Əsas hədəf Azərbaycanı inkişaf
etmiş ölkələr sırasında
görməkdir
Ölkəmizdə gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin, müstəqil Azərbaycanın təntənəsidir. Bu uğurun, bu inkişafın şəriksiz müəllifi Heydər Əliyev siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevdir.
Tarix sübut edib ki, yalnız güclü siyasi lider yetişdirən xalqlar onların iradəsi, qətiyyəti, bacarığı sayəsində öz milli sərvətlərinə sahib olmaq və onları gələcək inkişafa yönəltmək imkanı əldə edirlər. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan dövləti, xalqı üçün bu missiyanı yerinə yetirdi. 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan parçalanmaq, dağılmaq, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldı. Belə çətin dövrdə dövlətinə, xalqına sevgisini, məhəbbətini daim əməli fəaliyyəti ilə təsdiqləyən Ulu öndər Heydər Əliyev xalqın səsinə səs verdi, Azərbaycanın müstəqilliyini milli sərvətimiz kimi dəyərləndirərək, onun qorunmasını və möhkəmləndirilməsini qarşıya mühüm vəzifə kimi qoydu. Xalqına arxalanan, xalqından böyük dəstək, güc alan Ümummilli lider Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti ilə bugünkü qüdrətli, zəngin, müasir, dünya birliyində yeri və rolunu günbəgün möhkəmləndirən, Cənubi Qafqazın parlayan ulduzuna çevrilən, iqtisadi möcüzələr ölkəsi kimi tanınan, bir sözlə, inkişaf modeli digər ölkələrə nümunə göstərilən Azərbaycanın möhkəm təməlini qoydu. Qüdrətli, zəngin Azərbaycanı möhkəm təməl üzərində ucaldılan yüksək mərtəbəli binaya bənzədə bilərik. Düşünülmüş siyasət nəticəsində uğurlarımız biri-birini əvəzlədikcə mərtəbələrin sayı daha da artır, Azərbaycanın adı çəkiləndə böyük fəxr və qürur hissi keçiririk.
Güclü siyasi lider ölkənin malik olduğu təbii sərvətlərdən səmərəli istifadə etməklə gələcək inkişaf üçün geniş yol açır. Azərbaycan daim yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə dünyanın diqqətində olub. Məlum olduğu kimi, müstəqilliyimizin ilk illərində ölkədə ictimai-siyasi durumun gərginliyi ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə səbəb olurdu. Xarici investorlar qoyacaqları investisiyanın təhlükəsizliyinə tam əmin deyildilər. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bu tərəddüdləri aradan qaldırdı, Azərbaycan sabitlik diyarı kimi nüfuz qazanaraq, ölkəmizdə investisiyaların cəlb olunması üçün əlverişli imkanlar yarandı. Bu gün böyük fəxr hissi ilə qeyd ediriksə ki, Azərbaycan investisiya cəlbediciliyini yüksək səviyyədə qoruyan ölkədir, bu təməlin əsası məhz həmin illərdə qoyulub.
“Bu gün Heydər Əliyev siyasəti bütövlükdə bütün sahələrdə davam etdirilir. 2003-cü ildə Azərbaycan xalqı mənə böyük etimad göstərərək Prezident vəzifəsinə seçdiyi gündən bu günə qədər bu siyasətə sadiqəm. Mən 2003-cü ildə bu barədə sözümü demişəm. Mən bu siyasətə sadiq qalacağam və 2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir, müstəqil Azərbaycanın təntənəsidir”. Ölkə Prezidenti İlham Əliyevin böyük qətiyyətlə söylədiyi bu fikirlər reallığın təsdiqidir. Son 10 ildə qazanılan uğurların, hər bir vədin konkret əməli işdə öz təsdiqini tapmasının əsas göstəricisi cənab İlham Əliyevin 2008 və 2013-cü il prezident seçkilərində yenidən xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçilməsidir. 2003-cü ildə Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadiyyatın inkişafını ölkənin hərtərəfli tərəqqisində həlledici amil kimi önə çəkən cənab İlham Əliyev qeyri-neft sektorunun inkişafının vacibliyini bəyan etdi. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrası bu kimi məqsədlərə yüksək səviyyədə nail olmağa stimul verir.
Azərbaycan tarixinə dirçəliş dövrü kimi yazılan 1993-2003-cü illər
Beynəlxalq əhəmiyyətli BTC neft kəmərinin, BTƏ qaz kəmərinin istifadəyə verilməsi ölkəmizin uzunmüddətli iqtisadi inkişafının əsasını qoydu. BTC Azərbaycanın milli maraqlarına cavab verən, respublikamızın iqtisadi qüdrətinin yüksəlməsinə, təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş çox mühüm bir layihə olduğunu sonrakı illərdə təsdiqlədi. Bu günlərdə “Şahdəniz-2” layihəsinə dair imzalanan növbəti möhtəşəm beynəlxalq sazişi əbəs yerə “Əsrin müqaviləsi-2” adlandırmırlar. “Şahdəniz-2” layihəsi Azərbaycanın beynəlxalq arenada nüfuzunun möhkəmlənməsinə sanballı töhfə olmaqla yanaşı, eyni zamanda, Avroməkanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm faktora çevriləcək. Təbii ki, bu, Azərbaycanın geosiyasi müstəvidə söz sahibinə çevrilməsi, rəsmi Bakının mövqeyinin daha kəsərli olması deməkdir.
“Neft siyasəti təkcə iqtisadi amil və enerji amili deyil, bu geniş, geosiyasi gündəliyin böyük tərkib hissəsidir” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi enerji təhlükəsizliyi məsələləri nəinki enerji resurslarını istehlak edən, o cümlədən onları hasil edən ölkələrdə ciddi müzakirə olunur. Buna görə də, istehlakçıların, tranzit ölkələrin və hasilatçıların maraqları arasında tarazlıq və bu maraqların üst-üstə düşməsi birgə səylərin əsasını təşkil edir. Azərbaycan tarixinə dirçəliş dövrü kimi yazılan 1993-2003-cü illərdə qazanılan uğurlar və bu təməl əsasında sonrakı mərhələdə davam edən inkişaf bir daha bu fikirlərin təsdiqidir.
Dövlət başçısı İlham Əliyev atdığı hər addımında Heydər Əliyev siyasi kursuna sadiqliyini nümayiş etdirərək, hər bir vədini əməli işi ilə sübut etməyə çalışır. Möhtərəm Prezidentimiz İlham Əliyev bildirir: “Azərbaycan xalqına vəd etmişəm ki, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm. Çünki o, yeganə düzgün siyasətdir. Bu siyasət ona gətirib çıxartdı ki, Azərbaycan xaos, hərc-mərclik, vətəndaş müharibəsi vəziyyətindən quruculuq və tərəqqi, sülh və sabitlik mərhələsinə keçdi. Mən Ondan çox şey öyrənmişəm və Onun təcrübəsini, məsələlərə baxışını öyrənməklə hələ çox şeyi əxz edəcəyəm. Hər hansı bir qərar qəbul etməzdən əvvəl düşünürəm ki, bu vəziyyətdə Heydər Əliyev necə hərəkət edərdi. Çalışıram ki, mənə inanan, mənə səs verən adamlar məndən razı qalsınlar. Prezident üçün ən yüksək mükafat onun ideyalarına inamdır, bunsuz işləmək çox çətindir, ona görə də mən çalışacağam ki, Heydər Əliyevin bütün prinsipləri həyatda öz təcəssümünü tapmaqda davam etsin”.
Azərbaycanı ən yüksək zirvələrdə görmək istəyi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ana xəttini təşkil edir
Bu gün əsas hədəf Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir. Prezident İlham Əliyev daim bu fikri önə çəkir ki, inkişaf etmiş ölkələri fərqləndirən cəhətlərdən biri iqtisadiyyatın inkişafının əsas göstəricilərindən olan ümumi daxili məhsulun formalaşmasında kiçik və orta sahibkarlığın xüsusi yerinin olmasıdır. Bütün bunlar göstərir ki, ölkəmizin iqtisadi inkişafı yeni keyfiyyət mərhələsinə daxil olub. Yeni mərhələnin əsas məqsədi iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Son on ildə həyata keçirilən uğurlu tədbirlər nəticəsində yoxsulluğun səviyyəsi 6 faizdən, işsizliyin səviyyəsi isə 5 faizdən aşağıdır. Özəl bölmənin inkişafına xidmət edən addımlar davamlılığı ilə diqqət çəkir. Azərbaycan düzgün idarəçiliyin təşviqi üzrə bütün beynəlxalq təşəbbüslərə qoşulub.
Azərbaycanın son illərdə qazandığı uğurları təbii ki, bir yazıda qeyd etmək mümkünsüzdür. Ümumiləşdirilmiş şəkildə deyə bilərik ki, Heydər Əliyev yolu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu yol Azərbaycanın qarşısında böyük imkanlar açır. Məhz bu yolun uğurlarının nəticəsidir ki, qarşıya yeni-yeni hədəflər qoyulur və onlara çatmaq üçün zəruri imkanların mövcudluğunu böyük qətiyyət və inam hissi ilə qeyd edirik. 2013-2023-cü illər üçün əsas hədəflərdən biri də Azərbaycanın yüksək gəlirli ölkəyə çevrilməsi, bu günə qədər 3 dəfə artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasıdır. Beynəlxalq səviyyədə davamlı inkişafın yol xəritəsi kimi dəyərləndirilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası bir daha bu reallığı təsdiqləyir ki, uğurların davamlılığının təmin edilməsi, Azərbaycanı ən yüksək zirvələrdə görmək istəyi dövlətimizin həyata keçirdiyi siyasətin ana xəttini təşkil edir. 2013-cü il prezident seçkilərində böyük qələbə qazanan cənab İlham Əliyev andiçmə mərasimində gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər əsasların olduğunu önə çəkərək bu fikri xüsusi vurğulamışdır: “Son on ilin təcrübəsi onu göstərir ki, “xalq”, “millət” anlayışları ön planda olanda istənilən problem öz həllini tapa bilər”. Hər birimizin qürur mənbəyi olan güclü, qüdrətli Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir.
Əsabil Qasımov,
Milli Məclisin deputatı
Yeni Azərbaycan.-2013.- 24 dekabr.-
S.8.