Azərbaycan
xalqı öz gələcəyini Heydər
Əliyev ideyaları və Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlayır
Azərbaycan xalqının 2003-cü ildə Ulu öndər Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevə yüksək etimad göstərməsinin nə qədər doğru olduğunu ötən zaman göstərdi. Belə ki, dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən həyata keçirdiyi siyasətlə hər bir Azərbaycan vətəndaşının ali mənafeyini əsas tutan Prezident İlham Əliyev qısa zaman ərzində xalqımızın alternativsiz liderinə çevrildi. Bunun qanunauyğun nəticəsi kimi, həm 2008-ci, həm də 2013-cü ildə keçirilən prezident seçkilərində də xalqımızın birmənalı seçimi məhz cənab İlham Əliyev oldu.
Prezident seçkiləri növbəti dəfə Azərbaycan xalqının ali iradəsini ifadə etdi
Beləliklə, 9 oktyabr tarixində keçirilən prezident seçkilərində xalq növbəti dəfə birmənalı şəkildə Ulu öndər Heydər Əliyevin siyasi ideyalarını və zəngin dövlətçilik irsini yaşadan, Azərbaycanın milli maraqlarının müdafiəçisi olan cənab İlham Əliyevi alternativsiz lider kimi gördüyünü təsdiqlədi. Heç şübhəsiz, bu, ilk növbədə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə verilən adekvat qiymətdir. Azərbaycanın 10 il ərzində böyük inkişaf yolu keçməsi ilk növbədə həyata keçirilən düzgün iqtisadi siyasətlə əlaqədardır. Başqa sözlə desək, Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən siyasi və iqtisadi kursun məntiqi nəticəsidir. Dövlət başçısının qeyd etdiyi kimi: “Düşünülmüş siyasət, siyasi və iqtisadi islahatlar, xalqla iqtidar arasında birlik, xalq tərəfindən ölkədə aparılan iqtisadi islahatlara dəstəyin verilməsi, liberal iqtisadiyyat, eyni zamanda, güclü hakimiyyət, sabitlik-budur bizim uğurlarımızı şərtləndirən əsas amillər”.
İqtisadiyyatın inkişafı düşünülmüş və uzaqgörən islahatlara söykənir
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət müasir dünya iqtisadiyyatının tələblərinə müvafiq olmaqla ölkəmizin tərəqqisini təmin edir. Makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın şaxələndirilməsi, bir sözlə, bütün sahələrdə davamlı inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Xüsusilə, Azərbaycan zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib.
Şübhəsiz, sürətli iqtisadi inkişaf vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasında əks olunur. Xüsusilə də, yoxsulluğun aşağı salınması və əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən fundamental tədbirlər bu istiqamətdə qarşıya qoyulan məqsədlərin reallaşmasında əhəmiyyətli rol oynayır. Təkcə onu demək kifayətdir ki, son 10 ildə ölkəmizdə 1 milyon 200 mindən çox yeni iş yeri yaradılıb, yüzlərlə yeni müəssisə fəaliyyətə başlayıb. Bunların böyük hissəsi bölgələrin payına düşür.
Bununla yanaşı, sənayeləşmə siyasəti də uğurla davam etdirilib və əldə edilən nəticələr yalnız iqtisadiyyatın inkişafına və vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Ölkəmizdə sənaye potensialının inkişafı üçün zəngin xammal bazasının mövcudluğu, çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi bu sahənin keyfiyyət və kəmiyyət baxımından sıçrayışına təkan verib. Sənayenin strukturuna diqqət yetirdikdə, qeyri-neft sənayesi sahələrinin artım tempinin daha yüksək olduğunu görmək mümkündür. Başqa sözlə, rəqabətədavamlı istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə sənaye potensialının möhkəmləndirilməsi istiqamətində görülən işlər inkişaf dinamikasını qeyri-neft sektorunun xeyrinə dəyişib. Prezident İlham Əliyev xalqa müraciətində də bu məsələyə xüsusi olaraq toxunub: “Sənayeləşmə ilə bağlı məsələlər öz həllini tapmışdır. Beləliklə, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində hesab edirəm ki, 10 il ərzində çox böyük addımlar atılmışdır və bu siyasət davam etdiriləcəkdir. Son 10 il ərzində Azərbaycan bizim üçün yeni olan sahələrə investisiya qoymağa başlamışdır. Azərbaycan kosmik dövlətlərin sırasına daxil edilmişdir. Bəlkə, 10 il bundan əvvəl bu barədə danışmağa belə heç kimin fikri yox idi. Ancaq bu gün bu reallıq onu göstərir ki, siyasi iradə, peşəkar kadrlar və düzgün iqtisadi siyasət olan yerdə istənilən məsələ öz həllini tapa bilər”.
Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində də əhəmiyyətli işlər görülür. Daha doğrusu, Azərbaycan hökuməti respublikamızın ərzaq təhlükəsizliyini etibarlı şəkildə təmin etmək üçün güclü iqtisadi imkanlara malikdir.
Azərbaycan yeni sosial dövlət modeli yaradıb
Onu da qeyd etmək vacibdir ki, ölkəmizin
iqtisadi qüdrətinin
artması vətəndaşların
sosial rifahının yüksəldilməsinə yönəlmiş
layihələrin həyata
keçirilməsinə zəmin
yaradıb. Azərbaycanda sosial siyasət
elə şəkildə
həyata keçirilir
ki, dövlət ümummilli məhsulun təkrar bölüşdürülməsinin
bazar mexanizmini tamamlayır və dəqiqləşdirir. Bu zaman minimal baza tələblərinin təminatlı
şəkildə ödənilməsi
və əhalinin daha artıq sosial müdafiə tələb edən hissəsinə sosial yardım göstərilməsi
həyata keçirilir.
Ölkəmizin dövlət büdcəsi
də yuxarıda göstərilən prinsiplərə
uyğun olaraq formalaşdırılır. Belə ki, büdcənin 30 faizdən çoxu sosial məsələlərə
yönəldilir ki, bu da ölkəmiz
üçün tamamilə
məqbuldur.
Bir sözlə,
sosial sahədə ardıcıl şəkildə
həyata keçirilən
layihələr onu göstərir ki, Azərbaycan hökuməti
əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə
olunmaları üçün
güclü maliyyə
imkanlarına və islahatları dərinləşdirmək
iradəsinə malikdir. Təsadüfi
deyil ki, Prezident İlham Əliyev dəfələrlə
bəyan edib ki, sosial siyasət
Azərbaycanın dövlət
siyasətinin ayrılmaz
hissəsidir: “Bizim siyasətimizin mərkəzində
Azərbaycan vətəndaşı
dayanır”.
Regionların sosial-iqtisadi inkişafının
da xüsusi diqqət mərkəzində
saxlanılması Azərbaycanın
tərəqqisinə təkan
verir. Heç kimə sirr deyil ki, regionlarda
mövcud olan iqtisadi potensialdan səmərəli istifadə
olunması, sosial-iqtisadi
vəziyyətin yaxşılaşdırılması
və iqtisadiyyatın
tarazlı inkişafının
təmin edilməsi ötən dövr ərzində infrastruktur sahələrinin bərpası
və genişləndirilməsinə,
yeni istehsal və emal müəssisələrinin,
təhsil, səhiyyə,
idman-sağlamlıq, mədəniyyət
obyektlərinin istifadəyə
verilməsinə səbəb
olub. Yerli istehsalın genişlənməsi
nəticəsində Azərbaycanda
qeyri-neft sektoru daha da sürətlə
inkişaf edib, özəl sektorun inkişafına təkan verib.
Azərbaycan yüksək beynəlxalq
nüfuz və etimada malikdir
Bu bir faktdır ki, Azərbaycanın inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki
regional, hətta qlobal
mərkəzə çevirməkdədir. İlk növbədə
siyasi sahədə qazanılan nailiyyətlər
Azərbaycanı beynəlxalq
ictimaiyyətə daha
yaxşı tanıtdırmaqla
bərabər, dünyanın
diqqətini respublikamıza
yönəldə bilib.
Bunun ən böyük təsdiqi 2011-ci ildə Azərbaycanın 155 ölkənin
dəstəyi ilə
BMT Təhlükəsizlik Şurasına
qeyri-daimi üzv seçilməsi olub.
Bu, onun göstəricisidir
ki, Azərbaycan dünya miqyasında böyük hörmətə
malik olan bir dövlətdir.
Qeyd etmək
lazımdır ki, Azərbaycanın beynəlxalq
aləmdə nüfuzlu
və etibarlı dövlətə çevrilməsinin
səbəblərindən biri
də ölkəmizin
qlobal təhlükəsizliyə
əhəmiyyətli töhfələr
verməsidir. Qlobal təhlükəsizlikdən bəhs edərkən, əvvəla onu bildirmək lazımdır
ki, yerləşdiyi regionun təhlükəsizlik
qarantı olan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin
təmin olunmasında
böyük rol oynayır. Son olaraq “Şahdəniz-2” üzrə
yekun investisiya qərarının imzalanması
Azərbaycanla əməkdaşlığın
Avropa üçün
nə qədər böyük əhəmiyyət
kəsb etdiyini göstərdi. Bu layihənin əhəmiyyəti
bütövlükdə Avropanın
enerji təhlükəsizliyində
yeni era açacaq.
Bildiyimiz kimi, “Şahdəniz-2”
layihəsi Azərbaycan
və Gürcüstan
ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət
etməklə Trans-Anadolu
və Trans-Adriatik qaz boru kəmərlərinin
tikintisi ilə bağlı planların reallaşmasına təkan
verəcək, Avropaya
yeni qaz dəhlizi açacaq. Layihə çərçivəsində 26 sualtı quyunun qazılması, həmçinin,
körpü ilə birləşdiriləcək iki
platformanın tikintisi,
Səngəçalda isə
yeni texniki emal və kompressor
qurğularının inşası
nəzərdə tutulur.
3500 kilometr məsafədə
nəql olunacaq qaz Gürcüstan, Türkiyə, Yunanıstan,
Bolqarıstan, İtaliya
və digər ölkələrdə milyonlarla
istehlakçını təmin
edəcək.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən düşünülmüş
və məqsədyönlü
xarici siyasət ölkəmizi regionda lider dövlətə, qlobal miqyasda isə etibarlı tərəfdaşa çevirib.
Azərbaycan xalqının birmənalı
seçimi cənab İlham Əliyevdir
Ümumiyyətlə, tərəddüdsüz qeyd
etmək olar ki, Prezident İlham
Əliyev XXI əsrdə
yeni idarəçilik
modeli yaradıb. Onun liderlik
keyfiyyətləri, xalqına
bağlılığı, Heydər Əliyev ideyaları əsasında
fəaliyyət göstərməsi
bu idarəçiliyin
səmərəliliyini təmin
etmişdir. Əminliklə söyləmək olar ki, həyata keçirilən siyasi-hüquqi
islahatlarla iqtisadi reformaların paralel şəkildə aparılması,
vətəndaş cəmiyyəti
və hüquqi dövlət quruculuğunun
intensiv şəkildə
həyata keçirilməsi,
şəffaf hökumət
strategiyasının uğurlu
tətbiq olunması Azərbaycanın seçdiyi
idarəçilik modelinin
pozitiv nümunə olduğunu göstərir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
inkişaf siyasətinin
ən əhəmiyyətli
nəticəsi isə,
heç şübhəsiz,
xalq-iqtidar birliyinin daha da güclənməsidir. Azərbaycanda xalq-iqtidar birliyi islahatların, daxili və xarici siyasət kursunun səmərəliliyinin təmin
olunmasını şərtləndirir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bir
sözlə, gələcəklə
bağlı planlarımız
çoxdur və əminəm ki, Azərbaycan xalqının
iradəsi, xalqla iqtidar arasında olan birlik, həyata
keçirdiyimiz məqsədyönlü
daxili və xarici siyasət XXI əsrdə qarşıya
qoyduğumuz məqsədlərə
çatmağa kömək
edəcəkdir”.
Bütün bu nailiyyətlərin nəticəsidir ki, Azərbaycan xalqı cənab İlham Əliyevi 2013-cü ildən
sonra da özünün Prezidenti kimi gördü. Ölkənin
2020-ci il üçün müəyyənləşdirilən
strateji inkişaf konsepsiyasında qarşıya
qoyulan məqsədlər
və onların həyata keçirilməsi
üçün hazırda
mövcud olan möhkəm təməllər
də doğru seçimin nədən ibarət olmasına şübhə yeri qoymadı.
Arzuman Muradlı,
YAP Səbail rayon
təşkilatının
sədr müavini, iqtisad
elməri
üzrə fəlsəfə doktoru
Yeni Azərbaycan.-2013.- 24 dekabr.- S.9.