“Şahdəniz-2” layihəsi regionun və Avropanın enerji
xəritəsini dəyişdirəcək
Böyük iqtisadi və sosial əhəmiyyətə malik olan “Şahdəniz-2” layihəsi Azərbaycana iri həcmdə yeni sərmayələr cəlb etməklə yanaşı, yeni iş yerlərinin yaradılmasına da təkan verəcək
Bu, bir həqiqətdir ki, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə dünyaya neft ölkəsi kimi tanınan Azərbaycan bu gün artıq Avropa məkanının aparıcı qaz təchizatçısına çevrilmək üzrədir. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan neft strategiyasının və enerji siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan çox böyük uğurlara imza atır.
Bildiyimiz kimi, ölkəmiz son illərdə mühüm təbii qaz ixracatı potensialı ilə Avropanın diqqətini cəlb edir. Ölkəmizin qaz ehtiyatlarının ümumi həcmi 3 trilyon kubmetr qiymətləndirilir.
İndiyədək şaxələndirilmiş enerji siyasəti sayəsində Azərbaycan çoxsaylı tərəfdaşları ilə enerji sahəsində faydalı əməkdaşlıq qurub. Mövcud əlaqələr Azərbaycanın zəngin karbohidrogen resurslarının səmərəli və milli mənafelərə uyğun surətdə istismarına, ölkənin gəlirlərinin yüksəldilməsinə imkan verir. Avropa dövlətləri ilə enerji sahəsində əməkdaşlıq Azərbaycanın maraqları baxımından, ölkənin gəlirlərinin artmasına, iqtisadiyyatın qeyri-neft sahələrinin sürətli inkişafına və bütövlükdə, ölkənin güclənməsinə, nüfuzlu dövlətə çevrilməsinə vacib töhfədir.
Əlbəttə ki, Azərbaycanın enerji siyasəti tərəfdaşlarının da maraqlarına cavab verir. Ölkəmizin Avropanın əsas qaz təchizatçılarından birinə çevrilməsi region dövlətlərinin enerji mənbələrinin diversifikasiyasında və beləliklə, enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır. Bu baxımdan, bu günlərdə Azərbaycan aparıcı qaz ixracatçısı olmaq yolunda növbəti nəhəng addım atıb.
Məlum olduğu kimi, dekabrın 17-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimi baş tutub. Böyük beynəlxalq marağın göstərildiyi tədbirdə Monteneqronun prezidenti, Albaniyanın, Bolqarıstanın, Gürcüstanın, Xorvatiyanın baş nazirləri, Böyük Britaniyanın, İtaliyanın xarici işlər nazirləri, Türkiyənin enerji və təbii sərvətlər naziri, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı, ABŞ-ın enerji nazirinin köməkçisi, eləcə də, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti və bp şirkətinin baş icraçı direktoru çıxış ediblər.
Mərasim çərçivəsində “Azərbaycan Respublikası, Albaniya Respublikası, Xorvatiya Respublikası və Monteneqro arasında Cənub-Şərqi Avropada “Cənub” qaz dəhlizinin həyata keçirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”, habelə, ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və “Şahdəniz” üzrə Hasilatın Pay Bölgüsü Sazişi əməliyyatçısının prezidenti Qordon Birrel tərəfindən “Şahdəniz-2” üzrə yekun investisiya qərarı imzalanıb. Bu, bir daha Prezident İlham Əliyevin Azərbaycanın qlobal əhəmiyyətli enerji qərarlarının verildiyi məkan olması ilə bağlı dəfələrlə səsləndirdiyi fikirləri təsdiq edir: “Enerji siyasətimizlə bağlı məsələlər nəinki ölkəmiz və regionumuz üçün, dünya üçün əhəmiyyətli məsələlərdir. Azərbaycanın mövqeyindən, Azərbaycanda, Bakıda qəbul edilmiş qərarlardan çox şey asılıdır. Bunu biz də bilirik, bu məsələlərlə bağlı bizimlə əməkdaşlıq edən qurumlar da bilir”.
Əlbətdə ki, əldə edilən nailiyyətlər Azərbaycanın uğurlu enerji siyasətinin mütərəqqi nəticələridir. Prezident İlham Əliyev də vurğulayıb ki, Azərbaycanın enerji siyasəti iqtisadiyyatımızın transformasiyasına və şaxələndirilməsinə imkan yaradıb: “Biz müstəqilliyimizi bərpa etdiyimiz dövrdə özəl sektordakı ümumi daxili məhsul sıfır faizə bərabər idi. Bu gün isə özəl sektor iqtisadiyyatımızın 85 faizini təşkil edir. Biz işsizlik səviyyəsini 4,8 faizə endirmişik. Yoxsulluq səviyyəsi 5,5 faizə endirilmişdir. Bizim xarici borcumuz ümumi daxili məhsulun sadəcə 8 faizini təşkil edir. Nəhayət, maliyyə vəziyyəti sabitdir və biz iqtisadiyyatımızın 55 faizini təşkil edən qeyri-neft sektoruna yatırımlar etməkdəyik”.
“ŞAHDƏNİZ-2” LAYİHƏSİ AVROPANIN ENERJİ XƏRİTƏSİNİ DƏYİŞƏCƏK
Qeyd edək ki, “Şahdəniz-2”-nin təsdiq edilməsi layihənin artıq reallaşdırılma mərhələsinə qədəm qoymasından xəbər verir. Xatırladaq ki, “Şahdəniz” dəniz qaz-kondensat yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları olan “bp” (operator) - 25,5 faiz, “Statoil” - 25,5 faiz, NICO - 10 faiz, “Total” - 10 faiz, “LUKoil” - 10 faiz, TPAO - 9 faiz, ARDNŞ - 10 faizlik paya sahibdir.
Azərbaycanın ən böyük təbii qaz mənbəyi olan “Şahdəniz” yatağının ümumi ehtiyatları 1,2 trilyon kubmetr həcmində dəyərləndirilir. Bu, Azərbaycanın gələcəkdə sürətli inkişafını təmin etmək üçün mühüm imkandır. Mərasimdə nitq söyləyən Prezident İlham Əliyev “Şahdəniz-2” layihəsinin qlobal miqyasda ən böyük layihələrdən biri olduğunu vurğulayıb: “Şahdəniz-2” dünyanın ən iri enerji layihələrindən biridir. Bu layihə enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu tarixi layihədə iştirakçı dövlət və şirkətlərin geniş əməkdaşlığı təmin ediləcəkdir”.
“Şahdəniz-2” layihəsinin gerçəkləşməsi “Cənub” qaz dəhlizi vasitəsilə mavi yanacağın Xəzər dənizindən Avropadakı bazarlara çatdırılacağı deməkdir. Bu, həm də Azərbaycanın enerji sektoruna böyük həcmdə yeni investisiyaların yatırılması anlamına gəlir. Prezident İlham Əliyev sözügedən mərasimdəki çıxışında layihənin miqyasından xəbər verən göstəriciləri sadalayaraq, onun ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını bildirib. Dövlət başçısının sözlərindən də görünür ki, böyük iqtisadi və sosial əhəmiyyətə malik olan “Şahdəniz-2” layihəsi Azərbaycana iri həcmdə yeni sərmayələr cəlb etməklə yanaşı, yeni iş yerlərinin yaradılmasına da təkan verəcəkdir: “Şahdəniz-2”, TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir. Layihəyə 45 milyard dollar məbləğində sərmayə cəlb ediləcək, marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni iş yeri yaradılacaqdır. Təbii ki, bu layihə əlavə səylər tələb edəcəkdir”.
Ümumilikdə, “Şahdəniz-2” layihəsi çərçivəsində ildə 16 milyard kubmetr qazın hasil ediləcəyi gözlənilir. Bunun 6 milyardı Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya ötürüləcək. Bu layihə çərçivəsində ilk qazın 2018-ci ildə əldə edilməsi planlaşdırılır. Bundan əlavə, Türkiyənin şərq sərhədindən ölkənin qərb sərhədinə qədər uzanacaq Trans-Anadolu təbii qaz boru kəmərinin tikintisi də sürətləndiriləcəkdir.
Beləliklə, xəritəyə nəzər saldıqda, son illərdə Azərbaycanın iştirakı ilə qlobal əhəmiyyətli təbii qaz layihələrinin reallaşdırılmasının və bu sahədə irəliyə doğru addımların atılmasının şahidi olmaq mümkündür. Belə ki, 2007-ci ildə istismara verilən Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəməri Azərbaycan qazını Gürcüstandan keçməklə, Türkiyənin şərq hissəsinə daşıyır. Tikiləcək TANAP kəməri qazı Türkiyənin şərqindən qərbinə daşıyacaq, yəni Avropa ilə sərhəddə gətirəcək. TAP boru kəməri isə qazın buradan Avropa ölkələrinə paylanmasına imkan verəcək. Bu isə Avropada mavi yanacaq bazarını genişləndirəcək, istehlakçı ölkələr isə enerji mənbələrinin çoxaldılması yolu ilə öz təhlükəsizliklərini daha etibarlı təmin edə biləcəklər.
Təsadüfi deyil ki, Bakıda “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişinin imzalanması Avropanın rəsmi dairələrində sevinclə qarşılanıb. Belə ki, Avropa Komissiyasının mətbuat xidmətinin yaydığı bəyanatda qeyd olunur ki, sözügedən qərarın imzalanması 2019-cu ilin əvvəlindən başlayaraq Avropanın hər il milyardlarla kubmetr qaz alacağını təsdiqləyib. Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu bildirib ki, “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişinin imzalanması Avropanın daha güclü enerji təhlükəsizliyinə qapı açmağa imkan verir.
Mərasimdə çıxışı zamanı Prezident İlham Əliyev vurğulayıb ki, “Şahdəniz-2” regionun və Avropanın enerji xəritəsini dəyişəcək: “Bu layihə regionun və Avropanın enerji xəritəsini dəyişdirəcəkdir. Azərbaycanın qaz ehtiyatları bu sərvəti gözləməkdə olan bazarlara nəql ediləcəkdir”.
Bildiyimiz kimi, Avropanın böyük bir hissəsi qaz təchizatına görə məhdud sayda mənbədən asılı vəziyyətdədir. Dövlətin enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyan enerji təchizatının əsasən məhdud çərçivədə cəmləşməsi, Avropa ölkələrini istər-istəməz alternativ mənbələrin axtarışına sövq edir. Bu baxımdan, etibarlı tərəfdaş imicinə sahib olan Azərbaycanla əməkdaşlıq region dövlətlərinin maraqlarına uyğundur.
Məhz bu əməkdaşlığın nəticəsi olaraq, 2006-cı ildə Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz qaz boru kəməri istifadəyə verilib və dekabr ayından dünyanın ən zəngin qaz-kondensat yataqlarından sayılan “Şahdəniz” yatağından hasilat başlanıb. 2007-ci il fevral ayından etibarən Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil olunan təbii qaz Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsi ilə Gürcüstana nəql olunmağa başlanıb. 2007-ci il iyulun 3-də isə “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşaraq, qardaş ölkənin qaz kəmərləri sisteminə daxil olub. Cənubi Qafqaz qaz boru kəmərinin ötürücülük qabiliyyəti ildə 20 milyard kubmetr həcmində ölçülür. Bir çox Avropa ölkələrinin Türkiyə vasitəsilə Azərbaycan qazını almaqda maraqlı olması, eləcə də, Azərbaycanın iqtisadi maraqları başlanan işin davam etdirilməsini və daha da genişləndirilməsini zəruri edirdi.
Qeyd etdiyimiz kimi, dekabrın 17-də imzalanan “Şahdəniz-2” layihəsi isə dünyanın ən böyük layihələrindən biridir. İmzalama mərasimində çıxış edən Prezident İlham Əliyev də deyib ki, “Şahdəniz-2” dünyanın ən iri enerji layihələrindən biridir: “Bu layihə enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu tarixi layihədə iştirakçı dövlət və şirkətlərin geniş əməkdaşlığı təmin ediləcəkdir”.
TANAP VƏ TAP KƏMƏRLƏRİ AZƏRBAYCANI DÜNYA ENERJİ BAZARLARINDA SÖZ SAHİBİNƏ ÇEVİRƏCƏK
Azərbaycan qazının Avropaya çatdırılmasının daha bir marşrutunu müəyyənləşdirən TANAP layihəsi həm ölkəmizin, həm də qitə dövlətlərinin enerji maraqlarına cavab verir. Belə ki, Azərbaycan enerji ixracı kəmərlərinin, Avropa ölkələri isə enerji idxalı mənbələrinin şaxələndirilməsində maraqlıdır. Bu layihə ilə Azərbaycanın Avropanın ən yaxın və etibarlı enerji tərəfdaşı olması bir daha təsdiqini tapır. Xatırladaq ki, hələ Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun 2011-ci ildə Azərbaycana səfəri zamanı “Cənub” qaz dəhlizi ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Bu layihənin həyata keçirilməsi üçün həlledici razılaşmalardan biri də “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” 2012-ci il iyunun 26-da İstanbul şəhərində imzalanmış Sazişdir.
Proqnozlara görə, TANAP layihəsinin reallaşması 7 milyard ABŞ dollarına başa gələcək. Boru kəmərinin diametri 1,4 metr nəzərdə tutulub. Kəmərin ölçülərinin belə seçilməsi gələcəkdə onun gücünün tədricən artırılmasına imkan verəcək. Layihənin 4 mərhələdə həyata keçiriləcəyi gözlənilir. Onun ilk mərhələsi 2017-ci ildə başa çatacaq. Bu, “Şahdəniz” layihəsinin 2-ci mərhələsi üzrə istismarın 2018-ci ilin əvvəlində başlanması ilə bağlıdır. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetrə, 2023-cü ildə 23 milyard kubmetrə, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. Bununla da, Azərbaycanın 2025-ci ilədək hasil etməyi planlaşdırdığı 50 milyard kubmetr qazın böyük hissəsini TANAP vasitəsilə ixrac etmək mümkün olacaq.
Eyni zamanda, TANAP layihəsi Transxəzər qaz kəmərinin gerçəkləşməsi üçün də yeni imkanlar yaradacaq. Qazaxıstan və Türkmənistanın gələcəkdə bu layihəyə qoşulacağı təqdirdə Azərbaycan həm də qaz nəqlində mühüm tranzit ölkəyə çevriləcək. Ümumiyyətlə, TANAP layihəsi ilə Şərq-Qərb enerji dəhlizinin formalaşmasında Azərbaycanın rolu daha da artacaq.
Bildiyimiz kimi, TANAP layihəsi Azərbaycan qazının Türkiyə ərazisi vasitəsilə Mərkəzi və Cənubi Avropanın sərhədlərinə çatdırılmasını nəzərdə tutur. Qazın Avropa ölkələrinə daşınmasını həyata keçirmək üçün isə 2013-cü ilin iyun ayında “Şahdəniz” Konsorsiumu “Trans-Adriatik Pipeline” (TAP) boru kəməri layihəsini seçib. TAP Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsində hasil olunacaq qazın Avropaya nəqli üçün “NABUCCO”, TAP, ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri) və SEEP (Cənibi-Şərqi Avropa boru kəməri) layihələrinin arasından seçilib.
Azərbaycan qazını Avropaya daşıyacaq TAP layihəsi Xəzər regionundan Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya qaz nəqlini nəzərdə tutur. Boru kəmərinin ilkin gücü 20 milyard kubmetrədək artırmaq imkanı ilə ildə 10 milyon kubmetr qaz təşkil edəcəkdir. TAP “Cənub” qaz dəhlizinin əsas halqası sayılır. AzərTAc-ın məlumatına görə, bu günlərdə TAP Konsorsiumunun rəsmisi Lisa Givert bildirib ki, TAP layihəsi üçün gələn il tender keçiriləcək, 2015-ci ildə isə kəmərin inşaat işlərinə başlanılacaqdır. Layihənin reallaşması nəticəsində Yunanıstana 1,5 milyard, Albaniyaya isə 1 milyard avro sərmayə qoyulacağı gözlənilir.
Beləliklə, sadalanan bütün mərhələlərin gerçəkləşəcəyi təqdirdə Azərbaycan öz qazını münasib qiymətlərlə birbaşa Avropa bazarlarına çıxara biləcək.
Prezident İlham Əliyev mərasimdəki çıxışı zamanı bildirib ki, Azərbaycan qazının Avropa bazarlarına vaxtında çatdırılması üçün diqqəti TANAP və TAP layihələrinin icrasına yönəltmək lazımdır: “Burada “Şahdəniz” layihəsinin ilkin mərhələsinin əhatə etdiyi ölkələr - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstan ilə sıx əməkdaşlıq tələb olunacaqdır. Sonrakı mərhələdə biz Monteneqro və Xorvatiya ilə fəal əməkdaşlığa başlayacağıq. Bu boru kəmərinin Balkanlar istiqamətində uzadılması planlarımız da vardır. Eyni zamanda, ümid edirəm ki, qarşıdan gələn illərdə Rumıniya, Macarıstan və Avstriyadakı tərəfdaşlarımızla boru kəmərinin həmin istiqamətdə də uzadılması üzrə fəal iş görəcəyik. Bizim böyük planlarımız vardır və boru kəmərinin dizaynı da bu planlara uyğun şəkildə nəzərdə tutulmuşdur”.
Beləliklə, bu gün Azərbaycanın dünya enerji bazarlarında hasilatçı ölkə olaraq ön sıralara doğru irəliləməsi danılmaz həqiqətdir. Düzgün enerji siyasəti sayəsində Azərbaycan özünün inkişafını təmin edir, eyni zamanda, çaxsaylı tərəfdaşlar qazanmaqla, beynəlxalq aləmdəki nüfuzunu və mövqelərini durmadan gücləndirir.
Eyni zamanda, “Şahdəniz-2” və Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata vəsiqə alan digər layihələr iştirakçı dövlətlərin də enerji təhlükəsizliyinin təmin olunmasında həyati əhəmiyyət daşıyır. Bakıda “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimində iştirak edən dövlət və hökumət başçıları da bu fikri xüsusi olaraq vurğulayıblar. Məsələn, Albaniyanın Baş naziri Edi Rama bu layihənin icrası nəticəsində Azərbaycan və Albaniyanın Xəzər və Adriatik dənizlərini əlaqələndirəcəyini və alternativ enerji marşrutlarının xəritəyə gətirilməsinə töhfə verəcəyini bildirərək deyib: “Azərbaycan şirkətləri və ehtiyatları Cənubi Avropa ölkələri üçün yeni bir mənzərə yaradacaqdır”.
Bolqarıstanın Baş naziri Plamen Oreşarski bu layihənin ölkəsi üçün də yeni imkanlar açdığını vurğulayaraq bildirib: “Bu mərasim “Cənub” qaz dəhlizinin başlanmasıdır, mənim ölkəm üçün də yeni imkanlar deməkdir. TAP Bolqarıstan ərazisindən keçəcəkdir və bu, bizə qazın əlavə həcmlərini təmin edəcəkdir”.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili isə Azərbaycanın enerji təhlükəsizliyi sahəsində atdığı addımların region dövlətləri üçün mühüm əhəmiyyətini vurğulayıb: “Azərbaycan regionumuzun və Avropa İttifaqı ölkələrinin enerji ehtiyaclarının təmin edilməsində mühüm ölkəyə çevrilməkdədir”.
Monteneqronun Prezidenti Filip Vuyanoviç də deyib ki, bu layihəyə qoşulmaqla Monteneqro özünün uzunmüddətli enerji sabitliyini təmin edəcək: “Bu layihəyə qoşulmaqla Monteneqro özünün uzunmüddətli enerji təhlükəsizliyini təmin edəcəkdir. Çünki burada çox etibarlı təchizatçıdan söhbət gedir”.
AVROPA İTTİFAQININ APARICI DÖVLƏTLƏRİ “ŞAHDƏNİZ-2” LAYİHƏSİNİ YÜKSƏK QİYMƏTLƏNDİRİRLƏR
Şübhəsiz ki, bu layihənin imzalanması təkcə iştirakçı dövlətlər tərəfindən sevinclə qarşılanmır. Eyni zamanda, Avropanın lokomativ dövlətləri də bu tarixi hadisəni yüksək qiymətləndirir və bu yeni enerji layihəsinin əhəmiyyətini vurğulayırlar. Belə ki, “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimində çıxış edən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər naziri Uilyam Heyq yeni yaradılan “Cənub” qaz dəhlizinin mühüm əhəmiyyətini xarakterizə edərək bildirib: “Bu, Avropanın qaz təchizatı baxımından həm marşrut boyu, həm də yeni mənbə qismində enerji təhlükəsizliyini artıracaqdır. Yeni boru kəməri ilə Türkiyəyə nəql ediləcək 6 milyard kubmetr qazla yanaşı, əlavə 10 milyard kubmetr qazın Avropaya nəqli bizim yeganə təchizatçı və ya bir tranzit sistemindən asılılığımızı azaldacaqdır”.
O, həmçinin, qeyd edib ki, bununla Avropanın qaz bazarında rəqabət artacaq. Bu isə enerjinin qiymətini daha münasib edəcək. Bundan əlavə, Avropa İttifaqının qaz bazarı o qədər əlaqəlidir ki, bilavasitə Azərbaycandan qaz alan ölkələrdən savayı digər dövlətlər də bunun bəhrəsini görəcəklər.
İtaliyanın xarici işlər naziri xanım Emma Bonino “Cənub” qaz dəhlizinin yaradılmasına başlanmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və bunun uzunmüddətli məqsədyönlü əməkdaşlıq nəticəsində baş tutduğunu söyləyib.
Beləliklə, Avropanın yeni enerji xəritəsi Bakıda çəkilir. Və bu, Azərbaycan Prezidenti İlham Əliyevin də bəyan etdiyi kimi, XXI əsrin müqaviləsi olacaqdır.
“Yeni Azərbaycan”ın
Analitik qrupu
Yeni Azərbaycan.-
2013.- 20 dekabr.- S.4.