Azərbaycan ilə Bolqarıstan
arasındakı münasibətlər müsbət dinamika ilə inkişaf edir
İki ölkə arasında bir sıra sahələrdə yüksək əməkdaşlıq
əlaqələri mövcuddur
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarskini qəbul edib. Dövlətimizin başçısı Azərbaycan ilə Bolqarıstan arasında güclü əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayıb. Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən energetika sahəsində inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu deyib. Dövlətimizin başçısı “Şahdəniz-2” üzrə yekun investisiya qərarının Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin daha da inkişaf etdirilməsində mühüm rol oynayacağına əminliyini bildirib.
Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarski öz növbəsində “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanma mərasimini tarixi hadisə kimi dəyərləndirib. Layihəni Azərbaycandan Avropaya açılan enerji dəhlizi kimi səciyyələndirən Bolqarıstan Respublikasının Baş naziri bunun qaz təchizatının şaxələndirilməsi baxımından yaxşı fürsət yaratdığını deyib.
Görüşdə, həmçinin, ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ümumiyyətlə, Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında mühüm əlaqələr mövcuddur. Qeyd edək ki, Bolqarıstan Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanısa da, iki ölkə arasında diplomatik əlaqələrin inkişafı Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. 1999-cu ilin dekabr ayında Bolqarıstan Respublikasının Azərbaycanda, 2005-ci ildə isə Azərbaycan Respublikasının Bolqarıstanda səfirliyi fəaliyyətə başlayıb. İki ölkə arasında əlaqələr müxtəlif sahələri əhatə edir. Məsələn, hər iki ölkənin parlamentində Dostluq qrupları yaradılıb. Bundan başqa, Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında 1999-cu ildə ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya yaradılıb. Sözügedən kommunikasiyanın əsas məqsədi Azərbaycanla Bolqarıstan arasında iqtisadi münasibətləri genişləndirmək, əməkdaşlığı inkişaf etdirmək və ticarət dövriyyəsini artırmaqdan ibarətdir. 2008-ci ilin mart ayında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə müştərək komissiyanın Azərbaycan tərəfindən yeni tərkibi müəyyənləşdirilib, Baş nazirin müavini Abid Şərifov sədr təyin olunub.
Onu da qeyd edək ki, Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasındakı ilk rəsmi əlaqə 1995-ci ilin iyun ayında Ümummilli liderimiz Heydər Əliyevin sözügedən ölkəyə rəsmi səfəri ilə reallaşıb. 1999-cu ilin dekabrında isə Bolqarıstan Respublikasının Prezidenti Peter Stoyanov Azərbaycana rəsmi səfərə gəlib. 2004-cü ilin oktyabrında isə Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov və onun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvətilə ölkəmizdə rəsmi səfərdə olub. 2005-ci ilin sentyabrında isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Onun başçılıq etdiyi nümayəndə heyəti Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub. Səfər zamanı Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov, Baş nazir S.Stanişev, parlamentin sədri ilə görüşlər keçirib. Qeyd etmək lazımdır ki, iki ölkə arasındakı əlaqələr müxtəlif istiqamətlərdə inkişaf etdirilir. Bolqarıstanla Azərbaycan arasında humanitar və elmi-texniki sahədə əməkdaşlıq yüksək səviyyədə inkişaf etməkdədir. Bu sahədə həyata keçirilən tədbirlər və qarşılıqlı səfərlər yeni-yeni əməkdaşlıq imkanları yaradıb, iki ölkənin mədəni və elmi ictimaiyyətinin bir-birini tanımasına və birgə layihələrin həyata keçirilməsinə kömək edib. Eyni zamanda, iki ölkənin hüquq-mühafizə, ədliyyə və digər dövlət qurumları arasında əməkdaşlıq əlaqələri qurulub, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin təşkili və sazişlərin imzalanması istiqamətində işlər görülməkdədir.
Qeyd edək ki, 2011-ci il noyabrın 14-də Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov Bakıda işgüzar səfərdə olub. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun təkbətək görüşü olub. Görüşdə son illərdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Siyasi, iqtisadi, energetika və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivin olduğu vurğulanıb. Eyni zamanda, əlaqələrin bundan sonra da möhkəmləndiriləcəyinə əminlik bildirilib. Qarşılıqlı səfərlərin yaxşı ənənə yaratdığını bildirən Prezident İlham Əliyev bu səfərlərin ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə səbəb olduğunu deyib. Prezident İlham Əliyev həmçinin, Azərbaycan-Bolqarıstan əlaqələrinin yüksək səviyyədə olduğunu və bütün sahələri əhatə etdiyini də söyləyib. Bolqarıstan-Azərbaycan əlaqələrinə xüsusi əhəmiyyət verdiyini deyən dövlətimizin başçısı vurğulayıb ki, ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasından keçən dövr ərzində Azərbaycan-Bolqarıstan münasibətlərində mühüm nəticələr əldə olunub, indiyədək ölkələrimiz arasında əməkdaşlığa dair 40-a yaxın sənəd imzalanıb.
Prezident İlham Əliyev ikitərəfli iqtisadi potensialın gücləndirilməsi üçün bir sıra tədbirlərin görüldüyünü, Bolqarıstan-Azərbaycan mədəni əlaqələrinin inkişaf etdiyini, ölkələrimiz arasında elm, təhsil və digər sahələrdə də uğurlu əməkdaşlığın qurulduğunu bildirib: “Azərbaycanın xarici siyasətində Avropa İttifaqı və Avroatlantik strukturlarla əlaqələr mühüm yer tutur. Eyni zamanda, münasibətlərimiz Xəzər dənizi, Qara dəniz regional əməkdaşlığının inkişafı üçün də çox vacib rol oynayır. Biz Azərbaycan ilə Avropanı birləşdirən enerji və nəqliyyat layihələrinin reallaşdırılmasında maraqlıyıq. Azərbaycan etibarlı tərəfdaş ölkə olduğunu həmişə nümayiş etdirmişdir və ölkəmiz bundan sonra da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfəsini verməyə hazırdır”.
Onu da vurğulamaq yerinə düşər ki, sözügedən səfər çərçivəsində Azərbaycan-Bolqarıstan dövlətlərarası sənədlərin imzalanması mərasimi olub. “Azərbaycan Dövlət İqtisad Universiteti və Sofiya Milli və Dünya Təsərrüfatı Universiteti arasında əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası və Bolqarıstan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik İnstitutu arasında əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Bolqarıstan Respublikasının Əmək və Sosial Siyasət Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında məxfi informasiyanın qarşılıqlı mühafizəsi və mübadiləsi haqqında Saziş” imzalanıb. Vurğulanıb ki, imzalanan sənədlər iki ölkə arasında münasibətlərin daha yüksək səviyyəyə çatdırılmasına kömək edəcək.
İki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə inkişaf etdiyi 2012-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın Azərbaycanda yeni təyin olunmuş səfiri Maya Xristovanın etimadnaməsini qəbul edərkən bir daha vurğulanıb. Məlumat üçün bildirək ki, həmin vaxt fövqəladə və səlahiyyətli səfir xanım Maya Xristova Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevnelievin və Baş nazir Boyko Borisovun salamlarını dövlətimizin başçısına çatdırıb. O, ölkəmizdə diplomatik fəaliyyətə başlamasından şərəf duyduğunu deyib. Xanım Maya Xristova Bolqarıstan Prezidenti adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.
Öz növbəsində Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini qeyd edən Prezident İlham Əliyev bu əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
Yeri gəlmişkən, Bolqarıstanın nüfuzlu “24 Çasa” (24 Saat) qəzetinin 3 noyabr 2013-cü il tarixli nömrəsində ölkəmizdə keçirilən III Bakı Beynəlxalq Humanitar Forumu haqqında məqalə dərc olunub. Məqalədə III Bakı Beynəlxalq Humanitar Forumunda qəbul olunmuş Bəyannamədən bəhs edilib. Bəyannamədə əks olunan bir fikir xüsusi qeyd edilib: “Postmodern dövrdə milli özünüdərkin hər hansı təzahürünə qayğı və ehtiramla yanaşma, qarşılıqlı anlaşma və inam şəraitində dözümlülük, əməkdaşlıq və dialoq sülhün və təhlükəsizliyin ən yaxşı təminatçısıdır. Müxtəlif ölkələrin cəmiyyətdə konsensus əldə olunmasına yönəldilən dövlət siyasətinin əsas tərkib hissəsi kimi qazanılmış təcrübəni öyrənmək lazımdır”.
Məqalənin müəllifi forumda 70-dən çox ölkədən rəsmi şəxslərin, sabiq prezidentlərin, tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimlərinin, Nobel mükafatı laureatlarının iştirak etdiklərini bildirib.
Müəllif, həmçinin, BMT-nin Baş katibi Pan Gi Munun Forum iştirakçılarına müraciətində tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlıq bildirməsini, siyasətçilərin, alimlərin, ekspertlərin, ictimai xadimlərin birgə iştirakı ilə dünyanın qlobal problemlərinin müzakirəsinin vacibliyini vurğulamasını qeyd edib.
Həqiqətən də, bu gün Bolqarıstanla Azərbaycan arasında əlaqələr yüksək səviyydə inkişaf edir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu əlaqələr çoxşaxəli olmaqla yanaşı, həm də mühüm strateji istiqamətləri özündə ehtiva edir. Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan Bolqarıstan dövlətinin ən yaxın tərəfdaşlarından sayılır. Qeyd edildiyi kimi, “Şahdəniz-2” layihəsinin gerçəkləşməsi Azərbaycan ilə Bolqarıstan arasındakı əməkdaşlığı daha da möhkəmləndirəcək.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.- 2013.- 20 dekabr.-
S.8.