Avropanın yeni enerji xəritəsi
Bakıda çəkilir: XXI əsrin müqaviləsi –
“Şahdəniz-2”
Azərbaycan
Avropanın enerji təhlükəsizliyinin
təmin olunmasında əsas söz
sahibinə çevrilir
Bu bir həqiqətdir ki, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə dünyaya neft ölkəsi kimi tanınan Azərbaycan bu gün artıq Avropa məkanının aparıcı qaz təchizatçısına çevrilmək üzrədir. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan neft strategiyasının və enerji siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan çox böyük uğurlara imza atır.
Bildiyimiz kimi, ölkəmiz son illərdə mühüm təbii qaz ixracatı potensialı ilə Avropanın diqqətini cəlb edir. Ölkəmizin qaz ehtiyatlarının ümumi həcmi 2,5 trilyon kubmetr qiymətləndirilir.
İndiyədək şaxələndirilmiş enerji siyasəti sayəsində Azərbaycan çoxsaylı tərəfdaşları ilə enerji sahəsində faydalı əməkdaşlıq qurub. Mövcud əlaqələr Azərbaycanın zəngin karbohidrogen resurslarının səmərəli və milli mənafelərə uyğun surətdə istismarına, ölkənin gəlirlərinin yüksəldilməsinə imkan verir. Avropa dövlətləri ilə enerji sahəsində əməkdaşlıq Azərbaycanın maraqları baxımından, ölkənin gəlirlərinin artmasına, iqtisadiyyatın qeyri-neft sahələrinin sürətli inkişafına və bütövlükdə, ölkənin güclənməsinə, nüfuzlu dövlətə çevrilməsinə vacib töhfədir.
Əlbəttə ki, Azərbaycanın enerji siyasəti tərəfdaşlarının da maraqlarına cavab verir. Ölkəmizin Avropanın əsas qaz təchizatçılarından birinə çevrilməsi region dövlətlərinin enerji mənbələrinin diversifikasiyasında və beləliklə, enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır. Bu baxımdan, bu günlərdə Azərbaycan aparıcı qaz ixracatçısı olmaq yolunda növbəti nəhəng addım atıb.
Məlum olduğu kimi, dünən Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimi baş tutub. Böyük beynəlxalq marağın göstərildiyi tədbirdə Monteneqronun prezidenti, Albaniyanın, Bolqarıstanın, Gürcüstanın, Xorvatiyanın baş nazirləri, Böyük Britaniyanın, İtaliyanın xarici işlər nazirləri, Türkiyənin enerji və təbii sərvətlər naziri, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı, ABŞ-ın enerji nazirinin köməkçisi, eləcə də, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti və bp şirkətinin baş icraçı direktoru çıxış ediblər.
Mərasim çərçivəsində “Azərbaycan Respublikası, Albaniya Respublikası, Xorvatiya Respublikası və Monteneqro arasında Cənub-Şərqi Avropada “Cənub” qaz dəhlizinin həyata keçirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”, habelə, ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və “Şahdəniz” üzrə Hasilatın Pay Bölgüsü Sazişi əməliyyatçısının prezidenti Qordon Birrel tərəfindən “Şahdəniz-2” üzrə yekun investisiya qərarı imzalanıb.
Bu, bir daha Prezident İlham Əliyevin Azərbaycanın qlobal əhəmiyyətli enerji qərarlarının verildiyi məkan olması ilə bağlı dəfələrlə səsləndirdiyi fikirləri təsdiq edir: “Enerji siyasətimizlə bağlı məsələlər nəinki ölkəmiz və regionumuz üçün, dünya üçün əhəmiyyətli məsələlərdir. Azərbaycanın mövqeyindən, Azərbaycanda, Bakıda qəbul edilmiş qərarlardan çox şey asılıdır. Bunu biz də bilirik, bu məsələlərlə bağlı bizimlə əməkdaşlıq edən qurumlar da bilir”.
Əlbətdə ki, əldə edilən nailiyyətlər Azərbaycanın uğurlu enerji siyasətinin mütərəqqi nəticələridir. Prezident İlham Əliyev də vurğulayıb ki, Azərbaycanın enerji siyasəti iqtisadiyyatımızın transformasiyasına və şaxələndirilməsinə imkan yaradıb: “Biz müstəqilliyimizi bərpa etdiyimiz dövrdə özəl sektordakı ümumi daxili məhsul sıfır faizə bərabər idi. Bu gün isə özəl sektor iqtisadiyyatımızın 85 faizini təşkil edir. Biz işsizlik səviyyəsini 4,8 faizə endirmişik. Yoxsulluq səviyyəsi 5,5 faizə endirilmişdir. Bizim xarici borcumuz ümumi daxili məhsulun sadəcə 8 faizini təşkil edir. Nəhayət, maliyyə vəziyyəti sabitdir və biz iqtisadiyyatımızın 55 faizini təşkil edən qeyri-neft sektoruna yatırımlar etməkdəyik”.
“ŞAHDƏNİZ-2” LAYİHƏSİ AVROPANIN ENERJİ XƏRİTƏSİNİ DƏYİŞƏCƏK
Qeyd edək ki, “Şahdəniz-2”-nin təsdiq edilməsi layihənin artıq reallaşdırılma mərhələsinə qədəm qoymasından xəbər verir. Xatırladaq ki, “Şahdəniz” dəniz qaz-kondensat yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları olan “bp” (operator) - 25,5 faiz, “Statoil” - 25,5 faiz, NICO - 10 faiz, “Total” - 10 faiz, “LUKoil” - 10 faiz, TPAO - 9 faiz, ARDNŞ - 10 faizlik paya sahibdir.
Azərbaycanın ən böyük təbii qaz mənbəyi olan “Şahdəniz” yatağının ümumi ehtiyatları 1,2 trilyon kubmetr həcmində dəyərləndirilir. Bu Azərbaycanın gələcəkdə sürətli inkişafını təmin etmək üçün mühüm imkandır. Belə ki, 2013-cü ilin iyun ayında Bakıda XX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransının açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafında ölkənin zəngin qaz yataqlarının işlənməsinin əhəmiyyətini qeyd edib: “Şahdəniz” qaz yatağı və layihəsi dünya miqyasında ən böyük enerji layihəsidir. “Şahdəniz”in birinci fazası uğurla icra edilir. Biz ikinci fazanın reallaşmasına yaxınıq”.
“Şahdəniz-2” layihəsinin gerçəkləşməsi “Cənub” qaz dəhlizi vasitəsilə mavi yanacağın Xəzər dənizindən Avropadakı bazarlara çatdırılacağı deməkdir. Bu, həm də Azərbaycanın enerji sektoruna böyük həcmdə yeni investisiyaların yatırılması anlamına gəlir. Xatırladaq ki, Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində Prezident İlham Əliyev layihənin ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını bildirib: “İlkin hesablamalara görə “Şahdəniz-2” və bu layihə ilə bağlı olan digər layihələr Azərbaycana təxminən 40 milyard dollar yeni investisiyaların qoyulmasına gətirib çıxaracaqdır. Təbii ki, bu investisiyalar digər neft sektoruna, neft-qaz sektoruna yaxın olan, o cümlədən, xidmət sektoruna da öz müsbət təsirini göstərəcəkdir”.
Ümumilikdə, “Şahdəniz-2” layihəsi çərçivəsində ildə 16 milyard kubmetr qazın hasil ediləcəyi gözlənilir. Bunun 6 milyardı Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya ötürüləcək. Bu layihə çərçivəsində ilk qazın 2018-ci ildə əldə edilməsi planlaşdırılır. Bundan əlavə, Türkiyənin şərq sərhədindən ölkənin qərb sərhədinə qədər uzanacaq Trans-Anadolu təbii qaz boru kəmərinin tikintisi də sürətləndiriləcəkdir.
Beləliklə, xəritəyə nəzər saldıqda, son illərdə Azərbaycanın iştirakı ilə qlobal əhəmiyyətli təbii qaz layihələrinin reallaşdırılmasının və bu sahədə irəliyə doğru addımların atılmasının şahidi olmaq mümkündür. Belə ki, 2007-ci ildə istismara verilən Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəməri Azərbaycan qazını Gürcüstandan keçməklə, Türkiyənin şərq hissəsinə daşıyır. Tikiləcək TANAP kəməri qazı Türkiyənin şərqindən qərbinə daşıyacaq, yəni Avropa ilə sərhəddə gətirəcək. TAP boru kəməri isə qazın buradan Avropa ölkələrinə paylanmasına imkan verəcək. Bu isə Avropada mavi yanacaq bazarını genişləndirəcək, istehlakçı ölkələr isə enerji mənbələrinin çoxaldılması yolu ilə öz təhlükəsizliklərini daha etibarlı təmin edə biləcəklər.
Təsadüfi deyil ki, Bakıda “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişinin imzalanması Avropanın rəsmi dairələrində sevinclə qarşılanıb. Belə ki, Avropa Komissiyasının mətbuat xidmətinin yaydığı bəyanatda qeyd olunur ki, sözügedən qərarın imzalanması 2019-cu ilin əvvəlindən başlayaraq Avropanın hər il milyardlarla kubmetr qaz alacağını təsdiqləyib. Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu bildirib ki, “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişinin imzalanması Avropanın daha güclü enerji təhlükəsizliyinə qapı açmağa imkan verir.
Mərasimdə çıxış zamanı Prezident İlham Əliyev vurğulayıb ki, “Şahdəniz-2” regionun və Avropanın enerji xəritəsini dəyişəcək: “Bu layihə regionun və Avropanın enerji xəritəsini dəyişdirəcəkdir. Azərbaycanın qaz ehtiyatları bu sərvəti gözləməkdə olan bazarlara nəql ediləcəkdir”.
“Şahdəniz” dünya miqyasında ən böyük enerji layihələrindən bİridİr
1999-cu ildə “Şahdəniz” yatağında zəngin qaz yataqlarının aşkar olunması bir çox ölkələri, xüsusən də, Qərb dövlətlərini ölkəmizlə bu sahədə əməkdaşlığa cəlb edib. Bildiyimiz kimi, Avropanın böyük bir hissəsi qaz təchizatına görə məhdud sayda mənbədən asılı vəziyyətdədir. Dövlətin enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyan enerji təchizatının əsasən məhdud çərçivədə cəmləşməsi, Avropa ölkələrini istər-istəməz alternativ mənbələrin axtarışına sövq edir. Bu baxımdan, etibarlı tərəfdaş imicinə sahib olan Azərbaycanla əməkdaşlıq region dövlətlərinin maraqlarına uyğundur.
Məhz bu əməkdaşlığın nəticəsi olaraq, 2006-cı ildə Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz qaz boru kəməri istifadəyə verilib və dekabr ayından dünyanın ən zəngin qaz-kondensat yataqlarından sayılan “Şahdəniz” yatağından hasilat başlanıb. 2007-ci il fevral ayından etibarən Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil olunan təbii qaz Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsi ilə Gürcüstana nəql olunmağa başlanıb. 2007-ci il iyulun 3-də isə “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşaraq, qardaş ölkənin qaz kəmərləri sisteminə daxil olub. Cənubi Qafqaz qaz boru kəmərinin ötürücülük qabiliyyəti ildə 20 milyard kubmetr həcmində ölçülür. Bir çox Avropa ölkələrinin Türkiyə vasitəsilə Azərbaycan qazını almaqda maraqlı olması, eləcə də, Azərbaycanın iqtisadi maraqları başlanan işin davam etdirilməsini və daha da genişləndirilməsini zəruri edirdi.
Qeyd etdiyimiz kimi, dünən imzalanan “Şahdəniz-2” layihəsi isə dünyanın ən böyük layihələrindən biridir. İmzalama mərasimində çıxış edən Prezident İlham Əliyev də deyib ki, “Şahdəniz-2” dünyanın ən iri enerji layihələrindən biridir: “Bu layihə enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu tarixi layihədə iştirakçı dövlət və şirkətlərin geniş əməkdaşlığı təmin ediləcəkdir”.
TANAP VƏ TAP KƏMƏRLƏRİ AZƏRBAYCANI DÜNYA ENERJİ BAZARLARINDA SÖZ SAHİBİNƏ ÇEVİRƏCƏK
Azərbaycan qazının Avropaya çatdırılmasının daha bir marşrutunu müəyyənləşdirən TANAP layihəsi həm ölkəmizin, həm də qitə dövlətlərinin enerji maraqlarına cavab verir. Belə ki, Azərbaycan enerji ixracı kəmərlərinin, Avropa ölkələri isə enerji idxalı mənbələrinin şaxələndirilməsində maraqlıdır. Bu layihə ilə Azərbaycanın Avropanın ən yaxın və etibarlı enerji tərəfdaşı olması bir daha təsdiqini tapır.
Xatırladaq ki, hələ Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun 2011-ci ildə Azərbaycana səfəri zamanı “Cənub” qaz dəhlizi ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Bu layihənin həyata keçirilməsi üçün həlledici razılaşmalardan biri də “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” 2012-ci il iyunun 26-da İstanbul şəhərində imzalanmış Sazişdir.
Proqnozlara görə, TANAP layihəsinin reallaşması 7 milyard ABŞ dollarına başa gələcək. Boru kəmərinin diametri 1,4 metr nəzərdə tutulub. Kəmərin ölçülərinin belə seçilməsi gələcəkdə onun gücünün tədricən artırılmasına imkan verəcək. Layihənin 4 mərhələdə həyata keçiriləcəyi gözlənilir. Onun ilk mərhələsi 2017-ci ildə başa çatacaq. Bu, “Şahdəniz” layihəsinin 2-ci mərhələsi üzrə istismarın 2018-ci ilin əvvəlində başlanması ilə bağlıdır. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetrə, 2023-cü ildə 23 milyard kubmetrə, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. Bununla da, Azərbaycanın 2025-ci ilədək hasil etməyi planlaşdırdığı 50 milyard kubmetr qazın böyük hissəsini TANAP vasitəsilə ixrac etmək mümkün olacaq.
Eyni zamanda, TANAP layihəsi Transxəzər qaz kəmərinin gerçəkləşməsi üçün də yeni imkanlar yaradacaq. Qazaxıstan və Türkmənistanın gələcəkdə bu layihəyə qoşulacağı təqdirdə Azərbaycan həm də qaz nəqlində mühüm transit ölkəyə çevriləcək. Ümumiyyətlə, TANAP layihəsi ilə Şərq-Qərb enerji dəhlizinin formalaşmasında Azərbaycanın rolu daha da artacaq.
Bildiyimiz kimi, TANAP layihəsi Azərbaycan qazının Türkiyə ərazisi vasitəsilə Mərkəzi və Cənubi Avropanın sərhədlərinə çatdırılmasını nəzərdə tutur. Qazın Avropa ölkələrinə daşınmasını həyata keçirmək üçün isə 2013-cü ilin iyun ayında “Şahdəniz” Konsorsiumu “Trans-Adriatik Pipeline” (TAP) boru kəməri layihəsini seçib. TAP Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsində hasil olunacaq qazın Avropaya nəqli üçün “Nabukko”, TAP, ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri) və SEEP (Cənibi-Şərqi Avropa boru kəməri) layihələrinin arasından seçilib.
Azərbaycan qazını Avropaya daşıyacaq TAP layihəsi Xəzər regionundan Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya qaz nəqlini nəzərdə tutur. Boru kəmərinin ilkin gücü 20 milyard kubmetrədək artırmaq imkanı ilə ildə 10 milyon kubmetr qaz təşkil edəcəkdir.
TAP “Cənub” qaz dəhlizinin əsas halqası sayılır. AzərTAc-ın məlumatına görə, bu günlərdə TAP Konsorsiumunun rəsmisi Lisa Givert bildirib ki, TAP layihəsi üçün gələn il tender keçiriləcək, 2015-ci ildə isə kəmərin inşaat işlərinə başlanılacaqdır. Layihənin reallaşması nəticəsində Yunanıstana 1,5 milyard, Albaniyaya isə 1 milyard avro sərmayə qoyulacağı gözlənilir.
Beləliklə, sadalanan bütün mərhələlərin gerçəkləşəcəyi təqdirdə Azərbaycan öz qazını münasib qimətlərlə birbaşa Avropa bazarlarına çıxara biləcək.
Xatırladaq ki, Nazirlər Kabinetinin 2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan qazı artıq Avropada öz rolunu oynayacaqdır: “Avropanın enerji təhlükəsizliyi məsələləri, o cümlədən, Azərbaycan qazı hesabına təmin ediləcəkdir. TANAP və TAP layihələrinin icrası nəticəsində Azərbaycan dünyada böyük qaz ölkəsi kimi özünü göstərəcəkdir”.
Beləliklə, bu gün Azərbaycanın dünya enerji bazarlarında hasilatçı ölkə olaraq ön sıralara doğru irəliləməsi danılmaz həqiqətdir. Düzgün enerji siyasəti sayəsində Azərbaycan özünün inkişafını təmin edir, eyni zamanda, çaxsaylı tərəfdaşlar qazanmaqla, özünün beynəlxalq aləmdəki nüfuzunu və mövqelərini durmadan gücləndirir.
Eyni zamanda, “Şahdəniz-2” və Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata vəsiqə alan digər layihələr iştirakçı dövlətlərin də enerji təhlükəsizliyinin təmin olunmasında həyati əhəmiyyət daşıyır. Bakıda “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimində iştirak edən dövlət və hökumət başçıları da bu fikri xüsusi olaraq vurğulayıblar. Məsələn, Albaniyanın Baş naziri Edi Rama bu layihənin icrası nəticəsində Azərbaycan və Albaniyanın Xəzər və Adriatik dənizlərini əlaqələndirəcəyini və alternativ enerji marşrutlarının xəritəyə gətirilməsinə töhfə verəcəyini bildirərək deyib: “Azərbaycan şirkətləri və ehtiyatları Cənubi Avropa ölkələri üçün yeni bir mənzərə yaradacaqdır”.
Bolqarıstanın Baş naziri Plamen Oreşarski bu layihənin ölkəsi üçün də yeni imkanlar açdığını vurğulayaraq bildirib: “Bu mərasim “Cənub” qaz dəhlizinin başlanmasıdır, mənim ölkəm üçün də yeni imkanlar deməkdir. TAP Bolqarıstan ərazisindən keçəcəkdir və bu, bizə qazın əlavə həcmlərini təmin edəcəkdir”.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili isə Azərbaycanın enerji təhlükəsizliyi sahəsində atdığı addımların region dövlətləri üçün mühüm əhəmiyyətini vurğulayıb: “Azərbaycan regionumuzun və Avropa İttifaqı ölkələrinin enerji ehtiyaclarının təmin edilməsində mühüm ölkəyə çevrilməkdədir.
Monteneqronun Prezidenti Filip Vuyanoviç də deyib ki, bu layihəyə qoşulmaqla Monteneqro özünün uzunmüddətli enerji sabitliyini təmin edəcək: “Bu layihəyə qoşulmaqla Monteneqro özünün uzunmüddətli enerji təhlükəsizliyini təmin edəcəkdir. Çünki burada çox etibarlı təchizatçıdan söhbət gedir”.
Avropa ittifaqının aparıcı dövlətləri “Şahdəniz-2” layihəsini yüksək qiymətləndirirlər
Şübhəsiz ki, bu layihənin imzalanması təkcə iştirakçı dövlətlər tərəfindən sevinclə qarşılanmır. Eyni zamanda, Avropanın lokomativ dövlətləri də bu tarixi hadisəni yüksək qiymətləndirir və bu yeni enerji layihəsinin əhəmiyyətini vurğulayırlar. Belə ki, “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimində çıxış edən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər naziri Uilyam Heyq yeni yaradılan “Cənub” qaz dəhlizinin mühüm əhəmiyyətini xarakterizə edərək bildirib: “Bu, Avropanın qaz təchizatı baxımından həm marşrut boyu, həm də yeni mənbə qismində enerji təhlükəsizliyini artıracaqdır. Yeni boru kəməri ilə Türkiyəyə nəql ediləcək 6 milyard kubmetr qazla yanaşı, əlavə 10 milyard kubmetr qazın Avropaya nəqli bizim yeganə təchizatçı və ya bir tranzit sistemindən asılılığımızı azaldacaqdır.
O, həmçinin, qeyd edib ki, bu, Avropanın qaz bazarında rəqabət artacaqdır. Bu isə enerjinin qiymətini daha münasib edəcəkdir. Bundan əlavə, Avropa İttifaqının qaz bazarı o qədər əlaqəlidir ki, bilavasitə Azərbaycandan qaz alan ölkələrdən savayı digər dövlətlər də bunun bəhrəsini görəcəklər.
İtaliyanın xarici işlər naziri xanım Emma Bonino “Cənub” qaz dəhlizinin yaradılmasına başlanmasının mühüm əhəmiyyət kəsb etdiyinin vurğulayıb və bunun uzunmüddətli məqsədyönlü əməkdaşlıq nəticəsində baş tutduğunu söyləyib.
Beləliklə, Avropanın yeni enerji xəritəsi Bakıda çəkilir. Və bu, Azərbaycan Prezidenti İlham Əliyevin də bəyan etdiyi kimi, XXI əsrin müqaviləsi olacaq.
Hülya MƏMMƏDLİ
Yeni Azərbaycan.- 2013.- 18 dekabr.-
S.6-7.