“Azərbaycan 2013-2018: Yeni hədəflərə doğru”
Əli Əhmədov: Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bundan sonra daha böyük uğurlara imza atacaq
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Azərbaycan 2013-2018: Yeni hədəflərə doğru” mövzusunda konfrans keçirilib. Konfransda YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları iştirak ediblər.
Konfransda çıxış edən YAP Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov bildirib ki, hazırda Azərbaycan öz tarixinin qızıl dövrünü yaşayır. Onun sözlərinə görə, ölkəmizin qüdrətli inkişaf perspektivləri və reallıqları Azərbaycanın müasir tarixinin ən yaddaqalan hadisələridir. “Dünyanın bir çox xalqları öz tarixinin qızıl dövrünü keçmişində axtarır. Azərbaycan çoxəsrlik tarixinin qızıl dövrünü indi yaşamaqdadır. Son 10-20 il ərzində keçdiyimiz möhtəşəm inkişaf tarixi bunu söyləməyə kifayət qədər əsas verir. Məhz elə buna görə Azərbaycan vətəndaşları bu ilin oktyabr ayında keçirilmiş prezident seçkilərində öz səsini yenidən Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevə verdilər” - deyə, YAP Sədrinin müavini vurğulayıb. Əli Əhmədov qeyd edib ki, Azərbaycan vətəndaşları bir daha Prezident İlham Əliyevə etimad göstərməklə Heydər Əliyev siyasətinin uğurlarına öz münasibətlərini bildirmiş oldular, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi altında növbəti 5 il ərzində hər bir Azərbaycan vətəndaşını gözləyən nailiyyətləri əsas tutaraq dövlət başçısına dəstək oldular.
Partiyanın İcra katibi deyib ki, bizim qarşımızda duran ən başlıca hədəf Azərbaycanın inkişafıdır: “Prezident İlham Əliyev seçkilərdən sonra xalqa müraciətində və inaqurasiya mərasimində növbəti beş ildə Azərbaycanın başlıca inkişaf hədəflərinin mənzərəsini müəyyənləşdirdi. Hədəflər, vəzifələr aydın şəkildə qarşımıza qoyulub. Təbii ki, başlıca hədəfimiz Azərbaycanın inkişafının iqtisadi təməlinin gücləndirilməsi ilə əlaqədardır. Növbəti beş ildə Azərbaycanın inkişafının iki dəfə artırılması və bu müddət ərzində Azərbaycanın inkişaf etmiş ölkələrin sırasına daxil olması istiqamətində ən möhtəşəm addımların atılmasıdır. İnsanların rifahının daha da yüksəldilməsi, həyat şəraitinin yaxşılaşdırılması, Azərbaycan vətəndaşına onun layiq olduğu həyatın təmin edilməsi üçün ən ciddi tədbirlərin həyata keçirilməsi də qarşımızda duran vəzifələr sırasındadır. Bu hədəflərə çatmağın ən fundamental əsası Azərbaycan dövlətinin gücünün və qüdrətinin artırılmasından ibarətdir. Ən mühüm hədəflərdən biri də ölkəmizin həm regional, həm də beynəlxalq müstəvidə gücünün, qüdrətinin, nüfuzunun daha da artırılmasından ibarətdir. Beləliklə, bu hədəflərə çatmaq uğrunda biz Prezidentimizin rəhbərliyi ilə şərəfli bir yolun yeni mərhələsinin başlanğıcındayıq”.
Əli Əhmədov bu konfransın əlamətdar bir gün ərəfəsində keçirildiyini, 24 dekabr tarixinin YAP-ın Sədri, Prezident İlham Əliyevin doğum günü olduğunu qeyd edib. O, YAP-ın 600 min nəfərlik üzvləri adından cənab İlham Əliyevi bu münasibətlə təbrik edib. “İnanırıq ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında bundan sonra daha böyük uğurlara imza atacaq” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Daha sonra çıxış edən Baş nazirin birinci müavini, YAP Siyasi Şurasının üzvü Yaqub Eyyubov bildirib ki, məhz Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş, məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün müstəqil Azərbaycan Respublikası demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkan, dünya birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkədir. Y.Eyyubovun sözlərinə görə, tarixi baxımdan o qədər də böyük olmayan son 10 il ərzində müstəqil Azərbaycan keçid dövrünü başa vuraraq, yeni inkişaf mərhələsinə qədəm qoyub, etibarlı tərəfdaş kimi dünyada yüksək nüfuza malik olan ölkəyə, regionun bütün siyasi və iqtisadi məsələlərinin həllində əvəzolunmaz iştirakçıya və əsas söz sahibinə çevrilib. “Bu gün ölkəmiz böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısıdır, kosmosa peyk çıxaran dövlətlər sırasına daxil olub, BMT Təhlükəsizlik Şurasının üzvüdür, Davos, Krans Montana, mədəniyyətlərarası humanitar forumların, beynəlxalq müsabiqələrin və digər əhəmiyyətli tədbirlərin keçirildiyi bir məkandır. Son 10 il ərzində 132 Dövlət Proqramı təsdiq olunaraq uğurla icra edilib və ya edilməkdədir. Hazırda diversifikasiya siyasəti uğurla davam etdirilir və artıq iqtisadiyyatın qeyri-neft sektoru neft sektorunu üstələyir. Yoxsulluq səviyyəsi son 10 ildə 8 dəfə azaldılaraq 5,5 faizə enıb. Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 70 faizindən çoxunu təşkil edir” - deyə, natiq vurğulayıb.
Baş nazirin birinci müavini qeyd edib ki, Azərbaycanın iqtisadi inkişafını təmin edən əsas amillərdən biri yaradılmış əlverişli biznes və investisiya mühitidir. Onun sözlərinə görə, ölkəmizin etibarlı tərəfdaş olması, investorların hüquq və mənafelərinin müdafiəsi, mülkiyyət toxunulmazlığı, yerli və xarici iş adamlarına bərabər şəraitin yaradılması nəticəsində iqtisadiyyata 156 milyard dollardan artıq investisiya yatırılıb, dövlətimizin iqtisadi qüdrəti artıb, Azərbaycan artıq xaricə investisiya yatıran ölkəyə çevrilib. Y.Eyyubov bildirib ki, Azərbaycan dünyanın 150-dən çox ölkəsi ilə ticarət əməliyyatları aparır: “Dünya İqtisadi Forumunun “Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014” hesabatına əsasən Azərbaycan 7 pillə irəliləyərək 148 ölkə arasında 39-cu yerə yüksəlib və ardıcıl 5 ildir ki, MDB ölkələri arasında liderliyini qoruyub saxlayıb. Beynəlxalq Telekommunikasiya İttifaqının “İnformasiya Cəmiyyətinin Ölçülməsi-2012” hesabatında Azərbaycan “İKT İnkişaf İndeksi”nə görə əvvəlki mövqeyindən 6 pillə irəliləyərək 155 ölkə arasında 68-ci yeri tutub, 10 “Ən dinamik inkişaf edən ölkələr” qrupunda yerini möhkəmlədib. Beynəlxalq reytinq agentlikləri, hətta qlobal iqtisadi və maliyyə böhranı illərində Azərbaycanın suveren reytinqini yüksəldərək investisiya səviyyəsində dəyərləndiriblər. Sözsüz ki, bu dinamik inkişafa Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Ümummilli liderimiz Heydər Əliyevin inkişaf strategiyasına əsaslanan, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində nail olmaq mümkün olub”.
Y.Eyyubov vurğulayıb ki, qazanılmış nailiyyətlər qarşıdakı illərdə də ölkəmizin davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaradır. “Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası çərçivəsində həyata keçirilmiş Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi möhtəşəm transmilli layihələr bu gün regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu strategiyanın davamı olaraq Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri üzrə razılaşmaların əldə edilməsi, XXI əsrin kontraktı adlandırılan “Şahdəniz-2” layihəsi üzrə investisiya sazişinin imzalanması Azərbaycanı dünyanın böyük təbii qaz təchizatçılarından birinə çevirəcək, bununla da hələ uzun illər xalqımızın rifahına öz əhəmiyyətli töhfəsini verəcək. Ölkənin nəqliyyat sisteminin inkişafı, tranzit imkanlarının reallaşması üçün böyük layihələr həyata keçirilməkdədir. Bu istiqamətdə Beynəlxalq Dəniz Ticarət Limanının və Gəmiqayırma Zavodunun tikintisi, TRASEKA və Şimal-Cənub dəhlizləri çərçivəsində magistral yolların yenidən qurulması, 6 beynəlxalq hava limanının fəaliyyətə başlaması Azərbaycanı Avrasiya nəqliyyat dəhlizinin mühüm hissəsinə çevirəcək. Qarşıdakı illərdə də diversifikasiya siyasəti çərçivəsində qeyri-neft sənayesinin inkişafı prioritet vəzifələrdən biri olacaqdır. Sumqayıt Texnologiyalar Parkı və sürətlə yaradılmaqda olan Kimya Sənaye Parkının, eləcə də, Balaxanı Sənaye Parkının fəaliyyətə başlaması, yeni məhsul istehsalının və müasir texnologiyalardan istifadənin genişləndirilməsi, rəqabət qabiliyyətli məhsul istehsalının və ölkənin ixrac imkanlarının artırılması və xarici investisiyaların cəlb olunmasını təmin edəcək. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair” Dövlət Proqramının uğurlu icrası daxili istehsal hesabına əsas ərzaq məhsullarına tələbatı təmin etmək imkanı yaradıb. İnformasiya və kommunikasiya texnologiyaları sektoru özünün innovativ inkişaf potensialı baxımından, bütövlükdə ölkə iqtisadiyyatının gələcək inkişafında xüsusi əhəmiyyət kəsb edir. Bununla əlaqədar müasir standartlara cavab verən infrastrukturun yaradılması, elektron hökumətin formalaşdırılması və elektron xidmətlərin genişləndirilməsi istiqamətində işlər sürətləndiriləcəkdir. Bundan başqa, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsi, elmi tədqiqatların aparılması və yeni texnologiyaların işlənilməsi üçün Yüksək Texnologiyalar Parkının yaradılması işləri davam etdiriləcək” - deyə, Baş nazirin müavini vurğulayıb.
Natiq onu da qeyd edib ki, Azərbaycanda turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və turizm sahəsinin inkişaf etdirilməsi, xalqımızın mədəni-tarixi irsinin geniş miqyasda tanıdılması məqsədi ilə bu sektora xüsusi diqqət verilir. Bununla yanaşı, səhiyyə, təhsil, mədəniyyət və digər sosial sahələrin inkişafı ilə bağlı tədbirlər, eləcə də, I Avropa Oyunlarının təşkili məqsədilə, idman infrastrukturunun yaradılması və 2014-cü ildə yeni qurğuların inşası da davam etdiriləcək: “Qeyd olunan tədbirlər nəticə etibarilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyən edilmiş vəzifələrin, o cümlədən, 2020-ci ilədək ölkədə qeyri-neft sektorunun inkişafı hesabına ÜDM-nin həcminin 2 dəfə artırılmasını, Azərbaycanın Ümumi Milli Gəlir təsnifatına görə “yuxarı orta gəlirli” ölkələr arasında və BMT İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən “Yüksək insan inkişafı” ölkələri qrupunda üst sıralara yüksəlməsini təmin edəcək. Bütün bunlar bir daha sübut edir ki, Prezident İlham Əliyev ümumbəşəri dəyərlərə əsaslanan özünəməxsus inkişaf kursu ilə, demokratikləşmə, davamlı və dayanıqlı iqtisadi inkişaf, dünya birliyinə sürətli inteqrasiya, ölkənin potensialının dövlətçiliyin daha da möhkəmləndirilməsinə və əhalinin sosial rifahının yüksəlməsinə yönəldilmiş siyasəti ilə, Azərbaycanı qarşıya qoyulmuş hədəfə - dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmək məqsədinə doğru inamla aparır”.
Konfransda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, Azərbaycanın üzunmüddətli inkişaf doktrinasının əsas hədəfləri valyuta sərvətlərini neft və mineral resurslar hesabına formlaşdırmaqla yanaşı, digər vasitələrlə artırmaqdan ibarətdir. Bu sahələrdən ən optimalı və yaxın dövr üçün əlverişli hesab olunanı mövcud ehtiyatların bir hissəsinin beynəlxalq bazarlara səhm, qiymətli kağızlar və daşınmaz əmlaka yönəltməklə, irihəcmli dividendlərə sahib olmaqdır. Bu starteji qərar Azərbaycanın yaxın onillikdə Avropada potensial səhmdar kimi güclənməsi üçün düzgün müəyyənləşdirilmiş iqtisadi platformadır.
Nazirin sözlərinə görə, Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında qeyd olunduğu kimi, təhsil sektorunda çalışanların maddi motivasiyasının yaxşılaşdırılması, onların illik əməkhaqqının adambaşına düşən Ümumi Daxili Məhsula nisbətən mərhələlərlə artırılması hədəf kimi qarşıya qoyulub. Oxşar islahatları səhiyyə sistemində də həyata keçirməklə bu sahədə çalışanların məvaciblərinin orta əməkhaqqı həddinə çatdırılması nəzərdə tutulur. “Eyni zamanda bu gün uğurla davam edən, gənclərin və gənc ailələrin mənzil ehtiyaclarının ödənilməsi üçün verilən ipoteka kreditləri minlərlə gənc ailənin mənzil problemini həll edib. Qarşıdakı illərdə bu prosesin daha da genişləndirilməsi, xüsusilə, sosial ipotekanın şərtlərinin daha da təkmilləşdirilməsi nəzərdə tutulub. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin, ilk növbədə pensiya təminatı sistemində aparılan islahatların son mərhələsi kimi pensiya konsepsiyası hazırlanıb və növbəti illərdə bu konsepsiyanın tətbiqi ilə təminatlı pensiya sisteminin yaradılması başa çatdırılacaq. Mübaliğəsiz olaraq deməliyəm ki, bu nəticələrin əldə olunması, ölkə Prezidentinin Azərbaycan dövləti qarşısında qoyduğu strateji hədəflərin reallaşdırılması nəticəsində mümkün olub. Doğrudur, bu zaman-zaman bəziləri üçün əlçatmaz, həlli çətin görünən, hətta reallaşması mümkünsüz hesab edilən hədəflər olub. Ancaq, ötən 10 ilin təcrübəsi də göstərir ki, möhtərəm Prezidentimiz, cənab İlham Əliyev xalqımızı qələbələrdən qələbələrə aparan əsl ümumxalq məhəbbəti qazanmış bir siyasi lider kimi bütün bu hədəfləri reallaşdırıb. Ona görə də, xalqımız Heydər Əliyev siyasətinə, bu siyasəti uğurla həyata keçirən cənab İlham Əliyevə dərin və sonsuz etimad bəsləyir. Qarşıdan gələn 5 il ərzində yuxarıda qeyd olunan sosial-iqtisadi inkişaf hədəflərinin reallaşdırılması ilk növbədə Azərbaycan xalqının firavan gələcəyinin təmin olunmasına hesablanıb, eyni zamanda, dövlətimizin təhlükəsizliyinin, hərbi qüdrətinin möhkəmlənməsini beynəlxalq mövqelərimizin müstəqil xarici siyasətin ardıcıl sürətdə həyata keçirilməsini nəzərdə tutur ki, bu da dövlətimizin ərazi bütövlüyünün bərpası üçün həlledici amillərdəndir” - deyə, S.Şərifov vurğulayıb.
Çıxış edən rabitə və informasiya texnologiyaları naziri, YAP Siyasi Şurasının üzvü Əli Abbasov informasiya və kommunikasiya texnologiyaları sahəsində əldə olunan uğurlardan və qarşıda duran hədəflərdən bəhs edib. Ə.Abbasov qeyd edib ki, Azərbaycanda İKT-nin inkişafı bir çox beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Onun sözlərinə görə, Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan internetin inkişafına görə MDB və Mərkəzi Asiya ölkələri arasında birinci yerdədir.
Ə.Abbasov deyib ki, Azərbaycan ilk süni rabitə peykindən artıq 10 milyon dollar gəlir əldə edib və peyklə bağlı cəlb edilən kreditlərin 70 faizə qədəri qaytarılıb. Onun sözlərinə görə, bu gün Azərbaycanda İKT-dən əldə edilən gəlir 2 milyard dollardır və 2020-ci ilə qədər bu göstəricinin 8,5 milyard dollara çatacağı gözlənilir. “Bu sahədə orta illik artımın 15-18 faiz olacağı proqnozlaşdırılır. Ölkəmiz kiçik olduğu üçün bazarın həcmi böyük deyil. Ona görə də, innovativ xarakterli xidmət və məhsulların xaricə çıxarılması əsas götürüləcək”, - deyə nazir vurğulayıb.
Nazirin sözlərinə görə, 2020-ci ilə qədər dövlətin əhaliyə təqdim etdiyi xidmətlərin 100 faizinin “Elektron Hökumət” vasitəsi ilə həyata keçirilməsi, əhalinin elektron xidmətlərdən istifadə səviyyəsinin 80 faizə çatdırılması nəzərdə tutulur. O qeyd edib ki, “Qızıl üçbucaq” deyilən konsepsiya üzərində iş aparılır: “Birinci növbədə intellektual insan potensialı yetişdirilməlidir. Bu istiqamətdə son vaxtlar yeni universitetlərin yaradılması da qeyd olunmalıdır. İkincisi, əlverişli biznes mühitinin yaradılması ilə bağlıdır. Texnoparkların yaradılması və yeni vergi və gömrük siyasəti bura daxildir. Üçbucağın üçüncü bucağı kapitala bağlıdır. Neftdən gələn gəlirlərin qeyri-neft sektoruna, texnologiyanın inkişafına yönəldilməsi həyata keçirilir. Bu istiqamətdə işlər gerçəkləşdirilərsə, “Qızıl üçbucaq” konsepsiyası uğurla həyata keçiriləcək”.
Azərbaycanın İKT məhsullarının xarici bazarlara çıxarılması üçün transmilli şirkətlərlə əməkdaşlığı, birgə layihələrin həyata keçirilməsini zəruri sayan rabitə və informasiya texnologiyaları naziri deyib ki, 2020-ci ilədək İKT sahəsinə dövlət tərəfindən 3-3,3 milyard dollar, özəl sektor tərəfindən də təxminən eyni həcmdə sərmayə yatırılacağı gözlənilir: “Əgər İKT sahəsinə qoyulan 1 dollar sərmayənin 10 dollar gəlir verdiyini nəzərə alsaq, hədəflərimizə nail ola bilərik”.
YAP Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov konfransa yekun vuraraq qarşıdakı illərdə uğurlarımızın daha böyük olacağına əminliyini ifadə edib.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-2013.- 24 dekabr.-
S.4.