Azərbaycanın dövlət müstəqilliyi
daimidir, dönməzdir, sarsılmazdır
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatından 10 il keçir. Həyat göstərir ki, ötən illər bizi Ulu öndərimizdən uzaqlaşdırmır, əksinə Heydər Əliyevin tək Azərbaycan xalqı üçün deyil, dünya miqyaslı gördüyü işlərin mahiyyətini, əhəmiyyətini zaman keçdikcə daha dərindən dərk etməyə, layiqincə qiymətləndirməyə başlayırıq. Bu gün Azərbaycanda çox az adam tapılar ki, olduqca sadə bir həqiqəti anlamamış olsun: taleyimizin həll olunduğu 90-cı illərin əvvəllərində Heydər Əliyev kimi təcrübəli dövlət xadimi, müdrik və uzaqgörən siyasətçi, sülhsevər insan olmasaydı, görəsən Azərbaycanda və regionda nələr baş verə bilərdi? O illərdəki vəziyyətimizi müqayisə etmək üçün bir anlığa Yaxın Şərqdə baş verən hadisələrə nəzər salın. Uzun illər dövlətçilik təcrübəsi olan bu ölkələrdə sülhü bərqərar etmək, əmin-amanlıq yaratmaq üçün çatışmayan nədir? Yeganə bir şey - xalqı öz ətrafında toplamağa və arxasınca aparmağa qadir olan güclü liderin olmaması. Elə bir lider ki, az müddət içərisində həm ölkə daxilindəki münaqişəni nizama sala bilsin, dövləti dağılmaqdan qorusun, həm də xarici müdaxiləni dayandırsın, güclü dövlətlərin geosiyasi maraqlarını ölkənin milli maraqlarına uyğunlaşdırmağı bacarsın.
Xalqımızın Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan qarşısında və beynəlxalq miqyasda xidmətləri barədə çox danışılıb və hələ bundan sonra da bu məsələ çox müzakirələrin mövzusu olacaq. Ulu öndərimizin siyasi irsi bizdən geniş elmi araşdırmalar aparmağı tələb edir. Hər dəfə Heydər Əliyev irsini öyrənməyə başladıqda neçə-neçə suallara cavab tapırıq. Sirr deyil ki, Azərbaycan zəngin təbii sərvətlərə malik ölkədir. Bu sərvətləri ələ keçirmək üçün xarici dövlətlər tarix boyu öz aralarında müharibələr aparmışlar. Vətən torpaqları yadellilərin işğalına məruz qalmışdır. Bir qəsbkarı başqa bir qəsbkar əvəz etmiş, bizə öz taleyimizin sahibi olmağa imkan verməmişlər. XIX əsrin sonları XX əsrin əvvəllərində dünyanın enerji mənbəyi sayılan neftin Azərbaycanda kəşf olunması isə güclü dövlətlərin ölkəmizə sahib olmaq həvəsini daha da artırmış oldu. Necə deyərlər, öz varımız özümüzə düşmən kəsildi. Həm neftimizi daşıyıb aparmağa başladılar, həm də özümüzdən qul kimi istifadə etdilər.
XX əsrin əvvəllərində müstəqil dövlətimizi qursaq da, Azərbaycan Xalq Cümhuriyyəti yarandığı vaxtdan 23 ay sonra süqut etdi.
XX əsrin sonlarında tale ikinci dəfə bizə şans verdi. 1991-ci ildə Sovet imperiyası dağıldı
və Azərbaycan öz müstəqil dövlətini yaratdı.
Təəssüflər olsun ki, bu dəfə də tarix yenidən
təkrarlanmağa başladı.
1918-1920-ci illərdə baş verənlər
1991-1993-cü illərdə eyni ilə təkrar
olundu. Yenə də hakimiyyət
uğrunda çəkişmələr,
yenə də ermənilərin Azərbaycandakı
hakimiyyət boşluğundan
istifadə edərək
torpaqlarımıza hücumu,
xarici dövlətlərin
Azərbaycana gizli-açıq
şəkildə müdaxiləsi,
neftimizi ələ keçirmək uğrunda
mübarizənin qızışması
və s.
Dövlət xəzinəsinin boş,
şəhər və
kəndlərimizin zülmət
qaranlıq içində
olduğu, əhalinin saatlarla çörək növbəsində dayandığı
qorxu, həyəcan, ümidsizlikdən başqa
heç nə vəd etməyən o illərdə xalqın harayına çatan Heydər Əliyev böyük ustalıqla Azərbaycanın yeni neft strategiyasını işləyib hazırladı
və 1994-cü ildə
Azərbaycan nefti uğrunda mübarizə aparan dövlətlərin
elə özlərinə
onu imzalatdırdı.
“Əsrin müqaviləsi”
adını almış
bu tarixi sənəd Azərbaycanın
xilasının əsasını
qoymuş oldu. Azərbaycanın dövlət müstəqilliyini
əbədi və dönməz etdi. Bu gün ölkəmizdən
dünyanın çox
yerlərinə uzanıb
gedən neft kəmərləri bizi dörd tərəfdən
ən etibarlı şəkildə qoruyub mühafizə edən ən güclü müdafiə vasitəsi, xalqın dili ilə desək Azərbaycanı qoruyan çəpərdir. Bu uğurlu və uzaqgörən siyasətin
nəticəsi o oldu ki, cəmisi 15-20-il bundan əvvələ qədər bizi özündən asılı
vəziyyətdə saxlamağa
çalışan ölkələrin
çoxu hazırda Azərbaycandan asılı
vəziyyətə düşüblər.
BUDUR, AZƏRBAYCANÇILIQ! BUDUR, XALQINI SEVMƏK, ONUN BU GÜNÜNÜ VƏ GƏLƏCƏYİNİ DÜŞÜNMƏK! EŞQ OLSUN BU MÜDRİK SİYASƏTƏ VƏ ONUN YARADICISINA!
Heydər Əliyev deyirdi: “Mən xalqımın müdrikliyinə inanıram”. Ulu öndərimizin atdığı hər addımı, qəbul etdiyi hər qərarı xalqın müdrikliyindən qaynaqlanır. Heydər Əliyev deyirdi: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Azərbaycanın 10 il, 15 il bundan əvvəlki vəziyyəti ilə onun beynəlxalq aləmdə tutduğu hazırkı mövqeyini və nüfuzunu müqayisə etsək xalqımızın dahi rəhbərinin nə qədər haqlı olduğunu aydın görə bilərik.
Bununla belə, ölkəmizin dünya dövlətləri içərisində hörmət qazanmasının səbəbini təkcə onun var-dövlətinin çox olması ilə izah etmək böyük səhv olardı. Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmır, heç bir dövlətin torpaqlarını, sərvətlərini ələ keçirmək niyyəti, planları yoxdur. Baxmayaraq ki, respublikamızın hazırkı iqtisadi gücü ona hər cür addım atmağa imkan verir. Əksinə, ehtiyacı olan ölkələrin, xalqların çoxuna Azərbaycanın təmənnasız olaraq yardım etməsinə dair onlarla misal göstərmək olar.
Azərbaycan etibarlı tərəfdaşdır, etibarlı qonşu, etibarlı dostdur. 2011-ci ildə ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi də məhz bu prinsipə əsaslanmışdır. Bu gün bütün beynəlxalq ictimaiyyət arasında bizim haqqımızda qəti fikir formalaşmışdır: Azərbaycan həm varlı dövlətdir, həm də ləyaqətli!
Beynəlxalq aləmdə bizə bu imici qazandıran isə Ulu öndər Heydər Əliyevin ən layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevdir.
2003-cü ildə keçirilən prezident seçkilərindən öncə Ulu öndər xalqa müraciətində deyirdi: “İnanıram ki, mənim başa çatdıra bilmədiyim işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev davam etdirəcəkdir. Mən Ona özüm qədər inanıram”.
Biz də Ulu öndərimizin əziz xatirəsini yad edərək deyirik: 2013-cü il prezident seçkilərində böyük səs çoxluğu ilə İlham Əliyevi yenidən Azərbaycanın Prezidenti seçməklə, xalqımız Ona inandığını qəti şəkildə sübut etdi.
Ümummilli lider Heydər Əliyevin qurduğu Azərbaycan dövlətinin müstəqilliyi daimidir, dönməzdir, sarsılmazdır!
Namiq Süleymanov,
Daşkəsən
rayon İcra Hakimiyyəti
başçısının
müavini
Yeni Azərbaycan.-
2013.- 21 dekabr.- S.6.