərə
təşəkkür edirəm ki, bu layihənin uğurla həyata
keçirilməsinə öz töhfələrini vermişlər.
Bu layihə şirkətlər üçün də
xüsusi əhəmiyyət kəsb edir. SOCAR, Statoil, Total,
LUKoil, NIKO, TPAO, BOTAŞ, Axpo, Fluxys, E.ON və bp - bunlar
böyük bir qrupdur. Zənnimcə, bu layihə yalnız
birgə səylər nəticəsində mümkün
olmuşdur.
Biz dünyada olan bütün tərəfdaşlarımızın təcrübəsindən bəhrələnmişik və buna görə də təşəkkürümü bildirirəm. Bu, səhmdarlar üçün də çox mühüm gündür. Bu, o deməkdir ki, növbəti 25 il ərzində dəyəri yüz milyardlarla ölçülən sənədlər imzalanacaqdır. Bu sənədlərin bəhrəsi qarşıdan gələn bir çox illərdə hiss olunacaqdır.
Cənab Prezident, qeyd etmək istərdim ki, “Şahdəniz” konsorsiumu SOCAR ilə anlaşma əldə edib və öz payımızı 1,4 milyard kubmetr artırırıq. Bu, heç də son deyildir. Eyni zamanda, hasilatın pay bölgüsü müqaviləsini də 2048-ci ilə qədər uzatmışıq. Bu sahədə işlərimiz davam edəcəkdir.
Bununla da “Şahdəniz” layihəsi XXI əsrin ikinci yarısında da qaz ehtiyaclarını təmin edəcəkdir. Bu, bizim sənayemiz üçün də çox mühüm bir hadisədir. Bu, təkcə nəhəng bir layihə deyildir. Bu, misilsiz bir layihədir. Ona görə ki, bu, bizim sənayedə tətbiq edilən ən son texnologiyaların ilk dəfə istifadə edilməsi olacaqdır. Bununla da çıxışımı bitirərək qeyd etmək istərdim ki, bp bu layihədə iştirakından fərəhlənir. Bir çox insanın əməyi nəticəsində ərsəyə gəlmiş bu layihənin uğurla başa çatacağına ümid edirəm.
Cənab Prezident, şəxsi dəstəyinizə görə təşəkkür edirəm. Bizim komandamız qarşıdan gələn illərdə Sizinlə sıx əməkdaşlığa ümid edir”.
* * *
Sonra sənədlərin imzalanması mərasimi olub.
Əvvəlcə Azərbaycan, Albaniya, Xorvatiya və Monteneqro arasında əməkdaşlıq, “Cənub” qaz dəhlizi layihəsi və Cənub-Şərqi Avropa dəhlizi Anlaşma Memorandumunu Azərbaycanın energetika naziri Natiq Əliyev, Albaniyanın energetika və sənaye naziri Damian Gjiknuri, Xorvatiyanın iqtisadiyyat naziri İvan Vrdolyak və Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç imzalayıblar.
Sonra “Şahdəniz” layihəsinin ikinci mərhələsi və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə yekun investisiya sazişi imzalanıb. Sənədi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və “Şahdəniz” üzrə Hasilatın Pay Bölgüsü Sazişi əməliyyatçısının prezidenti Qordon Birrel imzalayıblar.
* * *
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimində iştirak edən dövlət və hökumət başçıları ilə birgə nahar ediblər.
Yeni Azərbaycan.- 2013.- 18 dekabr.-
S.2-5.