“Şahdəniz-2” Avropanın perspektiv enerji təhlükəsizliyinə mühüm töhfədir

 

Xəbər verildiyi kimi, dekabrın 17-də Bakıda “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimi olub. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, bir sıra ölkələrin dövlət və hökumət nümayəndələri mərasimdə iştirak ediblər. Qeyd edək ki, “Şahdəniz-2” layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-AnadoluTrans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaq. Layihə çərçivəsində 26 sualtı quyunun qazılması, həmçinin, körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, Səngəçalda isə yeni texniki emalkompressor qurğularının inşası nəzərdə tutulur. 3500 kilometr məsafədə nəql olunacaq qaz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ölkələrdə milyonlarla istehlakçını təmin edəcək. İlk qazın Avropaya 2019-cu ildə çatdırılması planlaşdırılır. 1999-cu ildə kəşf olunan “Şahdəniz” yatağının işlənilməsinin birinci mərhələsi çərçivəsində 2006-cı ildən Gürcüstan və Türkiyəqaz ixrac edilir. “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və “Cənub” qaz dəhlizi layihələri isə dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük və mürəkkəb təşəbbüslərdən hesab olunur. Ekspertlər hesab edir ki, bu razılaşmanın böyük iqtisadisiyasi əhəmiyyəti var. Eyni zamanda, bu layihə sosial önəm kəsb etməsi baxımından da diqqəti cəlb edir.

Öz növbəsində məsələyə münasibət bildirən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib ki, həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da möhkəmlənib: Prezident İlham Əliyevin xarici siyasət strategiyası dünya ictimaiyyəti tərəfindən təqdir olunan model kimi səciyyələndirilir. Çünki Azərbaycanın beynəlxalq səviyyədə qurduğu bütün əlaqələr bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı maraqların təmin olunması prinsiplərinə söykənir. Ölkəmizin tutduğu inkişaf yolu milli mənafeyi ifadə etməklə yanaşı, bölgənin inkişafına və sabitliyinə də xidmət edir. Buna görə də, Azərbaycanın iqtisadi, hərbi, mədəni və digər sahələrdə həyata keçirdiyi siyasət təkcə özünün deyil, əməkdaşlıq etdiyi qonşu regionlardakı ölkələrin də inkişafına şərait yaradır. Bu isə, ilk növbədə, Azərbaycanın gücünü, qüdrətini göstərir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, ölkəmiz böyük regional amilə çevrilib”.

Sevinc Fətəliyeva qeyd edib ki, Azərbaycanın Cənubi Qafqaz regionunun lideri olması artıq beynəlxalq səviyyədə qəbul olunmuş bir faktdır. Onun sözlərinə görə, regionun lider dövləti kimi Azərbaycan bu bölgənin siyasi, iqtisadi atmosferinin formalaşmasında həlledici təsirə malikdir.

Millət vəkili onu da bildirib ki, bu gün Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biri kimi çıxış edir. Ölkəmiz milli dövlətçilik prinsiplərinə müvafiq olaraq həyata keçirilən praqmatik əsaslara söykənən siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu qismində çıxış etməkdədir. Bu mənada “Şahdəniz-2” layihəsinin gerçəkləşməsi Azərbaycanın beynəlxalq müstəvidəki mövqeyini gücləndirən mühüm amillərdən biri olacaq.

Siyasi şərhçi, millət vəkili Sahib Alıyev də bu sazişin böyük əhəmiyyət kəsb etdiyini bildirib. Sənədi 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə müqayisə edən S.Alıyevin sözlərinə görə, həm iqtisadi dividendlər, həm də geosiyasi əhəmiyyəti baxımından burada oxşarlıqla yanaşı fərqlilik də var: “Mənim fikrimcə, “Şahdəniz-2” layihəsinin geosiyasi əhəmiyyəti “Əsrin müqaviləsi”ndən də böyükdür. Nəyə görə? Düşünürəm ki, “Əsrin müqaviləsi” transmilli şirkətləri Xəzər hövzəsinə gətirirdisə, bu hövzəni geosiyasi baxımdan Qərbə açırdısa, “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması Avropanı bütövlükdə Azərbaycana açacaq, Azərbaycanın Avropada mövqelərinin daha da möhkəmlənməsinə kömək edəcək. Ümumiyyətlə, geosiyasətin “atası” Fridrix Ratselin bir nəzəriyyəsi var: “Dövlət coğrafi orqanizmdir və böyüməsə məhvə doğru getməlidir”. Bizim reallıqda isə belədir ki, dövlətlər coğrafi baxımdan böyümürlər. İndiki reallıqlar bunu qəbul etmir. Dövlətlər virtual şəkildə böyüyürlər və “Şahdəniz-2” layihəsi də Azərbaycanın bu baxımdan böyüməsinə imkan yaradacaq. Xüsusilə, bu proses Balkanlarda baş verəcək, yəni ölkəmiz bu regionda böyüyəcək”.

Avrasiyanın iki əsas dayaq nöqtəsi olduğunu deyən millət vəkili qeyd edib ki, onlardan biri Balkanlar, digəri isə Qafqazdır. S.Alıyev bildirib ki, Avrasiyada ən çox bu məkanlar qaynar nöqtələr olub: “Azərbaycan hazırda Cənubi Qafqazda lider ölkədir və bunu hər kəs bilir. Bu cür layihələrlə, özünün enerji siyasəti ilə Azərbaycan artıq Balkanlarda da güclənir. Bu regionda artıq virtual Azərbaycan var. Yəni Balkanlarda elə bir ölkə yoxdur ki, Azərbaycan onun iqtisadiyyatında bu və digər dərəcədə təmsil olunmasın və getdikcə bu təmsilçiliyin həcmi artacaq, həm də coğrafiyası genişlənəcək. Bu baxımdan hesab edirəm ki, “Şahdəniz-2” layihəsi son dərəcə böyük əhəmiyyət kəsb edir”.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc isə hesab edir ki, hər bir ölkənin maliyyə və iqtisadi müstəqilliyi onun mövcudluğunu təşkil edən başlıca amillərdən biridir. Onun fikrincə, bu cəhətdən “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması məhz Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəmlənməsi kimi qiymətləndirilməlidir: “Ötən dövrlərdə şahid olduq ki, formal olaraq müstəqilliyini elan etmək hələ avtomatik olaraq həmin dövləti təşkil edən xalqların rifaha qovuşması mənasına gəlmir. Bir sıra hallarda müşahidə olunur ki, bəzi ölkələr gücsüzlyünü müxtəlif bloklara, ittifaqlara, ayrı-ayrı dövlətlərin təsir dairəsinə düşürlər ki, bu da onların beynəlxalq münasibətlər sistemində yerini daha dəqiq edir, həmçinin, belə ölkələr iqtisadi-siyasi qərarları özləri verə bilmir, başqa ölkənin plasdarmı rolunda çıxış edirlər”.

Millət vəkilinin fikrincə, Azərbaycan isə bu yöndə tamam fərqli ölkədir. Onun sözlərinə görə, “Şahdəniz-2” layihəsinin gerçəkləşməsi böyük siyasi müqavimətlərdən, iqtisadi savaşlardan keçdi: “NABUCCO-dan başlayan başqa layihələr üzərində çox ciddi rəqabət və amansız mübarizələr mövcud idi. Açıq şəkildə hiss olunurdu ki, Qafqazdakı mübarizənin əsas elementi neftqaz resurslarıdır. Həm də bunun Orta Asiyaya bağlantılarını götürəndə miqyasının daha genişləndiyini görməkdəyik. Əgər 1994-cü ildə Heydər Əliyevin böyük iradəsi ilə, xarici təsirləri neytrallaşdırmaq gücü ilə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın müharibədən aldığı ziyanları və keçmiş SSRİ-nin vurduğu ziyanları aradan qaldırmağa imkan yaratdısa, bu müqavilənin ölkənin yaxşı xarici əlaqələr qurmasına, tərəfdaşlar qazanmasına təsiri oldusa, “Şahdəniz-2” layihəsi tamam fərqli perpektivlər açır”.

Z.Orucun fikrincə, “Şahdəniz-2” Azərbaycanın mühüm beynəlxalq oyunçu kimi gücünü artırır, ölkəmizi regionda əsas söz sahibinə çevirir, əldə olunan vəsaitlərin fonunda ölkəmizdəki sosial məsələləri tam dəf etməyə imkanlar açır, eyni zamanda, açıq şəkildə Azərbaycanı Qərblə ayrılmaz ittifaqda saxlayır. “Bu o deməkdir ki, biz hər hansı assosiativ sazişlər və s. deyil, daha fərqli aspektdə Avropa dövlətləri ilə münasibətlərimizi qurmaqdayıq. Ona görə də, mən düşünürəm ki, hər zaman neft və qazı müharibələrin simvolu kimi dərk edən dairələr gördü ki, Azərbaycan bu savaşı indiki dövr üçün qalibiyyətlə başa vurdu. Bu, Prezident İlham Əliyevin liderlik keyfiyyətini növbəti dəfə milli maraqlar kontekstində təsdiq edir. Sübuta yetirildi ki, Prezident İlham Əliyev milli maraqlarımızın təminatı yolunda çox mühüm uğura imza atdı. Əminəm ki, “Şahdəniz-2” layihəsinin gerçəkləşməsi bölgənin arxitekturasını daha da yeni səviyyəyə çatdıracaq. Gələcəkdə hamı etiraf edəcək ki, bu yenilik məhz Azərbaycanın hesabına mövcuddur” - deyə, millət vəkili qeyd edib.

 

Nardar BAYRAMLI

Yeni Azərbaycan.- 2013.- 24 dekabr.- S.11.