Yeni hədəflərə, yeni zəfərlərə
doğru
Dövlət
başçısı möhtərəm İlham
Əliyevin 10 ildəki fəaliyyəti,
reallaşdırdığı layihələr və Ulu öndər Heydər Əliyev siyasətindən
qaynaqlanan yeni-yeni ideyalar ölkənin hərtərəfli
inkişafını təmin edir
İqtisadi inkişaf tempinə
görə son 10 ildə
Azərbaycan qədər
inkişaf edən ikinci ölkə yoxdur
Dövlət başçısı İlham Əliyevin andiçmə mərasimində böyük inamla səsləndirdiyi bu fikir təbii ki, reallıqlara əsaslanır. Müasir Azərbaycan dövlətinin qurucusu Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı uğurla həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsini prioritet məsələ kimi qarşıya qoydu. Son 10 ildə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımların uğurlu nəticələri gələcək barədə aydın təsəvvür yaradır.
Bu gün müstəqil Azərbaycanımızın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsi bir həqiqəti ortaya qoyur ki, ölkəmizin seçdiyi yol düzgündür və bu yol bizi daha uğurlu gələcəyə aparır.
Azərbaycanın reallığa çevirdiyi layihələr ölkələr, xalqlar arasında körpü rolunu oynayır
“Bizim qərarlarımız, Bakıda verilən qərarlar enerji təhlükəsizliyi məsələlərində həlledici rol oynayır. Biz bunu bilirik. Bu reallığı öz siyasətimizlə, cəsarətli addımlarımızla və müstəqil siyasətlə biz yaratmışıq. İki neft və qaz kəmərinin tikintisi demək olar ki, bölgədə yeni enerji xəritəsini yarada bilmişdir. Bu gün enerji xəritəsinin yaradılması, o xəritəyə düzəlişlərin edilməsi məsələləri də Azərbaycanda həll olunur”. Bu günlərdə Bakıda “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması mərasimi bir daha dövlət başçısı İlham Əliyevin qeyd etdiyimiz fikirlərinin təsdiqidir. Bu mühüm hadisə Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolunun təsdiqidir. Layihə Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaq. İlk qazın Avropaya 2019-cu ildə çatdırılması planlaşdırılır.
Göründüyü kimi, ölkəmiz malik olduğu təbii resurslardan səmərəli istifadə etməklə iqtisadi və siyasi mövqeyini günbəgün möhkəmləndirir. Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi qeyri-mümkündür. Artıq bu rol regional çərçivədən çıxaraq qlobal xarakter daşıyır.
“Əsrin müqaviləsi”nin imzalandığı 1994-cü ildən bu günə qədər ölkəmizin böyük və uğurlu yol keçdiyini ötən dövrə qısaca nəzər salmaqla aydın görərik. Bu gün reallıq sayılan layihələr o illərdə əfsanəvi ideyalar kimi təqdim edilirdi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələri nəinki Azərbaycanın inkişafını müəyyən etdi, eyni zamanda, regionda tamamilə yeni situasiya yaratdı. Prezident İlham Əliyev həmin dövrün xarakteristikasını belə ifadə edir: “1994-cü ildə Azərbaycan böyük işlərin astanasında idi. Ölkə iqtisadiyyatı o vaxt böyük çətinliklərlə üzləşmişdi. Ölkədə sabitlik yaradılması üçün addımlar atılırdı. Ancaq 1994-cü ildə Azərbaycanın, ümumiyyətlə, gələcəyi haqqında birmənalı fikir yox idi: Azərbaycan hansı yollarla inkişaf edəcək? Azərbaycan iqtisadiyyatı nəyin hesabına formalaşacaq? Azərbaycan öz strateji inkişaf yolunu hansı istiqamətdə görür? Bütün bu suallar ölkə qarşısında durmuşdu. O illərdə edilən strateji seçim Azərbaycanın bugünkü uğurlu inkişafını təmin etdi”.
Bir məqam da hər zaman önə çəkilir ki, “Əsrin müqaviləsi” imzalanan illərdə qaz təchizatı amili, ümumiyyətlə, dünya neft və enerji siyasətində o qədər də mühüm yer tutmurdu. Ancaq bu gün dünya enerji siyasətində bu yanaşmada böyük dəyişiklik edildi. Hazırda qaz təchizatı amili nəinki iqtisadi maraqları təmin edir, eyni zamanda, enerji təhlükəsizliyi məsələlərinə mühüm təsir göstərir. “Şahdəniz-2” layihəsi əbəs yerə XXI əsrin müqaviləsi kimi dəyərləndirilmir. 2006-cı ildə BTC neft, 2007-ci ildə BTƏ qaz kəmərlərinin istifadəyə verilməsi, 2011-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair Memorandumun imzalanması ölkəmizin uğurlu enerji strategiyasının təsdiqidir. Ölkəmizdə enerji sahəsinin iki strateji tərəfdaşı olan ARDNŞ və bp şirkətinin rolunu yüksək dəyərləndirən dövlət başçısı İlham Əliyev “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanmasının bu əməkdaşlığın 40 il və hətta ondan da uzun müddət davam edəcəyinə böyük imkanlar yaratdığını diqqətə çatdırdı. Ölkə iqtisadiyyatının inkişafına öz töhfələrini verən ARDNŞ-in bu gün malik olduğu imkanlar ən mürəkkəb layihəni belə həyata keçirməyə stimul verir. ARDNŞ-in artan nüfuzu və önəmi mərasim iştirakçılarının hər birinin çıxışında xüsusi qeyd olundu. Zəngin enerji ehtiyatlarına malik Azərbaycanın çox xoşbəxt ölkə olduğunu qeyd edən ABŞ-ın enerji nazirinin müşaviri Conatan Elkind bildirdi ki, bu gün SOCAR başda olmaqla müxtəlif şirkətlər bu ehtiyatları dünya bazarlarına çıxarırlar. Bu ehtiyatlarda marağı olan ölkələrə təbii qazın nəqli çox vacib bir elementdir. Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger “Şahdəniz-2” layihəsinin yekun investisiya qərarının imzalanmasını gələcəyin inkişafını təmin edən siyasi təməl kimi dəyərləndirdi və bu inamı ifadə etdi ki, “Şahdəniz-2” və onunla birləşəcək digər kəmərlər Avropa İttifaqında ehtiyac duyulan nəhəng qaz infrastrukturu olacaq.
Enerji sahəsində qazanılan uğurlar bir daha bu reallığın təsdiqidir ki, möhtəşəm başlanğıc növbəti uğurlar üçün möhkəm bazadır. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə əsası qoyulan enerji strategiyasının uğurlarını yaşayırıq. Ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi “Dünya təcrübəsi göstərir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz” proqram xarakterli fikri dövlətimizin iqtisadi siyasətinin əsasını təşkil edir.
Bizim sözümüzün imzamız qədər qüvvəsi vardır
Xarici siyasətində ikitərəfli və çoxtərəfli əməkdaşlığı əsas amil kimi önə çəkən dövlətimizin son 10 ildə qazandığı uğurların miqyası böyükdür. Ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artır. Azərbaycan dünyada öz prinsipial mövqeyi ilə seçilir. “Bizim sözümüzün imzamız qədər qüvvəsi vardır” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, nəzərə alsaq ki, dünyada ölkəmizə qarşı əks təbliğat kampaniyası aparan ermənilər və erməni diasporu fəaliyyət göstərir, inam qazanmağın heç də asan məsələ olmadığını görərik. Azərbaycanın 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi bu inamın təsdiqi, Azərbaycanın bütün sahələrdə qazandığı uğurların göstəricisidir. Bu uğur, eyni zamanda, Azərbaycanın ədalətli mövqeyinin təntənəsidir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyən dövlətlərin və təşkilatların sayının artması Prezident İlham Əliyevin qətiyyət və səyinin nəticəsidir. Möhtərəm İlham Əliyev ən yüksək tribunalardan Azərbaycanın dəyişməz mövqeyini bəyan edir. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil. Münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapmalıdır. Qəbul olunan sənədlərdə ölkəmizin ədalət prinsiplərinə əsaslanan mövqeyi öz əksini tapıb. Hətta indiyədək seyrci mövqedə dayanan hərbi-siyasi təşkilat NATO-nun Lissabon, Çikaqo sammitlərində Ermənistanın işğalçılıq siyasətini pisləyən qətnamə qəbul olunub. Dövlət başçısı İlham Əliyev bəyan edir ki, məsələ ilə bağlı diplomatiyamız bundan sonra da hücum diplomatiyası olacaq. Dağlıq Qarabağ probleminin həlli ilə bağlı hüquqi baza mövcuddur.
Diplomatik mübarizədə qələbə qazanan ölkəmizin münaqişənin həllində hərb siyasətini seçərsə, qələbəsi şübhəsizdir. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycanın çox güclü, qüdrətli ordusu var.
Ulu öndər Heydər Əliyev bildirirdi ki, sülh danışıqlarını cəsarətli aparmaq üçün güclü, qüdrətli ordu gərəkdir. Hər il Silahlı Qüvvələr günündə keçirilən hərbi parad bir daha Azərbaycan ordusunun nəyə qadir olduğunu nümayiş etdirir. Bu gün ordunun güclənməsi üçün bütün lazımi tədbirlər görülür, peşəkarlıq artır. Azərbaycan ordusu ən yüksək standartlara cavab verir. Prezident İlham Əliyevin mütəmadi olaraq regionlara səfərləri, sərhəd bölgələrində hərbi hissələrdə olaraq zabitlərlə, əsgərlərlə görüşməsi, onların qayğıları ilə maraqlanması təbii ki, gənclərdə daha böyük ruh yüksəkliyi yaradır, işğal altında olan torpaqlarımızın azad olunması üçün səylərini artırmalarına stimul verir.
Son 10 ildə hərbi büdcəmiz 20 dəfədən çox artıb. Dövlət büdcəsində müdafiə xərclərinin artırılması bu sahəyə diqqətin bariz nümunəsidir. Son 10 ildə Azərbaycanda müasir və çox güclü hərbi sənaye kompleksi yaradılıb. “Biz istəyirik ki, Azərbaycana lazım olan hərbi texnika və silah-sursat maksimum dərəcədə ölkəmizdə istehsal olunsun”, deyən dövlət başçısı bunun üçün yeni texnologiyaların gətirilməsinin, peşəkar mütəxəssislərin hazırlanmasının vacibliyini önə çəkir. Bu işlərin yüksək səviyyədə görülməsi üçün maliyyə də əsasdır. Bütün bu amillər bu gün ölkəmizdə mövcuddur. İldən-ilə artan dövlət büdcəmiz qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa əsas verir. Dövlət başçısı İlham Əliyev bildirir: “Daha da güclü orduya malik olmaq üçün əlbəttə ki, Azərbaycanda bundan sonra da iqtisadi islahatlar davam etdiriləcəkdir”.
Gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər əsas vardır
Son 10 ilin uğurları möhtərəm İlham Əliyevin 2003, 2008 və 2013-cü illərdə keçirilən prezident seçkilərində qələbəsini şərtləndirdi. Hər bir vədini konkret əməli işi ilə təsdiqləyən dövlət başçısı İlham Əliyevin siyasətində müasirləşmə, yeniləşmə əsas yer tutur. 2013-cü il prezident seçkiləri bir daha bunun təsdiqi oldu. Beynəlxalq təcrübələrin ölkəmizdə tətbiqinə maraq göstərən dövlət başçısı İlham Əliyevin seçkilərin demokratikliyini, şəffaflığını təmin etmək üçün zəruri olan bütün tədbirləri həyata keçirməsi təqdir olundu. 9 oktyabr prezident seçkiləri Azərbaycan xalqının öz Prezidentinə inamını, etimadını nümayiş etdirməklə yanaşı, demokratik islahatların təntənəsi kimi də dəyərləndirildi. Seçicilərin yüksək fəallığı şəraitində keçən seçkilərdə möhtəşəm qələbə qazanan möhtərəm İlham Əliyev andiçmə mərasimində bir daha bildirdi ki, bu gün Azərbaycanın birmənalı siyasəti-cəsarətli siyasət, xalqın iradəsinə əsaslanmış siyasət, milli maraqlar üzərində qurulmuş siyasət bizə imkan verir ki, ölkəmizin gələcəyi ilə bağlı sözümüzü böyük nikbinliklə deyək. Qarşıdakı illər üçün əsas hədəf Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir. Bu məqsədə nail olmaq üçün bütün imkanlar mövcuddur. Prezident İlham Əliyevin son on ildə hər bir vədini konkret əməli işi ilə təsdiqləməsi, həyata keçirdiyi siyasətin alternativsizliyi dünyanın tanınmış siyasətçilərinin, politoloqlarının, nüfuzlu araşdırma mərkəzlərinin açıqlamalarında xüsusi qeyd edilir, ən yüksək mükafatlara layiq görülür.
Qələbələr partiyası
9 oktyabr prezident seçkiləri ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının qələbələr partiyası olduğunu bir daha təsdiqlədi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Ulu öndər Heydər Əliyevin yaratdığı YAP Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da zənginləşdirir, qarşıya yeni-yeni hədəflər qoyaraq, onlara nail olmaq üçün ciddi səylər göstərir. YAP-ın ölkəmizin biri-birindən əhəmiyyətli uğurlarında rolu böyükdür. Bu gün partiyanın sıralarında 600 mindən artıq üzvün birləşməsi onun gələcəyinə, siyasətinə inamın, etimadın göstəricisidir. Yarandığı gündən partiya öz siyasi xəttinə sadiq olmuş, dövlətçiliyimizin qorunması, inkişafı istiqamətində ciddi addımlar atmışdır. Dövlətçiliyə xidmətini fəaliyyətinin əsası kimi qəbul edən partiyaya xalqın sevgisi şəksizdir.
Yeni hədəflərə, yeni zəfərlərə doğru
Təbii ki, son 10 il zaman baxımından qısa olsa da, uğurlarımızın miqyasının genişliyi baxımından olduqca böyük bir dövr təəssüratı yaradır. Qeyd etdiklərimiz onların yalnız kiçik bir hissəsidir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar, inkişaf, tərəqqi, quruculuq işləri gözləyir. Modernləşməni, yeniləşməni həyata keçirdiyi siyasətin önündə əsas amil kimi qeyd edən möhtərəm Prezidentimiz İlham Əliyev son on ildə uğurlu fəaliyyəti ilə gələcəyə böyük inam hissi yaradıb. Yazıda qeyd etdiyimiz kimi, bu inamın əsas göstəricilərindən biri xalqın Prezidentin ətrafında sıx birləşməsi, görülən işlərin əsasında insan amilinin dayanmasıdır. Qarşıdakı 10 il üçün nəzərdə tutulan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası məhz bu baxımdan dayanıqlı inkişafın təmin edilməsində yol xəritəsi kimi dəyərləndirilir. İnkişaf Konsepsiyası xalq-Prezident birliyi fonunda gələcək barədə aydın təsəvvür yaradır.
Vüqar RƏhimzadƏ,
YAP Siyasi Şurasının üzvü,
“İki sahil” qəzetinin baş redaktoru,
Əməkdar jurnalist
Yeni Azərbaycan.-2013.- 24 dekabr.-
S.8.