“Şahdəniz-2” üzrə yekun investisiya qərarının
imzalanması Azərbaycan dövlətinin uğurlu
siyasətinin təntənəsidir
Bu saziş ölkəmizə böyük iqtisadi və sosial dividendlər gətirəcək
Xəbər verildiyi kimi, dekabrın 17-də Bakıda “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimi olub. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, bir sıra ölkələrin dövlət və hökumət nümayəndələri mərasimdə iştirak ediblər. Qeyd edək ki, “Şahdəniz-2” layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaq. Layihə çərçivəsində 26 sualtı quyunun qazılması, həmçinin, körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, Səngəçalda isə yeni texniki emal və kompressor qurğularının inşası nəzərdə tutulur. 3500 kilometr məsafədə nəql olunacaq qaz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ölkələrdə milyonlarla istehlakçını təmin edəcək. İlk qazın Avropaya 2019-cu ildə çatdırılması planlaşdırılır. 1999-cu ildə kəşf olunan “Şahdəniz” yatağının işlənilməsinin birinci mərhələsi çərçivəsində 2006-cı ildən Gürcüstan və Türkiyəyə qaz ixrac edilir. “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və “Cənub” qaz dəhlizi layihələri isə dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük və mürəkkəb təşəbbüslərdən hesab olunur. Ekspertlər hesab edir ki, bu razılaşmanın böyük iqtisadi və siyasi əhəmiyyəti var. Eyni zamanda, bu layihə sosial önəm kəsb etməsi baxımından da diqqəti cəlb edir.
Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, YAP Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı deyib ki, bu sazişin imzalanması təkcə Azərbaycan cəmiyyətində deyil, bütövlükdə Avropa üçün əlamətdar bir hadisə idi. Onun sözlərinə görə, XXI əsrdə dünyada ən prioritet məsələlərdən biri ölkələrin enerji təchizatı ilə bağlıdır: “Bu gün bir çox maliyyə-iqtisadi böhran fonunda Avropanın artan ehtiyacları, enerji təhlükəsizliyi ilə bağlı qarşıya çıxan problemlərə nəzər salsaq, görərik ki, bu layihə nə qədər böyük əhəmiyyət kəsb edir. 1994-cü ildə Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq “Əsrin müqaviləsi” imzalananda beynəlxalq aləmdə, dünyanın aparıcı KİV-lərində bu, möhtəşəm sənəd kimi qiymətləndirilirdi. Ondan sonra BTC, BTƏ, TAP-ın imzalanması da ciddi hadisələr kimi dəyərləndirilir. “Şahdəniz-2” üzrə sənədin imzalanması da bir daha Azərbaycanda dövlət siyasətinin necə unikal, uzaq hədəflərə hesablandığını göstərir. Bu, Azərbaycan Prezidentinin uğurlu siyasətinin təntənəsidir. Sazişin imzalanması Azərbaycanın bütövlükdə dünyada, o cümlədən, Avrasiya məkanında əhəmiyyətini daha da artırır. Əlbəttə ki, karbohidrogen ehtiyatları ilə zəngin olan ölkələrin hamısı heç də firavan yaşamır. Məsələn, Sudan iki yerə parçalandı, Nigeriyada aclıq və səfalət hökm sürür, Liviyada, İraqda qeyri-sabitlik, terror hadisələri səngimək bilmir. Amma Azərbaycan mürəkkəb geosiyasi regionda yerləşməsinə baxmayaraq, 1993-cü ildən uğurlu siyasət həyata keçirir. Bu gün Azərbaycan dünyanın ən stabil dövlətlərindən biridir. Azərbaycan bölgənin sabitlik və təhlükəsizliyində də vacib rol oynayır”.
M.İbrahimqızının fikrincə, bu cür qlobal xarakterli sazişlərin imzalanması dövlət müstəqilliyinin möhkəmlənməsində də mühüm rol oynayır. Çünki sənədə imza atan nüfuzlu ölkələr təhlükəsizliyə də təminat verirlər. Millət vəkili deyib ki, bu layihənin gerçəkləşməsi gələcəkdə ölkəmizin daha böyük enerji koridoruna, tranzit məkana çevrilməsinə təsir edəcək: “Yəni, Azərbaycan təkcə ixracatçı yox, tranzit ölkə kimi də əhəmiyyətini artıracaq. Eyni zamanda, TAP layihəsindən yararlanan ölkələrin Azərbaycanla əlaqələri daha da möhkəmlənəcək. Hesab edirəm ki, bu hadisə Dağlıq Qarabağ probleminin ədalətli həllini daha da yaxınlaşdırır. Ümumiyyətlə, Azərbaycan III minillikdə qloballaşan dünyaya öz töhfələrini verir. Bu da dövlətimizin mövqeyini beynəlxalq miqyasda gücləndirir”.
Millət vəkili bildirib ki, “Şahdəniz-2” üzrə imzalanmış sənədin sosial əhəmiyyəti də böyükdür. Onun sözlərinə görə, layihənin reallaşması ilə əlaqədar minlərlə yeni iş yeri yaranacaq. “Tədbirdə iştirak edən Böyük Britaniyanın xarici işlər naziri də dedi ki, bu layihə nəticəsində 30 min nəfər işlə təmin olunacaq. Təkcə bu fakt layihənin sosial əhəmiyyətinin nə qədər böyük olduğunu göstərir. Təbii ki, bu layihə ölkəmizdə yeni iş yerlərinin açılması deməkdir. Bunun əhəmiyyəti isə hər kəsə məlumdur” - deyə, M.İbrahimqızı vurğulayıb.
“Şahdəniz-2” üzrə imzalanmış saziş Azərbaycanın sosial-iqtisadi inkişafına və geosiyasi üstünlüyünə müsbət təsir edəcək”. Bu fikri isə YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib. S.Vəliyeva bildirib ki, verilmiş proqnozlara görə, “Şahdəniz-2” üzrə imzalanmış saziş nəticəsində reallaşdırılacaq layihələr əsasında Azərbaycan 40-50 milyard dollar məbləğində gəlir əldə edəcək. “Bu da imkan verəcək ki, Azərbaycanda yeni iş yerləri açılsın, maaşlar və pensiyalar artırılsın və insanların ümumi sosial rifah halı daha da yüksəldilsin” - deyə, o, bildirib. S.Vəliyeva vurğulayıb ki, saziş üzrə aparılacaq tikinti-inşaat işləri isə on minlərlə yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq. “Düşünürəm ki, XXI əsrin sazişi olan “Şahdəniz-2” Azərbaycanın inkişaf etmiş ölkələrin sırasına tez bir müddətdə daxil olmasına şərait yaradacaq” - deyə, millət vəkili əlavə edib.
S.Vəliyeva qeyd edib ki, bu siyasət ölkəmizə böyük uğurlar gətirir. Onun sözlərinə görə, bunun başlıca istiqamətləri ölkə iqtisadiyyatının inkişaf tempinin qorunub saxlanmasını, sosial-iqtisadi islahatların əvvəlki illərdə olduğu kimi davam etdirilməsini, əhalinin maddi rifahının təmin olunmasını və sosial şəraitinin yaxşılaşmasını, investisiya qoyuluşlarının həyata keçirilməsini, iqtisadiyyatın diversifikasiyasını və digər tədbirləri özündə əks etdirir. “Aydın görünür ki, strateji inkişaf xəttinə və ölkədə yaranmış makroiqtisadi mühitə uyğun olaraq, dövlət büdcəsi gəlirlərinin stabilləşdirilməsinə, qeyri-neft sektorundan və digər real mənbələrdən büdcəyə əlavə daxilolmaların müəyyən edilməsinə, əhalinin sosial rifahının yaxşılaşdırılmasına, aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsinə, onların gəlirlərinin və məşğulluq səviyyəsinin yüksəldilməsinə, qeyri-neft sektorunun, sahibkarlığın inkişaf etdirilməsinə, dövlətin müdafiə potensialının artırılmasına, iqtisadi, enerji, nəqliyyat, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunmasına xüsusi diqqət yetirilir. Nəzərə almaq lazımdır ki, bu gün dünyanın bir çox ölkələri maliyyə-iqtisadi böhran üzündən insanların maaş və pensiyalarını, təqaüdlərini ya azaldır, ya iş yerlərini ixtisara salır, ya da sosial güzəştləri aradan qaldırır. Amma sevindirici haldır ki, Azərbaycan bütün bu cür mənfi tendensiyalardan kənardır və dövlət insanların yaşayış səviyyəsini yüksəltmək üçün əməli tədbirləri davamlı şəkildə həyata keçirir. Bu mənada “Şahdəniz-2” layihəsinin reallaşması ölkəmizin sosial-iqtisadi inkişafını daha da stimullaşdıracaq” - deyə, S.Vəliyeva vurğulayıb.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli isə bu layihənin ölkəmizə verəcəyi iqtisadi dividendlər haqqında fikirlərini bildirib. Ə.Məsimli deyib ki, 1994-cü ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanan “Əsrin müqaviləsi” neft layihəsi XX əsrin müqaviləsi olduğu kimi, dekabrın 17-də imzalanan “Şahdəniz-2” layihəsi də XXI əsrin müqaviləsidir. Onun fikrincə, bu müqavilə həm Qafqaz regionunda, həm də qlobal məkanda Azərbaycanın sürətli inkişafına müsbət təsir göstərəcək. Ə.Məsimli bildirib ki, bu hadisə Azərbaycanın Avropa dövlətlərinin enerji təhlükəsizliyində rolunu artıracaq. Onun sözlərinə görə, “Şahdəniz-2” layihəsi üzrə verilən qərar ölkəmizin həm regional, həm də qlobal miqyasda əhəmiyyətini artıracaq. “Azərbaycan Avropa ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayır və onların enerji çatışmazlıqlarının bir hissəsini təmin edir. Avropa ölkələri də Azərbaycanın bu təşəbbüslərini nəzərə almalı və Dağlıq Qarabağ münaqişəsi haqqında qəbul etdikləri sənədlərə müsbət reaksiya verərək, bu problemin həll edilməsinə yaxından kömək etməlidirlər” - deyə, Ə.Məsimli qeyd edib.
Millət vəkilinin sözlərinə görə, layihənin reallaşması iqtisadiyyatımızı daha da gücləndirəcək. O qeyd edib ki, müstəqil iqtisadi siyasət yürütmək Azərbaycanın potensialını daha da gücləndirir və beynəlxalq miyqasda nüfuzunu artırır: “Təbii ki, güclü iqtisadiyyat dövlət büdcəsinin həcminin daha böyük olmasını, əhalinin rifahının yüksəlməsini özündə ifadə edir. Mən hesab edirəm ki, bu layihənin davamı olaraq gələcəkdə “Şahdəniz-3” və digər layihələr də reallığa çevriləcək”.
İqtisadçı alim Vüqar Bayramov isə bildirib ki, dünya tarixində ən böyük sərmayə qoyuluşu olacaq bu anlaşma Azərbaycan mavi qazının Avropa bazarına birbaşa çıxarılmasını təmin edəcək. İlkin qiymətləndirmələrə görə, sərmayənin həcmi 45 milyard dollardan artıqdır. Bu məbləğin yarıdan çoxu Azərbaycanda investisiya ediləcək. V.Bayramovun sözlərinə görə, uzunluğu 870 kilometr olacaq Trans-Adriatik Qaz Kəməri (TAP) Şahdəniz yatağının ikinci fazasının mavi qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq: “TAP layihəsinin əsas mənbəyi “Şahdəniz”in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. Proqnozlara əsasən, ikinci fazada hasilata 2016-cı ildə başlanacaq və TAP kəmərinin tikintisinə 3 il tələb olunacaq. İkinci mərhələdə Avropaya nəql olunacaq mavi yanacağın həcmi 20 milyard kubmetrə çatdırılacaq. Hazırda layihənin 3 səhmdarı var ki, bu, İsveçrənin “Axpo” (42,5 faiz), Norveçin “Statoil” (42,5 faiz) və Almaniyanın “E.ON Ruhrgas” (15 faiz) şirkətləridir. TAP NABUCCO-dan 450 kilometr qısadır və deməli, iqtisadi baxımdan daha rentabellidir. NABUCCO West-ə nisbətən kəmərin inşaat xərcləri xeyli az olacaq. Azərbaycan artıq öz qazını birbaşa Avropa bazarına, həm də bazar qiymətləri ilə çıxara biləcək. Bu isə ölkənin bir bazardan asılılığının aradan qalxması və Bakının mavi yanacaq ixracatında əsas nail olması anlamına gəlir. Odur ki, TAP anlaşması Azərbaycan üçün həm də siyasi-diplomatik əhəmiyyət daşıyır. Anlaşmadan birmənalı şəkildə udan tərəflər, eyni zamanda, qonşu Türkiyə və Gürcüstandır. Türkiyə TANAP-a sahib olmaqla, eyni zamanda, TAP-a da “ev sahibliyi” edəcək, ölkənin bu layihədən də öz daxili ehtiyacları üçün faydalanmaq imkanı olacaq”.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2013.- 21 dekabr.- S.4.