Prezident İlham Əliyev Azərbaycan xalqının alternativsiz lideridir

 

Ümummilli lider Heydər Əliyevin dövlətçilik irsini fərdi istedadı və liderlik bacarığı ilə yaşadan Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm xüsusiyyətlərini özündə birləşdirir

 

Məlum olduğu kimi, Azərbaycan hazırda dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Bu inkişafın əsasında isə uğurla reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla və qətiyyətlə davam etdirilməsi bugünkü milli inkişafın əsasını təşkil edir. Müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin və mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi müasir Azərbaycanın gerçəklikləri kimi çıxış edir. Heç şübhəsiz, bütün bu nailiyyətlərin əsasında güclü lider fenomeni dayanır.

Vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Qeyd etdiyimiz kimi, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Eyni zamanda, Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Gənc dövlətin əsaslarının möhkəmliyi, həmçinin, həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, üstün zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Ümummilli lider Heydər Əliyevin dövlətçilik irsini fərdi istedadı və liderlik bacarığı ilə yaşadan Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm xüsusiyyətlərini özündə birləşdirir.

Prezident İlham Əliyev iqtisadi inkişafın Azərbaycan modelini yaradıb

Sadalananlar onu deməyə əsas verir ki, Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən siyasi və iqtisadi kursun qanunauyğun nəticəsidir. Belə ki, respublikamızda 2003-cü ildən etibarən liberal iqtisadi sistemin qurulması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə, qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində görülən tədbirlər ölkə iqtisadiyyatının yüksələn xətlə inkişafını təmin edib. Ötən 10 il ərzində Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 3,4 dəfə, qeyri-neft sektoru isə 2,7 dəfə artıb. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhalinin rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşıb, vətəndaşların gəlirləri 6,1 dəfə artıb, 1,2 milyon iş yeri açılıb. Hesabat dövründə yoxsulluğun səviyyəsi 6 faizə, işsizliyin səviyyəsi isə 5,2 faizə qədər azalıb. Müqayisə üçün bildirək ki, 2003-cü ildə Azərbaycanda yoxsulluq səviyyəsi 49 faiz təşkil edirdisə, 2012-ci ildə bu rəqəm 6 faizədək azalıb ki, bu, yoxsulluqla mübarizə sahəsində dünyada ən yüksək göstəricilərdən biridir.

2003-2013-cü illərdə dövlət büdcəsinin həcmi 19 dəfə artaraq 20 milyard manata və ya 25,6 milyard ABŞ dollarına çatıb. Bu illər ərzində ölkə iqtisadiyyatına bütün mənbələr hesabına 150 milyard dollardan çox sərmayə yatırılıb. Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara yaxınlaşıb.

Qeyd etmək lazımdır ki, ölkəmizin ümumi iqtisadi, sosial inkişafını şərtləndirən əsas amillər arasında mütləq şəkildə regionların, Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafını nəzərdə tutan konkret proqram və layihələrin rolu əvəzsiz olduğu kimi, öz növbəsində respublikamızın ümumi iqtisadi inkişafı bölgələrimizin tərəqqisini əsaslandıran böyükhəcmli proqramların icrasına da şərait yaradır. Bunun nəticəsidir ki, ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafına, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsinə nail olunub.

Qeyd etmək lazımdır ki, 2009-2012-ci illər ərzində regionların inkişafına ümumilikdə 14,5 milyard manat dövlət investisiyaları yönəldilib. Cari il isə əsaslı vəsait qoyuluşlarının 77 faizi və ya 5,3 milyard manat regionlar üçün ayrılıb.

Azərbaycanda həyata keçirilən çevik iqtisadi siyasət dövlət büdcəsinə, onun gəlir və xərclərinin dinamikasına və strukturuna, eyni zamanda, bank sektoruna da öz müsbət təsirini göstərib. Aparılan məqsədyönlü islahatlar və ardıcıl iqtisadi siyasət nəticəsində dövlət büdcəsinin gəlir və xərclərinin ÜDM-ə nisbəti davamlı surətdə müsbət istiqamətdə dəyişib. Büdcə-vergi, eyni zamanda, bank siyasəti əsasən makroiqtisadi sabitliyin möhkəmləndirilməsinə, iqtisadi inkişafın sürətlənməsinə, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasına və büdcə kəsirinin minimuma endirilməsinə yönəldilib. Ümumilikdə, ötən 10 il ərzində Azərbaycanda büdcə gəlirlərinin dəfələrlə artmasını dövlətin əsas iqtisadi nailiyyətlərindən biri kimi xarakterizə etsək, yanılmarıq. Belə ki, 2003-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 1 milyard 220 milyon manat (manatın denominasiyası nəzərə alınmaqla), xərcləri isə 1 milyard 266 milyon manat idisə, 2013-cü ildə gəlirlər 19,159 milyard manat, xərclər 19,850 milyard manata çatdırılıb. İcmal büdcənin gəlirləri 20,729 milyard manat, xərclər 24,5 milyard manat təşkil edib.

2014-cü il üçün dövlət büdcəsinin gəlirləri isə ÜDM-nin 31,4 faizi həcmində olmaqla 18 milyard 384 milyon manat nəzərdə tutulub. İcmal büdcənin gəlirləri 21 milyard 986 milyon manat, xərcləri isə 24 milyard 444 milyon manat nəzərdə tutulub.

Qeyd etmək lazımdır ki, hazırda Azərbaycanın dövlət büdcəsi artıq dünya bazarlarında neftin qiymətinin dəyişməsindən asılı deyil. Belə ki, qeyri-neft sektorunun inkişafı, artan valyuta ehtiyatları fonunda neftin qiymətinin azalması ölkəmizin maliyyə imkanlarına mənfi təsir edə bilməz. Bu fakta təsir edən mühüm amillərdən biri də Azərbaycan Dövlət Neft Fondu tərəfindən (maliyyə imkanlarını sabit saxlamaq üçün) qızılın və ya daşınmaz əmlakın alınması istiqamətində əhəmiyyətli addımların atılmasıdır.

Onu da vurğulayaq ki, ölkəmizdə qeyri-neft sektorunda müşahidə olunan dinamizm iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsidir. Məsələn, təkcə 2013-cü ilin 11 ayı ərzində istehsal edilən ÜDM-in həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 5,7 faiz artaraq 52,1 milyard manata çatıb. Bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunan ÜDM-in həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz, qeyri-neft sektorunda isə 9,5 faiz artıb. Qeyri-neft ümumi daxili məhsulunun xüsusi çəkisi 56,0 faiz təşkil edib.

Hazırda Azərbaycanda da iqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə yatırılır. Məsələn, informasiya və kommunikasiya texnologiyaları sahəsi prioritet sektorlardan biri kimi müəyyənləşdirilib. Cari ilin fevralında “Azərspace-1” ilk Azərbaycan peyki fəzaya buraxılıb, ölkəmizdə kosmos sənayesinin inkişaf etdirilməsi istiqamətində işlər aparılır.

Sözsüz ki, Azərbaycan iqtisadiyyatında inkişaf göstəriciləri arasında sənayenin çəkisi də artmaqdadır. Bütövlükdə, respublikanın müxtəlif bölgələrində, Bakıda sənayeləşmə proqramının uğurlu icrası nəticəsində yeni böyük, kiçik istehsal və emal sənayesi müəssisələri fəaliyyətə başlayıb, yeni iş yerləri açılıb. Təkcə 2012-ci ildə ölkədə 60-dan çox sənaye müəssisəsi istifadəyə verilib.

Bu gün Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatı da sürətlə inkişaf edir. Dövlət tərəfindən aqrar sahədə infrastruktur layihələrinin davamlılığı, kənd təsərrüfatı sahəsinə dövlətin qayğısının artırılması aqrar sahənin inkişafına müsbət təsirini göstərib. Aqrar sahənin inkişafı isə öz növbəsində mühüm olan ərzaq təhlükəsizliyinin təminatının qarantı kimi çıxış edir. Ərzaq təhlükəsizliyinin təminatı həm də daxili istehsal və emal sahələrinin inkişafını sürətləndirməklə yanaşı, rəqabət qabiliyyətli məhsulların istehsalını stimullaşdırır. Qarşıda duran vəzifələrdən biri isə rəqabət qabiliyyətli məhsulların istehsalını artırmaqdır.

Azərbaycanın artan iqtisadi imkanları müdafiə sənayesi sektoruna da müsbət təsir göstərir. Belə ki, respublikamızın maliyyə imkanlarının genişlənməsi müdafiə sənayesi bölməsinə hökumət tərəfindən ayrılan vəsaitlərin həcminin artırılmasına imkan verir. Respublikamız aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş bir sıra dövlətinin firma və şirkətləri ilə sıx əməkdaşlıq təmaslarına malikdir. Bütün bunlar deməyə əsas verir ki, hərbi sənaye potensialını möhkəmləndirən Azərbaycan bir neçə ildən sonra regionda və xarici bazarlarda həm də hərbi təyinatlı məhsulların ixracatçısına çevriləcək.

Azərbaycan turizm sənayesinin inkişafı üçün də çox zəngin və əvəzsiz ehtiyatlara malikdir. Bu, hər şeydən əvvəl, çox əlverişli siyasi-coğrafi mövqedir. Azərbaycan Qərb-Şərq qovuşuğunda, Transqafqaz nəqliyyat dəhlizinin mərkəzində yerləşir, bütün infrastruktur - Avropanı Qafqaz və Mərkəzi Asiya ölkələri ilə birləşdirən hava, magistral avtomobil və dəmir yolları burada cəmləşib. Son zamanlar Azərbaycanda turizmin inkişafı üçün bir çox tədbirlər həyata keçirilir ki, bu da ölkəmizdə turizm sahəsinə olan diqqəti özündə əks etdirir. Turizm iqtisadiyyatının inkişafı üçün aparılan işlərə bir çox turizm obyektlərinin, pansionatların, restoranların, ulduzlu hotellərin və s. tikilməsi misal ola bilər. Həm də respublikanın əksər regionlarında tikilmiş və tikilməkdə olan olimpiya kompleksləri də ölkə iqtisadiyyatına müəyyən miqdarda təsir göstərir. Ümumilikdə son 2 ildə ölkəyə gələn turistlərin sayı 41 faiz yüksəlib. Bu rəqəm Dünya Turizm Təşkilatı tərəfindən də qeyd olunub.

Beləliklə, demək olar ki, Azərbaycandakı iqtisadi sistem qlobal maliyyə böhranından əziyyət çəkən bir sıra dövlətlər üçün nümunə ola bilər.

Azərbaycanın seçdiyi strateji istiqamət demokratik inkişaf yoludur

Prezident İlham Əliyevin rasional daxili siyasət kursunun effektiv nəticələrindən birini də Azərbaycanın demokratiya yolunda inamla irəliləməsi təşkil edir. Ümumiyyətlə, demokratik dəyərlərin və təsisatların təşəkkül tapması, mütəmadi surətdə yenilənərək inkişaf etdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi kimi təməl strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin milli siyasət kursunun əsasını təşkil etməkdədir. Odur ki, bütün bunların fonunda bu gün Azərbaycan demokratik inkişaf yolunda irəliləyən avanqard ölkələr sırasında yer almaqdadır. Ölkəmizdə demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapması və inkişafını təmin edən başlıca amil qismində isə mütəmadi islahatların həyata keçirilməsi çıxış edir.

Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən rasional siyasi-strateji kursun fonunda insan və vətəndaş hüquq və azadlıqlarının təminatının daha da gücləndirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, ictimai-siyasi təsisatların fəaliyyət mexanizminin artırılmasına yardım edən hüquqi islahatların həyata keçirilməsi və digər bu kimi tədbirlər demokratikləşmə prosesinin daha da sürətlənməsini şərtləndirib. Nəticə etibarilə, Azərbaycan demokratiya yolunda intensiv irəliləyişini inamla davam etdirir.

Elə bütün bunların məntiqi nəticəsidir ki, Qərbin aparıcı demokratik dövlətləri və təşkilatları Azərbaycanın demokratiya yoluna sadiq qaldığını və demokratikləşmə prosesini sürətləndirdiyini bəyan etməkdədirlər. Cari ilin oktyabr ayının 9-da keçirilən prezident seçkilərinin nəticələri də beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın demokratik dəyərlər və ənənələrə sadiq olması kimi qiymətləndirilir.

Prezident İlham Əliyev gənclərin dostu və hamisidir

Qeyd edək ki, 2003-2013-cü illər Azərbaycanda gənclər siyasətinin də uğurları ilə yadda qalıb. Bildiyimiz kimi, gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Hər bir ölkənin gələcəyi gənc nəslin təhsil, fiziki və mənəvi sağlamlıq səviyyəsindən xeyli dərəcədə asılıdır. Heç şübhəsiz, Azərbaycan gəncliyinin parlaq gələcəyinin təmin edilməsi, gənclərimizin istedadının, potensial imkanlarının aşkara çıxarılması və genişləndirilməsi, onların şəxsiyyət kimi formalaşmasına lazım olan hər bir şəraitin yaradılması strateji məsələdir. Bu baxımdan, Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Davamlı surətdə təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə şərait yaradıb.

Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Gəncliyi Dövlət Proqramı” və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqram”ının imzalanması gənclərin inkişafına göstərilən diqqət və qayğının təzahürüdür. Həmin proqramlara uyğun olaraq gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində tədbirlərin həyata keçirilməsi, gənclərin sağlamlığının qorunması sahəsində tədbirlərin həyata keçirilməsi, kütləvi bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi, ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şəraitin yaradılması istiqamətində tədbirlər görülüb. Bundan başqa, perspektivdə də gənclərin təhsil, iş şəraitinin yaxşılaşdırılması, peşəkar gənc kadrların hazırlanması, gənc sahibkarların dəstəklənməsi, ailə institutunun möhkəmləndirilməsi, gənclərin inkişafına yönəlmiş infrastrukturun yaradılması və digər bir çox vəzifələrin həyata keçirilməsi qarşıya məqsəd kimi qoyulub.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətinin fonunda Azərbaycan həm də dünya miqyasında idman ölkəsi kimi tanınmaqda və ölkəmizdə idmanın inkişafı mütəmadi səciyyə daşımaqdadır. Əlbəttə ki, idmana dövlət səviyyəsində xüsusi diqqət və qayğının göstərilməsi həm cəmiyyətimizdə gənc nəslin sağlam yetişməsinə, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi tanınaraq nüfuzunun artmasına xüsusi töhfələr verir.

Dövlət tərəfindən idmana göstərilən xüsusi diqqət və qayğının məntiqi nəticəsidir ki, Azərbaycanın beynəlxalq idman yarışlarında əldə etdiyi göstəricilər ildən-ilə daha da yaxşılaşır. Beləliklə, Azərbaycanın idman müstəvisində beynəlxalq nüfuzu güclənməkdə və bu istiqamətdə beynəlxalq aləmdə ölkəmizin uğurları artmaqdadır. Bütün bunların nəticəsi kimi, bir sıra mötəbər idman yarışlarının təşkil olunması Azərbaycana etibar edilir. Ölkəmizin Avropa Olimpiya Oyunları kimi planetin bir nömrəli idman yarışına ev sahibliyi etmək iddiasını ortaya qoyması və namizədliyini rəsmi şəkildə irəli sürməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. Bu gün dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağın, Olimpiya Hərəkatının öncül ölkələrindən birinə çevrilməyin sayəsində bu kontekstdə inkişafın Azərbaycan modeli formalaşdırılıb. Ümumilikdə isə, Azərbaycan Avropanın müasir infrastruktura malik lider idman ölkələrindən biridir və aparılan dövlət siyasəti sayəsində ölkəmiz bu mövqeyini bundan sonra da qoruyacaq.

Azərbaycan yeni geostrateji statusa - regional güc mərkəzindən qlobal strateji tərəfdaşa doğru

Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna, eləcə də yüksək beynəlxalq nüfuza malik olan aktora çevrilib. Başqa sözlə, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizi dünya siyasətinin təmsilçisi qismində çıxış edən və müstəqil xarici siyasət yürüdən milli dövlətlərin etibarlı strateji tərəfdaşına çevirib.

O da vurğulanmalıdır ki, hazırda Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə, beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biri kimi çıxış edir. Ölkəmiz milli dövlətçilik prinsiplərinə müvafiq olaraq həyata keçirilən praqmatik və rasional siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu qismində çıxış etməkdədir. Təsadüfi deyil ki, Xəzər dənizinə xarici sərmayədarları ilk dəfə dəvət etməklə, uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlığın sağlam təməlini atan Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir strateji layihə gerçəkləşdirilə bilməz. Bu da lokomotiv milli aktor olmaq etibarilə Azərbaycanın dünya dövlətlərinin strateji əməkdaşlıqlar perspektivində kəsb etdiyi önəmi aydın şəkildə əks etdirir. Bu kontekstdə son olaraq dekabrın 17-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimi baş tutub. Avropada yeni enerji xəritəsi formalaşdıracaq bu layihə enerji təhlükəsizliyi kontekstində regional və beynəlxalq təhlükəsizliyə mühüm strateji töhfədir. Təkcə layihənin əhəmiyyətinə nəzər yetirmək bunu deməyə əsas verir. Məlumdur ki, “Şahdəniz-2” layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə, Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaq. Layihə çərçivəsində 26 sualtı quyunun qazılması, həmçinin, körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, Səngəçalda isə yeni texniki emal və kompressor qurğularının inşası nəzərdə tutulur. 3500 kilometr məsafədə nəql olunacaq qaz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ölkələrdə milyonlarla istehlakçını təmin edəcək. İlk qazın Avropaya 2019-cu ildə çatdırılması planlaşdırılır.

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması dövlətimizin beynəlxalq nüfuzunun artmasına xidmət edir

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrü səciyyələndirən cəhətlərdən biri də ölkəmizin qlobal informasiya məkanında mövqeyini möhkəmləndirməsi, erməni diasporunun, lobbisinin, Ermənistan dövlətinin və onun havadarlarının ölkəmizə qarşı apardığı informasiya müharibəsinə fəal şəkildə müqavimət göstərməsi, hətta son dövrlərdə üstünlüyü ələ almasıdır. Ölkəmizin beynəlxalq nüfuzunun artması Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına əlavə imkanlar yaradır. Bildiyimiz kimi, Azərbaycanın xarici siyasət sahəsində qarşıya qoyduğu başlıca məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünyaya çatdırılması, Ermənistanın işğal siyasətinin ifşa edilməsi, işğalçı dövlətə beynəlxalq təzyiqin gücləndirilməsi, son nəticədə isə zəbt olunmuş ərazilərin geri qaytarılmasıdır. Bu məqsədlə, Azərbaycan beynəlxalq təşkilatlardakı mövqeyindən və ikitərəfli əlaqələrindən uğurla istifadə edir. 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilən Azərbaycan Ermənistan dövlətinin işğalçı və terrorçu siyasətini ən yüksək kürsüdən dünyaya çatdırmaq imkanını əldən vermədi, 2012-ci ilin mayında Şuranın Azərbaycan Prezidentinin Sədrliyi ilə keçirilən toplantısında bu məsələlər TŞ üzvlərinin diqqətinə çatdırıldı.

Eyni zamanda, yüksək beynəlxalq nüfuza malik olan Azərbaycanın Xocalı soyqırımı haqqında həqiqətlərin beynəlxalq miqyasda tanınması istiqamətindəki fəaliyyətini xeyli intensivləşdirməsi də mühüm nəticələrin əldə olunmasını şərtləndirib. Bu işdə Azərbaycan dövləti, müxtəlif ölkələrdəki səfirliklərimiz, Diasporla İş üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu, ölkə daxilindəki ictimai qurumlar, dünyanın dörd bir yanındakı diaspor təşkilatlarımız, ölkədə və xaricdə yaşayan soydaşlarımız qısası, Azərbaycanı sevən və bu ölkə üçün çalışan hər bir kəs birlik nümayiş etdirərək prosesə qoşulub. 2008-ci ildən bu vaxtadək 60-dək ölkədə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası olduqca səmərəlidir.

Təsadüfi deyil ki, artıq beynəlxalq ictimaiyyət Azərbaycan xalqının başına gətirilən bu faciəyə münasibətini ortaya qoyur. Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən, Ermənistanı təcavüzkar dövlət kimi tanıyan çoxsaylı qətnamələr qəbul edən İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyan ilk beynəlxalq təşkilatdır. Təşkilatın Parlamentlər İttifaqının builki sessiyasında Xocalı soyqırımı ilə bağlı daha bir qətnamə qəbul olunub. Eyni zamanda, ABŞ-ın Xocalı soyqırımını tanıyan və bu cinayəti pisləyən ştatlarının sayı durmadan artmaqdadır. Belə ki, artıq Massaçusets, Texas, Nyu Cersi, Corciya və Meynin ardınca bu il Nyu-Meksiko və Arkanzas ştatları Xocalı qırğınını tanıyıblar. Bundan əlavə, ABŞ-ın Kaliforniya ştatı Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan qətnamə və proklamasiyalar qəbul edib.

Azərbaycanın yüksək beynəlxalq nüfuzunun və beynəlxalq münasibətlər sistemində rasional iştirakçılğının qanunauyğun nəticəsidir ki, Xocalı soyqırımı ayrı-ayrı dövlətlər səviyyəsində də tanınır. Yəni 2011-ci ilin dekabr ayında Meksika, 2012-ci ilin fevral ayında Pakistan, aprelində isə Kolumbiya Xocalı soyqırımını rəsmən tanıyıb. Eyni zamanda, Çexiya Respublikası Avropa İttifaqının üzvləri arasında Ermənistanı dinc Xocalı sakinlərinin qətliamına görə rəsmən pisləyən və bu hərəkətləri insanlığa qarşı cinayət kimi tanıyan ilk dövlətə çevrilib. Fevral ayının 26-da isə Bosniya və Hersoqovina parlamenti Xocalı faciəsini tanıyan qətnamə qəbul edib.

Bu və digər faktlar beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətlərinə verdiyi qiymətin göstəricisi olmaqla yanaşı, ölkəmizin informasiya sahəsində qələbəsi, eləcə də, diaspor siyasətinin uğurudur. Bu, o deməkdir ki, artıq beynəlxalq ictimaiyyət ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı və digər vəhşiliklərlə bağlı daha yaxşı məlumatlanıb və bu cinayətlərə öz münasibətini ortaya qoyur. Beynəlxalq ictimaiyyətin həqiqətləri bilməsi və təsdiqləməsi isə tarixi təhrif edən yalan məlumatların sürətlə yayılmasının və möhkəmlənməsinin qarşısını alır.

Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilib

Bildiyimiz kimi, hər bir sahədə Ümummilli liderin kursunu uğurla davam etdirən Prezident İlham Əliyev eyni zamanda Azərbaycanda müasir ordu quruculuğu siyasətini də həyata keçirir. Müharibə şəraitində yaşayan bir ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin və əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir. Milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Son illər ərzində bu sahədə həyata keçirilən köklü islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilib.

Belə ki, son 10 ildə ölkənin müdafiə qabiliyyətinin yüksəldilməsi məqsədi ilə hərbi qulluqçuların sosial-hüquqi müdafiəsi, Silahlı Qüvvələr və qanunvericilikdə nəzərdə tutulan silahlı birləşmələrin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi və hərbi-sənaye potensialının inkişaf etdirilməsi sahəsində intensiv işlər aparılıb, ordumuzun həm xaricdən alınan, həm də ölkəmizdə istehsal olunan hərbi məhsullar hesabına müasir döyüş sistemləri, silah və sursatlarla təchiz edilməsinə nail olunub.

Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə hərbi sahəyə büdcədən 135 milyon dollar ayrıldığı halda, 2013-cü ildə bu məbləğ 3,7 milyard dollar həcmində təşkil edib. Nəticədə, bu gün Azərbaycanın təkcə müdafiəyə ayrılan vəsaiti Ermənistanın ümumi dövlət büdcəsini 2 dəfə üstələyir.

Əlbəttə ki, ölkənin hərbi gücünün artırılmasına göstərilən yüksək diqqət Azərbaycan ərazisinin 20 faizinin Ermənistanın işğalı altında saxlanması faktoru ilə bağlıdır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın xarici siyasətində prioritet məsələ olaraq qalır. 2013-cü il noyabrın 19-da Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada baş tutan görüşü Ermənistanın işğal siyasətindən əl çəkməyə hazır olmadığını bir daha göstərdi. Buna baxmayaraq, Azərbaycan hərbi gücünü artırmaq və torpaqlarını silah gücü ilə azad etmək hüququnu öz əlində saxlamaqla, münaqişənin sülh yolu ilə həlli imkanlarının tükənmədiyini nəzərə alaraq danışıqlar prosesini davam etdirir.

Tarixi həqiqət, haqq-ədalət Azərbaycanın tərəfindədir. Bunun təsdiqi olaraq, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı və Ermənistanın işğalı altında olan digər əraziləri Azərbaycanın sərhədləri içərisində görür və ölkəmizin ərazi bütövlüyünü tanıyır. Beynəlxalq hüququn prinsipləri və BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi, həmçinin, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin, Avropa Şurasının, Qoşulmama Hərəkatının son 10 ildə qəbul etdiyi qərar və qətnamələr problemin ədalətli həlli üçün müəyyən hüquqi zəmin yaradıb.

Bir sözlə, Azərbaycan özünün qətiyyətli mövqeyini ortaya qoyaraq, Ermənistanın destruktiv siyasətini ifşa edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sferalarda və səviyyələrdə həyata keçirilən hücum diplomatiyası Ermənistanın və erməni lobbisinin beynəlxalq mövqelərinə ciddi zərbə vurub. Bəzi aparıcı dövlətlərin münaqişəyə ikili yanaşmasını sürdürdüyü bir vaxtda Azərbaycan istər diplomatik, istərsə də iqtisadi vasitələrlə işğalçı Ermənistana qarşı təzyiq siyasətini həyata keçirməkdədir.

Əlbəttə ki, ərazi bütövlüyünün bərpası yönündə fəaliyyət təkcə qeyd olunan addımlarla məhdudlaşmır. Azərbaycan həm də bu illər ərzində özünün sosial-iqtisadi və hərbi qüdrətini dəfələrlə artıraraq düşmən üzərində hərtərəfli üstünlüyə nail olub. Prezident İlham Əliyevin inauqurasiya mərasimindəki nitqində də qeyd etdiyi kimi, “bu gün Azərbaycan büdcəsi Ermənistan büdcəsindən 10 dəfə böyükdür, hərbi xərclər 10 dəfə çoxdur, əhali isə beş dəfə artıqdır”.

Bununla Azərbaycan istər Ermənistana, istərsə də onun havadarlarına göstərir ki, ərazi bütövlüyü məsələlərində heç bir güzəştdən söhbət gedə bilməz və Azərbaycan heç vaxt öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək.

Prezident İlham Əliyevin son nitqlərindən də göründüyü kimi, növbəti 5 ildə də ərazi bütövlüyünün bərpası prioritet məsələ olacaqdır. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hücum diplomatiyası və ardıcıl siyasət davam etdiriləcək. Eyni zamanda, Azərbaycan özünün hərbi, siyasi, iqtisadi gücünü artırmaqda davam edəcək, paralel olaraq, Ermənistanın sosial, iqtisadi tənəzzülünün, depopulyasiyasının daha da dərinləşməsi istiqamətində səylər artırılacaq.

Məqsəd isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, həmçinin, azərbaycanlıların bütün tarixi torpaqlarımıza qayıtmasını təmin etmək və ədaləti bərpa etməkdir.

Beləliklə, Azərbaycan ilə Ermənistan arasındakı qüvvələr fərqi, regionda gedən proseslər onu göstərir ki, ölkəmiz öz ərazi bütövlüyünü mütləq bərpa edəcək. Yəni, xalqımızın daim bu inamla yaşaması, üzərindən 20 ildən artıq vaxtın keçməsinə baxmayaraq, cəmiyyətimizin işğalla barışmaması, vətənpərvər gənc nəslin yetişməsi və mövcud xalq-iqtidar birliyi Azərbaycanın ərazi bütövlüyünün bərpasını daha da sürətləndirəcək.

9 oktyabr qələbəsi xalqın ölkə Prezidentinə dərin rəğbət və etimadının ifadəsidir

Azərbaycanda müşahidə edilən inkişaf prosesinə, görülən işlərə nəzər saldıqda ölkə ictimaiyyətində dövlət başçımıza olan yüksək rəğbətin heç də təsadüfi olmadığı bir daha aydın görünür. Təbii olaraq, Azərbaycan xalqı həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyasının, milli maraqlara cavab verən daxili və xarici siyasətin davam etdirilməsini istəyir. Bu baxımdan, 2013-cü il 9 oktyabr prezident seçkilərinin nəticələri xalqın iradəsini əks etdirdi və məlum olduğu kimi, Prezident İlham Əliyev növbəti dəfə böyük üstünlüklə qalib gəldi. Bu qalibiyyət, bütövlükdə Azərbaycan xalqının qələbəsidir. Bu ondan xəbər verir ki, ölkədə tam sosial-siyasi sabitlik mövcuddur, əhali dövlətin siyasətindən razıdır.

Ümumilikdə, son 10 il müddətində bütün sahələrdə görülən işlər, qazanılan uğurlar onu göstərir ki, Azərbaycan doğru yolda irəliləyir, Azərbaycan xalqı düzgün seçim edib. Bu yol Ulu öndər Heydər Əliyevin yoludur. Ümummilli liderin əsasını qoyduğu inkişaf xətti Azərbaycan Respublikasının güclü dövlətə çevrilməsinə və əbədi mövcudluğuna, Azərbaycan xalqının rifahına, firavan yaşayışına və inkişafına görə dünya xalqları içərisində ön sıralarda dayanmasına hesablanıb. Ulu öndərin müəyyənləşdirdiyi yol aydındır və xalqımız bu yolun ölkəni hansı gələcəyə apardığını yaxşı bilir. 9 oktyabr qələbəsi bir daha təsdiq etdi ki, xalqın Prezident İlham Əliyevə göstərdiyi etimad özünü doğruldub və Azərbaycan vətəndaşları öz gələcəklərini, ölkənin gələcəyini yenidən dövlət başçımıza həvalə edirlər. Onu da qeyd etmək lazımdır ki, cənab İlham Əliyevin möhtəşəm qələbə qazanaraq yenidən ölkə Prezidenti seçilməsini şərtləndirən amillərdən biri Azərbaycan vətəndaşlarının mərkəzində dayandığı uğurlu sosial siyasətin həyata keçirilməsidir.

Eyni zamanda, xalqın bu cür dərin inam və etimadını qazanması, şübhəsiz ki, müdrik siyasətçi olan Prezident İlham Əliyevin liderlik keyfiyyətindən də xəbər verir. Xalqın lideri, insanları ümumi ideya, prinsip, məqsəd ətrafında birləşdirməyi bacarır. Ulu öndər Heydər Əliyevin yetkin bir məfkurə kimi xalqımıza təqdim etdiyi azərbaycançılıq ideologiyasının əsasını təşkil edən dövlətçilik, vətənpərvərlik, ənənələrə bağlılıq prinsiplərinə sadiqliyini qoruyub saxlayan Prezident İlham Əliyev Öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, innovasiyalara tez uyğunlaşmaq bacarığı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə Özünün əsl siyasi lider olduğunu isbatlayıb.

Dövlət başçısının liderlik xüsusiyyətləri, siyasi iradəsi, möhkəm dövlət-xalq birliyi, vətəndaşların Prezidentin ətrafında sıx birləşməsi və ümumi gücün vahid məqsədə yönləndirilməsi nəticəsində formalaşan milli iradə sayəsində xalqımız bütün sınaqlardan uğurla çıxıb. Prezident İlham Əliyevin ölkəni idarə etdiyi dövrdə, bir zamanlar yalnız xəyal kimi görünən nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlər artıq gerçəkliyə çevrilib. Beləliklə, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan qarşıya qoyduğu bir çox mühüm məqsədlərinə nail olub.

Bu səbəbdən, təsadüfi deyil ki, cənab İlham Əliyevin prezident seçkilərində böyük üstünlüklə qalib gəlməsinin əsasında da xalqın iradəsi, inamı və seçimi dayanır. Yuxarıda da vurğuladığımız kimi, Azərbaycan xalqı bir daha təsdiq etdi ki, ölkəmiz doğru yolda irəliləyir. Azərbaycan seçicisi bundan sonra da Heydər Əliyev yolunun davam etdirilməsi istəyini ortaya qoydu. Siyasi plüralizm, şəffaf, ədalətli, demokratik şəraitdə baş tutan seçkilərin nəticəsi xalqın öz gələcəyini güclü, müstəqil, hərtərəfli inkişafa malik rifah dövlətinin yaradılmasının qarantına - Prezident İlham Əliyevə etibar etdiyini göstərdi. Azərbaycanda formalaşan hazırkı möhkəm xalq-iqtidar birliyinə əsaslanaraq əminliklə söyləmək olar ki, növbəti 5 ildə Azərbaycan daha yüksək inkişafa və beynəlxalq uğurlara nail olacaq.

 

Yeni Azərbaycan.-2013.- 24 dekabr.- S.6-7.