Azərbaycan Prezidenti İlham
Əliyevin Sədrliyi ilə Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramının icrasının
yekunlarına həsr olunmuş konfrans keçirilib
Dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfrans keçirilib.
Prezident İlham Əliyev əvvəlcə Bakı şəhər İcra Hakimiyyətinin binasında 2011-2013-cü illərdə paytaxtda və ətraf qəsəbələrdə həyata keçirilən yenidənqurma tədbirlərini əks etdirən fotostendlərlə tanış olub. Fotostendlərdə Bakıda və ətraf qəsəbələrdə sosial inkişaf və infrastruktur layihələri, o cümlədən turizm, mədəniyyət, sahibkarlığın inkişafı, həmçinin ətraf mühitin qorunması sahələrində həyata keçirilən çoxsaylı tədbirlər barədə məlumatlar verilir.
Dövlətimizin başçısı konfransı giriş nitqi ilə açıb: “Bu gün biz Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasını müzakirə edəcəyik. Bu, ikinci proqramdır. Birinci proqram 2006-cı ildə qəbul olunmuşdu, iki ili əhatə edirdi. Bu proqram 2011-2013-cü illəri əhatə edir və proqram başa çatır.
Bütövlükdə 2013-cü ildə Azərbaycanın uğurlu dinamik inkişafı təmin edilmişdir. İl ərzində qarşıda duran bütün vəzifələr icra edilmişdir, iqtisadiyyat artmışdır. Dünya miqyasında müqayisə etsək görərik ki, Azərbaycan iqtisadiyyatı ən yüksək templərlə artır. Bu il ümumi daxili məhsul təxminən 6 faiz, qeyri-neft sektorumuz isə təxminən 10 faiz artmışdır.
Bu da əslində görülən işlərin təzahürüdür. Onu göstərir ki, bizim siyasətimizin əsas istiqaməti iqtisadi islahatlardır. Bu islahatlar nəticəsində biz bu uğurlara imza ata bilmişik. Qeyri-neft sektorumuz artır, indi ümumi daxili məhsulda qeyri-neft sektoru üstünlük təşkil edir. Əminəm ki, bu meyllər gələcək illərdə güclənəcəkdir. Ancaq buna nail olmaq üçün biz daha da fəal işləməliyik. Çünki neft-qaz sektorunun artması da gözlənilir. Xüsusilə, bu ayın 17-də Bakıda imzalanmış “Şahdəniz-2” layihəsi gələcəkdə neft sektorunun inkişafına xidmət göstərəcəkdir. Ona görə, biz qeyri-neft sektorunun inkişafına daha da böyük diqqət göstərməliyik. Biz bunu edəcəyik. Ölkəmizdə aparılan islahatlar, düşünülmüş iqtisadi və sosial siyasət imkan verəcəkdir ki, Azərbaycan bundan sonra da uğurla inkişaf etsin.
Bütövlükdə bu il 2003-2013-cü illəri əhatə edən bir dövr başa çatır. Bu dövr ölkəmiz üçün çox uğurlu olmuşdur. Deyə bilərəm ki, son on il ərzində dünyada iqtisadi cəhətdən Azərbaycan qədər inkişaf edən ikinci ölkə yoxdur. Bütün statistik məlumatlar bunu təsdiqləyir. İqtisadiyyatımız 300 faizdən çox - 3,4 dəfə artmışdır. Yoxsulluq şəraitində yaşayanların sayı kəskin şəkildə azalmışdır. İndi Azərbaycanda yoxsulluğun səviyyəsi 5 faizdən bir qədər çoxdur. Yəni, inkişaf etmiş ölkələrin səviyyəsindədir. Biz hətta inkişaf etmiş bir neçə ölkəni qabaqlayırıq. İşsizliklə bağlı məsələlər öz həllini tapır. İşsizlik çox aşağı səviyyədədir, 5 faiz səviyyəsindədir. Bakı şəhərində isə məncə, bütövlükdə bu məsələ öz həllini tapmışdır.
Bizim iqtisadi islahatlarımız dünyanın aparıcı iqtisadi və maliyyə qurumları tərəfindən də təqdirlə qarşılanır. Dünyanın bir nömrəli iqtisadi qurumu olan Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 39-cu yerə layiq görmüşdür. Yəni, bütün bunların təməlində düşünülmüş siyasət, Azərbaycanda 1990-cı illərin ortalarında başlamış islahatlar, Ulu öndər Heydər Əliyevin siyasəti dayanır.
Son on il ərzində isə biz fəal işləyərək Azərbaycanın siyasi, iqtisadi maraqlarını tam şəkildə təmin edə bilmişik. Azərbaycan bu gün beynəlxalq müstəvidə çox böyük hörmətə malik olan bir ölkə kimi tanınır. Biz bu il BMT Təhlükəsizlik Şurasındakı fəaliyyətimizi başa çatdırırıq. Hesab edirəm ki, bu da xalqımız, dövlətimiz üçün çox böyük nəticədir, tarixi bir qələbədir. Dünya birliyinin bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasına seçilmək ölkəmizin tarixi qələbəsidir.
Yəni, istənilən sahəyə baxsaq görərik ki, Azərbaycanın uğurlu inkişafı təmin edilir. Dünyada, Avropada yaşanan iqtisadi böhranlar, bəzi hallarda siyasi çəkişmələr bizə heç bir təsir etməmişdir, edə də bilməz. Çünki bizim siyasətimizin təməlində dövlət maraqları dayanır. Xalqla iqtidar arasındakı birlik bizim inkişafımızı şərtləndirən amillərdən biridir. Biz öz yolumuzla gedirik. Bu yol inkişaf, demokratiya, milli həmrəylik yoludur.
Ölkəmizin hərtərəfli inkişafı, o cümlədən humanitar sahədə -millətlərarası, dinlərarası dialoqun aparılması sahəsində uğurlu təcrübəsi bu gün dünyada öyrənilir. Təsadüfi deyildir ki, Bakı şəhəri bölgənin və hətta deyə bilərəm ki, dünyanın mərkəzlərindən birinə çevrilmişdir. Bakıda yüksək səviyyəli tədbirlər artıq adi hala çevrilmişdir. Zirvə görüşləri, dünya liderlərinin görüşləri, iqtisadi forumlar, humanitar forumlar, - bütün bunlar reallıqdır və Bakı dünya xəritəsində artıq öz layiqli yerini tuta bilmişdir.
Növbəti illər üçün də bizim konkret proqramlarımız vardır. Biz gələcəkdə də bu proqramlar üzrə işləyəcəyik. Mən heç şübhə etmirəm ki, ölkəmizin dayanıqlı inkişafı təmin ediləcəkdir. Yəni, görülən işləri, - bu gün çıxışlarda onların bir hissəsi səslənəcək, - foyedə qoyulan stendlərdə əyani şəkildə görmək olar. Bunlar təkcə Bakı şəhərinə aid olan stendlərdir. Amma bütövlükdə ölkə üzrə gedən müsbət proseslər əminəm ki, gələcəkdə də davam etdiriləcəkdir.
2004-cü ildə regionların
sosial-iqtisadi inkişafına dair birinci Dövlət
Proqramı qəbul olunarkən biz bir neçə məqsədi
qarşımıza qoymuşduq. İlk növbədə,
qarşıya bölgələri inkişaf etdirmək,
bölgələrdə iş yerlərinin
açılmasına, yerli sahibkarlığın
inkişafına nail olmaq, idxaldan
asılılığımızı azaltmaq, infrastruktur layihələri
yaratmaq məqsədləri qoyulmuşdu ki, insanlar bölgələrdən
böyük şəhərlərə miqrasiya etməsinlər.
Nəticə etibarilə qarşıya məsələ
qoyulmuşdur ki, bölgələrlə Bakı
arasındakı fərqi azaltmaq lazım idi. Biz son on il ərzində,
- artıq iki regional proqram icra edilibdir, - buna nail ola
bilmişik.
Ancaq Bakı şəhərinin sürətli inkişafı
əlbəttə ki, bu fərqi tam aradan qaldırmağa imkan
vermir və bu da təbiidir. Çünki Bakı
bu gün dünya miqyasında ən gözəl şəhərlərdən
biridir. Bakıya gələn hər bir
qonaq bunu qeyd edir və öz təəccübünü gizlədə
bilmir. Mənim çoxsaylı təmaslarımda,
xarici qonaqlarla görüşlərimdə, demək olar
onların mütləq əksəriyyəti qeyd edir ki,
Bakının bu dərəcədə gözəl olduğunu
gözləmirdilər. Bakı gözəl
şəhərdir, gözəl təbiəti, gözəl
ab-havası vardır.
Bakının gözəlliyi təkcə binalarda
deyildir. Bakının gözəlliyi şəhərimizdə
olan tarixi ab-havadadır. Gözəl şəhərlər,
gözəl binalarla dolu olan şəhərlər vardır.
Ancaq şəhərin gözəlliyini bunlar
müəyyən etmir. Bakının
özünəməxsus, spesifik bir aurası, tarixi, tarixi
siması vardır. Mən şadam ki, son
illər ərzində biz Bakının tarixi simasını
qoruya bilmişik. Eyni zamanda, hər bir
şəhər kimi Bakının da inkişafı təmin
edilməli idi. Hesab edirəm ki, biz burada həm tarixi
saxlamaqla, memarlıq abidələrini bərpa etməklə,
eyni zamanda, müasir infrastrukturun yaradılması, yeni
binaların tikilməsi istiqamətində də çox
düzgün siyasət aparmışıq ki, müasirliklə
qədim tarix burada - Bakıda ziddiyyət təşkil etmir, əksinə
bir-birini tamamlayır.
Bakının bir neçə mərkəzi vardır. Bu da hər
bir şəhərdə mövcud olan mənzərə
deyildir. İçərişəhər,
Azadlıq meydanı, “Azneft” meydanı tarixi mərkəzdir.
Hazırda Bayraq Meydanı mərkəzə
çevrilibdir, Bulvar, onun yenilənmiş variantı və
Yeni Bulvar, “Ağ Şəhər” Bulvarı, Heydər
Əliyev Mərkəzi, mərkəzi park - görün,
Bakıda son illər ərzində nə qədər ictimai
yerlər abadlaşıb, yaradılıb. Biz
bu istiqamətdə siyasəti davam etdirəcəyik. Bu barədə bir qədər sonra
danışacağıq.
Yəni, regional inkişaf proqramının qəbul
olunması, ölkə iqtisadiyyatına qoyulan sərmayə,
xarici sərmayə üçün yaradılan şərait
bizim dinamik inkişafımızı təmin edib. Əgər
fikir vermisinizsə, son vaxtlar biz neft-qaz sektorunun inkişafı
ilə bağlı o qədər də geniş müşavirələr
keçirmirik. Çünki burada hər
şey yerinə oturubdur.
Azərbaycanın neft strategiyası 1990-cı illərdə
müəyyən edilibdir. Bu strategiyanı icra
edirik. Əlbəttə ki, son on il ərzində
neft-qaz sektorunun inkişafı, maraqlarımızın təmin
edilməsi üçün tarixi nailiyyətlər əldə
edilmişdir. Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum neft, qaz kəmərləri, “Şahdəniz”
layihəsinin icrası, “Şahdəniz-2” layihəsinə start
verilməsi xalqımız üçün, gələcək
üçün böyük bir nailiyyət olacaq və
ölkəmizin müstəqil inkişafını təmin edəcəkdir.
Çünki biz 22 ildir ki, müstəqil ölkə
kimi yaşayırıq. Dünyaya, özümüzə sübut
edə bilmişik ki, müstəqil ölkə kimi nəinki
yaşaya, inkişaf da edə bilərik və dünya
miqyasında ən sürətlə inkişaf edə bilərik.
Bu, bizim böyük nailiyyətimizdir,
uğurumuzdur, xalqımızın qələbəsidir. Biz çalışmalıyıq ki, Azərbaycan
bundan sonra da yalnız yüksələn xətlə
inkişaf etsin.
Buna nail
olmaq üçün əlbəttə ki, hamımız
çox fəal işləməliyik. Deyə
bilərəm ki, cəmiyyətdə də çox gözəl
ab-hava vardır. Cəmiyyət bizim siyasətimizə
öz səsini əlavə edir. Bu dəstək
olmasa idi, biz bu nailiyyətlərə çata bilməzdik.
Ona görə gələcək illərlə
bağlı konkret proqramların icrası nəticəsində
Azərbaycan inkişaf etmiş ölkələrin
sırasına daxil edilməlidir. Qeyri-neft
sektorunun inkişafı davam etdirilməlidir. Yüksək texnologiyaların inkişafı təmin
ediləcəkdir.
Azərbaycan artıq kosmik dövlətdir. Kim bunu bir neçə il bundan əvvəl təsəvvür edə
bilərdi?! Kim təsəvvür edə bilərdi
ki, bu gün o qədər də sayca böyük olmayan kosmik
kluba Azərbaycan da üzv olacaqdır?! Yəni,
bu, mümkündür. İradə,
düşünülmüş siyasət və dövlət
maraqları ön yerdə olan halda bütün bu nailiyyətlərə
çatmaq mümkündür.
Ona görə bizim müstəqillik illərindəki təcrübəmiz,
bugünkü maliyyə vəziyyətimiz, hökm sürən
sabitlik, ictimai-siyasi asayiş imkan verir ki, biz ölkəmizi
uğurla inkişaf etdirək, inamla idarə edək. Dünyada,
bölgədə yaşanan böhranlara baxmayaraq, biz öz
yolumuzla gedirik. Bu yoldan bizi heç kim
döndərə bilməz. Bizim yolumuz müstəqillik
yoludur, inkişaf yoludur. Bu yolda əminəm
ki, biz yeni qələbələrə nail olacağıq.
Bakı şəhərinin və xüsusilə onun qəsəbələrinin
sosial-iqtisadi inkişafı Dövlət Proqramının da
çox böyük əhəmiyyəti vardır. Çünki
Bakıda hələ bir çox infrastruktur layihələri
icra edilməli idi. Xüsusilə qəsəbələrdə
böyük işlər görülməli idi. Bu Proqramın əsas mahiyyəti ondan ibarət idi
ki, Bakı şəhərinin hər bir rayonunda ən
müasir şərait yaradılsın. Bakı
şəhəri təkcə mərkəzdən ibarət
deyildir. Bakının mərkəzdən
uzaq olan yerlərində də inkişaf getməlidir və
gedir. Burada, foyedə nümayiş etdirilən stendlərdə
son iki il ərzində görülən
işlər haqqında məlumat verilir.
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı
qısamüddətli proqram idi. Cəmi iki il
yarımı əhatə edirdi. Mən başa
düşürdüm ki, bu, çox az bir
müddətdir. İki il yarım ərzində
bütün məsələləri həll etmək
mümkün deyildir. Ancaq qarşıya hədəf
qoyulmuşdur ki, biz nə qədər mümkündürsə,
Bakıda bütün problemlərin həllinə tez nail olaq.
Proqram qəbul olunandan sonra onun icrası
başlamışdır. Əlbəttə ki,
dövlət büdcəsində Bakı şəhərinin və
onun qəsəbələrinin inkişafı məsələləri
öz əksini tapmışdır. Qısa
müddət ərzində böyük işlər
görülmüşdür, infrastruktur layihəsi icra
edilmişdir. Bu gün Bakıda elektrik
enerjisi ilə bağlı problemlər demək olar ki, yoxdur.
Yığımla bağlı problemlər
yoxdur. Vaxtilə ən böyük problemlərdən
biri də ödəməmələr idi. Dövlət
qurumları bir-birinə olan borcları ödəyə
bilmirdilər. Beləliklə, çox
qeyri-sağlam vəziyyət yaranmışdı. Artıq bu, keçmişdə qaldı.
Qazlaşdırma ilə bağlı demək olar ki,
problem öz həllini tapmışdır. Bakı şəhəri
təxminən 100 faizə yaxın
qazlaşdırılıbdır. Qazlaşdırılmayan
yerlərə də qaz çəkiləcəkdir. Su-kanalizasiya layihələrinin icrası istiqamətində
genişmiqyaslı işlər başlamışdır.
Bu işlər davam etdiriləcəkdir. Biz bu barədə danışacağıq.
Bakının istilik sisteminin bərpa edilməsi məsələsi
kəskin şəkildə dayanmışdır. Çünki
sovet vaxtında quraşdırılan avadanlıq sıradan
çıxmışdır. Ondan sonra bəzi
hallarda vətəndaşlar batareyaları kəsib kənara
atmışlar. Ona görə bəzi yerlərdə
bu günə qədər də istiliyi bərpa etmək
çətindir. Ancaq buna baxmayaraq, bu
istiqamətdə də işlər gedir.
Bakının yolları bərpa olunur, təmir edilir,
yeni yollar açılır. İctimai zonalar
yaradılır. Qəsəbələrlə
bağlı kompleks tədbirlər icra edilir. Qəsəbələrin problemlərini biz bilirik.
Mən Bakı qəsəbələrində
tez-tez oluram. Biz problemləri dərindən öyrənirik
və son iki il ərzində onların bir
hissəsi, deyə bilərəm ki, böyük hissəsi həll
olunmuşdur. Qalan hissəni də biz yaxın
illərdə həll edəcəyik. Qəsəbələrarası
yolların tikintisi sürətlə gedir. Bu
yollar təkcə qəsəbələrarası yollar deyil,
bütövlükdə Bakı şəhərinə xidmət
göstərir. Yeni yollar çəkilir, bərpa
edilir, genişlənir. Yəni, Bakıda
yaşayan vətəndaşlar bunların hamısını
yaxşı bilir. Bəlkə də bu barədə
çox danışmağa ehtiyac yoxdur.
Ancaq biz kompleks şəkildə yanaşmışıq
ki, qəsəbələrdə bütün məsələlər
öz həllini tapsın. Məktəb, xəstəxana, yollar,
su, kanalizasiya, işıq, qaz, iş yerləri, - bu məsələyə
də diqqət göstərilir. Əgər
ilkin mərhələdə Sahibkarlığa Kömək
Milli Fondunun xətti ilə daha çox bölgələrə
kreditlər ayrılmışdısa, hazırda Bakı qəsəbələrinə
də güzəştli şərtlərlə böyük həcmdə
kreditlər ayrılır.
Yəni, biz bu istiqamətdə, yenə də demək
istəyirəm ki, böyük işlər
görmüşük. Görüləcək işlər
çoxdur. Ona görə biz bu gün -
ilin sonunda Bakı və onun qəsəbələrinin
inkişaf proqramının başa çatması ilə əlaqədar
bu konfransı keçiririk. Burada indi vəzifəli
şəxslər çıxış edəcəklər.
Biz gələcək planlarımız
haqqında fikir mübadiləsi aparacağıq”.
Sonra
Bakı şəhər İcra Hakimiyyətinin
başçısı Hacıbala Abutalıbov, iqtisadiyyat və
sənaye naziri Şahin Mustafayev, “Azərsu” Açıq Səhmdar
Cəmiyyətinin sədri Qorxmaz Hüseynov və “Azəristiliktəchizat”
Açıq Səhmdar Cəmiyyətinin sədri Yaşar Həsənov
çıxış ediblər.
Sonda dövlətimizin başçısı konfransda
yekun nitqi söyləyib.
Yeni
Azərbaycan.-2013.- 24 dekabr.- S.2.