Milli Məclis “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanmasını yüksək qiymətləndirdi

 

Dünən Milli Məclisin növbəti iclası keçirilib. Əvvəlcə Milli Məclisin sədri Oqtay Əsədov “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanmasını münasibətilə ölkə Prezidentini və Azərbaycan xalqını təbrik edib. O.Əsədov bildirib ki, bu, olduqca mühüm hadisədir: “Bu sənəd Ulu öndər Heydər Əliyevin neft strategiyasının təntənəsidir. Eyni zamanda, qərarın imzalanması, həmçinin, Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən, strateji siyasətinin nəticəsidir. Təbii ki, bu layihə gələcəkdə xalqımızın rifahına xidmət edəcək”.

İclasda çıxış edən millət vəkilləri də bu tarixi hadisənin əhəmiyyətini vurğulayıblar. Millət vəkili Xanhüseyn Kazımlı bildirib ki, bu hadisə Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Onun fikrincə, yeni qaz sazişinin həyata keçirilməsi Azərbaycanın dünyada dəyərini daha da artıracaq.

Millət vəkili Zahid Oruc da çıxışında qeyd edib ki, 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” böyük bir dövrü əhatə edərək ölkəmizin davamlı inkişafına xidmət edib. Onun sözlərinə görə, yeni qaz sazişiuzun illər Azərbaycana faydalar gətirəcək.

Millət vəkili Vahid Əhmədov çıxışında qeyd edib ki, “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyət daşıyır. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində bu qərarın vacib rol oynayacağını deyən millət vəkilinin sözlərinə görə, bu, XXI əsrin böyük hadisələrindən biridir. “Bu saziş ölkəmizin Avropaya inteqrasiya siyasəti yürütdüyünü bir daha təsdiqlədi” - deyə, o vurğulayıb.

Millət vəkili Fəzail Ağamalı da çıxışında qeyd edib ki, bu saziş Azərbaycana iqtisadisiyasi dividendlər gətirəcək. Onun sözlərinə görə, Azərbaycan bu addımları ilə Avropanın enerji təhlükəsizliyində vacib rol oynayır: “Azərbaycanın bu missiyası müqabilində Avropa dövlətləri də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe tutmalı, ölkəmizə qarşı hərbi təcavüzün aradan qaldırılması üçün real addımlar atmalıdırlar”.

Daha sonra millət vəkilləri gündəlikdəki məsələləri müzakirə ediblər. İclasda parlament sədrinin, komitə sədrlərinin və parlament üzvlərinin aylıq vəzifə maaşının artırılması məsələsi müzakirəyə çıxarılıb. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 21-ci maddəsinə dəyişiklik təklif olunur. Dəyişikliyə əsasən, Milli Məclis sədrinin aylıq vəzifə maaşı 1950 manatdan 2250 manata qaldırılır. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini 85 faizi, Milli Məclisin komitə və komissiya sədri 80 faizi, Milli Məclisin komitə və komissiya sədrinin müavini 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alır. Dəyişikliklə əlaqədar qeyd olunan şəxslərin də aylıq vəzifə maaşlarında avtomatik artım baş verir. Ə.Hüseynli onu da bildirib ki, Milli Məclis üzvləri bu gəlirlərdən müvafiq vergilər də verirlər.

Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə çıxışında qeyd edib ki, 2008-ci ildən bu yana deputatların əməkhaqqı artırılmırdı. Onun sözlərinə görə, hazırki artım cəmi 15,3 faizdir: “Bu artımın maliyyə tutumu ildə 500 min manat təşkil edəcək”.

Müzakirələr zamanı çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, bəzi dairələr deputatların maaşlarının artımından ajiotaj yaratmaq istəyirlər. Amma bunun heç bir əsası yoxdur. O müqayisə üçün bildirib ki, Azərbaycanda digər sahələrə də dövlətin xüsusi qayğısı var: “MDB ölkələri ilə müqayisədə bizim deputatların əməkhaqqı aşağıdır. Mən hələ Avropa ölkələrini nəzərdə tutmuram. İstənilən ölkədə bu fərq mövcuddur. Bəzən görürsən ki, deputatın əməkhaqqını, müəllimin əməkhaqqısı ilə müqayisə edirlər. Milli Məclisin cəmi 125 deputatı var, amma təhsil sahəsində 500 min insan çalışır. Ölkəmizdə müəllimin də, həkimin də digər sahələrdə çalışanların da daim sosial müdafiəsi ilə bağlı qərarlar qəbul olunur. Təkcə, dövlət büdcəsində təhsil sahəsinə ayrılan vəsait müdafiə xərclərindən sonra ikinci yeri tutur. Yəni bunu müxalifətdə iqtisadiyyatı dərindən bilməyən adamlar ortaya ataraq uğursuz müqayisə aparırlar. Belə məsələlərlə dividend qazanmaq olmaz. Ümumiyyətlə, kiminsə maaşını soruşmaq düzgün deyil”.

Müzakirələrdən sonra qanun layihəsi qəbul olunub.

İclasda daha bir maraq doğuran məsələ “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna təklif olunan dəyişikliklər olub. Bu barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Ə.Hüseynli bildirib ki, dəyişikliklər layihəsinə bir sıra məsələlər daxildir. Edilən bir dəyişikliyə əsasən, Azərbaycandakı siyasi partiyalar hüquqi şəxs statusu almaq istəyərkən dövlət qurumlarına partiyanın rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair sənəd də təqdim etməli olacaq. Qərargahın yerləşdiyi yerə dair sənədin (qurumun hüquqi ünvanını təsdiq edən sənəd) təqdim olunması məcburi olacaq. Dəyişiklik əsasən xarici dövlətlərin qeyri-kommersiya təşkilatlarının filialya nümayəndəliklərinin dövlət qeydiyyatına alınmadan və dövlət reyestrinə daxil edilmədən fəaliyyət göstərdiyi halda qanunvericiliklə müəyyən edilmiş məsuliyyəti nəzərdə tutur.

Qanunun 9.3 maddəsinə edilən dəyişikliyə əsasən, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filialya nümayəndəliklərinin təsis sənədlərinə edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filialya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. 9.4 maddəsinə edilən dəyişikliyə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filialya nümayəndəliklərinin təsis sənədlərinə edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin qanunvericiliklə nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə, qurum məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır.

Qanuna edilən digər dəyişikliyə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin adının dəyişdirilməsi faktının dövlət qeydiyyatına alınması zamanı həmin təşkilatların möhürləri müvafiq icra hakimiyyəti orqanlarına təhvil verilməlidir. Möhür müvafiq icra hakimiyyəti orqanlarına təqdim edilməyənədək təsis sənədlərinə edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliklərinin dövlət qeydiyyatına alınmasını təsdiq edən sənədlər verilmir. Möhür itirildiyi halda bu barədə müvafiq sənəd təqdim edilməlidir.

Qanunun 10. 15.2-ci maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə də edilib: “Dövlət reyestrindən çıxarışın etibarlılıq müddəti 90 gün təşkil edir”. Qanuna QHT-lərlə də bağlı bir sıra dəyişikliklər edilib.

Müzakirələr zamanı çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, bu dəyişikliklər, sadəcə şəffaflığın təmin olunmasına xidmət edir, heç bir QHT və siyasi partiya təzyiqə məruz qalmır.

S.Novruzov onu da qeyd edib ki, şəffaflıq məqsədilə edilən bu dəyişikliklərə etiraz edənlərə tək bir sualı var: “Sizin fəaliyyətiniz şəffafdırsa, onda nədən qorxursunuz?”

Onun sözlərinə görə, bu qruplar ömrü boyu şəffaflıqdan danışır, amma şəffaflıq məsələsi gələndə hay-küy salınır ki, QHT-lər sıxışdırılır: “Burada məqsəd xarici mənbələrdən pul alıb ölkə əleyhinə fəaliyyət göstərən QHT-lərin qarşısını almaqdır. Burda siyasi partiyalarla bağlı məsələ səsləndi. Azərbaycanda bir sıra partiyalar var ki, QHT-lər vasitəsilə beynəlxalq təşkilatlardan maliyyə alıb hökumət əleyhinə fəaliyyət göstərir. Onlar vergi sənədlərində sıfır göstərirlər. Amma rəngləri günü-gündən açılır, çəkiləri çoxalır, cangüdənlər və 30-40 işçi saxlayırlar. Fəaliyyətlərini və gəlirlərini göstərmirlərsə, bunlar nə ilə yaşayırlar?”

Qərargah məsələsi ilə bağlı dəyişikliyə gəldikdə, S.Novruzov deyib ki, burda söhbət yeni yaradılan siyasi partiyalardan gedir: “İkincisi, dövlət heç bir təşkilat qarşısında öhdəlik götürməyib ki, ona qərargah verəcək. Get yer götür, icarəhaqqı ödə fəaliyyət göstər. Kim qanun çərçivəsində fəaliyyət göstərmək istəyir, buyursun. Kim istəmirsə, o da qanun qarşısında cavab verməlidir”.

Parlamentin iclasında, həmçinin, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” yeni hazırlanan qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Yeni qanun layihəsi 8 maddədən ibarətdir. Yeni qanun 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşına fərdi identifikasiya kartının verilməsi, dəyişdirilməsi, müvəqqəti alınması, təhvil verilməsi və qüvvədən düşmüş hesab edilməsi ilə bağlı yaranan münasibətləri tənzimləyir. Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edildikdən sonra, səsə qoyularaq üçüncü oxunuşda da qəbul olunub.

 

Nardar BAYRAMLI

 Yeni Azərbaycan.- 2013.- 18 dekabr.- S.9.