Müstəqil Azərbaycan hər bir azərbaycanlının qürur
mənbəyidir
Tarixi təcrübədən aydındır ki, hər bir millətin öz mövcudluğunu qoruyub saxlaması və inkişafı sistematik səciyyə daşıyan bir sıra fundamental amillərlə bağlıdır. Bu amillərin başında, ilk növbədə, milli identiklik və özünüdərk gəlir. Milli özünüdərk bir millətin bütövlüyünü təmin edən və onu qoruyub saxlayan əsas faktor qismində çıxış edir.
Ümumiyyətlə, hər bir insan üçün vətən, millət və dövlət məfhumları spesifik əhəmiyyət kəsb edən milli dəyərlər kimi çıxış edir. Tarixi dövrdən və situasiyadan asılı olmayaraq vətən hər bir vətənpərvər vətəndaş üçün qürur mənbəyidir. Milli kimliyini qürur hissi ilə daşıyan, milli mənsubiyyəti ilə iftixar edən vətəndaş xalqın və dövlətin sarsılmazlıq simvoludur.
Hər bir Azərbaycan vətəndaşının iftixar mənbəyi olan Azərbaycan xalqı da özünün şanlı tarixi ilə dünya xalqları sırasında özünəməxsus yer tutur. Ölkəmiz zəngin tarixə, mədəniyyətə malikdir, xalqımız isə tarixin bütün dövrlərində ən ali dəyərlərin daşıyıcısı olmuşdur. Şübhəsiz, hər bir xalqın tarixi onun dünyada özünəməxsus yer tutması üçün mövcud olan milli kimlik pasportudur. Tarixin müxtəlif dövrlərində müəyyən işğallara, istilalara, müxtəlif xalqlar tərəfindən assimilyasiya olunma cəhdlərinə məruz qalmasına baxmayaraq, Azərbaycan xalqı sahib olduğu milli dəyərlərini daim ən yüksək səviyyədə mühafizə etməklə mənəvi-ideoloji baxımdan özünün milli həmrəyliyi və bütövlüyünü qoruyub saxlaya bilmişdir.
Bir çox maddi və yazılı mədəniyyət nümunələri, arxeoloji, paleoqrafik və etnoqrafik mənbələr sübut edir ki, ən qədim insan məskənlərindən olan Azərbaycan həm də zəngin tarixi dövlətçilik ənənələrinə malikdir. Bununla yanaşı, tarixin bütün dövrlərində Azərbaycan dini, milli və mədəni dəyərlərə, müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin, sivilizasiyaların mənsublarına münasibətinə görə, sözün əsl mənasında, tolerantlıq nümunəsi olub. Eyni zamanda, Azərbaycan sivilizasiyalararası dialoqun inkişafına və bu istiqamətdə beynəlxalq inteqrasiya prosesinə fundamental töhfələr bəxş edir. Həmçinin ölkəmiz, sözün əsl mənasında, tolerantlıq örnəyi kimi səciyyələndirilir. Qədim tarixə, zəngin mədəniyyət və ənənələrə malik Azərbaycan xalqı bu gün, sözün əsl mənasında, ölkəmizdəki digər xalqlarla birlik nümunəsi sərgiləməkdədir. Xalqımız digər xalqlarla birlikdə özündə yüksək mədəniyyət nümunələrini təcəssüm etdirməkdədir.
Bununla yanaşı, hər bir xalqın tarix səhnəsində öz milli kimliyini qoruması üçün güclü lider faktoru misilsiz əhəmiyyət kəsb edir. Lider milli dövlətin və xalqın birləşdirici, təşkiledici əsasıdır. Azərbaycan xalqının öz milli kimliyini qoruyub saxlaması, müasir sivilizasiyanın tərkib hissəsinə çevrilməsi, eyni zamanda, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsində lider amili birmənalıdır. Bu mənada tərəddüdsüz qeyd etmək olar ki, Azərbaycan xalqının xilaskarı olan Ümummilli lider Heydər Əliyevin tarixi missiyası və yorulmaz fəaliyyəti ölkəmizin milli kimliyinin qorunub saxlanmasında, milli qürur hissinin güclənməsində özünəməxsus rol oynamışdır.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etməyə başladığı Sovet dövründən başlayaq milli-mənəvi dəyərlərin qorunub saxlanması, milli qürur hissi və vətənpərvərliyin gücləndirilməsi məsələsinə xüsusi diqqət yetirmiş, bu istiqamətdə çoxşaxəli işlər görmüşdür. Məsələn, bu prosesin tərkib hissəsi kimi o zaman Ulu öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısının fonunda kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi istiqamətində azərbaycanlı gənclər SSRİ miqyasında fəaliyyət göstərən ali təhsil müəssisələrinə göndərildilər. Azərbaycanlı tələbələr Moskva, Leninqrad (indiki Sankt-Peterburq - red.), Xarkov, Kiyev, Minsk, Voronej və s. şəhərlərdə fəaliyyət göstərən nüfuzlu ali təhsil müəssisələrində öz təhsillərini başa vuraraq ölkəmizə qayıdır və kadr potensialı kimi müxtəlif sahələrdə çalışırdılar. Ümumilikdə, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində 18 minədək yüksək ixtisaslı mütəxəssis hazırlandı. Bu isə milli inkişafın intellektual əsaslarının möhkəmlənməsinə, vətənpərvərlik hissinin daha da güclənməsinə fundamental töhfə idi. Ulu öndər Heydər Əliyev təhsil sektorunun inkişafının zərurətini məhz bu cür dəyərləndirirdi: “Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər onlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyətləri heç vaxt unutmamalıyıq”.
Bununla yanaşı, azərbaycanlı gənclərin SSRİ miqyasında fəaliyyət göstərən nüfuzlu ali təhsil məktəblərinə göndərilməsi milli mədəniyyətimizin təbliği və möhkəmləndirilməsi, milli diaspor quruculuğunun formalaşdırılması işinə mühüm strateji töhfələr bəxş etdi. Sonralar Ulu öndər Heydər Əliyev bu missiya və prosesi məhz bu cür dəyərləndirirdi: “O vaxtlar azərbaycanlıları ayrı-ayrı yollarla sovetlər ittifaqının müxtəlif yerlərinə göndərməklə dayaq yaratmaq istəyirdim. İndi isə sərhədlər açılıb, azərbaycanlılar hər yerdə yaşaya bilər. Bir şərtlə ki, gərək, millətini, dinini, torpağını və ana vətənini unutmayasan”.
Bunlardan başqa, milli-mənəvi dəyərlərin qorunması və dirçəldilməsi istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Musiqi, teatr, kino, təsviri incəsənət və digər sahələrdə xüsusi dəyişikliklər və inkişaf meyilləri qeydə alındı. Mədəniyyət evləri inşa edildi, abidələr ucaldıldı, incəsənət xadimlərinə fəxri adlar, ordenlər, təqaüdlər ayrıldı. Bütün bunlar isə cəmiyyətin intellektual təbəqəsinin fəaliyyət mexanizminin səmərəlilik səviyyəsini daha da artırdı.
Bununla yanaşı, siyasi-ideoloji müstəvidə görülən işlər də milli inkişaf və həmrəyliyimizin təminatçı substratı qismində çıxış etdi. Milli ideoloji siyasətin tərkib hissəsi kimi 1978-ci ildə Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi strateji addım oldu. Bunun ardınca “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı ki, bu da bəhs edilən siyasətin ideoloji substratı səciyyəsi daşıdı.
Bir məqama da xüsusi diqqət yetirmək lazımdır ki, milli qürur hissinin güclənməsi, milli həmrəylik və bütövlüyün təmin olunmasında milli ideologiya faktoru xüsusi önəm kəsb edir. Ölkəmizdə milli həmrəylik və bütövlük yarada biləcək ideologiya isə Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirildi. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli həmrəyliyi təmin edən milli-mənəvi mexanizm oldu. Azərbaycançılıq təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrildi. Bundan sonra görülən davamlı tədbirlər sayəsində xalqın, milli dövlətimizin məfkurəsinə çevrilən azərbaycançılıq ideologiyası mənəvi-ideoloji müstəvidə milli inkişafın praktik modelinə çevrildi.
Azərbaycançılıq ideologiyasına mənəvi sərvət kimi yanaşan Ümummilli lider Heydər Əliyev deyirdi: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq... azərbaycanlılar harada yaşamalarından asılı olmayaraq daim öz milli, mənəvi dəyərlərinə, milli köklərinə sadiq olmalıdırlar. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövləti müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan bütün azərbaycanlılar üçün əsas ideya olub. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.
Universal ideoloji formula olmaq etibarilə azərbaycançılıq ideologiyası zamanın tələblərinə müvafiq olaraq dünya azərbaycanlılarını birləşdirən milli məfkurə, müstəqil Azərbaycan dövlətinin ideya əsası kimi çıxış etməkdədir. Bu, eyni zamanda, ölkədəki bütün dinlərin nümayəndələrinin və etnosların həmrəylik və qarşılıqlı anlaşma içində yaşayışını təmin edən mənəvi mexanizm önəmi kəsb edir.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, azərbaycançılıq ideologiyası milli mənsubiyyəti ifadə edən, özündə milli və ümumbəşər dəyərləri daşıyan ideyalar sistemidir. Ulu öndər Heydər Əliyevin bununla bağlı fikirləri hər bir Azərbaycan vətəndaşı üçün dəyişməz etalondur: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı yaşatmalıyıq”.
Bundan başqa, azərbaycançılıq ideologiyası çərçivəsində diqqət yetirilən mühüm strateji istiqamətlərdən biri də ana dilimizin qorunmasıdır. Hələ Sovet dönəmində ana dilimizin qorunmasına xüsusi diqqət yetirən Ulu öndər Heydər Əliyev müstəqillik dövründə də bu istiqamətdə əhəmiyyətli tədbirlər gördü. Bəlli olduğu kimi, 2001-ci il avqust ayının 1-də Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanda latın qrafikalı əlifbaya keçməklə bağlı Sərəncam imzalandı. Bu isə Azərbaycanın dil tarixində yeni bir hadisə idi. Bundan sonra Azərbaycanda istər dövlət müəssisələrində, istər icra hakimiyyəti orqanları arasında, istərsə də ali təhsil müəssisələrində latın qrafikalı Azərbaycan əlifbası sürətlə tətbiq olunmağa başladı. Dövlət tərəfindən rəsmi şəkildə latın qrafikalı əlifbanın qəbul olunması Azərbaycan dilinin inkişafında keyfiyyətcə yeni mərhələ açmış oldu.
Prezident İlham Əliyevin imzaladığı Fərman və sərəncamlar isə milli dilimizin mühafizəsi və inkişafı yönündə mühüm hüquqi substrat olmaqla yanaşı, eyni zamanda, milli identikliyi də gücləndirən əhəmiyyətli mexanizm oldu. “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli Sərəncamı və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli Fərmanı bu sahədə xüsusi önəm kəsb etdi.
Bir sözlə, Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu milli siyasətin fonunda milli dilimizin - Azərbaycan dilinin mühafizəsi və inkişafı yönündə həyata keçirilən operativ və effektiv işlərin Prezident İlham Əliyev tərəfindən dövrün aktual çağırışlarına və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi Azərbaycan dilinin milli həmrəylik, bütövlük və identikliyi təmin edən substrat kimi çıxış etməsini şərtləndirmiş oldu.
Beləliklə, sadaladıqlarımız deməyə əsas verir ki, milli inkişafın mənəvi-ideoloji əsaslarının təmin olunması, milli həmrəylik və bütövlüyə nail olunması baxımından neokonservativ səciyyə daşıyan azərbaycançılıq ideologiyasının seçimi ən məqbul variant idi və ötən zamanda ideoloji müstəvidə əldə edilən nəticələr bunu bir daha sübut etdi.
Bütün bu sadalananların nəticəsidir ki, bu gün
hər bir azərbaycanlı öz xalqı və dövləti ilə iftixar edir. Başqa
sözlə, müstəqil Azərbaycan bütün
azərbaycanlıların vətəni və qürur
mənbəyidir. Bu iftixar
ölkə sərhədləri ilə məhdudlaşmır. Prezident İlham
Əliyevin qeyd etdiyi kimi: “Bizim xaricdə yaşayan böyük ailəmiz
vardır, bu, azərbaycanlılardır. Onlar öz doğma
Vətəninə bağlı olan
adamlardır. Bizi fərqləndirən əlamət
ondan ibarətdir ki, harada yaşamağımızdan asılı olmayaraq, öz Vətənimizə
bağlıyıq. Bura bizim
vətənimizdir, hamımızın vətənidir. Müstəqil
Azərbaycan bütün azərbaycanlıların
vətənidir. Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz
var - Azərbaycan dili! Bizim ümumxalq
ideologiyamız var - azərbaycançılıq məfkurəsi!
Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə
bir yerdə olsunlar. Həmişə bilsinlər ki,
onların arxasında
güclü Azərbaycan
dövləti dayanır
və onlar hər zaman Azərbaycan dövlətinə
arxalana bilərlər”.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.- 2013.- 20 dekabr.-
S.7.