Bakıda “Müqayisəli ədəbiyyat. Ədəbiyyat və mədəniyyətlərdə istorioqrafiya: mif, ədəbiyyat və tarix arasında” mövzusunda V Beynəlxalq elmi konfrans işə başlayıb

 

Bakı Slavyan Universitetində bu ali təhsil müəssisəsinin və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən konfransda 17 ölkədən 40-dan çox alim iştirak edir

Dünən Bakı Slavyan Universitetində (BSU) bu ali təhsil müəssisəsinin və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının birgə təşkilatçılığı ilə “Müqayisəli ədəbiyyat. Ədəbiyyat və mədəniyyətlərdə istorioqrafiya: mif, ədəbiyyat və tarix arasında” mövzusunda V Beynəlxalq elmi konfrans işə başlayıb.

Konfransı giriş sözü ilə açan BSU-nun rektoru, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Kamal Abdullayev tədbir haqqında məlumat verib. Bildirilib ki, ənənəvi olaraq 2-3 ildən bir “Müqayisəli ədəbiyyat” devizi altında keçirilən Beynəlxalq elmi konfransın mövzusu hər dəfə ədəbiyyatda müxtəlif problemlərə həsr olunurgeniş əhatə dairəsinə malikdir. Artıq konfransın V dəfədir keçirildiyini diqqətə çatdıran rektor bildirib ki, iki gün davam edəcək beynəlxalq tədbirdə müasir ədəbiyyatın və mifologiyanın problemləri, eyni zamanda, tarixən ədəbiyyat, mif, tarix arasındakı əlaqələrin açılması baxımından çox maraqlı mətləblərə toxunulacaq.

K.Abdullayev 17 ölkədən 40-dan çox ədəbiyyatşünas alimin qatıldığı beynəlxalq tədbirə ildən-ilə marağın daha da artdığını xüsusilə qeyd edib, konfransda, həmçinin, respublikamızın müxtəlif ali məktəblərinin və elmi müəssisələrinin nümayəndələrinin, Milli Məclisin deputatlarının, görkəmli ziyalıların, ədəbiyyatşünas alimlərimizin də iştirak etdiklərini bildirib.

Rektor qeyd edib ki, konfransın tarixi və ədəbi janrlar, təsvir üsulları, ədəbi mətnlərdə tarixin təsviri formaları, keçid dövründə ədəbiyyat və tarix, mifoloji qatda tarix, tarixistorioqrafiya, dil tarixin mənbəyi kimi bölmələri üzrə keçiriləcək iclaslarında müxtəlif mövzularda məruzələr dinləniləcək.

K.Abdullayev konfrans çərçivəsində, həmçinin, universitetdə xarici qonaqlar tərəfindən ustad dərslərinin və “dəyirmi masa”ların da keçiriləcəyini diqqətə çatdırıb.

Konfransın plenar iclasında BSU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının sədri, filologiya üzrə elmlər doktoru, professor Rəhilə Qeybullayeva çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, tarix və ədəbiyyatın ümumi və fərqli xüsusiyyətlərini səciyyələndirib.

R.Qeybullayeva tarixin yazılma formalarını, müxtəlif xalqların keçid dövrlərini və “tarix” və “histori” sözlərinin etimologiyasını, tarix və ədəbiyyat terminlərinin müxtəlif xüsusiyyətlərini müqayisəli şəkildə təhlil edib. Onun sözlərinə görə, konfransın materialları kitab şəklində nəşr olunacaq.

Tədbirdə Viskonsin-Medison Universitetinin dosenti Maks Statkiyeviçin (ABŞ) “Əvvəldən nə olmuşdu: ədəbiyyat tarixmif arasında vasitəçi kimi” və Türkiyənin Boğaziçi Universitetinin professoru Suat Karantayın “Səyahət yaddaş forması kimi: Monteqyunun türk səfirinin məktubları” mövzusunda və digər qonaqların məruzələri dinlənilib.

V Beynəlxalq Elmi konfrans münasibətilə iştirakçıları təbrik edən Osaka Universitetinin (Yaponiya) professoru Takayuki-Yokota Murakami prof. K.M.Abdullayevin yapon dilinə tərcümə olunmuşbu uzaq ölkədə işıq üzü görmüşSehirbazlar dərəsi” kitabını müəllifə təqdim etdi.

Tədbirdə Milli Məclisin deputatı Sahibə Qafarova, Bakı Asiya Universitetinin rektoru, professor Cəlil Nağıyev, professor Caspal K. Singh (ABŞ), Hüseyn Səbuhi (İran), Sergey Sokolov (Rusiya ), Lyudmila Bejenaru (Rumıniya), Vera Oçxeli (Gürcüstan), Rafi Beyykhanov (İsrail) və başqaları çıxış edərək konfransın əhəmiyyətindən söhbət açıblar. Dekabrın 21-də başa çatacaq konfrans işini bölmə iclaslarında davam etdirib. Bölmə iclaslarında müxtəlif mövzular ətrafında geniş diskussiyalar aparılır. Həmçinin, konfransda iştirak etmək üçün Bakıya gələn qonaqlar paytaxtımızın tarixi və mədəniyyət abidələri, görməli yerləri ilə tanış olmaq imkanı da qazanacaqlar.

 

Yeni Azərbaycan.- 2013.- 21 dekabr.- S.5.